Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11610/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin və ümümvətəndaş pasportunun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi tərəfindən şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun vaxtının bitməsi ilə əlaqədar dərhal yenisi ilə dəyişdirilməsinə dair qərar çıxararsınız və ona qarşı qanunsuzluq edən əməkdaşlar barəsində cinayət işin açılmasına dair xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ilin iyul ayında şəxsiyyət vəsiqəsi dəyişdirilməsi ilə əlaqədar cavabdeh Daxili İşlər Nazirliyin Baş Pasport Qeydiyyat və Miqrasiyə İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh Daxili İşlər Nazirliyin Baş Pasport Qeydiyyat və Miqrasiyə İdarəsi imtina cavabı verərək bildirdilər ki, onun digər vətəndaşlığı var və buna görə vaxtı keçmiş ümümvətəndaş pasportunu dəyişdirmirlər. İddiaçı Azərbaycan vətəndaşlığından məhrum edilməmişdir və cavabdehin belə imtina etməsi qanunda nəzərdə tutulmamışdır, buna dair səlahiyyətləri yoxdur.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “övladınız İddiaçı iki vətəndaşlığı olduğu üçün şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi mümkün hesab edilməmişdir.”
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən Dövlət Miqrasiya Xidmətinə sorğu daxil olmamışdır. Eyni zamanda, İddiaçı Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı müraciəti qeydə alınmamış və Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmamışdır.
6. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi ilə bağlı əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
İİİ. Məhkəmənin mövqeyi
12. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuşdur, yaşayış yeri ünvan 1 ünvanıdır. Vəsiqə xx.xx.2014-cü il tarixdə verilmişdir və xx.xx.2021-ci il tarixədə etibarlılıq müddəti bitmişdir.
14. İddiaçı hazırda şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun müddətinin bitməsi ilə əlaqədar dərhal yenisi ilə dəyişdirilməsinə dair qərar və ona qarşı qanunsuzluq edən əməkdaşlar barəsində cinayət işinin açılmasına dair xüsusi qərardad qəbul edilməsi barədə hazırkı iddianı qaldırmışdır.
15. Məhkəmə ilk növbədə iddianın birinci hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinə iddiaçının hüquqi marağını zərərə alaraq şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun müddətinin bitib-bitməməsindən asılı olmayaraq yeni nəsil şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun verilməsi kimi qiymət verilməlidir.
16. İddianın ikinci hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, həmin hissə vəsatət xarakterli olduğundan məhkəmə hesab edir ki, ona tələb kimi qiymət verilməməlidir. Odur ki, iddia tələbinin cinayət işinin açılmasına dair xüsusi qərardad qəbul edilməsi barədə hissəsinə mahiyyəti üzrə baxılması zərurəti yoxdur.
17. Məhkəmə cavabdehin iddiaçının müraciətindən Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı Rusiya Federasiyasının vətəndaşı olduğu səbəbini göstərməklə imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, inzibati orqanın istinad etdiyi əsasla yeni şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi halı qanunvericilikdə nəzərdə tutulmamış, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının da vətəndaşı olması inkar olunmamışdır.
18. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.
19. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə: 2.4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin fərdi olaraq doldurulması "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra — İAMAS) vasitəsilə həyata keçirilir. Verilmiş şəxsiyyət vəsiqələri, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir. 2.5. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət vəsiqəsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana daxil olduğu andan hesablanır). 2.6. Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsə şəxsiyyət vəsiqəsi verilərkən, vəsiqə verən orqanın məsul əməkdaşı onun Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduğuna dair məlumatları İAMAS-da toplanılan məlumatlar əsasında yoxlayır. 2.7. Vəsiqə verən orqanın məsul əməkdaşı şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) barədə ərizə-anketin düzgün doldurulduğunu yoxlayır. Ərizə-anketdəki məlumatlar ondan əlavə sənəd tələb edilmədən, İAMAS-da toplanılan və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, X1 Sistemi və digər dövlət informasiya resursları tərəfindən İAMAS-a təqdim olunan məlumatlar əsasında yoxlanılır.
20. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsə yeni şəxsiyyət vəsiqəsi verilərkən onun Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduğuna dair məlumatlar yoxlanılır, bu barədə müvafiq sorğular verilir. Hazırda iddiaçı ikili vətəndaşlığı olmaqla Azərbaycan Respublikasının da vətəndaşıdır və vətəndaşlığı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə daxil olan məlumatlar ilə də öz təsdiqini tapmışdır.
21. «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən pasport Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına bu Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. 4-cü maddəsinə əsasən ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir. 10-cu maddəsinə əsasən pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir. Pasport bu Qanunun 8-ci və 9-cu maddələrində nəzərdə tutulmuş qaydada dəyişdirilir.
22. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə: 3.1. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra - daxili işlər orqanı) tərəfindən “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 3.2. Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur: - 3.2.1. ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (bundan sonra - ərizəanket)(1və2nömrəliəlavələr); - 3.2.2. vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı); - 3.2.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd; - 3.2.4. pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə - bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər; - 3.2.5. pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə: 1. qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
2. valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd. 3.11. Ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasportun dəyişdirilməsi vətəndaşın fotoşəkli pasportu verən orqanda çəkilməklə, lakin qan qrupu haqqında tibbi arayış tələb edilmədən bu Əsasnamənin 3.1-3.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Dəyişdirilən pasportdakı vizanın etibarlılıq müddəti həmin pasportun etibarlılıq müddətindən çox olduğu hallar istisna olmaqla, əvvəlki pasport təhvil verilir. Qeyd. Elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportları dəyişdirilərkən vətəndaşın əlbarmaq izləri götürülür.
23. Ümumvətəndaş pasportunun vətəndaşın şəxsiyyət vəsiqəsi əsasında (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi) verildiyini nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğundan yeni şəxsiyyət vəsiqəsi ilə təmin olunmalı və bunun əsasında etibarlılıq müddəti bitmiş ümumvətəndaş pasportu yenisi ilə dəyişdirilməlidir.
24. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.
25. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 24cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
26. Vətəndaşlıq hüququ, habelə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ insan hüquq və azadlıqlarının sırasında əhəmiyyətli yer tutur.
27. Konstitusiyanın 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
28. Vətəndaşlıq insan və dövlət arasında olan qarşılıqlı münasibətlər üçün əsasdır. Vətəndaşlıq dövlət daxilində insanın hüquqi vəziyyətinin başlıca əsası kimi bu vəziyyətə aydınlıq və müəyyənlik gətirir. Vətəndaşlıq mənsubiyyəti insan üçün müxtəlif hüquq və azadlıqlarından istifadə etmək imkanı verir. Dövlət öz vətəndaşlarını müdafiə və onlara hamilik edir.
29. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilər- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; Azərbaycan Respublikası vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır. 30.«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. 31.Şəxsiyyət vəsiqəsi sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır.
32. Göründüyü kimi, şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirməsi üçün ən zəruri sənədlərdən biridir.
33. Hazırda iddiaçı yeni nəsil şəxsiyət vəsiqəsi vəsiqəsi və ümumvətəndaş pasportu ala bilmir ki, bu da onun konstitusion hüquqlarını, eyni zamanda vəzifələrini həyata keçirməyə mane olur. Azərbaycan Respublikası vətəndaşlığına mənsub olan hər bir şəxs kimi iddiaçı da yeni nəsil şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə təmin olunmalıdır.
34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin edilsin. İddiaçı yeni nəsil şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun verilməsi öhdəliyi cavabdeh Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva