Məhkəmə qərarları › İş №2(051)-773/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-773/2021

14.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-773/2021 14.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, vəkili X3 və Cavabdeh: Kəlbəcər rayon 25 saylı məktəbin direktoru X1 iştirakı ilə, İddiaçı cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbinə qarşı “Əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Kəlbəcər rayon 25 saylı orta məktəbinin direktorunun onun işdən azad olunmağı barədə xx xxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsini, həmin məktəbə İngilis dili müəllimi vəzifəsinə müddətsiz bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o, xx xxxxxx 1988-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1994-cü ildə Mingəçevir şəhər 11 nömrəli orta məktəbdə birinci sinfə getmiş və 2005-ci ildə həmin məktəbi bitirmişdir. Bundan sonra 2005-ci ildə Bakı bədən Tərbiyəsi və Turizm Kollecinin xarici dil- ingilis dili fakultəsinə daxil olmuş və xx xxxx 2008-ci ildə mingəçevir Şəhər Turizm Kollecini bitirib ona xarici dil – ingilis dili müəllimi ixtisası verilmişdir. Bundan sonra, yəni xx xxxxxx 2013-cü ildə Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbə texniki işçi vəzifəsinə işə qəbul olunmuşdur. xx xxxxxxxx 2017-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx xxxxxxxx 2017-ci ildə Kəlbəcər rayon 25 №li orta məktəbə İngilis dili müəllimi vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə işdə olarkən məktəbin direktoru X2 onu yanına çağıraraq onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2018-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyini bildirmirdir. O, ilk olaraq buna inanmamış, lakin məktəbin direktoru ona müəyyən sənədləri göstərərək onun işdən çıxdığımı bildirmişdir. Bundan sonra o məktəbin direktoru Elnarə Allahverdiyevadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsini tələb etmişdir. Lakin, E.Allahverdiyeva müxtəlif bəhanələr gətirərək, əmrin surətini ona verməkdən imtina etdi. Aradan uzun müddət küçəndən sonra, yəni xx xxxx 2021-ci ildə o əmrdən çıxarışın surətini almışdır. O, qeyd olunan əmri əsassız və qanunsuz hesab edir. Belə ki, Kəlbəcər rayon 25 saylı məktəbin direktoru qanunsuzluğu o işə qəbul olunduğu vaxtdan etmişdir. O bunları müvafiq sənədlər ona təqdim olunandan sonra bilmişdir. Belə ki, o xx xxxxxxxx 2017-ci il tarixdə müddətsiz olaraq işə qəbul olunduğu halda, o təqdim olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində onunla əmək müqaviləsinin bağlandığı tarix xx xxxxxxxx 2017-ci il tarix, sistemə daxil edilmə tarixi isə xx xxxxxxx 2017-ci il göstərilmişdir. Əmək müqaviləsi bildirişində onun müddətsiz işə qəbul ilunduğu göstərilmişdir. Göründüyü kimi məktəbin direktoru Elnarə Allahverdiyeva hər cür qanun pozuntusuna yol verərək və öz mənafeləri naminə qanunsuzluqlar etmişdir. Bundan başqa o 2017-ci ildən 2021-ci ilin fevral ayının 23-nə kimi daim işə gedib-gəlmişəm. Əgər o işdən azad olumuşsa, məktəbin direktoru bu barədə niyə ona bir söz deməmişdir. Demək ki, onun hansısa məqsədi olmuşdur. Bundan başqa məktəbin direktoru E.Allahverdiyeva təxminən 2018-ci ildə onu yanına çağıraraq əmək haqqı kartının vaxtının bitdiyini, buna görə də aylıq əmək haqqının digər müəllimənin maaş kartına yüklənəcəyini, bundan sonra öz əmək haqqı kartı gələndəm sonra əmək haqqını öz maaş kartından alacağını bildirdi. Bu minvalla da o aylıq əmək haqqını müəllimə yoldaşın əmək haqqı kartından almışdır. Üstündən bir neçə ay keçmiş o E.Allahverdiyevadan onun əmək haqqı kartının nə vaxt gələcəyini soruşsa da, E.Allahverdiyeva hər dəfə müxtəlif bəhanələr gətirərək onun əmək haqqı kartının nə vaxt gələcəyini dəqiq deməmişdir. Buna baxmayaraq, o hər gün dərsə getmiş, dərs keçmiş və ayın sonunda ştat cədvəlinə uyğun olaraq əmək haqqını almışdır. Ümumiyyətlə Kəlbəcər rayon 25 saylı orta məktəbin direktoru X1 onun işdən azad olunmağı barədə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli əmr tam qanunsuzdur. Kəlbəcər rayon 25 saylı orta məktəbinin direktorunun onun işdən azad olunmağı barədə xx xxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsini, həmin məktəbə ingilis dili müəllimi vəzifəsinə müddətsiz bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili X6 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbin direktoru X2 iddianı qəbul etdi və məhkəmə iclasında izahatında göstərmişdir ki, İddiaçı tərəfindən verilmiş iddia tələbini tam olaraq qəbul edir. Allahverdiyeva Elnarənin işə bərpa olunmasına etiraz etmir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1988-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Mülki işə əlavə olunmuş BB-İİ № 076880 diplomunun surətindən görünür ki, İddiaçı xx xxxx 2008-ci ildə X4 ingilis dili müəllimi fakultəsini bitirmişdir. İşə əlavə olunmuş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Kəlbəcər rayon 25 saylı orta məktəbdə xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən müəllim vəzifəsinə təyin edilməsi xx.xx.2015ci il tarixdə sistemə daxil edilmişdir. İşə əlavə olunmuş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2018-ci il tarixli 123 nömrəli əmrə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bildiriş xx.xx.2018-ci il tarixdə imzalanmış və xx.xx.2021-ci il tarixdə çap edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, İddiaçı 2005-ci ildə X4 ingilis dili fakultəsinə daxil olmuş və xx xxxx 2008-ci ildə universiteti bitirib İngilis dili müəllimi ixtisası üzrə diplom almışdır. O, xx xxxxxxxx 2017-ci ildə Kəlbəcər rayon 25 №li orta məktəbə İngilis dili müəllimi vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. xx xxxxxxxx 2017-ci il tarixdə məktəbin direktoru X2 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2018-ci il tarixdən Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyini bildirilmişdir. Lakin sözügedən əmr elektron sistemə xx.xx.2018-ci il tarixdə vurulmuş- imzalanmış və xx.xx.2021-ci il tarixdə çap edilmişdir. Məhkəmə işin hallarını əmək qanunvericiliyinin müddəaları əsasında təhlil edib aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin tələbinə görə: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd olunan hüquq normasının tələbindən göründüyü kimi mənimlə bağlanmış əmək müqaviləsinin ləğvi üçün işəgötürən tərəfindən heç bir əsas olmamışdır. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçının icra etdiyi işi daimi xarakterə malikdir. Bundan əlavə iddiaçı Kəlbəcər rayon 25 saylı məktəbinin direktoru Sevda Əliyavanı işdən çıxarma səbəbi kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndini əsas götürsə də nəzərə almamışdır ki, işəgötürənin işçini işdən çıxarma səbəbi 70-ci maddədə konkret göstərilib. Əmək Məcəlləsinin 70-ci maddəsində isə işə götürən (yəni Kəlbəcər rayon 25 saylı məktəb) tərəfindən işçi (İddiaçı) işdən çıxarılması üçün heç bir əsas yoxdur. Bundan əlavə iş materiallarından da dəqiq görünür ki, İddiaçı əmək müqaviləsi daimi xarakter daşımaqdadır və bu hal əmək müqaviləsində öz əksini tapmışdır. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-ci hissəsinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinin şərtlərinin tətbiq edilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək münasibətlərinin həlli həmin Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiq olunan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2018-ci il tarixdə İddiaçı ilə cavabdeh Kəlbəcər rayon 25 saylı məktəb arasında bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsinin etibarsız sayılmalı, “Kəlbəcər rayon 25 saylı məktəbin xx xxxx 2018-ci il tarixli 111 saylı əmri ləğv edilməli, Əliyeva X7 rayon 25 saylı məktəbə ingilis dili müəllimi kimi işə bərpa edilməlidir. Bundan əlavə iş məhkəmə iclasında cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbin direktoru X2 iddia tələbini tam qəbul edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə isə öz növbəsində cavabdehin etirafını qəbul edir və bu səbəbdən də iddiaçının irəli sürdüyü tələblərin təmin olunmasını məqsədə müvafiq sayır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Kəlbəcər rayon 25 saylı məktəbnin direktorunun xx xxxx 2018-ci il tarixli 111 № li əmri ləğv edilsin. Əliyeva X7 rayon 25 saylı məktəbə ingilis dili müəllimi kimi işə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar