Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1423/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə qüsurlu icranın nəticələri, qüsurların mövcudluğunun sübutetmə yükü, sifarişçinin qüsurlarının öz vəsaiti hesabına aradan qaldırması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Qəbələ şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi Iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evinin, hovuz və söhbətgahın tikilməsini, həyətyanı sahənin hasarlanmasını və ərazinin daş plitə ilə döşənməsini şifahi müqavilə ilə Cavabdeh sifariş etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 61500 manat maddi ziyanın, 300 manat daşınmaz əmlakın təmirinə çəkilməli olan xərclər barədə hesabatın tərtib edilməsinə ödənilmiş xidmət haqqının, hüquqi yardım, həmçinin təmsil üçün vəkilə ödənilmiş 1000 manatın və 279 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin sonlarında özünə məxsus olan Qəbələ şəhəri, XXXdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 450,0 kv.m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evinin, hovuzun və söhbətgahın tikilməsini, həyətyanı sahənin hasarlanmasını və 250,0 kv.m ərazinin daş plitə ilə döşənməsini, o cümlədən elektrik sisteminin qurulmasını cavabdehə sifariş etmiş, bütün işlər cavabdehin şəxsi məsuliyyəti ilə icra olunaraq 2024-cü ildə tamamlanmışdır. Tikintidə istifadə olunan bütün materiallar Cavabdeh seçdiyi ticarət məntəqələrindən işləri görənin özü tərəfindən alınmış və deyilən məbləğlər onun tərəfindən satıcının kart hesabına ödənilmişdir. Cavabdeh tikintidə yalnız keyfiyyətli tikinti materiallarından istifadə etməli olduğu halda (ödənilən pullara uyğun gələn qiymətləri olan), əslində ödənildiyindən daha ucuz qiyməti olan çox keyfiyyətsiz materiallardan (əsasən IIR istehsalı olan) istifadə etmiş və materialların alındığı ticarət məntəqəsi ilə qabaqcadan sövdələşərək ödənilən pulları müvafiq fərq məbləğlərində mənimsəmişdir. Keyfiyyətsiz materiallardan istifadə olunması, evin divarları və terras arası beton qatın düzgün izolyasiya olunmaması nəticəsində divarlar nəmləndiyi və yağış suları evin içinə sızdığı üçün tavan sıradan çıxmış, suvaq və rənglər tökülmüş, o cümlədən həyətyanı sahədə inşa edilən hovuzun torpaqla birbaşa təmasda olan hissələri düzgün izolyasiya olunmadığı üçün suyu sızdırma, sanitar qovşaqda qoşulmaların düzgün aparılmaması nəticəsində çamaşır suyunun kənara sızması, isti döşəmənin düzgün qurulmaması nəticəsində çatlama və qopmalar, hasarın divarlarında yararsız qum və aşağı markalı sementdən istifadə nəticəsində suvağın ovxalanaraq tökülməsi, həyətyanı sahənin və söhbətgahın döşəməsinin daş plitə ilə üzlənməsində son dərəcə keyfiyyətsiz materiallardan istifadə olunması və işlərin düzgün aparılmaması nəticəsində döşəmənin tamamilə dağılaraq sıradan çıxması, normativə uyğun elektrik naqillərindən istifadə olunmaması nəticəsində elektrik sisteminin pozulması baş vermişdir. Qiymətləndirmə aparılarkən aşkar edilən həmin qüsurların aradan qaldırılmasından ötrü 61.500,0 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilmiş, Cavabdeh əlavə icradan imtina etmişdir.
5. Cavabdeh Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, Iddiaçı məxsus olan Qəbələ şəhəri, XXXdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 450,0 kv.m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evi, hovuz və söhbətgah tikilməsi, həyətyanı sahənin hasarlanması və 250,0 kv.m ərazinin daş plitə ilə döşənməsi, o cümlədən elektrik sisteminin qurulması işləri ev sahibinin sifarişi ilə 2021-ci ilin sonlarından başlayaraq onun tərəfindən icra edilmiş və 2024-cü ildə tam hazır vəziyyətdə təhvil verilmişdir. Tikintidə istifadə olunan bütün materialları Iddiaçı “XXX” ticarət məntəqəsindən və “xxxx” şirkətinin Şəki filialından almış, pulunu satıcının kart hesabına özü ödəmiş, daşıma xərcləri isə satıcının hesabına çəkilmişdir. Alınan bütün materiallar onun tərəfindən seçilmiş (hər dəfə etiraz etmiş və sifarişçinin təkidi üzrə icra etmişdir) və Iddiaçı istəyi ilə özünün müəyyən etdiyi nisbətən ucuz qiymətlərə uyğun olmuşdur. Hasarın suvanmasında nisbətən aşağı keyfiyyətli Imişli qumundan (Mingəçevir qumu əvəzində) istifadə edildiyi və suvanmış hissələrə Iddiaçı zövqünə görə mata çəkilmədiyi üçün içəri tərəfin suvağı bəzi yerlərdə qopmuş, hovuzda keyfiyyətsiz atsepdən istifadə olunduğu üçün sızma yaranmış, sohbətgahda isə fibe əvəzində alçipan istifadə olunduğu üçün qopmalar əmələ gəlmişdir. Binanın karkası və terrasa qalxan pilləkənlər onun tərəfindən qurulmamış, elektrik sistemi sifarişçinin deyil, öz hesabına çəkilmişdir. Binanın bünövrəsi yer səviyyəsindən aşağı olduğuna görə yağıntı zamanı qrunt sularının sızması nəticəsində divarlar nəmləndiyi üçün bəzi yerlərdə suvaq və rənglər tökülmüşdür.
6. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “xxxx” MMC-nin ## ###### 2024cü il tarixli qiymətləndirmə rəyi ilə icra olunan tikinti işlərində müəyyən edilmiş qüsurların aradan qaldırılmasına çəkiləcək xərclərin təqribi qiyməti 62251 manat təşkil edir.
7. “xxxx” MMC tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 1) Ümumi sahəsi 450,0 kv.m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evinin tikintisi, elektrik və istilik sisteminin qurulması, həyətyanı tikili və qurğuların tikintisində gözə çarpacaq böyük nöqsanlar yol verilmişdir. Beton və dəmir-beton konstruksiya materiallarının hazırlanmasında, tikinti materiallarının seçilməsində, hörgü, suvaq, üzlük, izolyasiya işlərində, kafel metlaxın vurulmasında, həyətdə tametin döşənməsində mailliyin düzgün seçilməməsi nəticəsində tikinti normaları kobud şəkildə pozulmuşdur; 2) Iddiaçı məxsus olan Qəbələ şəhəri, XXXdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində (reyestr nömrəsi: 406013005716) inşa edilmiş ümumi sahəsi 450,0 kv.m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evinin tikilməsi, elektrik və istilik sisteminin qurulması, o cümlədən digər işlərin (hovuz və söhbətgah tikilməsi, həyətyanı sahənin hasarlanması və 250,0 kv.m ərazinin daş plitə ilə döşənməsi) görülməsi aşağıdakı qüsurlarla icra olunmuşdur: Həyətdə tikilən su hovuzunun tikintisi, izolyasiyası, betonun qalınlığı düzgün aparılmadığından suyun sızması baş verir. (TNQ pozuntusu: AR TNQ və “Beton və armatur beton konstruksiyalar” üzrə SNIP 2.03.01 -84-ə uyğun olaraq hovuzların tikintisində hidroizolyasiya mütləqdir və betonun qalınlığı texniki hesablara əsasən minimum səviyyədə olmalıdır.); Həyətdəki söhbətgahın suvağı, tavanı, damı düzgün vurulmayıb. Atmosfer axıntıları divarlar süzülür. Divarlarda, tavanda qopmalar, qabarmalar, qaralmalar var. Söhbətgahın tameti düzgün vurulmayıb. (TNQ pozuntusu: SNIP 3.04.01-87 (Tikinti konstruksiyalarının suvaq işləri), eyni zamanda dam örtüklərinin TNQ-lərinə əsasən atmosfer təsirlərindən qorunma təmin edilməlidir.); Hasarın suvağının tərkibində sement-qum nisbəti, sementin markası düzgün seçilmədiyindən divarın səthinin suvağı əl toxuşu ilə ovulur. (TNQ pozuntusu: SNIP 3.03.01-87 və DBN V.2.6-22-2001 - Sement-qum məhlulunun nisbəti müvafiq şəraitə görə seçilməlidir (məsələn, M100-M150 markalı məhlullar)); Bünövrə ilə hörgünün texniki normalara uyğun izolyasiyasının aparılmaması nəticəsində qısa müddət ərzində evin divarlarının daxildən və xaricdən nəmlənməsi, suvaq qatının qopması, aşınması baş vermişdir. Istiqamətləndirilmiş hidroizolyasiyanın olmaması divarlarda nəmlənməyə və suvaq qatının aşınmasına səbəb olmuşdur. (TNQ pozuntusu: SNIP 1122-81 və “Fərdi yaşayış evlərinin layihələndirilməsi və tikintisi” üzrə TNQ - divar-hörmə izolyasiyası binanın nəmlənmədən qorunması üçün vacibdir.); Üst mərtəbə ilə terras arası beton işinin normaya uyğun olmaması (sement materialının, qarışıqların (sement-qum nisbətinin) düzgün müəyyənləşdirilməməsi, izolyasiya işlərinin aparılmaması və s.) nəticəsində atmosfer sularının evə sızması, tavanın, divarların yararsız vəziyyətə gəlməsinə, suvaq qatlarının qopmasına, qabarmasına səbəb olmuşdur. Həmçinin, mailliyin düzgün seçilməməsi, novların düzgün quraşdırılmaması səbəbindən atmosfer suları novlara istiqamətlənmir. (TNQ pozuntusu: SNIP 2.03.13-88 - Dam və terrasların izolyasiyası və drenaj sisteminin üzgün aparılması mütləqdir.); Kombi və isti polun, istilik sisteminin düzgün quraşdırılmaması, üst qat betonun qalınlığının və tərkibini düzgün müəyyənləşdirilmədiyindən döşəmədə Kermoqranit plitələrin arasında və ya ortasında incə və ya iri çatlar əmələ gəlmiş, plitənin altında nəmlik yığıldığından plitələrin qabarmışdır. (TNQ pozuntusu: DSTU B.V.2.5- 39:2008-Istilik sistemləri üçün döşəməaltı betonun qalınlığı və izolyasiyası texniki layihəyə uyğun aparılmalıdır.); Evin laminatı düzgün vurulmayıb, döşəmə altı səth tam hamarlanmayıb (çuxur və ya şişkinliklər olub), genişlənmə boşluğu buraxılmayıb (divardan kifayət qədər məsafə saxlanmayıb), laminatlar bir-birindən aralanır, ortada və ya künclərdə boşluqlar görünür, plintuslar divara möhkəm bərkidilməyib. (TNQ pozuntusu: Quraşdırma təlimatlarına və döşəmə materiallarına dair TNQ və istehsalçı texniki normalarına əsasən səth düz olmalı, genişlənmə boşluğu saxlanılmalıdır.); Elektrik işlərinin aparılmasında naqillərin təyinatının düzgün seçilməməsi, az müqavimətli, ucuz və keyfiyyətsiz materiallardan istifadə olunub ki bu da evdə tez-tez qısaqapanmalara naqilin deyil, avtomatın aşırı yüklənməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, belə naqillərlə kombi, su nasosu, isti pol idarə olunur. (TNQ pozuntusu: PUE (X3), GOST R 50571.15-97 - elektrik naqillərinin kəsiyi, izolyasiyası və təyinatı tikinti layihəsinə və gücə uyğun seçilməlidir.); 3) Iddiaçı məxsus olan Qəbələ şəhəri, XXXdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 450,0 kv.m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evi, hovuz və söhbətgah tikilməsi, elektrik və istilik sisteminin qurulması, o cümlədən digər işlərin (hovuz və söhbətgah tikilməsi, həyətyanı sahənin hasarlanması və 250,00 kv.m ərazinin daş plitə ilə döşənməsi) görülməsi zamanı icrada yol verilən qüsurlar texniki qüsur, mövcud tikinti norma və qaydalarının pozulması nəticəsində yaranmışdır. Belə pozuntular yaşayış binasının istismarına mənfi təsir göstərmiş, onun texniki vəziyyətini qənaətbəxş olmayan hala salmışdır. Bu səbəbdən də tikinti zamanı görülən işlərdə tikinti norma və qaydalarına əməl edilməmiş, icra keyfiyyətsiz və norma pozuntuları ilə aparılmışdır; 4) ünvan 1 ünvanında görülmüş söküntü, tikinti, təmir işlərinin həcmi və dəyəri çəkilən xərcin (mal-materialların dəyəri, usta pulu və digər zəruri təmir xərcləri (amortizasiya nəzərə alınmaqla) miqdarı - Iddiaçı məxsus olan Qəbələ şəhəri, XXXdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 450,0 kv.m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evi, hovuz və söhbətgah tikilməsi, elektrik və istilik sisteminin qurulması, o cümlədən digər işlərin (hovuz və söhbətgah tikilməsi, həyətyanı sahənin hasarlanması və 250,00 kv.m ərazinin daş plitə ilə döşənməsi) görülməsi zamanı icrada yol verilən qüsurların aradan qaldırılmasından ötrü tələb olunan vəsaitin miqdarı (qüsurların hər biri üçün ayrılıqda müəyyən edilməklə) ## ######## 2025-ci il tarixinə 65200 manat təşkil etmişdir.
8. Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddia təmin edilərək, cavabdeh Cavabdeh 61.500 manat kompensasiyanın, 1000 manat hüquqi xidmət haqqının və 278 manat dövlət rüsumunun tutulub iddiaçı Iddiaçı xeyrinə ödənilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 400 manat cavabdeh Cavabdeh tutulub “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən işlərin görülməsi tikinti norma və qaydalarına uyğun aparılmadığından, nəticə qüsurlu olmuş, həmin qüsurların aradan qaldırılmasından ötrü ## ######## 2025-ci il tarixinə tələb olunan vəsaitin miqdarı 65200 manat təşkil etmişdir.
10. Məhkəmə hesab etmişdir ki, həmin məbləğə uyğun gələn kompensasiya Cavabdeh tərəfindən ödənilməlidir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 14.2.6, 21.1, 21.2, 390.1, 752.1, 762.1, 762.2, 763.1, 765, 771.1, 771.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında göstərilən xidmət və qiymət barədə razılaşma olmuş və onlar şifahi qaydada razılığa gəlmişlər. Cavabdeh tərəfindən razılaşmada nəzərdə tutulan xidmət göstərilmiş və uzun müddət sonra heç bir əsaslı səbəb göstərilmədən görülən işin keyfiyyətindən narazılıq olmuşdur. Hansı ki, cavabdeh tərəfindən ev iddiaçıya təhvil verilmiş və heç bir qüsur olmamışdır. Məhkəmə Mülki Məcəllənin 404-cü maddəsinin məzmununa nəzər yetirməmiş və yalnız iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Cavabdeh tərəfindən qanunun hansı tələbinin konkret pozulması halı müəyyən edilməmişdir. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərilənləri əsaslı hesab edərək heç bir obyektiv araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Iddiaçının göstərdiyi qüsurların cavabdehin təqsirindən olubolmaması müəyyən edilməmişdir. Məhkəmə iclasında iddiaçı ona verilən suallara cavab olaraq evə ümumilikdə 1 milyona yaxın xərc çəkdiyini bildirmişdir. Ondan bu xərclərin sadəcə10 faizini təsdiq edən sübutları olub-olmamasını soruşduqda isə heç bir sübutunun olmadığını bildirmişdir. Iş materiallarında görülən işlərdəki qüsurların cavabdeh tərəfindən yol verilməsi ilə də bağlı heç bir sübut yoxdur. Sübutetmə vəzifəsi həm MPM-in tələbləri baxımından, bu işdə də xüsusilə Mülki Məcəllənin 1132-ci maddəsinin tələbinə görə iddiaçının üzərinə qoyulmuşdur. Mülki Məcəllənin 1131-ci maddəsinə görə cavabdeh o halda məsuliyyətdən azad edilir ki, istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirsin. Burada sübutetmə o halda mümkün ola bilər ki, iş üzrə müvafiq ekspertiza təyin edilərək zəruri biliyə malik ekspert tərəfindən rəy verilsin. Lakin iş materiallarına nəzər yetirəndə səlahiyyətli ekspert rəyinin mövcud olmadığı, ekspert olmayan şəxs tərəfindən “ekspert rəyi” adı ilə verilən qiymətləndirici rəyi olduğu görsənir. Hansı ki, həmin rəydə görülən işlərdə cavabdehin təqsirinin olmasını müəyyən edən heç bir dəlil yoxdur. Işdə yalnız mötəbər olmayan və cavabdehin görülən işlərin icrasında qüsurlarını müəyyən etməyə imkan verən qanunla ekspert səlahiyyətləri olan şəxslər tərəfindən verilməyən rəylə hazırkı nəticəyə gəlinməsi qanunsuzdur. Dəfələrlə məhkəmə bu faktı bildirsələr də Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin rəy verməkdən imtina etməsi əsas göstərilərək sanki iddianın təmin ediləcəyinə işarə verilirdi. Göründüyü kimi işdə müxtəlif təşkilatlar tərəfindən əraziyə baxış keçirilmiş və qeyri-obyektiv rəylər əldə edilmişdir ki, burada da ziddiyyətlər müəyyən edilmişdir. Məhkəmə bu halları ətraflı araşdırmamış, kompleks məhkəmə ekspertizası təyin etmədən düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən istər maddi, istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim T.Musayevın sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehdiyev və E.Isayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iş üzrə müvafiq ekspertiza təyin edilərək, zəruri biliyə malik ekspert tərəfindən rəy verilməməsi, iş materiallarına nəzər yetirəndə səlahiyyətli ekspert rəyinin mövcud olmadığı, ekspert olmayan şəxs tərəfindən “ekspert rəyi” adı ilə verilən qiymətləndirici rəyinin verilməsi, həmin rəydə görülən işlərdə cavabdehin təqsirinin olmasını müəyyən edən heç bir dəlilin olmaması, heç bir tədqiqat aparılmaması, həqiqəti əks etdirməyən məlumatlarla qeyri obyektiv nəticəyə gəlinməsi, məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında qoyulan suallar isə zəruri biliyə malik ekspert tərəfindən cavablandırılmalı olmasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspert tərəfindən mübahisə predmeti olan tikilinin eskiz-layihə sənədlərinin təqdim olunması barədə vəsatət verilmiş, lakin qeyd olunan tikilinin eskiz-layihə sənədləri olmadığından və həmin sənədlər ekspertlərə təqdim olunmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, “X2” MMC tərəfindən verilmiş ## ######## 2024-cü il tarixli, “XXX” qiymətləndirici tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli və “xxxx” MMC tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli qiymətləndirmə rəylərindən görünür ki, Iddiaçı məxsus olan Qəbələ şəhəri, XXXdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 450,0 kv.m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evində yaranmış qüsurlar tikinti zamanı görülən işlərdə tikinti norma və qaydalarına əməl edilməməsi, icranın keyfiyyətsiz və norma pozuntuları ilə aparılması nəticəsində yaranmışdır və hər üç mütəxəssis rəyində qeyd olunan qüsurların aradan qaldırılması üçün ən azı 61500 manat məbləğində vəsait tələb olunduğu göstərilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mütəxəssis rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh tərəfindən də bunun əksini sübut edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
18. Məhkəmə kollegiyası ümumilikdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh, üzərinə götürdüyü müqavilə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində apardığı tikinti-təmir işlərində buraxdığı qüsurların aradan qaldırılması üçün çəkilməli olan xərcə görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Odur ki, həmin qüsurların aradan qaldırılması üçün tələb olunan 61500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Işə baxan birinci instansiya məhkəməsi iddianı müzakirə olunan hissədə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 21.1, 21.2, 385.1, 386.1, 442, 752.1, 753.1, 759.2, 762.1, 762.2, 763.1, 767.1, 768.1, 768.1.1, 768.1.2, 768.1.3, 768.2, 771-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
21. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 1096, 1097ci, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur.
23. Belə ki, qüsurların konkret texniki səbəbi müəyyən edilməmişdir. Qüsurların hansı iş nəticəsində yarandığı müəyyən edilməmişdir. Həmin işlərin cavabdeh tərəfindən icra edildiyi sübuta yetirilməmiş, cavabdehin təqsiri müəyyən edilməmişdir. Hazırkı iş üzrə qüsurların alternativ səbəbləri (qrunt suları, izolyasiya çatışmazlığı, materialların keyfiyyəti, digər ustaların fəaliyyəti) mövcuddur. Bu səbəblər məhkəmə tərəfindən araşdırılmamışdır. Qüsur ilə cavabdehin fəaliyyəti arasında birbaşa əlaqə müəyyən edilməmişdir. Bu halda cavabdehin məsuliyyətə cəlb olunması maddi hüququn əsas prinsiplərinə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, mülki məsuliyyət yalnız təqsir və səbəb-nəticə əlaqəsi sübuta yetirildiyi halda tətbiq edilə bilər. Şəxsin məsuliyyətə cəlb edilməsi üçün onun hüquqa zidd davranışı ilə nəticə arasında əlaqə konkret müəyyən olunmalıdır. Hazırkı işdə isə bu elementlər sübut olunmamışdır. Iddiaçı materialların cavabdeh tərəfindən alındığını, qüsurların cavabdehin fəaliyyəti nəticəsində yarandığını, həmin qüsurların başqa səbəblərlə bağlı olmadığını sübuta yetirməli olduğu halda bunu etməmişdir. Buna baxmayaraq, məhkəmələr sübutetmə yükünü faktiki olaraq cavabdehin üzərinə qoymuşdur ki, bu da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin pozulmasıdır.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etirazda onunla əsaslandırılmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 764.2-ci maddəsinə əsasən sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. 767.1-ci maddəsinə əsasən əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. 767.2-ci maddəsinə əsasən podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. 768.1-ci maddəsinə əsasən podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2-ci maddəsinə əsasən əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
31. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ####### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, həmçinin məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
34. Belə ki, tərəflər arasında şifahi podrat müqaviləsinin bağlanması, həmin müqavilə üzrə cavabdehin iddiaçının torpaq sahəsində fərdi yaşayış evinin və əlavə tikililərin inşa etmək öhdəliyini üzərinə götürməsi, onun həmin işləri görərək sifarişçi olan iddiaçıya təhvil verməsi işin mübahisə edilməyən hallarıdır.
35. Hazırda iddiaçı görülən işlərin qüsurlu olmasını iddia edərək, onların aradan qaldırılması üçün tələb olunan vəsaitin cavabdehdən tutulmasını xahiş etmişdir.
36. Cavabdehin işin faktiki hallarını araşdıran məhkəmələrdə verdiyi izahatından və məhkəmə aktlarından verdiyi şikayətlərin məzmunundan müəyyən olunur ki, o, qüsurların mövcudluğunu ümumi olaraq qəbul etmiş, lakin bu qüsurların yaranmasında təqsirini və aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləğini mübahisələndirmişdir.
37. Birinci instansiya məhkəməsi iş üzrə verilmiş mütəxəssis rəyini əsas götürərək iddianı qüsurların tutulması hissəsində təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin qətnaməni dəyişdirilmədən saxlamışdır.
38. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırkı işdə birinci instansiya məhkəməsi ## ###### 2025-ci il tarixli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək, ekspertizanın keçirilməsini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmiş, lakin həmin Mərkəzin ## ###### 2025-ci il tarixli məlumatı ilə ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədqiqat obyektinə dair əlavə materialların (mübahisə predmeti olan tikilinin eskiz-layihə sənədlərinin) Mərkəzə təqdim edilməməsi, həmçinin tikililərdə mövcud olan qüsurların səbəbinin müəyyən edilməsinin və qiymətləndirmə fəaliyyətinin elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə, məhkəmə ekspertizası fəaliyyətinə aid olmaması əsası ilə ekspertizanın aparılmasından imtina edilmişdir.
39. Bundan sonra, qərardad icra edilməsi üçün “xxxx” MMC-yə göndərilmiş, həmin MMC-nin ## ######## 2025-ci il tarixli rəyi (bax bənd 7) alınmış və bu rəyə əsasən qətnamə qəbul edilmişdir.
40. Iş materiallarından müəyyən olunur ki, “xxxx” MMC-nin rəyində podrat müqaviləsi üzrə işlərin görülməsi zamanı mübahisə predmeti olan tikililərin tikinti norma və qaydalarına əməl olunmamasına, işlərin qüsurlu icra olunmasına, bu qüsurların səbəbi və aradan qaldırılması üçün görülməli olan işlərin dəyərinə dair nəticələr göstərilmişdir.
41. Lakin, rəyi tikinti sahəsində mütəxəssis deyil, Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü, daşınmaz əmlakın, dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi üzrə şəhadətnamələrə malı X1 vermişdir.
42. Beləliklə, cavabdeh qüsurların onun təqsirindən yaranmasını və tələb olunan vəsaiti mübahisələndirdiyi halda, apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan mütəxəssis rəyi əsasında qətnamə qəbul etməklə, MPM-in 101.7, 103.1, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuşdur.
43. Digər tərəfdən qeyd olunmalıdır ki, iş materiallarında podrat müqaviləsi üzrə inşa edilməli olan tikililərin eskiz-layihə sənədləri əlavə olunmamışdır. Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanı keçirməkdən imtina edərkən o cümlədən bu sənədlərin təqdim olunmamasına istinad etmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, işin qanuni həlli üçün bu sübutların təqdim etmək vəzifəsinin tərəflərdən hansının üzərinə düşməsi müəyyən olunmalıdır.
45. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini sifarişçi təmin edir.
46. Göründüyü kimi, mübahisəli məsələlər üzrə ekspertizanın keçirilməsi üçün tələb olunan sübutların (eskiz-layihə sənədlərinin) təqdim edilməsi sifarişçi olan iddiaçının üzərinə düşdüyü halda, bu sübutun mövcudluğu ilə bağlı işin apellyasiya məhkəməsi araşdırma aparmamışdır.
47. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi Mülki Məcəllənin 763.1 və 764.1-ci maddələrinin tətbiqində də səhvə yol vermişdir.
48. Belə ki, həmin maddələrin qarşılıqlı təhlili göstərir ki, məmulat qüsurlu olduğu halda, sifarişçi ilk olaraq podratçıdan əlavə icra tələb etməli, sonuncu müəyyənləşdirilmiş müddət ərzində qüsuru aradan qaldırmadığı halda isə, sifarişçi özü həmin qüsuru aradan qaldıraraq çəkdiyi xərcin əvəzini podratçıdan tələb etmək hüququna malikdir.
49. Lakin, hazırkı iş materiallarından iddiaçının cavabdehdən qüsurların aradan qaldırılması üçün əlavə icra tələb etməsi və sonuncunun bundan imtina etməsi müəyyən edilmir. Iddiaçı bilavasitə qüsurun aradan qaldırılması üçün zəruri xərclərin tutulmasını məhkəmədən xahiş etmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin ona əlavə vaxt verildiyi halda qüsurların aradan qaldırmağa razı olmasını araşdırmamış, bunun üçün imkanların aradan qalxıb-qalxmamasını tərəflərlə müzakirə etməmişdir.
51. Nəhayət, cavabdehin dəlillərinə görə, icrada qüsurlar iddiaçının təqdim etdiyi materialların keyfiyyəti ilə bağlı olmuşdur.
52. Lakin, apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə də hər hansı araşdırma aparmamışdır.
53. Halbuki, Mülki Məcəllənin 767 və 768-ci maddələrinə görə podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün birbaşa məsuliyyət daşıyır. Sifarişçinin materiallarından istifadə zamanı isə belə məsuliyyət iki halda yarana bilər: 1. sifarişçinin materiallarından yanlış istifadə edilməsinə görə; və ya, 2. podratçının Mülki Məcəllənin 768.1ci maddəsində göstərilən öhdəliyini icra edilməməsi və ya lazımi qaydada icra edilməməsinə görə.
54. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən hissələrdə işin hallarını tam araşdırmamış və qətnaməni Mülki Prosessual Məcəlləsinin 217.3-ci maddəsinin tələblərinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
55. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
56. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı” iş üzrə ## ###### 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
57. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
58. Odur ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin podrat müqaviləsi üzrə qüsurlara görə məsuliyyət daşımasının və bu məsuliyyətin həddinin müəyyən edilməsində maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyindən qətnamə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir.
59. Işə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən güsurların yaranması və aradan qaldırılması ilə bağlı əlavə ekspertizanın təyin edilməsi məsələsini tərəflərlə müzakirə etməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.