Məhkəmə qərarları › İş №2(1-8)-1753/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1753/2026

02.09.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1753/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı MTK (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış ##.##.2019-cu il tarixli, *** saylı müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, xxxx qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli, 7 bloklu binanın 2-ci blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112.7 kv.m olan ** saylı 3 otaqlı mənzili cavabdehə satmağı, cavabdeh isə hər kv.m üçün 1.240 manat olmaqla, mənzilin 139,748 manat məbləğində müəyyən edilmiş ümumi dəyərinin 55.000 manat (39,35%) hissəsini müqavilə bağlanan gün, qalan 84.748 manat hissəsini isə (60,65%) müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş məbləğdə və qaydada 36 ay müddətinə (##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək hər ay 2.355 manat) ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında imzalanmış həmin müqaviləyə * saylı əlavəyə əsasən tərəflər mənzilin müəyyən edilmiş dəyəri üzərinə mənzilin hər kv.m. üçün əlavə 140 manat pulun ödənilməsi ilə bağlı razılığa gəlmişlər, buna uyğun olaraq qalıq borc məbləği ilə birlikdə ödənilməli olan məbləğ 49.951 manat məbləğində müəyyən edilmiş, həmin məbləğin ##.##.2022-ci il tarixdən başlayaraq (hər ay 1.800 manat, sonuncu ay, yəni ##.##.2024-cü il tarixdə 8.551 manat) 24 ay ərzində ödənilməsi ilə bağlı yeni cədvəl tərtib edilmişdir. Iddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubuna əsasən cavabdehin ##.##.2025-ci il tarixli arayışa əsasən cavabdehin iddiaçıya 31151 manat borcu vardır. Iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək qeyd edilən müqavilə üzrə 31151 manat faktiki qalıq borcunun, müqaviləyə * saylı əlavə üzrə isə 49.951 manat borcun yarandığı bildirilmiş və 2024-cü ilin sonunadək borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi və digər tələblərlə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə ##.##.2025-ci il tarixə olan faktiki borc məbləği 31151 manat təşkil edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı MTK cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış ##.##.2019-cu il tarixli, *** saylı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, xxxx qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli, 7 bloklu binanın 2-ci blokunda, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112.7 kv.m olan ** saylı 3 otaqlı mənzili cavabdehə satmağı, cavabdeh isə müqavilə üzrə mənzilin hər kv.m üçün 1.240 manat olmaqla və mənzilin ümumi qiymətinin 139.748 manat müəyyən edilməklə, ilkin olaraq müqavilə bağlandığı gün 55.000 manat, qalan 84.748 manat pulu isə 36 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtı-vaxtında yerinə yetirmədiyindən ##.##.2019-cu il tarixli müqaviləyə * saylı əlavəyə əsasən mənzilin dəyərinin hər bir kv.m üçün əlavə 140 manat artırılaraq yeni ödəniş cədvəli müəyyən edilmişdir. Hazırda cavabdehin müqavilə üzrə 49.951 manat borcu yaranmışdır. Cavabdehə rəsmi qaydada xəbərdarlıq göndərilsə də, o, öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

4. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh iddia tələbini qəbul etmədiyini, mənzilin əsas borcunu ödədiyini, qalan borcun isə sonradan hesablanan borc olduğunu bildirmişdir. Həmin borcdan da məhkəmə iclasları zamanı ödəniş etdiyini və hazırda cəmi 16.151 manat borcu qaldığını bildirmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X3) ##.##.2025-ci il tarixli, e-2(001)- ****/**** saylı qətnaməsi ilə iddia rədd edilmiş və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh üzərinə düşən öhdəlikləri qismən də olsa yerinə yetirmiş, mənzilin dəyərinin əsas borc hissəsini ödəmişdir. Həmçinin iddiaçı tərəflər arasında ##.##.2019-cu il tarixli müqaviləyə * saylı əlavəyə əsasən mənzilin dəyərinin hər bir kv.m üçün əlavə 140 manat artırılaraq yeni ödəniş cədvəli müəyyən edildiyini qeyd etsə də, həmin əlavə məhkəməyə təqdim edilməmişdir. Iddiaçı 31.151 manat borca görə müqavilənin ləğvini tələb etsə də, həmin borcun olmasını rəsmi olaraq sübuta yetirə bilməmiş, həmçinin əsas borca qalan məbləğ cavabdeh tərəfindən ödənilmiş və iddiaçı tərəfindən qəbul edilmişdir.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 421.2, 560-cı, MPM-in 9.1, 14.2, 77.1, 88, 217.2 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddianın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş və mənzili cavabdehə təhvil vermişdir. Lakin cavabdeh cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Müqavilənin 2.10-cu bəndinə əsasən əgər bu müqavilədə ilkin ödəniş ödənilməzsə və ya ödəniş cədvəlinin tələbi il ərzində ardıcıl olaraq 2 dəfədən çox pozularsa “Icraçı” bu müqaviləni 1 ay əvvəl xəbərdarlıq etmək şərti ilə birtərəfli qaydada ləğv edə bilər, “Sifarişçi”nin mənzilə görə ödədiyi vəsaiti mənzili satdıqdan sonra həmin müqavilənin 4.3-cü bəndində göstərilən məbləğlər çıxılmaqla qalan məbləğ “Sifarişçi”yə qaytarılır. İddiaçı MTK və Cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli, *** saylı müqavilənin 3.1.3-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş mənzilin dəyəri tam şəkildə ödənilmədikdə və ya aylıq ödənişlərdə gecikmələr yarandıqda “Icraçı”nın, yəni İddiaçı MTK-nın bu müqaviləni birtərəfli qaydada ləğv etmək və mənzili 3-cü şəxsə satmaq hüququnun olduğu öz əksini tapmışdır. ##.##.2019-cu il tarixli, *** saylı müqaviləyə əsasən Cavabdeh mənzilin dəyərini ödəniş qrafikinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin iş materiallarından aydın olur ki, cavabdeh ödənişləri müəyyən olunmuş qrafik üzrə etməmiş və dəfələrlə gecikmələrə yol vermişdir. Məhkəmə cavabdehin öhdəliklərini icra etməməsi faktını tam araşdırmamış və bunun müqavilənin əhəmiyyətli pozuntusu olub-olmamasına hüquqi qiymət verməmişdir. Cavabdeh müqavilənin və Əlavə 2-nin lazımi qaydada icra edilməsi barədə heç bir konkret sübut təqdim etməmişdir. Məhkəmə iddianın əsassız olduğunu araşdırmalı və sübutlar əsasında qərar verməli idi. Çünki iddianın əsasını təşkil edən “müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi” məsələsi məhz sübut edilməli idi. Lakin birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi arayış əsasında qətnamə qəbul etmiş, işə düzgün qiymət verməmiş, bu da işin düzgün araşdırılmamasına səbəb olmuşdur. ##.##.2019-cu il tarixli müqaviləyə edilmiş * saylı əlavə ilə mənzilin hər 1 kv.m dəyəri əlavə olaraq 140 manat artırılmış və yeni ödəniş qrafiki müəyyən edilmişdir. Cavabdeh bu şərtlərə əməl etməmişdir. Birinci instansiya məhkəməsi həmin əlavə müqavilənin hüquqi qüvvəsini və tərəflər üçün məcburiliyini qiymətləndirməmiş, nəticədə işin halları tam araşdırılmamışdır.

10. Məhkəmə iclasında iddiaçı İddiaçı MTK-nın nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, iddianın və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflər arasında ##.##.2019-cu il tarixdə bağlanmış müqaviləyə sonradan əlavə saziş də bağlanmış və ödəniş məbləği artırılmaqla yanaşı öhdəliklərin icrası müddəti də uzadılmışdır. Lakin bundan sonra da cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdeh tərəfindən həqiqətən də ##.##.2025-ci il tarixdə müqavilənin icrası qaydasında 15.000 manat məbləğində pul ödənilmişdir. Lakin həmin pul məbləği artıq cavabdehə qaytarılmışdır. Onun hazırda da iddiaçıya qeyd edilən müqavilə üzrə 31.151 manat məbləğində borcu qalmaqdadır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, onların arasında ##.##.2019-cu il tarixdə müqavilə bağlandıqdan sonra həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və müəyyən edilmiş məbləğlərdə ödənişlər apara bilməmişdir. Iddiaçı da münasibətlərin davam etdirilməsi üçün mənzilin hər kv.m üçün əlavə 140 manat məbləğində pul tələb etmişdir. O da mənzili itirməmək üçün məcbur olub onun bu şərti ilə razılaşmış və bunun nəticəsi olaraq aralarında 2022-ci ildə həmin müqaviləyə * saylı əlavə imzalanaraq yeni ödəniş cədvəli tərtib edilmişdir. Lakin ödəniş cədvəlinə uyğun ödənişləri edə bilməsə də, nəticədə yaranmış bütün borcunu ödəmək istəmiş, onda da artıq iddiaçı ondan ödənişi qəbul etməkdən imtina etmişdir. Bundan sonra isə ona pretenziya məktubu göndərərək, mövcud borcun ödənilməsini təklif etmişdir. Həmin təklifə uyğun olaraq yenə də kooperativə gedib ödəniş etmək istəsə də, iddiaçı buna razı olmamış və yenə də mənzilin hər kv.m üçün əlavə pul tələb etmişdir. O isə hər hansı yeni şərtlə razılaşmamışdır. Iddiaçı da hazırkı iddianı qaldırmışdır. Bundan sonra da o, qalıq borc məbləğini ödəmək üçün cəhdlər etmiş və nəticədə ##.##.2025-ci il tarixdə bu məbləğin 15.000 manatını ödəyə bilmişdir. Həmin məbləğ ondan iddiaçı kooperativin əməkdaşı tərəfindən qəbul edilmiş və bununla bağlı müvafiq dəftərdə qeydiyyat aparılaraq onun borcunun 16.151 manat qaldığı göstərilmişdir. Lakin iddiaçı kooperativin rəhbəri bu məbləğdə ödənişi qəbul etmir, belə bir tapşırıq vermədiyini vurğulayır. ##.##.2025-ci il tarixdə isə o kooperativə dəvət edilmiş və həmin vaxt ödəmək istədiyi qalıq borc ondan qəbul edilməmiş, əksinə ödənilmiş 15.000 manat pul ona qaytarılmışdır. Qalan məbləğ ondan qəbul edilmədiyindən o, 15.000 manat pulu geri götürməyə razılaşmışdır. Əsas məqsədi də bu məbləği, qalan 16.151 manat borc məbləği ilə birlikdə ödəmək olmuşdur. Bu məqsədlə də həmin məbləği ##.##.2025-ci il tarixdə “xxxx” ASCdə açılmış hesaba yerləşdirmişdir. Həmin məbləğ hazırda qeyd edilən bank təşkilatında açılmış müvafiq hesabdadır və iddiaçı maneəsiz şəkildə həmin məbləği götürə bilər.

12. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, cavabdeh Cavabdeh mövqeyindən çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh qeyd edilən müqaviləyə bağlanmış əlavəyə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə ödəniş etməsə də, əlavə ilə müəyyən edilmiş müddət bitmədən cavabdeh qalıq qalmış borcunu ödəmək istəmiş, lakin iddiaçı bu ödənişləri qəbul etməkdən imtina etmiş, hətta 2025-ci ilin aprel ayında öhdəliyin icrası qaydasında 15.000 manat pul cavabdehdən qəbul edilsə də, sonradan bu məbləğ də ona qaytarılmışdır. Bu səbəbdən öz mövqeyinin təsdiqi olaraq cavabdeh həmin məbləği qalan borc məbləği ilə birlikdə bankda açılmış hesaba yerləşdirmişdir. Iddiaçı istənilən vaxt bu məbləği götürə bilər. Bu ödəniş nəzərə alındıqda cavabdehin qeyd edilən müqavilə üzrə iddiaçı qarşısında icra olunmamış öhdəliyi qalmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(001)- ****/**** saylı qətnaməsi iddiaçı İddiaçı MTK-nın apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı MTK-ya aid edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli, *** saylı müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, xxxx qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli, 7 bloklu binanın 2-ci blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112.7 kv.m olan ** saylı 3 otaqlı mənzili cavabdehə satmağı, cavabdeh isə hər kv.m üçün 1.240 manat olmaqla, mənzilin 139,748 manat məbləğində müəyyən edilmiş ümumi dəyərinin 55.000 manat (39,35%) hissəsini müqavilə bağlanan gün, qalan 84.748 manat hissəsini isə (60,65%) müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş məbləğdə və qaydada 36 ay müddətinə (##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək hər ay 2.355 manat) ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında imzalanmış həmin müqaviləyə * saylı əlavəyə əsasən tərəflər mənzilin müəyyən edilmiş dəyəri üzərinə mənzilin hər kv.m. üçün əlavə 140 manat pulun ödənilməsi ilə bağlı razılığa gəlmişlər, buna uyğun olaraq qalıq borc məbləği ilə birlikdə ödənilməli olan məbləğ 49.951 manat məbləğində müəyyən edilmiş, həmin məbləğin ##.##.2022-ci il tarixdən başlayaraq 24 ay ərzində ödənilməsi ilə bağlı yeni cədvəl tərtib edilmişdir.

15. Hazırda iddiaçı qeyd edilən ##.##.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyini, müqaviləyə * saylı əlavəyə əsasən öhdəliklərin icra müddəti daha 2 il müddətinə (son ödəniş tarixi ##.##.2024-cü il) uzadılmasına baxmayaraq, cavabdeh tərəfindən bu əlavəyə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlərin aparılmadığını, nəticədə 31.151 manat borcun yarandığını, 2024-cü ilin oktyabr ayında cavabdehə pretenziya göndərilərək, bu borcun 2024-cü ilin oktyabr ayının sonunadək ödənilməsini tələb etsə də, bunun da bir nəticəsinin olmadığını bildirir və aralarında bağlanmış ##.##.2019-cu il tarixli müqavilənin ləğv edilməsini, müqavilənin predmeti olan mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir.

16. Cavabdeh iddianı qəbul etmir, ödənişlərin icrasını əvvəllər gecikdirsə də, sonradan, lakin yenə də müqavilə müddəti bitməmiş yaranmış 31.151 manat borcu ödəmək istədiyini, lakin iddiaçının bu məbləği qəbul etmədiyini, ona pretenziya göndərildikdən sonra da ödəniş etmək istəsə də, iddiaçının yenə də borc məbləğini ondan qəbul etməkdən imtina etdiyini, yalnız hazırkı iddiaya baxılan zaman, yəni 2025-ci ilin aprel ayında borc məbləğinin 15.000 manat hissəsinin ondan qəbul edildiyini, qalan məbləğin də qəbul edilməsi əvəzinə ##.##.2025-ci il tarixdə bu məbləğin ona qaytarıldığını, bu səbəbdən öz mövqeyinin təsdiqi olaraq bütün borc məbləğini ##.##.2025-ci il tarixdə “xxxx” ASC-də açdırdığı hesaba yerləşdirdiyini və bu məbləğin hazırda həmin hesabda olduğunu, iddiaçının həmin məbləği maneəsiz qəbul etmək imkanının olduğunu vurğulayır və iddianın (hazırda da apellyasiya şikayətinin) rədd edilməsini tələb edir.

17. Məhkəmə kollegiyası tərəflər arasında yaramış müqavilə münasibətləri ilə bağlı ilk növbədə qeyd etmişdir ki, ##.##.2019-cu il tarixli müqavilə üzrə cavabdehin əldə etdiyi mənzilin 1 kv.m sahəsinin dəyəri 1.240 manat, ümumi sahəsi 112,7 kv.m olan mənzilin dəyəri isə 139.748 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında 2022-ci ilin oktyabr ayında bağlanmış həmin müqaviləyə * saylı əlavəyə əsasən mənzilin hər bir kv.m sahəsi üçün əlavə 140 manat və bunun nəticəsi olaraq ümumi borc məbləği 49.951 manat məbləğində müəyyən edilmişdir. Belə çıxır ki, cavabdeh * saylı əlavəni (49.951 – (140 manat x 112 kv.m) 15.680 = 34.271) müqavilə üzrə 34.271 manat borclu olduğu bir halda bağlamış və müqavilə müddətinin bitməsinə baxmayaraq, öhdəliyini icra edə bilməməsi səbəbindən həmin məbləğdə borcun yarandığı bir halda, əlavə olaraq da üzərinə 15.680 manat ödəmək öhdəliyini götürmüşdür.

18. Bununla da cavabdeh hüquqi nəticə etibarı ilə iddiaçının təşəbbüsü ilə həmin müqavilənin 2.10-cu (əgər bu müqavilədə ilkin ödəniş ödənilməzsə və ya ödəniş cədvəlinin tələbi il ərzində ardıcıl olaraq 2 dəfədən çox pozularsa “Icraçı” bu müqaviləni 1 ay əvvəl xəbərdarlıq etmək şərti ilə birtərəfli qaydada ləğv edir, mənzili “Sifarişçi”nin razılığı olmadan 3-cü şəxsə sata bilər. Mənzil satıldıqdan sonra bu müqavilənin 4.3-cü bəndində göstərilən məbləğlər çıxılmaqla qalan məbləğ “Sifarişçi”yə qaytarılır), habelə 3.1.3-cü (bu müqavilədə nəzərdə tutulmuş mənzilin dəyəri tam şəkildə ödənilmədikdə və ya aylıq ödənişlərdə gecikmələr yarandıqda “Icraçı”nın bu müqaviləni birtərəfli qaydada ləğv etmək və mənzili 3-cü şəxsə satmaq hüququ var) bəndlərinin tətbiqinin qarşısını almaq məqsədi ilə özü üçün son dərəcə əlverişsiz şərtlərlə * saylı əlavə bağlamağa məcbur olunmuşdur (həmin * saylı əlavə birinci instansiya məhkəməsində təqdim edilməsə də, məhkəmə kollegiyası hər iki tərəfin belə bir əlavə bağlandığını bildirməsini nəzərə alıb, həmin sənədi apellyasiya instansiya məhkəməsindəki icraatda qəbul etmişdir). Lakin məhkəmə kollegiyası cavabdehin bu əlavəni mübahisələndirmədiyini və orada göstərilən məbləği də ödəməyə hazır olduğunu (artıq bank hesabına da yerləşdirdiyini) bildirməsini nəzərə alıb, onun etibarsızlığına hüquqi qiymət vermir, sadəcə olaraq bu halı qeyd edir.

19. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrası müddəti ilə bağlı məhkəmə kollegiyası vurğulamışdır ki, * saylı əlavəyə əsasən sonuncu ödəniş 8.551 manat məbləğində olmaqla ##.##.2024-cü il tarixdə həyata keçirilməli idi. Həmin tarixə cavabdehin müqavilə üzrə 31151 manat məbləğində borcu yaranmışdır. Bu halın mövcudluğu cavabdeh tərəfindən öhdəliklərin lazımi qaydada icra edilmədiyini təsdiq edir. Lakin iddiaçı cavabdehə göndərdiyi pretenziya məktubunda bu məbləğin 2024-cü ilin oktyabr ayının sonuna qədər ödənilməsini tələb etməklə (ona bu barədə xəbərdarıq etməklə) nəticə etibarı ilə ona icraya marağını itirmədiyini və icranı qəbul etməkdən imtina etmədiyini bəyan etmiş və qalıq borc məbləğinin həmin tarixədək ödənilməsi imkanını yaratmışdır və bu müddət çatanadək müqavilədən imtina edə bilməzdi.

20. Işin halları, cavabdehin mövqeyi, o cümlədən qalıq borcun ödənilməsi istiqamətində atdığı addımlar, habelə bu məsələdə iddiaçının hərəkətləri cavabdehin xəbərdarlıq müddəti ərzində, yəni 2024-cü ilin oktyabr ayının sonunadək öhdəliyi icra etməyə (31.151 manat qalıq borcu ödəməyə) qadir olduğunu, əksinə bu öhdəliyin iddiaçının gecikdirməsi nəticəsində icra edilə bilmədiyini təsdiq edir. Bu da cavabdehi icranı gecikdirmiş tərəf kimi qiymətləndirilməsini istisna edir.

21. Belə ki, xəbərdarlıq müddəti bitdikdən iki ay sonra, yəni 2025-ci ilin yanvar ayında iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilənin ləğv edilməsini tələb etsə də, bundan 3 ay sonra, yəni 2025-ci ilin aprel ayında həmin borc məbləğinin 15.000 manat hissəsi iddiaçı tərəfindən qəbul edilir. Buna baxmayaraq, bu hadisədən sonrakı tarixə aid olan maliyyə arayışında bu ödənişin aparıldığı qeyd edilməyərək, cavabdehin 31.151 manat məbləğində borcunun olduğu göstərilir. Apellyasiya şikayətində də 15.000 manat ödəniş barədə hər hansı fikir söylənilmir. Halbuki, cavabdehin təqdim etdiyi fotoşəkildə əks olunmuş və üzərində “BINA 2 – MƏNZIL 20” yazıları olan müvafiq səhifədə (i.v. 66) cavabdeh tərəfindən ##.##.2025ci il tarixdə 15.000 manat ödənildiyi və onun 16.151 manat məbləğində borcunun qaldığı qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də cavabdeh tərəfindən belə bir ödənişin aparıldığını və həmin məbləğin hazırda iddiaçının kassasında olduğunu, bu ödənişin işə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçının (onun rəhbərliyinin) razılığı ilə qəbul edildiyini bildirmişdir. Belə olan halda, iddiaçının sonradan bu ödənişi qəbul etməməsi mövqeyindən çıxış etməsi, habelə 8 ay sonra, yəni ##.##.2025-ci il tarixdə onu cavabdehə qaytarması öhdəliyin bu hissədə icrasının qəbul edilməməsi anlamına gəlmir, belə bir hüquqi nəticə yaratmış olmur. Əksinə müqavilənin ləğvini tələb edən tərəf olaraq, qalıq borcun 15.000 manat hissəsini qəbul etməklə iddiaçı hüquqi nəticə etibarı ilə icranı qismən qəbul edərək, müqavilə münasibətlərində qaldığını bəyan etmiş və ləğv etmə barədə iradə bəyanını dolayısı ilə geri çəkmiş durumuna düşmüşdür. Bu baxımdan mövcud vəziyyətdə iddiasını müdafiə etməklə iddiaçı ümumiyyətlə ziddiyyətli, vicdanlığa zidd bir davranış nümayiş etdirmiş olur.

22. Bundan başqa, cavabdeh 2024-cü ilin oktyabr ayında, hətta ona pretenziya məktubu göndərildikdən sonra da 31.151 manat borcunu ödəmək istədiyini, lakin iddiaçının ondan bu məbləği qəbul etmədiyini, bu məbləği işə birinci instansiya məhkəməsində baxılan zaman da ödəməyə hazır olduğunu, bunun təsdiqi olaraq 15.000 manat ödədiyini bildirir, işə apellyasiya instansiya məhkəməsində baxılan zaman da qalıq 16.151 manat borcu ödəməyə hazır olduğunu vurğulayır və ##.##.2025-ci il tarixdə iddiaçı tərəfindən ona 15.000 manat qaytarılarkən, həmin məbləğə qalıq qalmış borcu (16.151 manat) əlavə etməklə 31.151 manat pulu növbəti günü, yəni ##.##.2026-cı il tarixdə “xxxx” ASC-də açdırdığı hesaba yerləşdirir və bu halı təsdiq edən qəbzi məhkəməyə təqdim etməklə, həmin pulun iddiaçı tərəfindən maneəsiz götürülməsinin mümkün olduğunu bildirir.

23. Məhkəmə kollegiyası göstərilənləri, habelə iddiaçı tərəfindən öhdəliyin 2024-cü ilin oktyabr ayının sonunadək icra edilməsinin tələb edilməsini və bununla da bu tarixədək öhdəliyin icrasının mümkünlüyün təsbit edilməsini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, cavabdeh öhdəliyin icrasını gecikdirməmiş, məhz iddiaçı vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etməyərək, icranı gecikdirmişdir. Göstərilənlər iddianın (həmçinin, törəmə tələblər olan mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində) təmin edilməsini istisna edir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və şikayətin təmin edilməməsini şərtləndirir.

24. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 324.1, 324.4, 421.2, 442, 445.2, 445.8, 446.1, 446.6, 447.1-ci, Azərbaycan Respublikasının MPMin 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4 və 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Iddiaçı (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsini *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı MTKnın iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 421.2-ci, Azərbaycan Respublikasının MPM-in 9 və 217.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, İddiaçı MTK və cavabdeh Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, xxxx qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbəli, 7 bloklu binanın 2-ci blokunda, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112.7 kv.m olan ** saylı 3 otaqlı mənzili cavabdehə satmağı, cavabdeh isə müqavilə üzrə mənzilin hər kv.m üçün 1240 manat olmaqla, mənzilin ümumi qiyməti 139.748 manat müəyyən edilmiş, ilkin olaraq müqavilə bağlandığı gün 55.000 manat ödənilməklə, qalan 84.748 manatı isə 36 ay müddəti ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin bağlanmasından sonra cavabdeh ödənişləri gecikdirdiyindən ##.##.2019-cu il tarixli müqaviləyə * saylı əlavəyə əsasən mənzilin dəyərinin hər bir kv.m üçün əlavə 140 manat artırılaraq yeni ödəniş cədvəli müəyyən edilmişdir. Hazırda cavabdehin müqavilə üzrə 31.151 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş və mənzili iddiaçıya təhvil vermişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. İddiaçı MTK və Cavabdeh arasında bağlanmış ## ###### 2019-cu il tarixli *** saylı müqavilənin 2.10-cu bəndinə əsasən, əgər bu müqavilədə ilkin ödəniş ödənilməzsə və ya ödəniş cədvəlinin tələbi il ərzində ardıcıl olaraq 2 (iki) dəfədən çox pozularsa «Icraçı» bu müqaviləni 1 ay əvvəl xəbərdarlıq etmək şərti ilə birtərəfli qaydada ləğv edə bilər, “Sifarişçi” nin mənzilə görə ödədiyi vəsaiti mənzili satdıqdan sonra həmin müqavilənin 4.3-cü bəndində göstərilən məbləğlər çıxılmaqla qalan məbləğ «Sifarişçi»yə qaytarılır. İddiaçı MTK və Cavabdeharasında bağlanmış ## ###### 2019-cu il tarixli *** saylı müqavilənin 3.1.3-cü bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş mənzilin dəyəri tam şəkildə ödənilmədikdə və ya aylıq ödənişlərdə gecikmələr yarandıqda “Icraçı”nın, yəni İddiaçı MTK-ın bu müqaviləni birtərəfli qaydada ləğv etmək və mənzili3-cü şəxsə satmaq hüququnun olduğu öz əksini tapmışdır.

27. İddiaçı MTK ilə Cavabdeh arasında ## ###### 2019-cu il tarixdə bağlanmış *** saylı müqavilənin 3.1.3-cü bəndinə görə, müqavilə predmeti olan mənzilin qiyməti tam ödənilmədikdə və ya aylıq ödənişlərdə gecikmə halları baş verdikdə, “Icraçı” – yəni İddiaçı MTK müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzili üçüncü şəxsə satmaq səlahiyyətinə malikdir. Bu səbəbdən tərəflər arasında bağlanmış ## ###### 2019-cu il tarixli *** saylı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq Cavabdeh alınaraq İddiaçı MTK-ya təhvil verilməsi tamamilə qanuni və əsaslıdır.

28. Apellyasiya instansiyası məhkəməsi sübutları obyektiv qiymətləndirməmişdir. Belə ki, bir yandan iddiaçının maliyyə arayışını və borcun mövcudluğunu təsdiq edən sübutları qəbul edir, amma həmin borcun hüquqi nəticəsi olan müqavilənin ləğvi hüququnu əsassız olaraq rədd edir. Bildirim ki, cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin və Əlavə 2-nin lazıpmi qaydada icra edilməsi barədə heç bir konkret sübut təqdim etməmişdir. Məhkəmə iddianın əsassız olduğunu araşdırmalı və sübutlar əsasında qərar verməli idi. Çünki iddianın əsasını təşkil edən “müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi” məsələsi məhz sübut edilməli idi. Lakin birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi arayış əsasında qətnamə qəbul etmiş, işə düzgün qiymət verməmiş, bu da işin düzgün araşdırılmamasına səbəb olmuşdur.

29. Birinci instansiya məhkəməsi qətnaməni yalnız cavabdehin qeyd etdiklərinə istinad edərək əsaslandırmış və işin faktiki hallarına, onlar arasında bağlanmış Əlavə 2-nin müddəalarına qiymət verməmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsini tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

30. Apellyasiya məhkəməsi eyni vaxtda iki bir-birini istisna edən nəticəyə gəlmişdir. Bir tərəfdən cavabdehin öhdəliyi vaxtında icra etmədiyini (31.151 manat borcun mövcudluğunu) qəbul edir; digər tərəfdən isə onu öhdəliyi gecikdirməyən tərəf kimi qiymətləndirir.

31. ## ###### 2019-cu il tarixli, *** saylı müqaviləyə edilmiş * saylı əlavə ilə mənzilin kv.m dəyərinə əlavə 140 manat artırılmış və yeni ödəniş qrafiki müəyyən edilmişdir. Cavabdeh bu şərtlərə əməl etməmişdir. Birinci instansiya məhkəməsi həmin əlavə müqavilənin hüquqi qüvvəsini və tərəflər üçün məcburiliyini qiymətləndirməmiş, nəticədə işin halları tam araşdırılmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

34. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

35. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

36. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

38. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, habelə icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

39. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.

40. Maddə 446.1. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır.

41. Maddə 446.6. Əgər təklif edilmiş icra vaxtınadək borclu kreditorun hərəkəti üçün təyin edilmiş müddət ərzində öhdəliyi icra etməyə qadir deyildirsə, kreditor icranı gecikdirmiş sayılmır.

42. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətlərinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar