Məhkəmə qərarları › İş №2(060)-1112/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1112/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1112/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, cavabdehin nümayəndəsi, atası X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ********* saylı xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 86 manat əsas borc, 25 manat cərimə, ümumilikdə 111 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Vitek” markalı tozsorana görə 12 ay ödəniş cədvəli üzrə hər ay 24 manat olmaqla cəmi 278 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq sonuncu xx.xx.2019-cu il tarixində 120 manat ödəniş etmiş və qalıq qalmış 86 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Kredit müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə əsasən gecikdirilən aylıq borc məbləğinə hər gün üçün 1 faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 faizlə hesablanmış cərimə məbləği 25 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2020-ci il tarixə cavabdehə olan borcu 86 manat əsas, 25 manat cərimə, cəmi 111 manat təşkil etmişdir. Cavabdeh nümayəndəsi və atası X2 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan 1 illik zəmanətlə alqı-satqı qiyməti 139 manat olan eyni markalı 2 tozsoran və qiyməti 750 manat olan “Samsung” markalı planşet almışdır. Tozsoranlardan birinin arxa qapağı əridiyi üçün xx.xx.2019-cu il tarixdə dəyişdirilməsi və ya təmir edilməsi üçün iddiaçıya verilmişdir. 2019-cu ilin sentyabr ayında mağazaya dəvət olunmuş və təmirin özləri tərəfindən aparılmalı olduğu bildirilmişdir. Bununla razılaşmamış və *0171 nömrəli telefona zəng edərək müraciət etmiş və ona anlaşılmazlıq olduğunu, problemin tez zamanda həll ediləcəyi bildirilmişdir. Lakin, nəticə olmamışdır. Cavabdeh iddiaçıdan bundan əvvəl də məhsullar almış və kredit ödənişlərini vaxtında və vaxtından əvvəl həyata keçirmişdir. İddiaçı öz ərizəsində cavabdehin ödənişlərdən boyun qaçırdığını qeyd etsə də, xx.xx.2019-cu il tarixdə ödənilmiş 120 manat əvvəlcədən 5 aylıq ödənilmiş məbləğdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-6727/2020 saylı qərardadı ilə hazırkı iş üzrə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddiaçıdan alınmış tozsoranlardan birində nasazlıq olduğundan onu təmir olunması üçün iddiaçıya qaytarmışdır. Lakin, iddiaçı malı zəmanətlə satdığına baxmayaraq tozsoranı təmir etməkdən imtina etmişdir. Hal-hazırda tozsoran iddiaçıdadır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinə əsasən cavabdeh xx.xx.1983-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı “Vitek” markalı tozsoranları cavabdehə satmış və cavabdeh iddiaçıdan aldığı həmin məhsulların dəyərini 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 86 manat, cərimə borcu üzrə 25 manat məbləğində borcu qalmışdır. Ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə “Vitek” markalı tozsoranlar üçün 12 ay müddətində 11 ay ərzində hər ay 24 manat, sonuncu ay 14 manat ödəməli idi. “Samsung” markalı məhsul üçün 6 ay müddətində 5 ay müddətinə hər ay 125 ay, sonuncu ay 124 manat ödəməli idi. İş materiallarına cavabdeh tərəfindən iddiaçıya ödənilmiş məbləğlər barədə qəbzlər əlavə edilmişdir. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı olaraq bildiriş (xəbərdarlıq) göndərilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli zəmanət talonuna əsasən iddiaçı “Vitek” markalı tozsoranı cavabdehə 12 aylıq zəmanətlə satmışdır. xx.xx.2019-cu il tarixli müştəri müraciətindən görünür ki, cavabdeh “Vitek” markalı tozsoranı cavabdehin servis mərkəzinə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi həyata keçirilmişdir. Mülki Məcəllədə həmçinin nəzərdə tutulmuşdur ki, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur (581.1.). Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir (582.2.). Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır (583.1.). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, göstərilmişdir ki, komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) özünün zəmanət müddətindən az olmamalıdır. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə göstərilir. Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır. İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir. Zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır (maddə 6). Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin 3.2.5-ci bəndində qeyd edilmişdir ki, alıcı bu müqaviləyə əsasən aldığı əmlakın dəyərini tam ödəyənədək əmlakda hər hansı bir nasazlıq yaranarsa, nasazlığı aradan qaldırmaq üçün alıcı əmlakı yalnız zəmanət talonunu vermiş rəsmi səlahiyyətli təmir xidmətinə təqdim edə bilər. Rəsmi səlahiyyətli təmir mərkəzindən kənar heç bir yerdə əmlak üzərində hissə dəyişikliyi, imei dəyişdirilməsi və həmçinin proqram təminatı dəyişikliyi edilə bilməz. İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh də müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri vaxtlı-vaxtında həyata keçirmişdir. Lakin, ödənişlərin tam həyata keçirilməsi və müqavilə müddəti bitmədən cavabdehə verilmiş malda qüsur aşkar edilmişdir. İddiaçıya bununla bağlı məlumat verilmiş, iddiaçı malı təmir edilməsi üçün cavabdehdən təhvil almış və indiyədək onu geri qaytarmamış, nə də onu dəyişdirərək yenisi ilə əvəz etməmişdir. Bu səbəbdən həmin malın dəyərinin cavabdehdən tələb edilməsi barədə iddiaçının tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 86 manat əsas borc və 25 manat cərimə olmaqla, cəmi 111 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar