Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1513/2025 25.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 25 fevral 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 4269,69 manat borcun və 62,7 manat dövlət rüsumu məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə uzaq qohum olmaqla qonşuluqda yaşayır. Cavabdeh 2024-cü ilin fevral ayının ortalarında bankdan aldığı kreditə görə ona zamin durmasını xahiş etmişdir. O ikinci qrup talassemiya xəstəsi olduğundan və pensiyasının dərmanlara çatmadığını bildirib imtina etmişdir. Lakin cavabdeh əl çəkməyərək krediti özünün ödəyəcəyinə və ona heç bir problem yaratmayacağına inandırmışdır. Bundan sonra ona inanaraq 21 fevral 2024-cü il tarixdə cavabdehlə birlikdə "xxxx" KB ASC-yə gedərək cavabdehin aldığı 3619 manat məbləğində kreditə görə zamin durmuşdur. Ancaq cavabdeh elə ilk gündən krediti ödəməkdən imtina etmişdir. Bundan sonra bankın müraciətinə əsasən İsmayıllı notariat ofisi tərəfindən notariat haqqında qanuna uyğun olaraq 08 yanvar 2025-ci il tarixli icra qeydi verilmişdir. İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən isə 4269 manat 69 qəpik borcun onun pensiyasından tutulması barədə 10 sentyabr 2025-ci il tarixli e6269/2025-45-10/01 nömrəli inkasso sərəncamı verilmişdir. Cavabdehdən onun pensiyasından tutulmaqla ödənilən borcun ona qaytarılmasını dəfələrlə tələb etsə də bundan qəti şəkildə imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq izahat verərək göstərdi ki, 2026-cı ilin yanvar ayı da daxil olmaqla pensiyasından "xxxx" KB ASC-nin xeyrinə 1200 manat pul tutulmuşdur. Cavabdehə bu barədə bildirsə də cavabdeh həmin pulu ödəmir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 08 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən iddiaçı və cavabdehdən müştərək qaydada 08 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən 21 fevral 2024-cü il tarixli 286micİSML/24 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 3619 manat əsas, 591,77 manat faiz və 33,92 manat cərimə olmaqla cəmi 4244,69 manat məbləğində borcun ödənilməsi tələb olunmuşdur. 08 yanvar 2025-ci il tarixli icra qeydindən görünür ki, həmin tarixdə "xxxx" KB ASCnin xeyrinə İddiaçı və Cavabdeh 286micİSML/24-EM nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4210,77 manat, əlavə olaraq 33,92 manat cərimə peniya, ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 4269,69 manat pul tutulmasına dair icra qeydi aparılmışdır. 10 sentyabr 2025-ci il tarixli e6269/2025-45-10/01 nömrəli inkasso sərəncamından görünür ki, İsmayıllı Rayon Notariat Kontorunun e6269/2025-45-10 saylı 08 yanvar 2025ci il tarixli icra vərəqəsinin icrası üzrə pul tutulub borc tam ödənilənədək hər ay İddiaçı hesabından 196,66 manat məbləği tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. 22 oktyabr 2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 62,7 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 21 fevral 2024-cü il tarixli 286micİSML/24 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 3619 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı ilə kredit təşkilatı arasında zaminlik müqaviləsi bağlanmışdır. 08 yanvar 2025-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisi tərəfindən "xxxx" KB ASC-nin xeyrinə İddiaçı və Cavabdeh 286micİSML/24-EM nömrəli müqavilədə göstərilən müddət üçün vaxtında ödənilməmiş 4210,77 manat, əlavə olaraq 33,92 manat cərimə, ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 4269,69 manat pul tutulmasına dair icra qeydi aparılmışdır. İsmayıllı rayon icra və probasiya Şöbəsinin 10 sentyabr 2025-ci il tarixli e6269/2025-45-10/01 nömrəli inkasso sərəncamı ilə İsmayıllı Rayon Notariat Kontorunun e6269/2025-45-10 saylı 08 yanvar 2025-ci il tarixli icra qeydi üzrə borc tam ödənilənədək hər ay İddiaçı hesabından 196,66 manat məbləği tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı 2026-cı ilin yanvar ayı da daxil olmaqla pensiyasından "xxxx" KB ASC-nin xeyrinə 1200 manat pul tutulduğunu, cavabdehin Eldəniz Fərzəliyevin isə həmin məbləği ona qaytarmadığını bildirir. Ona görə də məhkəməyə müraciət edərək cavabdehdən 4269,69 manat və 62,7 manat dövlət rüsumu məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahış edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehdən 4269,69 manat tələb etməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında cavabdehin əvəzinə 1200 manat pul ödədiyini göstərmiş, lakin iddia tələbində qeyd etdiyi 4269,69 manat məbləğində vəsaitin cavabdehin əvəzinə ödədiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmiş və bu hal məhkəmə prosesinin gedişində də öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının cavabdehin əvəzinə ödədiyi 1200 manat pul məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 1200 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 32 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Ödənilmiş 62,7 manat dövlət rüsumunun 30,7 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220,227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1200 manat borc və 32 manat ödənilmiş dövlət rüsumu, cəmi 1232 (bir min iki yüz otuz iki) manat məbləği alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 62,7 manat dövlət rüsumunun 30,7 manat hissəsi özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1513/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1513/2025
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver