Məhkəmə qərarları › İş №2(060)-175/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-175/2025

21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-175/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «nəqliyyat vasitəsinin geri qaytarılması və maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 7130 azn (yeddi min yüz otuz) manat pulu və X20 markalı, 2005-ci il buraxılışlı **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 (icarəyə verən) ilə «313 Cars MMC” İcarədar arasında xx.xx.2020-ci il tarixli, 01 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyə verən ona məxsus nəqliyyat vasitəsini icarəyə verir. İcarəçi isə həmin nəqliyyat vasitəsini öz istifadəsinə qəbul edir. Həmin müqavilənin 5.1-ci bəndində qeyd edilmiş nəqliyyat vasitəsini xx.xx.2020-ci ildə qəbul etmək və nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək icarəçinin (cavabdehin) öhdəliklərinə aid edilmişdir. Bildirmək istəyir ki, X4 məxsus olan X20 markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı avtomobili xx.xx.2020-ci il tarixdən 20 ay müddətinə hər ay üçün 545 (beş yüz qırx beş) manat olmaqla Cavabdeh avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı əsasında icarəyə verilmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə (ödənilməli olan icarə haqqı) müqavilədə nəzərdə tutulan normaları da pozmuş, müqavilənin mahiyyətinə zidd olaraq, avtomaşından istifadə edərək 3770 (üç min yeddi yüz yetmiş) manat ödəmişdir. Bildirir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Hal-hazırda maşın Cavabdehdır. Onun hərəkətlərindən belə məlum olur ki, icarə haqqını vermək fikri yoxdur. Avtomaşını qaytarmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, 23 dekabr 2020-ci il tarixində cavabdeh müqavilə əsasında onlardan avtomobil götürmüşdür. Ekspert rəy vermişdir ki, imza cavabdehin deyildir. Lakin özü etiraf etmişdir ki, imza çəkmişdir. Harasa qol çəkdirdiklərini demişdir. Müqavilədən başqa hara qol çəkdirə bilərlər. Göyçay Rayon Məhkəməsində cavabdeh ödədiyi çekləri demişdir. Avtomobilin mülkiyyətçisi anası olmuş, anası rəhmətə getmiş, vərəsəlik ilə ona çatmışdır. Anasının vaxtında avtomobil icarəyə verilmişdir. Avtomobilin mülkiyyət hüquqları X4 məxsusdur. Avtomobil cavabdehdə olmalıdır. Lakin o da bildirir ki, onda deyildir. Avtomobili cavabdehə vermiş, cavabdeh də uzun müddətdir ki, gizlədir. Müqaviləyə də cavabdeh imza çəkmişdir. Niyaz tutulmuş, cavabdehi isə tanımamışlar. Cavabdehə etibarnamə verilməmişdir. Qarşı tərəf 3770 manat avtomobilə görə pul ödəmişdir. Avtomobilin dəyəri 10 min manata qədər olmuşdur. Avtomobil cavabdehdədir və gizlətmişdir. Sonra isə deyir ki, həyətdə saxlamış və işçilər aparmışlar. Pandemiya zamanı olmuş, qarışıqlıq olmuşdur.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir.

5. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan 20 sentyabr 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, bir tərəfdən, bundan sonra “İcarəyə verən” adlandırılacaq, Azərbaycan Respublikasının vətəndaşı, X8 (Ş/V № AZE ********) və digər tərəfdən «313 CARS” MMC-nin direktoru Azərbaycan Respublikasının vətəndaşı X9 (Ş/V № AA 0702744, (VÖEN: **********) bundan sonra “İcarəçi” adlandırılacaq bundan sonra ayrılıqda “Tərəf, birlikdə “Tərəflər” adlanaraq, aşağıdakı şərtlərlə bu icarə müqaviləsini (bundan sonra “Müqavilə” adlandırılacaq) bağladılar. İcarəyə verənin aşağıdakı icarə avtomaşını üzərində tam mülkiyyət hüququ və səlahiyyəti mövcuddur və icarəyə verən bu müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ, tərəfindən xx.xx.2020 ci il tarixli AD № 851731 seriya № li, texniki pasport əsasında X20 markalı, **-TY-*** Dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini fəaliyyət üçün icarəçiyə icarəyə verilir. İcarəçi isə bunun müqabilində tərəflər arasında razılaşdırılmış icarə haqqını İcarəyə verənə ödəyir. Müqavilənin müddəti başa çatdıqdan sonra, icarə avtomobilini təbii köhnəlmə halları da nəzərə alınmaqla müəyyən zərərlər vurularaq geri təhvil verildiyi hallarda icarəçi bu tip zərərin icarəyə verən tərəfindən müstəqil olaraq müəyyənləşdirilən miqdarını icarəyə verənə icarə haqqına əlavə olaraq ödəməlidir. İcarə müddəti (bundan sonra “İcarə Müddəti” adlandırılacaq) bu müqavilənin imzalanmasından sonra icarə avtomobilini İcarəçinin faktiki sərəncamına verildiyi gündən, yəni xx.xx.2020-ci il tarixindən (bundan sonra “başlanğıc tarixi” adlandırılacaq) başlayır. İcarə müddəti başlanğıc tarixindən etibarən xx.xx.2025-ci il tarixinədək müəyyən edilir.

7. İş materiallarında olan «313 CARS” MMC-nin 001 nömrəli, 14 iyun 2021-ci il tarixli əmrindən görünür ki, «313 CARS” MMC-nin direktoru Nümayəndə Xəlil qızı xx.xx.2021-ci il tarixindən vəzifəsinin icrasına başlamışdır.

8. İş materiallarında olan «313 CARS” MMC-nin 01 nömrəli, 12 dekabr 2020-ci il tarixli əmrindən görünür ki, «313 CARS” MMC-nin direktoru X10 xx.xx.2020-ci il tarixindən vəzifəsinin icrasına başlamışdır.

9. İş materiallarında olan «313 CARS” MMC-nin 003 nömrəli, 01 may 2021-ci il tarixli əmrindən görünür ki, «313 CARS” MMC-nin direktoru X10 xx.xx.2021-ci il tarixindən vəzifəsinin icrasını dayandırmışdır.

10. İş materiallarında olan «313 CARS” MMC tərəfindən verilmiş 23 dekabr 2020-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamından görünür ki, o, Cavabdeh 2005ci il buraxılışlı olan **-TY-*** qeydiyyat nişanlı “X20” markalı avtomobili öncə tam yoxlamış, qiyməti ilə razı olduqdan sonra qəbul etmişdir. Avtomobili qəbul etdikdən sonra 20 ay müddətinə hər ay 545 manat olmaqla ayın 21-nə kimi ödəniş etməyi öhdəsinə götürmüşdür.

11. İş materiallarında olan AD seriyalı, 851731 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-TY-*** qeydiyyat nişanlı, “X20” markalı, 2005-ci il buraxılışlı nəqliyyat vasitəsi X4 məxsusdur.

12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

13. İş materiallarında olan 30 mart 2022-ci il tarixli, reyestrdə 2V-193 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş – X3 vərəsəsi- Nümayəndə miras-əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD851731 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi W0L0AHL**********, mühərrikin nömrəsi və buraxılış ili 2005-ci il olan X20 markalı, **-TY-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

14. İş materillarında olan Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli, AZ-İİ seriyalı, 244717 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 1 yanvar 2022-ci il tarixdə Bakı şəhərində ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 01-ci ayının 12-ci günündə 49 nömrə ilə qeyd edilmişdir.

15. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 2(046)-1264/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddianın rədd edilməsi, iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh və X6 qarşı 10.400 manat pulun və X20 markalı, 2005-ci il buraxılışlı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona verilməsi barədə tələbinin təmin edilməməsi qət edilmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin kompüter çıxarışından görünür ki, **-TY-*** nömrə nişanlı, X20 markalı, 2005-ci il buraxılışlı avtomobil X3 xx.xx.2020-ci il tarixdən mülkiyyətindədir. İstifadə hüququ barədə etibarnamə ilə X5 istifadəsinə xx.xx.2020-ci il tarixdə verilmiş, xx.xx.2020ci il tarixdə etibarnamə öz qüvvəsini itirmişdir.

17. İş materiallarında olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1909 nömrəli rəyinə əsasən müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş, mülki işin 18-ci vərəqəsində olan xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamın 1-ci vərəqəsinin üz və arxa tərəflərindəki yazılar – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, **-YT-*** minik markalı “Opel Astra” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X12 olmuş, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən adıçəkilən nəqliyyat vasitəsini «313 Cars” MMC-yə icarəyə vermişdir. xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamdan görünür ki, adıçəkilən nəqliyyat vasitəsi «313 Cars ” MMC tərəfindən Cavabdeh icarəyə verilmiş və icarə haqqı 545 manat olmaqla, icarə müddəti 20 ay müəyyən edilmişdir. İddiaçı iddia edir ki, Cavabdeh 3770 manat ödəniş etmiş, lakin daha sonra hazırkı tarixədək nəqliyyat vasitəsinin istifadəsinə görə cavabdeh tərəfindən «313 Cars” MMC-yə icarə haqqı ödənilməmiş, habelə nəqliyyat vasitəsi iddiaçıya qaytarılmamışdır.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

22. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”

23. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

27. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

28. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

29. Həmin Məcəllənin 700.5-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

30. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

31. Həmin Məcəllənin 683.1-ci maddəsinə əsasən kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin.

32. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X1 Niyaz Şamil oğluna nəqliyyat vasitəsindən istifadə hüququ barədə etibarnamə xx.xx.2020-ci il tarixdə vermiş və həmin etibarnamə xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüşdür. X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Nümayəndə onun vərəsəsi kimi miras əmlakdan pay almış və şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD851731 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi W0L0AHL**********, mühərrikin nömrəsi və buraxılış ili 2005-ci il olan X20 markalı, **-TY-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

33. İddiaçı Göyçay Rayon Məhkəməsində cavabdehlər Cavabdeh və X6 qarşı pul və avtomobil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını belə əsaslandırmışdır ki, 21 sentyabr 2020-ci il tarixdə razılaşma əsasında cavabdeh X6 24 ay müddətində hər ay 545 manat ödəmək şərti ilə 18580 manata satmışdır. Cavabdeh X13, avtomobilə görə ödəniş etmiş, lakin, sonradan bildirmişdir ki, yerdə qalan pulu ödəyə bilmir, maşını Cavabdeh satmış, yerdə qalan pulu o ödəyəcəkdir.

34. Göyçay Rayon Məhkəməsində iddia tələbi təmin edilməmiş və məhkəmə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, cavadehlər X13 ilə xx.xx.2020-ci il tarixdə, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə X20 markalı, 2005-ci il buraxılışlı, 99TY423 dövlət qeydiyyat nişanlı avtomobilin nisyə alqı satqısına dair 313 Cars MMC ilə nisyə satış müqaviləsi bağlanmışdır. Məhkəmə baxışı zamanı iddiaçı Nümayəndə, eləcə də Nümayəndə mərhum anası X8 cavabdehlər Cavabdeh və X13 arasında nisyə alqı-satqı müqaviləsinin bağlandığına dair heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

36. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz.

37. Hal-hazırda isə iddiaçı iddianın digər tərəfini yəni X7 cavabdehlər sırasından çıxararaq, Cavabdeh qarşı, alğı-satqı müqaviləsi əsasında deyil, icarə haqqında iltizamı əsas gətirərək onun icarəsinə verdiyini bildirərək, pul və avtomobilin geri qaytarılmasını tələb etmişdir.

38. Məhkəmə iclasında cavabdeh avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamında olan imzanın və yazıların ona məxsus olmadığını bildirmiş, bununla bağlı ekspertiza təyin edilmiş, rəyə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, mülki işin 18-ci vərəqəsində olan xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamın 1-ci vərəqəsinin üz və arxa tərəflərindəki yazılar – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

40. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

41. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

42. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

43. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir.

44. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış kompüter çıxarışından müəyyən olunur ki, mübahisə predmeti olan avtomobil barədə X4 qeydiyyat şəhadətnaməsi xx.xx.2020-ci il tarixdə AD851731 nömrə ilə verilmiş, lakin icarə müqaviləsi mərhum X8 avtomobilin mülkiyyətçisi olmadan yəni xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə bağlanmışdır. Yəni icarə müqaviləsi hüquqi cəhətdən qüvvəsiz (void ab initio) olmuşdur. Çünki həmin zaman X8 avtomobilin sahibi olmamışdır.

45. X13 ilə iddiaçı arasında olan münasibətlərə Göyçay Rayon Məhkəməsində qiymət verilmiş və alqı-satqı müqaviləsinin bağlandığına dair heç bir sübutun iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi müəyyən edilmişdir.

46. İndi isə Cavabdeh qarşı iltizamı əsas gətirərək məhkəməyə müraciət etmiş, lakin ekspert rəyi ilə yazıların cavabdehə məxsus olmadığı müəyyən olunmuşdur.

47. Görünür ki, iddiaçı iddiasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və təqdim etdiyi sübutlar da iddiasını təsdiq etməmişdir.

48. Ona görə də məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız olduğu üçün iddia tələbi təmin edilməməlidir.

49. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «nəqliyyat vasitəsinin geri qaytarılması və maddi ziyanın ödənilməsi» və sair tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

52. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

57. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

58. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Məhkəmə ekspertiza xərci ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ekspertiza xərci 127 manat təşkil etdiyindən, ekspertiza xərci iddiaçiya aid edilməli, iddiaçı 313 CARS» MMC-dən 127 manat tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

60. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı MMC-nin Cavabdeh qarşı «nəqliyyat vasitəsinin geri qaytarılması və maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı MMC-dən 127 (bir yüz iyirmi yeddi) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar