Məhkəmə qərarları › İş №2(037)-674/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-674/2020

24.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-674/2020 24.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı(bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 50000 manat mənəvi zərər və 30.4 manat dövlət rüsumu olmaqla, cəmi 50030.4 manat məbləğinin alınıb ona verilməsi və cavabdehin üzərinə ondan ailə üzvlərinin və yaxın qohumlarının qarşısında üzür istəməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu Sumağallı kəndində yaşayır. Cavabdehla həmkəndlidir. Cavabdeh bələdiyyələr yarandığı vaxtdan 2019-cu ilin dekabrınadək yaşadığı Sumağallı kəndinin bələdiyyə sədri işləmişdir. O, özü uzun müddət polis orqanlarında xidmət etdikdən sonra “Polis orqanlarında xidmət keçmə haqqında” əsasnamənin 135.1-ci maddəsinin tələblərinə əsasən öz istəyi ilə polis orqanlarında fəaliyyətinə xitam verilmişdir. X1 11 ildən çox Azərbaycan Ordusu sıralarında xidmət edərək torpaqlarımızın müdafiəsində dayanmışdır. X1 evli və himayəsində azyaşlı uşağı olmasına baxmayaraq heç bir yerdə yaşamağa fərdi yaşayış evi və mənzili yoxdur. 20 ildən artıq müddətdə yaşadığı evin həyətyanı torpaq sahəsinə bitişik daşlı-kəsəkli, yararsız vəziyyətdə olan 0.05 hektar torpaq sahəsini öz zəhməti hesabına yararlı vəziyyətə gətirərək orada meyvə ağacları əkmişdir. 2008-ci ildən 2019-cu ilədək hər il ardıcıl rəsmi və qeyri rəsmi şəkildə bələdiyyə sədri Cavabdeh müraciət edərək yaşadığı evə bitişik yararlı vəziyyətə gətirdiyi 0.05 hektar torpaq sahəsini hərbiçi X1ə ev tikmək məqsədi ilə ona satmasını xahiş etmişdir. Cavabdeh hər dəfə ona həmin torpaq sahəsinin “strateji” torpaq olmasını bildirərək yaşadığı kənddə başqa ərazidə ev tikmək üçün satılmalı torpaq sahəsinin qalmadığını bildirmişdir. 2018-ci ildə qanuni şəkildə satın almaq istədiyi 0.05 hektar torpaq sahəsi ona deyil Bakı şəhər sakininə satılmışdır. Həmin torpaq sahəsini alan şəxs ona torpaq sahəsini Cavabdeh oğlundan satın aldığını bildirmişdir. Cavabdeh vəzifəsindən sui istifadə edərək qanuni şəkildə satın almaq istədiyi 0.05 hektar torpaq sahəsini ona satmamış, əvəzində isə həmin torpaq sahəsini oğlunun adına rəsmiləşdirərək Bakı şəhər sakininə satmışdır. Ölkə Prezdenti tərəfindən aparılan islahatların nəticəsi olaraq məmur özbaşınalığı bardə məlumat verilməsi prinsipini əsas götürərək bələdiyyə sədrinin nöqsan və qanunsuz əməlləri barədə əsaslı faktlarla yuxarı dövlət orqanlarına müraciət etmişdir. Cavabdeh onu susdurmaq, qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ona qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli 2(037)-602/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək onun Cavabdeh barəsində Azərbaycan Respublikasının dövlət orqanlarına ünvanladığı müraciətlərdə yazdığı ifadələrin həqiqətə uyğun olmayan, Cavabdeh şərəf və ləyaqətini ləkələyən məlumatlar olmasını İsmayıllı rayon İcra və Probasiya Şöbəsində yazılı formada təkzib etməsi qərara alınmışdır. Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli 2(037)-602/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-3171/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(037)–602/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qanunsuz əməllərindən və məhkəmə instansiyalarının haqsız qərarlarından aldığı mənəvi zərbələrdən dəli olma dərəcəsinə çatmış, özünü və əsəblərini idarə edə bilməmiş və hər kəsə qarşı inamı itmişdir. 1500 manat dəyərində evinin əşyası olan divan və kreslonu özündən asılı olmadan həyətə ataraq od vurub yandırmışdır. Bundan əlavə uzun illər qüsursuz hərbi xidmətdə olan, vətən keşiyində ləyaqətlə dayanan, yüksək əmək haqqı alan oğlunu Müdafiə Nazirliyinə ərizə yazaraq tərxis etdirmişdir. Qeyd edilən hallar Cavabdeh ona qarşı qanunsuz və haqsız əməllərinə görə keçirdiyi sarsıntıların nəticəsində baş vermişdir. Baş verən hadisələrə baxmayaraq haqq-ədalətə inanaraq Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-3171/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)-2459/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)- 3171/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və Cavabdeh ona qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh ona qarşı haqsızlıqları şüurunda dərin izlər buraxmış, keçirdiyi sarsıntı və iztirablar ona dərin mənəvi zərbə vurmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərəri 50000 manat məbləğində qiymətləndirir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurduğu mənəvi zərəri ödəmədiyindən məhkəməyə müraciət etmiş və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəməyə 30.4 manat vəsait xərcləmişdir. Cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi kimi 50000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30.4 manat olmaqla, cəmi 50030.4 manat məbləğinin alınıb ona verilməsi və cavabdehin üzərinə ondan ailə üzvlərinin və yaxın qohumlarının qarşısında üzür istəməsi öhdəliyinin qoyulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 2019cu ilədək Sumağallı bələdiyyəsinin sədri işləmişdir. Sumağallı bələdiyyəsinin sədri işlədiyi vaxt Sumağallı kənd sakini İddiaçı əsassız olaraq onun barəsində müxtəlif dövlət orqanlarına ərizələr yazmışdır. Müşviqin müraciəti əsasında müxtəlif dövlət orqanları tərəfindən onun bələdiyyə sədri kimi fəaliyyəti yoxlanılmışdır. Aparılmış yoxlamalar zamanı Müşviqin onun barəsində müxtəlif dövlət orqanlarına yazdığı əsassız ərizələrdə qeyd edilmiş faktlar öz təsdiqini tapmamışdır. Müşviqin onun barəsində müxtəlif dövlət orqanlarına yazdığı əsassız ərizələrə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(037)-602/2019 nömrəli və Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-3171/2019 nömrəli qətnamələri ilə onun iddia tələbi təmin edilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)-2459/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-3171/2019 nömrəli qətnaməsi ləğv edilərək onun Müşviqə qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsinə dair iddiası rədd edilmişdir. Ləğv etmənin əsası kimi şikayətin onun şəxsiyyətinə qarşı deyil, daşıdığı vəzifə səlahiyyətlərindən irəli gələn fəaliyyətinin tənqid olunmasına yönəldilməsi və onun digər özəl şəxslərdən fərqli olaraq vəzifə daşıyan şəxs kimi fəaliyyəti ilə bağlı özündə tənqidi və bəzən çox sərt və ilk baxışdan nüfuzuna toxuna biləcək fikirlərə qarşı dözümlülük nümayiş etdirilməsi göstərilmişdir. O, iddiaçının şərəf və ləyaqətini alçaltmamış və ona mənəvi zərər vurulmasına səbəb olmamışdır. İddiaçının tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(037)-602/2019 nömrəli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi qismən təmin edilərək İddiaçı Cavabdeh barəsində Azərbaycan Respublikasının dövlət orqanlarına ünvanladığı müraciətlərdə yazdığı ifadələrin həqiqətə uyğun olmayan, Cavabdeh şərəf və ləyaqətini ləkələyən məlumatlar olmasını İsmayıllı rayon İcra və Probasiya Şöbəsində yazılı formada təkzib etməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-3171/2019 nömrəli qətnaməsindən müəyyən edilir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(037)– 602/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)- 2459/2020 nömrəli qərarından müəyyən edilir ki, İddiaçı kassasiya şikayəti təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-3171/2019 nömrəli qətnaməsi ləğv edilmiş və Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi rədd edilmişdir. Ləğv etmənin əsası kimi barəsində şikayət edilən şəxsin bələdiyyə sədri kimi mütəmadi şəkildə tənqidə məruz qalması demokratik cəmiyyətdə normal hal hesab edilməsi, şikayət edən şəxsin barəsində şikayət edilən şəxsin şəxsiyyətinə qarşı deyil, daşıdığı publik vəzifə səlahiyyətlərindən irəli gələn fəaliyyətinin tənqid olunmasına yönəldilməsi və barəsində şikayət edilən şəxsin digər özəl şəxslərdən fərqli olaraq publik vəzifə daşıyan şəxs kimi fəaliyyəti ilə bağlı özündə tənqidi və bəzən çox sərt və ilk baxışdan nüfuzuna toxuna biləcək fikirlərə qarşı dözümlülük nümayiş etdirilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh bələdiyyə sədri işlədiyi müddətdə barəsində müxtəlif orqanlara ərizələrin göndərilməsində İddiaçı günahkar hesab edərək həmin ərizələrə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh məhkəməyə müraciət etməsi, onun barəsində müxtəlif orqanlara göndərilmiş əsassız hesab etdiyi ərizələrə hüquqi qiymət verilərək özünün haqlı saydığı hüquqlarını müdafiə etmək üçün vasitədir. Cavabdeh bu hüququnu realizə etməsi böhtan, şərəf, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi və nəticədə İddiaçı şərəf və ləyaqətinin alçaldılması və ona mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2 və 227.3-cümaddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar