Məhkəmə qərarları › İş №2(029)-1200/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1200/2025

25.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1200/2025 25.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Niftəliyeva (Ağarəhimova) Zərinə Dalik qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı Niftəliyeva (Ağarəhimova) Zərinə Dalik qızının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Niftəliyeva (Ağarəhimova) Zərinə Dalik qızı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 15000 (on beş min) manat kompensasiya ödənilməklə ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə huququna xitam verilməsi və onların həmin ünvandan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun qardaşı, Cavabdeh2 və Cavabdeh3 onun ailə üzvləridir. Qusar şəhəri, Mirzə Vəliyev küçəsi, ev 14 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdehlər ona məxsus evdə qeydiyyatdadırlar. Ev birmərtəbəli olmaqla 50,5 kv.m yaşayış sahəsindən ibarətdir. Mülkiyyətində olan evdən istifadə edə bilmir, cavabdehlər onun evində yaşamağına imkan vermirlər. Hal-hazırda Rusiya Federasiyasının Astarxan vilayətində qızına məxsus evdə yaşayır. Cavabdehlərlə birlikdə yaşamağı qeyri-mümkündür. Onların evdən çıxması barədə heç cür razılığa gələ bilmir. Ona grə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. O, bundan əvvəl də cavabdehlərə qarşı bu iddia tələbi ilə müraciət etmişdir. Halhazırda isə ödəmək istədiyi kompensasiyanın məbləğini artıraraq cavabdehlərə 15000 manat təklif edir. Hesab edir ki, cavabdehlərə belə məbləğdə kompensasiyanın ödənilməsi, onların davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə onun evində onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. İddia ərizəsinə əlavə edilmiş arayışdan da görünür ki, Qusar şəhərində evlərin aylıq kirayə haqqı 170 manat civarındadır. Kompensasiyanın verilməsində də məqsəd cavabdehin özünə yaşayış özünə yaşayış sahəsi qurmaqdan ötrü iddiaçının hesabına müəyyən müddətə başqa ərazidə yaşayışının təmin edilməsidir. Qanunvericilikdə istifadə huququna xıtam verilməsi qaydası müəyyənləşdirilərkən mülkiyyətçinin iradəsi əsas goturükmüşdür. Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasıya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsaiti ehtiva edir. Belə olan halda hesab edir ki, tərəfimdən təklif edilən kompensasiya cavabdehin hazırda ona məxsus evdə olan şəraiti ilə müqayisədə oxşar yaşayış imkanı verdiyindən iddia tələbi əsaslı hesab edilməklə təmin edilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçı cavabdehlərə 15000 manat məbləğində kompensasiya təklif etməklə onların həmin evə istifadə hüquqlarına xitam verilməsini və həmin evdən çıxarılmalarını tələb edir. Odur ki, iddianın təmin edilmısini məhkəmədən xahiş edir. Vəkil eyni zamanda məhkəmənin kompensasiyanın məbləğinin artırılması barədə təklifi ilə razılaşmış və məhkəməyə ərizə təqdim edərək cavabdehlərə 20000 manat məbləğində kompensasiya verilməklə onların iddiaçıya məxsus evə istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iddianı qəbul etmiş və məhkəməyə ərizə təqdim edərək iddiaçı tərəfindən 20000 manat məbləğində kompensasiya verilməklə onların iddiaçıya məxsus evə istifadə hüquqlarına xitam verilməsinə və evdən çıxarılmalarına razı olduqlarını bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh2 ilə analoji izahat verərək iddiaçı tərəfindən 20000 manat məbləğində kompensasiya verilməklə onların iddiaçıya məxsus evə istifadə hüquqlarına xitam verilməsinə və evdən çıxarılmalarına razı olduqlarını bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin mübahisəsiz faktiki halları ondan ibarətdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmaqla xx.xx.2013cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin evdə yaşamaqla evə dair istifadə hüquqları mövcuddur. Göründüyü kimi İddiaçı kompensasiya müqabilində cavabdehlərin özünə məxsus evə dair istifadə hüquqlarına xitam verilməsini və evdən çıxarılmalarını tələb etməklə iddianın hüquqi əsasını mülkiyyətin müdafiəsi təşkil edir. Bununla belə cavabdehlərin iddiaçıya məxsus evə dair iddiaçının mülkiyyət hüququ ilə toqquşan istifadə hüquqları olduğundan məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kompensasiya müqabilində istifadə hüququna xitam verilməsi barədə iddia tələbini irəli sürmüş şəxs yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddianın yönəldiyi şəxsin (şəxslərin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Bundan başqa, həmin qərarda qeyd olunur ki, qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə hesab edir ki, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır. Məhkəmə hesab edir ki, qeyd olunan mövqe mübahisənin həllinə təsiri baxımından önəmli olmaqla, kompensasiya institutu ilə uzlaşır. Cavabdeh tərəf iddiaçının iddia tələbini qəbul etmiş və məhkəməyə ərizə verərək 20000 manat kompensasiya müqabilində istifadə hüquqularına xitam verilməsinə və evdən çıxarılmalarına razı olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 20000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməklə həmin şəxslərin ünvan 3 ünvanda yerləşən, iddiaçı Niftəliyeva (Ağarəhimova) Zərinə Dalik qızına məxsus olan fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilsin və həmin şəxslər həmin evdən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar