Məhkəmə qərarları › İş №2(060)-814/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-814/2025

23.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-814/2025 23.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya ödəmək yolu ilə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya ödəmək yolu ilə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 4000 manat olmaqla, cəmi 12 000 manat məbləğində kompensasiya verilməklə onların xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1-ə olan istifadə hüquqlarına xitam verilməsi və ona məxsus mənzildən çıxarılmaları və ödənilmiş 126 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mkr-n, ev 59, mənzil 15 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O həmin ünvanda qeydiyyatdadır. Mənzil 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir və 3 otaqdan ibarətdir.Cavabdehlər oğlu Rauf Tairovun keçmiş həyat yoldaşı və onun uşaqlarıdır. Belə ki, oğlu Rauf Tairov 07 noyabr 1998-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahlarından olan iki övladları var: Cavabdeh2 və Cavabdeh3. Bildirir ki, oğlu Rauf Tairov ilə Cavabdeh1 arasında olan rəsmi nikah pozulmuşdur.Onlar ona məxsus mənzildə qeydiyyatdadırlar və ona məxsus mənzildə yaşayırlar. Hazırda onların birlikdə yaşamaqları mümkünsüz olduğundan o məcbur qalıb başqa yerdə yaşayır. Mülkiyyətçi olaraq o öz evində yaşaya bilmir. Ona görə də hesab edir ki, cavabdehlərin hər birinə 4000 manat olmaqla cəmi 12000 manat məbləğində kompensasiya verilməklə onların xüsusi mülkiyyət hüquq ilə ona məxsus olan mənzilə istifadə hüququna xitam verilməli və onlar ona məxsus mənzildən çıxarılmalıdırlar. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 5000 manat olmaqla, cəmi 15000 manat məbləğində kompensasiya verilməklə onların xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1-ə olan istifadə hüquqlarına xitam verilməsi və ona məxsus mənzildən çıxarılmaları və ödənilmiş 135 manat dövlət rüsumunun və 325 manat hüquqi yardım cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki,əvvəlcə məhkəməyə 120000 manat kompensasiya məbləği müəyyən olunmuşdur. Sonradan keçirilmiş ekspertizadanda bəlli oldu ki, təklif etdikləri məbləğ ümumilikdə 3 nəfər üçün 15000 manat məbləğində kompensasiya məbləği müəyyən edilməlidir.Kirayə haqqını 300 manatdan hesablayanda ən aşağısı 4 ilə yaxın kirayə haqqını vermiş olurlar.Təklif edilən məbləğ ağlabatan məbləğdir.Nəzərə almaq lazımdır ki, iddiaçı mülkiyyətçidir və o evdə 3 nəfər birlikdə yaşıyırlar. Əgər ayrı-ayrı evdə yaşasa idilər, ayrılıqda kompensasiya təklif edilə bilərdi.Məhkəmə praktikası 3 illik kompensasiya məbləğini nəzərdə tutur. Bu gün təklif etdikləri məbləğ ən pis halda 300 manat məbləğdən hesablayanda 4 il yarım müddətinə o kompensasiyanı vermiş olurlar.İddia tələbi əsaslıdır və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.Kompensasiya maksimum 16000 manat ola bilər.İddiaçı pensiya alır, çox məbləğdə də kompensasiya verə bilməz. 350 manatdan hesablayanda 12600 manat, 450 manatdan hesablayanda isə 16200 manat edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, kompensasiya məbləği ilə razı deyildir.Hər üç şəxsdə yetkinlik yaşına çatmışdırlar.Düzdür 350 manatdan 36 ay götürdükdə 11000-12000 manat edir. Ümumilikdə 36000-37000 manata çıxır.Daha uyğun qiymətə 25000 manat kompensasiya verilməlidir.Ona görə də 25000 manat kompensasiya veriləcəyi halda qəbul edirlər.Digər halda iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi.Nümayəndə vəkilin dediklərinə əlavəsinin olmadığını bildirdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbi baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin hesabına məhkəmədə iddia qaldırmaq üçün 126 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin hesabına məhkəmədə iddia qaldırmaq üçün 9 manat da ödəniş etmişdir. -14969 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki,Sumqayıt şəhər,17-ci mikrorayonda yerləşən 3 otaqlı, yaşayış sahəsi 35.72 kv.m, köməkçi sahəsi 22.26 kv.m-dən ibarət olan 59 nömrəli evin, 15 nömrəli yaşayış mənzili şəxsi mülkiyyət hüququ əsasında İddiaçı verilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Naziliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3,X1 oğlu və X2 oğludur. - Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli, 446M nömrəli hesabatından görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, 15 nömrəli mənzilin bazar dəyəri 78 000 manat, likvid dəyəri 69 000 manat, kirayə qiyməti isə 350-450 manat müəyyən edilmişdir. -xx.xx.2024-cü il tarixli, ********** əməliyyat nömrəli çekdən görünür ki, iddiaçı hüquqi yardım üçün 325 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, 15 nömrəli mənzilin mülkiyyətçisi iddiaçıdır. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının oğlu və oğlunun keçmiş həyat yoldaşıdır. Cavabdeh iddiaçı tərəfindən təklif olunan 15000 manat kompensasiya məbləği ilə razı deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiət etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, hüquq münasibətinin nə vaxt yaranmasından asılı olmayaraq Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan qanunvericilik normalarına əsaslanaraq və onların tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddianın predmetindən, əsaslarından, eləcə də işin faktiki hallarından göründüyü kimi iddiaçı mülkiyyətindəki mənzildən cavabdehlərin istifadə hüququnu mübahisələndirmədiyindən məhkəmə, sonuncunun belə hüququnun yaranıbyaranmamasını araşdırmayaraq müvafiq kompensasiyanın məbləğinin qismən ağlabatanlığına qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən əsaslıdır. Cavabdehlər birlikdə yaşayan tək ailənin üzvləri olduqlarından məhkəmə, onların digər yaşayış sahəsində də birlikdə yaşayacaqlarını ehtimal edərək, müstəqil qiymətləndiricilərin rəyinə əsasən iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini qismən ağlabatan hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər.Qeyd olunan xüsusatları nəzərə alan məhkəmə yetkinlik yaşına çatmış, lakin bir ailə üzvləri olan şəxslərin eyni şəratili mənzildə hazırki vəziyyətdə birliktə yaşamaqlarını, gələcəkdə yaşayış hüququnun təmin edilməsi baxımından və sair halları nəzərə almaqla (kirayə qiyməti isə 350-450 manat müstəqil qiymətləndiricinin rəyi, məhkəmə nəzərə aldığı kirayə dəyəri 500 manat olmaqla) hesablamaqla 18000 manat komensasiya verilməklə isitifadə hüquqlarına xitam verilməlidir. Kompensasiyanın məbləği, üzvləri göstərilən sayda olan bir ailənin oxşar parametrlərə və şəraitə malik mənzildə doqquz-on il (350 x 36 ay = 12600; 18000 : 36 ay = 500) müddətinə kirayə yaşayışının bazar qiymətinə uyğundur. İddiaçı sözügedən əmlakın mülkiyyətçisi kimi onun barəsində öz mülahizəsilə istənilən hərəkətlər etmək, üzərində başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən onu geri tələb etmək hüquqlarına malik olduğundan cavabdehlərin mənzildən çıxarılmalarına dair tələbində haqlıdır. Həmçinin, məhkəmə hesab ki, sui-istifadə hallarının qarşısının alınması, eləcə də qətnamənin icrası zamanı əngəllərin meydana çıxmasının qarşısının alınması məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kompensasiyanın ödənilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməli, birlikdə mənzildən çıxarılmalıdırlar. AR MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə, məhkəmə hesab ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 18000 manat məbləğində kompensasiya ödənilməklə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, 15 nömrəli mənzilindən istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılmalıdırlar. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməli, qalan 35 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddianın ödənilmiş hüquqi yardımın tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan hüquqi yardım ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada ödənilmiş 200 manat hüquqi yardım tutularaq iddiaçıya verilməli, qalan 125 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin hesabına ödənilməli, qalan 154 manat iddiaçıya aid edilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 18000 manat məbləğində kompensasiya ödənilməklə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, 15 nömrəli mənzilindən istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən birlikdə çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 mənzilə istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən birlikdə çıxarılması eyni vaxtda icra olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ekspertiza tədqiqatının dəyəri qismində 200 (iki yüz) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ53AİİB3400600C**********226, Kapital Bank ASC-nin İnşaatçılar filialı, KOD 201360,S.W.İ.F.TAİİBAZ2X,VÖEN**********,HesabAZ37NABZ********************) hesabına keçirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş 200 manat hüquqi yardım tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar