Məhkəmə qərarları › İş №2(037)-43/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-43/2024

30.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-43/2024 30.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “içtimai yolun açılması, özbaşına tikilmiş maneənin sökülməsi və içtimai yoldan istifadəyə maneçiliklərə qadağa qoyulması” tələbinə dair mülki işə 30 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən mülkiyyətlərində olan İsmayıllı şəhəri keçmiş İsmayıllı kəndində yerləşən həyətyanı torpaq sahəsinə gedən içtimai yolun açılması, həmin yolun üstündə özbaşına tikilən şifer materialından hasarın sökülməsi və içtimai yoldan istifadəyə edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar İsmayıllı şəhəri keçmiş İsmayıllı kəndində yerləşən,mülkiyyətçi Kamilə Hacıyeva və ailə üzvlərinin birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin bir hissəsini müvafiq olaraq 0.03 və 0.05 hektar olmaqla satın almışlar. Həmin satın alınmış torpaq sahələri ilə Cavabdeh həyətyanı torpaq sahəsi arasından 0,0146 hektar sahəsi olan ictimai yol nəzərdə tutulmuşdur. Sözügedən yol baza sənədlərində və xəritədə öz əksini tapmışdır.Onlar aldıqları torpaq sahəsini notarial qaydada alğı-satqı etmişlər və satılan torpaqların və içtimai yolun cizgisi müəyyən edilmişdir. Satın aldıqları torpağa dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq hər birinin adına müvafiq çıxarışlar verilmişdir.Lakin Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin yanından yük avtomobili keçə bilən içtimai yolun bir hissəsini şifer materialından hasar çəkərək ancaq dar piyada yolu saxlamışdır. Bununla da onlar həyətyanı torpaq sahəsinə fərdi yaşayış evinin tikintisi üçün tikinti materiallarını keçirə bilmirlər.Onlar mübahisənin sülh yolu ilə həll edilməsi üçün xeyli müddətdir cavabdehlə danışıqlar aparmışlar. Ancaq müsbət nəticə əldə olunmamış və cavabdeh qanunsuz çəkdiyi hasarı söküb götürməkdən imtina etmişdir.Cavabdehə onlarda olan qanuni mülkiyyət sənədlərini və torpaq sahəsinin plan ölçü sənədlərini göstərərək həmin plan ölçü sənədlərində ictimai yolun qeyd edildiyini bildirsələr də cavabdeh sənədlərin saxta olduğunu və pul ilə əldə edildiyini bildirərək qanunsuz əməllərindən əl çəkməmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və iddia tələbinin təmin edilməsini xahiş edirlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır.Qonşusu Kamilə adlı şəxs mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini iddiaçılara satmışdır.İddiaçıların qonşuluğunda olan ərazidən torpaq sahəsi almalarından onun məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki,iddiaçılar qonşusu Kamilə adlı şəxsdən torpaq sahəsi almışlar.İddiaçıların iddia etdikləri mübahisəli torpaq sahəsi ona məxsus mülkiyyət sənədində ona aid olduğu qeyd edilmişdir. Belə ki, mübahisəli ərazinin ona məxsus olmasına dair arxiv sənədləri mövcuddur. Reyestrin mütəxəssisləri arxiv sənədlərinə istinad etmədən mübahisəli ərazinin içtimai yol olmasını qeyd etmişlər. İddiaçıların aldıqları torpaq sahəsinə hazırda piyada yolu mövcuddur və iddiaçılar həmin yoldan istifadə edirlər. İddiaçıların mülkiyyətlərinə gedən torpaq sahəsinə gedən yolun mövcud olmaması onun deyil, reyestrin günahıdır. İddiaçıların iddia etdikləri ərazidən yol verilməsi mümkün deyildir. Çünki həmin ərazidə ona məxsus tikililər mövcuddur. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib,mütəxəssis rəyini və işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki,iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********60 olan xx.xx.2023-cü il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.05 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 236 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyat alınaraq qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********60 olan xx.xx.2023-cü il tarixli Çıxarış və həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********61 olan xx.xx.2023-cü il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.03 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 236 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyat alınaraq qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********61 olan xx.xx.2023-cü il tarixli Çıxarış və həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İşdə olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, işin araşdırılması üçün mütəxəssislər 13 avqust 2024-cü il tarixdə İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar.Kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli,********** qeydiyyat nömrəli,**********60 reyestr nömrəli çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən İddiaçı1 məxsus 0.05 hektar, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli,********** qeydiyyat nömrəli,**********61 reyestr nömrəli çıxarışa əsasən İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən İddiaçı2 məxsus 0.03 hektar və Torpağın mülkiyyətə verilməsinə dair JN-272A Kod 40719028 nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən Cavabdeh məxsus 0.09 hektar həyətyanı torpaq sahələrinə mütəxəssisin və tərəflərin iştirakı ilə yerində baxış keçirilmişdir. Kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,xx.xx.2023-cü il tarixli 4Ə-214 saylı alğı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətində olan 0.15 hektar torpaq sahəsindən bölgü planı əsasında İddiaçı1 və İddiaçı2 satılmış torpaq sahələrindən əlavə X1 mülkiyyətində olan torpaq sahəsindən ayrılmış ümumi istifadə (yol) üçün nəzərdə tutulmuş 0.0146 hektar torpaq sahəsi mövcuddur. xx.xx.2023-cü il tarixli 4Ə-214 saylı alğı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətində olan 0.15 hektar torpaq sahəsindən bölgü planı əsasında İddiaçı1 və İddiaçı2 satılmış torpaq sahələrindən əlavə X1 mülkiyyətində olan torpaq sahəsindən ayrılmış ümumi istifadə üçün nəzərdə tutulmuş 0.0146 hektar torpaq sahəsinin 0.0005 hektar (5.0 kv.metr) hissəsi Cavabdeh istifadəsindədir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********60 olan xx.xx.2023-cü il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən 0.05 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********61 olan xx.xx.2023-cü il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən 0.03 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.İddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə gedən 0,0146 hektar içtimai yol mövcud olmuş və həmin yolun bir hissəsi cavabdehin istifadəsindədir. İçtimai yolun bir hissəsi cavabdehin istifadəsində olduğundan iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə giriş-çıxışına maneçilik yaranmışdır. Məhkəmə tərəfindən iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə gedən içtimai yolun cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən olunması məqsədi ilə mütəxəssis rəyi verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində xx.xx.2023-cü il tarixli 4Ə-214 saylı alğı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətində olan 0.15 hektar torpaq sahəsindən bölgü planı əsasında İddiaçı1 və İddiaçı2 satılmış torpaq sahələrindən əlavə X1 mülkiyyətində olan torpaq sahəsindən ayrılmış ümumi istifadə (yol) üçün nəzərdə tutulmuş 0.0146 hektar torpaq sahəsinin 0.0005 hektar (5.0 kv.metr) hissəsinin Cavabdeh istifadəsində olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğunun nəticəsi olaraq hazırda zəbt olunmuş içtimai yolun bir hissəsinə aid olan mübahisəli torpaq sahəsinə dair iddiaçılar ilə cavabdeh arasında hər hansı alğı-satqı müqaviləsinin bağlanmadığı və qeyd edilən torpaq sahəsinin cavabdehin adına qeydə alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinə gedən içtimai yola aid olan torpaq sahəsindən istifadə etməli, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarının cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki,hazırkı iş üzrə iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinə gedən içtimai yolun zəbt olunmuş hissəsinin açılması,həmin yolun üzərində tikilən şifer materialından olan hasarın sökülməsi və içtimai yoldan istifadə etmələrinə edilən maneçiliklərə qadağa qoyulması tələbində göstərilən şərtlər Cavabdeh münasibətdə məcmu halında mövcuddur.Belə ki,iddiaçıların mülkiyyət hüquqları və mülkiyyətlərində olan torpaq sahəsinə gedən içtimai yolun mövcud olması dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır.Buna baxmayaraq,iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə gedən 0.0146 hektar içtimai yolun 0.0005 hektar (5.0 kv.metr) hissəsi cavabdehin istifadəsində və sahibliyindədir.Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır.Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «insan hüquqların və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təmin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə,qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir,artım,bəhər,törəmə şəklində və başqa formalarda ola bilər. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında yerləşən iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan torpaq sahələrinə gedən 0.0146 hektar torpaq sahəsində yerləşən içtimai yolun Cavabdeh tərəfindən zəbt edilən 0.0005 hektar (5.0 kv.metr) hissəsi açılmalı, həmin yolun üzərində tikilən şifer materialından olan hasar sökülməli və içtimai yoldan iddiaçıların istifadə etmələrinə cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.Xüsusən,işlənmiş qazların,tozun, ağır qoxuların,səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3. Heç kəsə icazə verilmir ki,suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir.Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 171.1.Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi,əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın,qoxunun,hisin,tüstünün,səsküyün,istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa,o,təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən,təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq,bağışlamaq,icarəyə vermək,digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı2 tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu barədə hər hansı tələb olmadığından iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İsmayıllı rayonu,İsmayıllı kəndi ünvanında yerləşən iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan torpaq sahələrinə gedən 0.0146 hektar torpaq sahəsində yerləşən içtimai yolun Cavabdeh tərəfindən zəbt edilən 0.0005 hektar (5.0 kv.metr) hissəsi açılsın, həmin yolun üzərində tikilən şifer materialından olan hasar sökülsün və içtimai yoldan iddiaçıların istifadə etmələrinə cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı2 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar