Məhkəmə qərarları › İş №2(103)-10456/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10456/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10456/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdeh5 nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(005)- 3221/2021 nömrəli qətnaməsindən İddiaçı Hadi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1MMC,”X7”MMC, Cavabdeh3 ASC, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi, hərracın nəticələrinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin 30 dekabr 2016-cı il tarixli 16-270 saylı qeydiyyat nömrəli “Əmlakların Qiymətləndirilməsinin Nəticələri haqqında” hesabatın etibarsız hesab edilməsi, Cavabdeh2-nin hərracın yekunları barədə 2346 nömrəli 27.11.2017-ci il tarixli Protokolunun, Nəqliyyat vasitəsinə verilmiş sonuncu nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin ona və X6 qarşı kredit məbləğinin tutulması və tutmanın girov əmlaka yönəldilməsi barədə iddiası təmin edilərək ondan və X2 ümumilikdə 12204,94 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh3 ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus 2006-cı il tarixdə istehsal edilmiş “Mercedes Benz E200” markalı 99FZ-605 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin satışından əldə edilmiş pul vəsaiti hesabına borcların ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə bağlı onun mülkiyyətində olan avtomobilə qiymət müəyyən edilərkən iştirakı təmin edilməmişdir, bundan başqa hərracın keçirilməsi barədə ona bildirişlər verilməmişdir. İpoteka ilə yüklü edilmiş avtomobili 2015-ci ilin sentyabr-oktyabr aylarında borcunun ödənilməsi üçün Cavabdeh3 ASC-nin əməkdaşlarına təhvil verilmişdir. Sonradan bank tərəfindən ona bildirilmişdir ki, ipoteka ilə yüklü edilmiş avtomobil hərrac yolu ilə satılmışdır və hazırda onunbankdan götürdüyü kredit qədər də banka borcu vardır. O,hərrac yolu ilə satışından və müəyyən edilmiş qiymətdən məlumatı olmadığından cavabdeh "xxxx" MMC-yə gedərək orada sənədlərlə tanış olmuşdur. Sənədlərlə tanış olduqda ona məlum olmuşdur ki, mülkiyyətində olan 2006-cı il istehsalı “Mercedes Benz” avtomobilinə "xxxx" MMC tərəfindən olduqca aşağı dəyərdə 7000 manat qiymət müəyyən olunmuşdur. Həmin məbləğə 1997-ci ilin “Mercedes Benz” avtomobilini heç almaq mümkün deyildir. Lakin Cavabdeh1 MMC onun avtomobilinə iştirakı təmin edilmədən 7000 manat qiymət müəyyən edilməklə onu olduqca çarəsiz vəziyyətə salmışdır. Qiymətləndirmə şirkəti 7000 manat rəy vermək üçün əsas olaraq avtomobilin akkumlyatorunun olmamasını, avtomobilin mühərrikinin işləməməsini qeyd etmişdir. Lakin mühərrikin işləməməsi barədə qüsur aktı və avtomobilin fotoşəkilləri rəyə əlavə edilməmişdir. Qiymətləndirmə rəyinin yalnış və uydurma bir rəy olması elə bu ziddiyyətlərdən aydın görünür. Hamıya məlum olan haldır ki, avtomobilin akkumlyatoru işləmirsə, avtomobili işə salmaq mümkün olmayacaqdır. Maraqlıdır ki, qiymətləndirici ekspert akkumlyatoru işləməyən avtomobilin mühərrikini işə sala bilməmişdirsə, mühərrikin işləməməsini necə müəyyən etmişdir. Əgər avtomobilin 120 manat dəyərində olan akkumlyatoru işləmirsə və bu səbəbdən mühərrikin yoxlanması mümkün olmamışdırsa, bu hal mühərrikin işləməməsi kimi qiymətləndirilə bilməzdi və bunun üçün 22000-25000 manat dəyərində olan avtomobilin dəyərini 7000 manat müəyyən etmək olduqca haqsız bir hərəkətdir ki, qiymətləndirici şirkət həmin hərəkətdən istifadə edərək onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bundan başqa işin daha kobud pozuntusu olan hissəsi ondan ibarətdir ki, hərrac avtomobili satmaq üçün bildirişi ona deyil, avtomobilə aidiyyəti olmayan X5 mülkiyyəti kimi qeyd edərək, onun ünvanına bildirişlər göndərmişdir. Onun avtomobilini 7000 manat dəyərləndirdiklərindən və onun həmin avtomobili almaq hüququnu bildiklərinə görə ona bildiriş göndərməyərək avtomobili Cavabdeh5 satmışlar. O, bu barədə məlumat əldə etdikdən sonra Nərimanov Rayon Məhkəməsində hazırki iddia tələbi ilə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsi əsassız olaraq iddia tələbində olan imzanın guya iddiaçı tərəfindən imzalanmadığını müəyyən etmişdir. Həmin iddia tələbi qaldırılmamışdan əvvəl qardaşı X11 etibarnamə verərək, iddia tələbi irəli sürmək, iddia ərizəsini imzalamaq və s. səlahiyyətləri vermişdir. Apelyasiya məhkəməsi isə iş materiallarında etibarnaməni və qardaşı tərəfindən edilən imzanı qanunsuz olaraq nəzərə almamışdır. Bununla da qanuni qaydada qəbul edilmiş qətnaməni ləğv etmiş və iddia tələbinin baxılmamış saxlanması barədə qərardad qəbul etmişdir. Qanunvericiliyin tələbinə görə qərardaddan şikayət verilməsi mümkün olmadığından yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bundan sonra cavabdeh məhkəmənin ona yaratdığı imkandan istifadə edərək avtomobilin qanunsuz yolla aldığının aşkara çıxdığını bilərək, avtomobili geri qaytararaq bankdan pulunu geri tələb etmək əvəzinə tez tələsik Cavabdeh6 adına avtomobili rəsmiləşdirərək əmlakını mənimsəməklə sataraq cinayət əməli törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(005)- 3221/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2nə, Cavabdeh3 ASC-nə, Cavabdeh4nə, Cavabdeh5, Cavabdeh6 və Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi, hərracın nəticələrinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3221/2021 saylı iş üzrə 23.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bank Respublika” ASC-nin “Mərkəz” filialı ilə İddiaçı Hadi oğlu arasında bağlanmış 04 noyabr 2013-cü il tarixli, 13007- 1087/394528 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 13300 ABŞ dolları məbləğində kredit verilmişdir. O dövrə görə dolların məzənnəsi 0.78 AZN təşkil etmişdir. İddiaçı isə avtomobilini satdığı müddətə qədər ödənişlərini vaxtlı vaxtıda ödəmişdir. X10 isə zaminlik müqaviləsinə əsasən zamin olmuşdur. Daha sonra qeyd olunan avtomobil İddiaçı tərəfindən özgəninkiləşdirilmiş və Bank da 2-ci zamin olaraq həmin şəxslə müqavilə bağlamışdır. Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış 19 may 2015-ci il tarixli Qətnamə və sonrakı Hərracın keçirilməsindən İddiaçı heç bir xəbəri olmamışdır, belə ki, o, avtomobilini satdıqdan sonra, bank kreditinin ödənilməsini digər Alıcı öhdəsinə götürdüyünə görə, İddiaçı Rusiya Federasiyasına işləmək üçün getmişdir. X4 isə 2018-ci ildə Nizami Rayon İcra və Probasiya Şöbəsindən aldığı bildiriş (surəti qoşmada əlavə olunur) nəticəsində Qətnamədən məlumatlı olmuş və Məhkəməyə müraciət etmişdir. Bundan sonra avtomobilin axtarışa verildiyi və İddiaçı Respublika ərazisində olmadığı, avtomobilin isə digər şəxsin istifadəsində Şəki rayon ərazisində olduğu müəyyən olunmuş və İddiaçı qardaşının təşəbbüsü ilə avtomobil bank işçilərinə təqdim olunmuşdur. Bank işçiləri isə avtomobili rəsmiləşdirmədən, müsadirə etdikdən sonra artıq heç bir borcun qalmadığı bildirmişdilər. Qeyd olunan Nizami Rayon Məhkəməsi 19 may 2015-ci il tarixli Qətnaməsində qət etmişdir ki, “Bank Respublika’' ASC-nin “Mərkəz” filialı ilə İddiaçı Hadi oğlu arasında bağlanmış 04 noyabr 2013-cii il tarixli, 13007-1087/394528 saylı kredit müqaviləsi ləğv edilsin, 04 noyabr 2013-cü il tarixli 13007-1087/394528İ saylı İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş 2006-cı ildə istehsal edilmiş, gümüşü rəngli “MERCEDES BENZ E200 CDİ” markalı ** FZ *** DQN-lı avtomobilin mövcud ipoteka borcunun ödənilməsi üçün avtomobilin açıq hərracdan satılması ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına yönəldilsin. Və açıq hərracdan əldə edilmiş pul vəsaiti hesabına İddiaçı Hadi oğlunun və X5 Cavabdeh3 ASC -yə olan borcunun ödənilməsi təmin edilsin. Lakin Qətnamə icraya yönəldilərkən hərracın keçirilməsi barədə İddiaçı bildiriş verilməmiş və ailəsi İcraata başlamaq haqqında Qərarı 2018-ci ildə əldə etdikdən sonra "xxxx" MMC gedərək, 2006-cı ildə istehsal edilmiş gümüşü rəngli “MERCEDES BENZ E200 CDİ” markalı ** FZ *** DQN-lı avtomobilin dəyərindən çox aşağı qiymətə 7000(yeddi min) AZNnə “Sərraf’ MMC tərəfindən qiymətləndirildiyi və həmin məbləğə Cavabdeh5 hərracdan satıldığı barədə məlumat əldə etmişdir. Beləliklə, Məhkəmə araşdırması və hərrac İddiaçı iştirakı və məlumatı olmadan keçirilmişdir. Bunun nəticəsi olaraq qanunla ona verilən hüquqlardan lazımı səviyyədə istifadə edə bilməmiş, iş üzrə iddiaya etirazını, eyni zamanda işin düzgün həlli və obyektiv araşdırmanın təmini üçün lazımı sübutları məhkəməyə təqdim edə bilməmiş və hərracın keçirilməsində mülkiyyətçi olaraq iştirak edə bilməmişdir. Nəticədə isə İddiaçı hüquqları kobud şəkildə pozulmuşdur. 2018-ci ildə İcraata başlamaq haqda Qərarı əldə etdikdən sonra, ailəsi tərəfindən vaxt itirilmədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsində 10.09.2021-ci il tarixli Qətnamə qəbul olunmuşdur. Qətnaməyə əsasən, İddiaçı Hadi oğluna məxsus “MERCEDES BENZ E200 CDİ” markalı ** FZ *** DQN-lı avtomobil Nizami Rayon Məhkəməsinin 19.05.2014-cü il tarixli icra sənədi. Cavabdeh4 17/75-75/17-5 nömrəli, 18.10.2017-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Hərrac təşkilatı “Kaspi”qəzetində elan versə də, bu barədə 30.10.2017ci il tarixli, 05/55nömrəli bildirişi İddiaçı Hadi oğluna göndərməmişdir. İddiaçı belə bir hərracın keçirilməsindən xəbərsiz olduğu müəyyən olunmuş və həmin avtomobilin hərracda satılmasında iştirakı təmin edilməmiş, bunun əksini sübut edəcək hər hansı mötəbər dəlil Məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan sübutlardan məlum olmuşdur ki, hərracın keçirilməsi zamanı ipotekaya qoyulmuş avtomobilin satılması “İcra haqqında” AR Qanunun, “İpoteka haqqında” AR Qanununun və AR Mülki Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulmaqla həyata keçirildiyi əsas götürülərək, İddiaçı Hadi oğluna məxsus “MERCEDES BENZ E200 CDİ” markalı ** FZ *** DQN-lı avtomobilə dair hərracın yekunları barədə 27 noyabr 2017-ci ildə tərtib olunmuş 2346 nömrəli protokol və həmin tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. İddiaçı Hadi oğlunun mülkiyyət hüquqları pozulması əsas götürülərək Cavabdeh5 adma verilmiş AD seriyalı 262218 N-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması qət edilmişdir. Nərimanov Rayon Məhkəməsində 10.09.2021-ci il tarixli Qətnaməsində kəsici müddətlə bağlı münasibət bildirilmişdir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və bilməli olduğu gündən 1 il ərzində əqdin etibarsızlığı mübahisə etmək hüququna malikdir. Və Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının öz hüquqlarını bildiyi vaxt ötürülməmişdir. Çünki, Məhkəmə araşdırması zamanı təsdiqini tapmışdır ki, hərracın keçirilməsinə dair bildirişlərdən, icra şöbəsinin sifariş məktublarından, hərrac təşkilatına ünvanlanan məktublardan aydın olmuşdur ki, İddiaçı Hadi oğluna sözügedən bildirişlər rəsmi qaydada göndərilməmiş və ona ünvanlanmamışdır. Bu da özlüyündə İddiaçı həmin vaxt keçiriləcək hərrac barədə məlumatlı olmadığını təsdiq edir. İddiaçı ailə üzvlərinin isə İcra şöbəsi tərəfindən çatdırılan bildirişi əldə etdiyi vaxtdan kəsici müddəti ötürmədən Məhkəməyə şikayət ünvanladığı öz təsdiqini tapmışdır. Daha sonra Cavabdeh5 tərəfindən Apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 103)-767/2020 saylı Qərardadı ilə İddiaçı Hadi oğlunun iddiası baxılmamış saxlanılmışdır. Qərardadda qeyd olunan pozuntu aradan qaldırıldıqdan sonra yenidən Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət olunmuş və hesab edirlər ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsi 23.07.2021-ci il tarixli Qətnaməsində əsaslandırma hissəsində yuxarıda qeyd etdiklərini əsaslandıraraq yalnış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1502/2015 saylı 19 may 2015-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh3 ASC-nin iddiası təmin edilmiş, Cavabdeh3 ASC-nin Mərkəz filialı ilə İddiaçı arasında bağlanmış 04 noyabr 2013cü il tarixli 130071087/394528 saylı kredit müqaviləsinin ləğv ediməsi, İddiaçı və X3 "xxxx" ASC-nin xeyrinə əsas borc qismində 10897,45 ABŞ dolları, faiz borcu qismində 1177,89 ABŞ dolları, penya qismində 129,60 ABŞ dolları, cəmi 12204,94 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus 2006-cı ildə istehsal edilmiş, ban nömrəsi WDB2110071B103386 olan gümüşü metal rəngli “Mercedes Benz C 200” markalı, 99-FZ605 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, “Mercedes Benz C 200” markalı, 99FZ-605 dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi, “Mercedes Benz C 200” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına İddiaçı və X5 Cavabdeh3 ASC-yə borcunun ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin 16-270 nömrəli 30 dekabr 2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, İddiaçı məxsus olan “Mercedes Benz E200” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 7000 (yeddi min) manat təşkil edir. İş materiallarında olan “X8” MMC tərəfindən Cavabdeh4, Cavabdeh3 ASC və X6 ünvanlanan 30 oktyabr 2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, Nizami Rayon Məhkəməsinin 2(007)-1502/2015 saylı 19 may 2014-cü il tarixli icra vərəqəsi üzrə X5 mülkiyyətində olan “Mercedes Benz C200” markalı 99FZ-605 dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilmişdir. Hərracın keçirilmə vaxtl 27.11.2017-ci il saat 11:00.Əmlakın satış qiyməti 7000 manat. İş materiallarında olan Hərracın yekunları barədə 246 nömrəli 27 noyabr 2017-ci il tarixli protokoldan görünür ki, İddiaçı məxsus “Mercedes Benz E200” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 7000 manata Cavabdeh5 satılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Ç-612 nömrəli 21 avqust 2019-cu il tarixli nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Cavabdeh5 məxsus olan “Mercedes Benz E200” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymət 30.12.2016-cı il tarixinə 6800 (altı min səkkiz yüz) manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1595/2019 saylı 10.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş Cavabdeh2-nin hərracın yekunları barədə 2364 nömrəli 27.11.2017-ci il tarixli Protokolunin etibarsız hesab edilməsi, Cavabdeh5 adına verilmiş AD seriyalı 262218 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi qət edilmişdir. İş materillarında olan Bakı Apeyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)767/2020 saylı 28.01.2020-ci il tarixli qərardadından görünür ki, apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1595/2019 saylı 10.09.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Sərraf- N” MMC-yə və qeyrilərinə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2218/2020 saylı 17 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi 300 manat, vurulmuş mənəvi zərərin əvəzi kimi 300 manat, ümumilikdə 600 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(005)-148/2021 sayl ıqətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 ASC və Abşeron rayon icra və probasiya şöbəsinə qarşı üçüncü şəxs Cavabdeh5 cəlb edilməklə pul tələbinə dair iddiası rədd edilmişdir.Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7702/2021 saylı 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanması qət olunmuşdur.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7702/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı etməyi zəruri hesab edir ki, tərəflərin təqdim etdiyi sübutlardan da göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh1 MMC-nin 30 dekabr 2016-cı il tarixli 16-270 saylı qeydiyyat nömrəli “Əmlakların Qiymətləndirilməsinin Nəticələri haqqında” hesabatında İddiaçı məxsus “Mercedes Benz E200” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 7000 manat, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq "xxxx"MMC tərəfindən tərtib edilmiş 21 avqust 2019-cu il tarixli Ç-612 nömrəli rəydə 6800 manat olaraq müəyyən edilmişdir. Göründüyü kimi avtomobilin real bazar qiymətinin müəyyən edilməsi üçün aparılmış müvafiq tədqiqatların nəticələri arasında böyük fərq müşahidə olunmamış, hətta mübahisələndirilən hesabatda 200 manat artıq qiymətləndirilmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, qiymətləndirməyə dair hesabatın əsassız olmasına hər hansı əsas mövcud deyildir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Birinci instansiya məhkəməsinin iclasında tərəfin izahatı və təqdim edilən sübutlarla müəyyən edilmişdir ki, hərrac təşkilatının açıq hərracın nəticələri haqqında Hərracın yekunları barədə 246 nömrəli 27 noyabr 2017-ci il tarixli protokoluna görə Nizami Rayon Məhkəməsinin 04.11.2015-ci-ci il tarixli icra vərəqəsinə və Cavabdeh4 17/75-75/17-5 saylı sifariş məktubunun icrasına əsasən Cavabdeh2 tərəfindən 27 noyabr 2017-ci il tarixdə hərrac keçirilmişdir. İpoteka predmetini İddiaçı məxsus “Mercedes Benz E200” markalı, **- FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil etməklə, onun dəyəri 7000 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1595/2019 saylı 10.09.2019-cu il tarixli qətnaməsinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-767/20 saylı 28.01.2020-ci il tarixli qətnaməsilə hüquqi qiymət verilsə də həmin iş üzrə mübahisəli nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair aparılmış araşdırmanın nəticəsindən göründüyü kimi "xxxx" MMc tərəfindən keçirilmiş ekspertiza ilə “Mercedes Benz” E 200 CDİ minik markalı ** NX *** dövlət qeydiyyat markalı avtomobilin satış tarixinə qiyməti 6800 manat, hazırki bazar qiyməti 16000 manat müəyyən edilmişdir. Göründüyü kimi "xxxx" MMC tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları haqqında” 04 yanvar 2008-ci il tarixli qərarının tələbləri pozulmamışdır. Bundan başqa iddiaçı 2346 saylı 27.11.2017-ci il tarixli hərracın yekunları barədə protokolunun ləğv edilməsini və ondan irəli gələn digər iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun iddia tələbinə hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. “İpoteka haqqında” Qanunda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun ləğvini deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Bununla belə iddiaçı 2346 saylı 27.11.2017-ci il tarixli protokolun etibarsızlığını deyil, ləğv edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericilikdə hərracın yekunlarına dair protokol hərracın nəticələrini əks etdiridyindən, eyni zamanda müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları ilə müyyənləşdirildiyindən, dövlət reyestrində hüquqların dövlət qeydiyyatına alınmasına əsas olan sənəd hesab olunduğundan 246 saylı 27.11.2017-ci il tarixli protokolun etibarsız hesab edilməsi tələbinə mülki qanunvericliyin əqdlərin etibarsızlığını şərtləndirən hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Həmin Qərarda əks edilən hüquqi mövqeyə görə mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən iddia müddətinin tətbiqi ilə bağlı tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərininin tətbiqi baxımından qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ümumi iddia müddəti kimi deyil, məhz kəsici iddia müddəti kimi çıxış edir. Bu hal məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsinin mümkünlüyü barədə qaydanın tətbiqi imkanını da istisna edir. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı 1 illik müddəti ötürmüşdür. Belə ki, digər məhkəmə araşdırmaları aparılmış, lakin iddiaçı protokolu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin Nəqliyyat vasitəsinə verilmiş sonuncu nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi digər hissələrdə təmin edilmədiyindən və törəmə tələb olduğundan qeyd edilən hissələrdə də təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2-nə, Cavabdeh3 ASC-nə, Cavabdeh4nə, Cavabdeh5, Cavabdeh6 və Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi, hərracın nəticələrinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiyya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, həmin dəlillər formal mülahizələrdən ibarət olmaqla yuxarıda qeyd olunduğu kimi əvvəllər də baxılmış məhkəmə mübahisələrində qiymət verilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(005)- 3221/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar