Məhkəmə qərarları › İş №2(060)-5805/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5805/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5805/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə 03 avqust 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20 aprel 2010-cu il tarixli kredit müqaviləsi üzrə 1905,12 manat faiz borcu və 419,30 manat cərimə borcu olmaqla, ümumilikdə 2324,42 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 20 aprel 2010-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 21000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 07 iyun 2021-dək Cavabdeh banka 20 aprel 2010cü il tarixli kredit müqav iləsi üzrə manat əsas borc. 1905.12 manat faiz borcu və 419.3 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2324.42 manat borcu v ardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı ASC-nin qaldırdığı iddia tamamilə cəfəngiyyatdır. Belə ki, onun banka heç bir borcu qalmamışdır. Bundan başqa bank iddia müddətini də ötürmüşdür. 11 il əvvəl bağlanmış müqaviləyə görə 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini məhkəməyə təqdim etdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan 20.04.2010-cu il tarixli KBB (G) 2114 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İK (hazırda "xxxx" ASC) bankının Sumqayıt filialı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 21000 manat məbləğində kredit vermişdir. İşdə olan 07.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20.04.2010-cu il tarixli Kredit müqaviləsi üzrə banka 0 manat əsas borc, 1905,12 manat faiz borcu, 419,30 manat cərimə borcu, ümumilikdə 2324,42 manat borcu yaranmışdır. İşdə olan 16.04.2021-ci il tarixli, KBD-5977 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 20.04.2010-cu il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank Cavabdeh 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 21000 manat məbləğində kredit vermişdir. Sözügedən müqavilənin icra müddəti 20.04.2012-ci ildə bitmişdir. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri olduğu üçün bankın tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırkı mübahisə, müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün məsələyə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanması kredit müqaviləsi üzrə müddətin bitməsi anından hesablanmalıdır. Eyni zamanda, iddiaçı bank, iddia müddətinin kəsilməsinə səbəb olan hər hansı hala istinad edə bilməmiş, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, müqavilə üzrə iddia müddətinin başlanğıcı 20.04.2012-ci il tarixdən hesablandıqda, iddia müddəti 20 aprel 2015-ci ildə bitmiş, iddiaçı bank isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 21.06.2021-ci il tarixdə müraciət etməklə, qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar