Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-745/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bank hesabı müqaviləsi, pulun tutulması, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında yaranmış müqavilə münasibətləri çərçivəsində cavabdeh tərəfindən iddiaçıya bank hesabı açılmaqla kredit (kredit xətti) verilmiş, ona kredit və ayrıca debet kartları təqdim edilmişdir. Həmin münasibətlər çərçivəsində iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət müqavilələrinin standart şərtlərini, o cümlədən şərtlərdə təsbit edilmiş cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borclarını və cərimələri onun sərəncamı olmadan, akseptsiz qaydada onun bankda olan hesabından tutulması, onun müqavilə əsasında əmələ gəlmiş pul öhdəliklərini icra etmədiyi halda, onun bankda açılmış hesablarından bu pul öhdəliyini bu fəslin 2.9-cu bəndinə uyğun ardıcıllıqla akseptsiz qaydada silməsi hüquqlarını qəbul etmişdir. ##.##.2025-ci il tarixində PKD gələn mailə əsasən 4.991,37 manat vəsait iddiaçının bir hesabından digər hesabına köçürülmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, bank tərəfindən əsassız olaraq debet kartından silinmiş 4.991,37 manat vəsaitin onun hesabına qaytarılması, qətnamə icra edilənədək həmin vəsaitə illik 7 % olmaqla depozit və 5% olmaqla dəbbə pulu bankdan tutularaq ona ödənilməsi, bankın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 1.000 manat kompensasiyanın ödənilməsi, gələcəkdə onun razılığı olmadan hesablarından vəsaitin silinməsinin qarşısının alınması üçün bankın üzərinə müvafiq öhdəliklərin qoyulması, qanunsuz olaraq hesablarına müdaxilə etmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad qəbul edilməsi və ödənilmiş məhkəmə rüsumu və məhkəmə xərclərinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “X1” ASC tərəfindən emitent kimi buraxılmış debet kartının sahibidir. Müvafiq bank müqaviləsinə əsasən bu kartda olan vəsaitlər üzərində sərbəst şəkildə istifadə hüququ mövcuddur. Həmçinin həmin kartdakı qalıq məbləğə illik 7% olmaqla əlavə depozit faizi hesablanır. Lakin ##.##.2025 tarixində bank tərəfindən onun xəbəri və razılığı olmadan debet kartından 4.991,37 manat silinmişdir. Bankla apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, həmin vəsait digər hesabda yaranmış overdraft borcunun ödənilməsi üçün PKDnin məktubu əsasında qanunsuz olaraq silinmişdir. Lakin o bankla bu borcun debet kartından tutulması barədə heç bir müqavilə və ya razılaşma imzalamamışdır. Həmin borcun yaranması və ya ödənilməsi tələbi ilə bank bu günədək ona xəbər verməmiş və məhkəməyə müraciət etməmişdir. Bank onun razılığı olmadan debet hesabından vəsait çıxmaq hüququna malik deyil. Bu qanunsuz əməliyyat nəticəsində ona maddi ziyan dəymiş və bankın qeyri-qanuni hərəkətləri ona mənəvi narahatlıq yaşatmışdır. Bankın birtərəfli qaydada ona məxsus vəsaiti silməsi qanunsuz zənginləşmə kimi qiymətləndirilməli və dərhal aradan qaldırılmalıdır.
4. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, qeyd edilən borc overdraft borcu olduğu üçün Azərbaycan Kredit Bürosunda əks olunmur. Müqavilənin şərtlərinə əsasən Bankın akseptsiz qaydada borcu silmək hüququ vardır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(006)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Ə.Heydərova) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, borcun akseptsiz silinməsi tərəflərin müqavilə ilə əvvəlcədən razılaşdırdığı hal kimi qiymətləndirildiyindən, bu əməliyyat birtərəfli hüquqpozma yox, müqavilə öhdəliyinin icrasıdır. Belə olan halda, cavabdehin hərəkətlərində nə qanunsuz zənginləşmə, nə də mülkiyyət hüququnun pozulması əlamətləri müşahidə olunmur. Iddiaçının razılığı olmadan vəsaitin silinməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz, çünki bu hal müvafiq müqavilə şərtləri əsasında və borcun bağlanması məqsədilə həyata keçirilmişdir. Həmçinin, iddiaçı tərəfindən bu borcun hüquqi əsasının olmadığı və ya silinmiş vəsaitin zərər doğurduğu barədə sübut da məhkəməyə təqdim olunmamışdır.
7. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığından, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz.
8. Birinci instansiya məhkəməsi iddianın xüsusi qərardadın çıxarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırkı işdə cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının hesablarına müdaxilələr qanunsuz hesab edilmədiyindən, iddia bu hissədə də rədd edilməlidir.
9. Məhkəmə iddianın digər hissələrinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin əsasını təşkil edən maddi və mənəvi zərərin ödənilməsi hissəsi rədd edildiyindən iddia tələbi bu hissələrdə də prosessual qənaət prinsipini nəzərə alınaraq təmin edilməməlidir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli Qərarlarına, MPM-in 14.2, 76.1, 77.1, 119.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesləri zamanı nəinki qarşı tərəf etiraz belə verməmiş, ##.##.2025 11:20 tarixində keçirilən baxış iclasında iştirak etməmişdir. Həmin iclasda onun tərəfindən məhkəməyə Bankın iddia etdiyi "overdraft" borcun və digər borcların bu günədək heç bir məlumatlandırılmaması, bu hal üzrə bank tərəfindən məhkəməyə müraciəti olunmaması, hətta Mərkəzləşmiş kredit reyestrində belə görünmədiyi diqqətə çatdırılmışdır. Hakim qərar elanı üçün prosesin ##.##.2025 tarixinə saat 09:15 təyin edilməsini və onun iştirakına ehtiyac olmadığını bildirməklə prosesi yekunlaşdırmışdır. Lakin növbəti gün ##.##.2025 tarixində saat 11:00 ərəfələrində EMS-ə cavabdeh tərəfindən etiraz yüklənməsi, həm prosessual pozuntu olmaqla həm də bəzi əsaslı şübhələrin ortaya çıxmasına səbəb olur. Etirazda overdraftın kredit olmaması səbəbindən MKR-də görsənməməsi qeyd edilsə də, hüquqi olaraq overdraft krediti adlanan bu maliyyə alətinin də məhz kredit olması qanunvericiliklə qeyd edilir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmi.dir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış müqavilə münasibətləri çərçivəsində cavabdeh tərəfindən iddiaçıya bank hesabı açılmaqla kredit (kredit xətti) verilmiş, ona kredit və ayrıca debet kartları təqdim edilmişdir. Həmin münasibətlər çərçivəsində iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət müqavilələrinin standart şərtləri”ni, o cümlədən şərtlərdə təsbit edilmiş cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borclarını və cərimələri onun sərəncamı olmadan, akseptsiz qaydada onun bankda olan hesabından tutulması, onun müqavilə əsasında əmələ gəlmiş pul öhdəliklərini icra etmədiyi halda, onun bankda açılmış hesablarından bu pul öhdəliyini bu fəslin 2.9-cu bəndinə uyğun ardıcıllıqla akseptsiz qaydada silməsi hüquqlarını qəbul etmişdir.
15. Iddiaçı cavabdeh tərəfindən göstərilən xidmətlərə uyğun olaraq ona verilmiş debit kartından istifadə edilmiş, eyni zamanda, cavabdeh tərəfindən yaradılmış imkanlara uyğun olaraq bu kart vasitəsi ilə müəyyən məbləğlər həddində bankın öz vəsaitindən də yararlanmışdır. Nəticədə cavabdehə aid olan 4.991,37 manat məbləğində vəsaiti xərcləmiş iddiaçının həmin məbləğin cavabdehə qaytarılması öhdəliyi yaranmışdır. Bu hal iş materiallarında olan hesabdan çıxarış məlumatları ilə öz təsdiqini tapır (məsələn, i.v. 5- 6). Qeyd edilənlər öz növbəsində tərəflər arasında razılaşdırılmış şərtlərə uyğun olaraq həmin məbləğin cavabdeh tərəfindən iddiaçının Bankda olan digər hesabından (debet kartından) silinməsini hüquqi baxımdan mümkün edir.
16. Bununla belə, cavabdeh iddiaçıya münasibətdə hər hansı hüquqazidd hərəkətə yol verməmiş, aralarında olan müqavilə münasibətlərinə, o cümlədən iddiaçının qəbul etdiyi şərtlərə əsaslanaraq, iddiaçı tərəfindən debet kartı üzrə istifadə edilmiş ona məxsus vəsaitə bərabər məbləğdə vəsaiti iddiaçının digər debet kartından öz xeyrinə silmişdir. Hüquqi nəticə etibarı ilə bu qaydada iddiaçının cavabdeh qarşısında yaranmış öhdəliyinin icrası təmin edilmişdir. Bu səbəbdən cavabdehin hərəkətləri qanunsuz hesab edilə bilməz. Həmin məbləğin qaytarılması ilə bağlı iddiaçının tələbi və bununla bağlı apellyasiya şikayəti üzrə irəli sürülmüş dəlillər əsassızdır. Nəzərə alınmalıdır ki, iddiaçı hesabdan çıxarış məlumatlarında əks olunmuş 4.991,37 manat məbləğində pul vəsaitinin hansı səbəbdən mənfi (-4.991,37) vəsait kimi göstərilməsinə ümumiyyətlə hər hansı aydınlıq gətirmir, bunu görməzdən gəlir. Hər bir halda, bu vəsait iddiaçıya məxsus olan və cavabdehə aid olmayan vəsait olsa idi, onun istifadəsi nəticəsində iddiaçının balansında mənfi məbləğ kimi göstərilməzdi.
17. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, ##.##.2019-cu il tarixli, ******* saylı “Fiziki şəxslərə kredit (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya verilmiş 5.000 manat məbləğində kreditin sonradan iddiaçı tərəfindən qaytarlmasının (cavabdeh tərəfindən verilmiş ##.##.2019-cu il tarixli arayışa əsasən qeyd edilən kredit xətti üzrə borc tam ödənilmiş və kredit xətti ləğv edilmişdir) hazırda iddiaçı tərəfindən qanunsuz və əsassız olaraq silinməsi iddia edilən 4.991,37 manat pul vəsaitinə hər hansı aidiyyəti yoxdur.
18. Məhkəmə kollegiyası “pulun hesaba qaytarılması” tələbinin əsas, digər tələblərin isə bu tələbə münasibətdə törəmə tələb olduğunu və onların təmin edilib-edilməməsinin bilavasitə bu tələbin təmin edilib-edilməməsindən asılı olduğunu, əsas tələbin də təmin edilməsi üçün hər hansı əsasın olmadığını nəzərə alıb, belə qənaətə gəlir ki, digər tələblər də əsassızdır və təmin edilə bilməz.
19. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
20. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 324.1, 385.1, 425, 442, 443.1, 448.1, 448.2, 954.1, 957.4-cü, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 217.1-217.4 və 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
Kassasiya şikayətinin dəlilləri
21. Iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktlarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 377, 379, 385.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair”, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarına, MPM-in 14.2, 217.3, 217.4, 372.6, 372.7-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bank kreditin tam ödənilməsi barədə arayış vermişdir və Mərkəzi Kredit Reyestrinə borcun tam bağlanması barədə məlumat daxil etmişdir. Buna görə tələb hüququ mövcud deyil, öhdəlik də mövcud deyil. Kredit müqaviləsi 5 il əvvəl bağlanmışdır, bank bu müddət ərzində heç bir tələb irəli sürməmişdir.
23. Öhdəliyin tam yerinə yetirilməsi Bankın arayışı öhdəliyin tam bağlanmasıdır və yeni öhdəlik yarana bilməz. Kredit müqaviləsinin müddəti (o cümlədən iddia müddəti) bitmişdir, bankın sonrakı“overdraft” tələbi hüquqi nəticə doğura bilməz.
24. Birinci Instansiya məhkəməsi cavabdehin nəticənin elandan sonra verdiyi etiraza istinad edərək borcun kredit olmaması səbəbindən kredit reestrdə əks edilməməsi əsasında sübutu qiymətləndirməsi həm maddi, həm də prosessual pozuntularla müşaiət edilmişdir. Qeyd edilmiş hal üzrə (şikayətə əlavə edilmiş Mərkəzi Bank mövqeyi) Mərkəzi Bankın cavab məktubu: “Overdraft kreditdir və kredit reyestrində qeyd olunmalıdır.” Deməli, overdraft yalnız yazılı kredit müqaviləsi ilə mümkündür. Belə müqavilə təqdim edilməmişdir və onun mövcudluğu belə məhkəmə tərfindən araşdırılmamışdır. Kredit reyestrində borc barədə məlumat yoxdur əksinə kredit borcun ödənilməsi barədə qeydlər var. Bankın “overdraft kredit deyil” arqumenti hüquqi əsası olmayan müdafiə mövqeyidir və məhkəmə baxışı bitikdən sonra elan saatından bir saat sonra EMS-ə yerləşdirdiyi etiraza istinad özü prosessual pozuntulardan xəbər verir.
25. MM 957.4: “Hesab sahibinin iradəsinə uyğun olmayan silinmə bankın məsuliyyətini yaradır.” Hazırkı halda : –müştərinin razılığı yoxdur; –bankın bu günədək hər hansı bildirişi yoxdur; – qüvvədə olan müqavilə yoxdur; – 5 il sonra birtərəfli səlahiyyətlərdən sui istifadə edilərək əməliyyat aparılmışdır.
26. Standart şərtlər istehlakçı əleyhinə geniş təfsir oluna bilməz. Müqavilə yalnız tərəflərin razılaşdırdığı şərtlər üzrə hüquqi nəticə doğurur. Qeyri-müəyyənlik istehlakçının xeyrinə həll olunmalıdır. Bank overdraft barədə heç bir razılaşdırılmış şərt təqdim etmir. Hazırkı hal üzrə Konstitusiya Məhkəməsi müxtəlif şərhlərində bu maddələri belə şərh edir: 560.3.1 — Qanunla tanınmayan “hüququn” həyata keçirilməsi Bankın overdraft yaratmaq “hüququ” yoxdur. 560.3.4 — əvvəlki davranışa zidd tələblər Bank: – əvvəlcə borcun olmadığını təsdiq edib,(yəni borcun olmaması barədə aryış verib, arayış iddia ərizəsinə əlavə edilib) – reyestrdən borcu silib,(reyestrdən müxtəlif dövrlərdə o cümlədən son üçü ildə hər il üçün ayrılıqda çıxarışlar iddia ərizəsinə əlavə edilib) – illər sonra müqavilə müddətləri və borcun yaranması üzərindən 5 ildən çox müddət keçdikdən sonra qanuna zidd tələb üzrə əməliyyat aparıb. Bu davranış hüquqdan sui-istifadədir. Bank borcun bağlandığını təsdiqləyib; 5 il ərzində tələb qaldırmayıb; reyestr məlumatı ilə etimad yaradıb; sonradan bu etimadı pozub. Bu, həm MM 9 (vicdanlılıq), həm MM 10 (sabitlik prinsipi) pozuntusudur
27. Birinci instansiya (məhkəmə baxışı bitirmiş, elan üçün növbəti tarixə saat təyin etmiş, həmin vaxtın üstündən 1 saatdan da çox keçəndən sonra cavabdeh EMS-ə bir sətirlilk etiraz yükləmişdir ki, onun əsasında məhkəmə qətnamədə istinad verərək iddianı rədd etmişdir. 2-ci insstansiya tərəflərin iştirakı olmadan təsdiqedici sübutlar olmadan qətnaməni əsaslandırmağa çalışmışdır ki, “Nəzərə alınmalıdır ki, iddiaçı hesabdan çıxarış məlumatlarında əks olunmuş 4.991,37 manat məbləğində pul vəsaitinin hansı səbəbdən mənfi (- 4.991,37) vəsait kimi göstərilməsinə ümumiyyətlə hər hansı aydınlıq gətirmir, bunu görməzdən gəlir. Hər bir halda, bu vəsait iddiaçıya məxsus olan və cavabdehə aid olmayan vəsait olsa idi, onun istifadəsi nəticəsində iddiaçının balansında mənfi məbləğ kimi göstərilməzdi”.
28. Həmin hesabdan çıxarışın onda necə olması və bu barədə iddiaçının hardan məlumatlı olmalı olduğunu, həmin borcun tərəflər arasında imzalanmış hər hansı müqavilə və ya qüvvədə olan razılaşma əsasında olmasını aydınlaşdırmır. Bu, müdafiə hüququnun kobud pozuntusudur. MPM 14.2 — məhkəmə tərəfin iştirakı olmadan təqdim edilən sübuta əsaslana bilməz. MPM 217.4 — yalnız iclasda araşdırılmış sübutlar əsasında qərar verilə bilər. MPM 372.6–372.7 — apellyasiya çərçivələrinin aşılmaması tələbi pozulub.
29. AIHM-in Kress v. France, Bellet v. France işlərində belə hal ədalətli məhkəmə araşdırmasının pozulması hesab edilir. IV. Avropa Insan Hüquqları M presedentləri 1. Hüquqi müəyyənlik — Brumarescu v. Romania -Müddəti bitmiş öhdəliklərin yenidən gündəmə gətirilməsi hüquqi sabitliyi pozur. 2. Legitim gözləntinin qorunması— Capital Bank AD v. Bulgaria Uzun müddət tələb irəli sürülməməsi borcun mövcud olmaması ilə bağlı legitim gözlənti yaradır. 3. Mülkiyyətə müdaxilənin qanunsuzluğu — Sovtransavto v. Ukraine Mülkiyyətə müdaxilə yalnız qanun və qabaqcadan müəyyən edilmiş prosedurla mümkündür. Bankın akseptsiz silməsi bu standartlara ziddir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz göndərərək iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
40. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
41. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.
42. Maddə 957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
52. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış müqavilə münasibətləri çərçivəsində cavabdeh tərəfindən iddiaçıya bank hesabı açılmaqla kredit (kredit xətti) verilmiş, ona kredit və ayrıca debet kartları təqdim edilmişdir. Həmin münasibətlər çərçivəsində iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət müqavilələrinin standart şərtləri”ni, o cümlədən şərtlərdə təsbit edilmiş cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borclarını və cərimələri onun sərəncamı olmadan, akseptsiz qaydada onun bankda olan hesabından tutulması, onun müqavilə əsasında əmələ gəlmiş pul öhdəliklərini icra etmədiyi halda, onun bankda açılmış hesablarından bu pul öhdəliyini bu fəslin 2.9-cu bəndinə uyğun ardıcıllıqla akseptsiz qaydada silməsi hüquqlarını qəbul etmişdir. Iddiaçı cavabdeh tərəfindən göstərilən xidmətlərə uyğun olaraq ona verilmiş debit kartından istifadə edilmiş, eyni zamanda, cavabdeh tərəfindən yaradılmış imkanlara uyğun olaraq bu kart vasitəsi ilə müəyyən məbləğlər həddində bankın öz vəsaitindən də yararlanmışdır. Nəticədə cavabdehə aid olan 4.991,37 manat məbləğində vəsaiti xərcləmiş iddiaçının həmin məbləğin cavabdehə qaytarılması öhdəliyi yaranmışdır. Bu hal iş materiallarında olan hesabdan çıxarış məlumatları ilə öz təsdiqini tapır (məsələn, i.v. 5- 6). Qeyd edilənlər öz növbəsində tərəflər arasında razılaşdırılmış şərtlərə uyğun olaraq həmin məbləğin cavabdeh tərəfindən iddiaçının Bankda olan digər hesabından (debet kartından) silinməsini hüquqi baxımdan mümkün edir.
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin Birinci instansiya ( məhkəmə baxışı bitirmiş, elan üçün növbəti tarixə saat təyin etmiş, həmin vaxtın üstündən 1 saatdan da çox keçəndən sonra cavbdeh EMS-ə bir sətirlilk etiraz yükləmişdir ki, onun əsasında məhkəmə qətnamədə istinad verərək iddianı rədd etdiyi barədə dəlili ilə əlaqədar bildirir ki, əvvəla apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinin əsası kimi cavabdehin etirazına istinad etməmişdir.Digər tərəfdən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
61. Kassasiya şikayətinə Azərbaycan Respublikasının Mərkəzi Bankının ## ###### 2026-cı il tarixli məktubu əlavə edilsə də, məhkəmə kollegiyası bildirir ki, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir və onların qiymətləndirilməsini həyata keçirmir. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
62. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
64. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.