Məhkəmə qərarları › İş №2-1(118)-120/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-120/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-120/2022 19.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Saray kənd bələdiyyəsinə qarşı Saray qəsəbəsində ona verilmiş 0,6 ha torpaq sahəsinin sərəncamının verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddia ərizəsinə Sumqayıt şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Saray kənd bələdiyyəsinə qarşı iddia qaldıraraq Saray qəsəbəsində ona verilmiş 0,6 ha torpaq sahəsinin sərəncamının verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iddiaçı dinlənilmiş və ona izah edilmişdir ki, inzibati məhkəmə icraatında işə baxılması üçün iddiaçı müvafiq subyektiv hüquqa malik olmalıdır. Məhkəməyə sorğu əsasında daxil olmuş sənədlərdə, eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərdə Saray kənd bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsinin ayrılmasına dair hər hansı bir sənəd aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə baxılmasını istəmədiyini bildirdi və ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar