Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10665/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2021-ci il tarixli qətnamədən cavabdehlərin birgə verdikləri apellyasiya şikayətinə əsasən mülki işə iddiaçı Bankın nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 29.09.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 11.459,41 ABŞ dolları, əsas kredit borcuna müqavilə müddətində hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 14.547,91 ABŞ dolları, müqavilənin bitdiyi 29.09.2018-ci il tarixdən 20.11.2020-ci il tarixədək olan müddət üçün illik 5 faiz ilə hesablanmış əldən çıxmış faydanın ödənilməsi məqsədi ilə 1.236,95 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 2.002,17 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş (10 manat) dövlət rüsumunun və (20 manat) xidmət haqqının əvəzinin 30 manat məbləğində pulun borcalan Cavabdeh1 onun xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, bina № 7-də yerləşən 56 №-li mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, həmin məbləğ borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin ümumi qaydada tutulması, mənzil satıldığı halda iş üzrə cavabdehlərin 1 ay sonra mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 29.09.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 Bankdan 36 ay müddətinə, yəni 29.09.2018-ci il tarixədək, illik 25 faiz dərəcəsi ilə 14.300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 həmin müqavilə üzrə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Bankdan götürdüyü krediti və kredit məbləğinə hesablanmış faizi hissə-hissə, aybaay Banka qaytaracaq. Qeyd edilən öhdəliyin icrasının təminatı olaraq, Cavabdeh1 özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onların arasında 29.09.2015-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq borcalan Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, Banka olan borcunun bir hissəsini ödəməmişdir. Nəticədə, onun, Banka 11.459,41 ABŞ dolları məbləğində əsas kredit borcu, 14.547,91 ABŞ dolları məbləğində əsas kredit borcuna müqavilə müddətində hesablanmış faiz borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsi baş verdiyindən, Bank, onunla Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsinin” şərtinə əsasən Cavabdeh1 1.236,95 ABŞ dolları məbləğində cərimə (dəbbə) hesablamışdır. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 29.09.2018-ci il tarixədək Banka ödəməli olduğu pul məbləğini ödəməmiş, nəticədə Bank həmin məbləği başqa şəxslərə faizlə kredit olaraq verə bilməmiş, fayda itirmişdir. Bankın hesablamasına görə, müqavilənin bitdiyi 29.09.2018-ci il tarixdən iddia ərizəsi hazırlanan 20.11.2020-ci il tarixədək olan müddət üçün illik 5 faiz ilə hesablanmış əldən çıxmış faydanın məbləği 1.236,95 ABŞ dolları təşkil edir. Bank, yuxarıda qeyd edilən məbləğlərin ödənilməsini Cavabdeh1 dəfələrlə tələb etsə də, o, borcu ödəməmişdir. Bu səbəbdən də, Bank hesab edir ki, qeyd edilən məbləğlər Cavabdeh1 məcburi qaydada, yəni məhkəmə qətnaməsi əsasında tutulmalı və tutuma ipoteka predmetinə - Cavabdeh1 məxsus olan mənzilə yönəldilməli, mənzilin açıq hərracdan satılmalı, mənzilin satışdan əldə oluna biləcək pul vəsaiti borcun ödənilməsinə yönəldilməli, həmin məbləğ borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh1 ümumi qaydada tutulmalı, mənzil satıldığı halda iş üzrə cavabdehlərin 1 ay sonra mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməli, cavabdehlərin mənzildən çıxarılmaları, mənzilin boşaldılmalı və Banka təhvil verilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, Bank, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat və “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün 10 manat məbləğində dövlət rüsumları və 20 manat xidmət haqqı ödəmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.09.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Bank ilə Cavabdeh1 arasında bağlanmış 29.09.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 11.459,41 ABŞ dolları, əsas kredit borcuna müqavilə müddətində hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 8.519,19 ABŞ dolları, müqavilənin bitdiyi 29.09.2018-ci il tarixdən 20.11.2020-ci il tarixədək olan müddət üçün illik 5 faiz ilə hesablanmış əldən çıxmış faydanın ödənilməsi məqsədi ilə 1.236 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.145 ABŞ dolları (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş (10 manat) dövlət rüsumunun və (20 manat) xidmət haqqının əvəzinin 30 manat məbləğində pulun borcalan Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan mənzilə yönəldilməsini, mənzilin açıq hərracdan ilkin satış qiyməti 93.500 manat məbləğində müəyyən edilməklə satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini, mənzil satıldığı halda 1 ay sonra mənzilin boşaldılmasını, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertizaların xərclərinin – 400 manatın Cavabdeh1 aid edilməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank tərəfindən hesablanmış borc həddən artıq şişirdilmiş, faiz düzgün hesablanmamış, təkrar ekspertiza üçün verilmiş vəsatət təmin edilməmişdir. Cavabdeh1 kredit borcun müəyyən ödənişlər etmişdir, lakin bu hal borcun məbləğinin hesablanması zamanı nəzərə alınmamışdır. Mənzilin satışı haqqında qərar qəbul edilməsi Cavabdeh1 mülkiyyətdən, digər cavabdehləri isə yeganə yaşayış yerindən məhrum etmişdir. Bundan başqa, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə Cavabdeh3 adını Cavabdeh3 qızı kimi düzgün yazmamaqla sonuncunu alçatmışdır. Cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia qismən təmin edilsə və iddianın bir qismi təmin edilməsə də, iddiaçı Bank qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdehlər isə apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsələr də apellyasiya şikayətinin məzmunundan aydın olur ki, onlar iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmirlər. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 29.09.2015-ci il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, bu müqaviləyə əsasən Cavabdeh1 iddiaçı Bankdan 36 ay müddətinə, yəni 29.09.2018-ci il tarixədək, illik 25 faiz dərəcəsi ilə 14.300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 həmin müqavilə üzrə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Bankdan götürdüyü krediti və kredit məbləğinə hesablanmış faizi hissə-hissə, aybaay Banka qaytaracaq. Bank ilə Cavabdeh1 arasında bağlanmış 29.09.2015-ci il tarixli “İpoteka müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq, özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu yüklülük “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmışdır. Bankın “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişi” də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. İşin hallarından müəyyən edilir ki, Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, Banka olan borcunun bir hissəsini ödəməmişdir. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən onun Banka 11.459,41 ABŞ dolları məbləğində əsas kredit borcu, 14.547,91 ABŞ dolları məbləğində əsas kredit borcuna müqavilə müddətində hesablanmış faiz borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsinə görə, Bank, “Kredit müqaviləsinin” şərtinə əsasən Cavabdeh1 1.236,95 ABŞ dolları məbləğində cərimə (dəbbə) hesablamışdır. Bunlardan başqa Bank bildirir ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə onun qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 29.09.2018-ci il tarixədək ona ödəməli olduğu pul məbləğini ödəməmiş, nəticədə o, Bank olaraq həmin məbləği başqa şəxslərə faizlə kreditə verə bilməmiş, fayda itirmişdir. Bankın hesablamasına görə, müqavilənin bitdiyi 29.09.2018-ci il tarixdən iddia ərizəsi hazırlanan 20.11.2020-ci il tarixədək olan müddət üçün illik 5 faiz ilə hesablanmış əldən çıxmış faydanın məbləği 1.236,95 ABŞ dolları təşkil edir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdehlər, o cümlədən borcalan Cavabdeh1, bu öhdəliyin lazımi və tam həcmdə icra edilməməsini mübahisələndirmirlər. Cavabdehlər apellyasiya şikayətində bildirirlər ki, bank tərəfindən hesablanmış borc həddən artıq şişirdilmiş, faiz düzgün hesablanmamış, təkrar ekspertiza üçün verilmiş vəsatət təmin edilməmişdir. Cavabdeh1 kredit borcun müəyyən ödənişlər etmişdir, lakin bu hal borcun məbləğinin hesablanması zamanı nəzərə alınmamışdır. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia ərizəsi ilə tələb olunan borcun məbləğinin həqiqəti əks etdirib-etdirməməsini yoxlamaq məqsədi ilə hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmiş və ekspertizanın rəyini almışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 9/2815 saylı, 24.06.2021ci il tarixli rəyindən görünür ki, kredit müqaviləsinin müddətinin bitdiyi - 29.09.2018-ci il tarixə Cavabdeh1 Banka olan əsas kredit borcu 11.649,96 ABŞ dolları, faiz borcu isə 8.519,19 ABŞ dolları təşkil edir. Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamədən görünür ki, Rayon Məhkəməsi ekspertiza tərəfindən verilmiş rəyi və MPM-nin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq, əsas borcu iddia ərizəsində qeyd edildiyi kimi 11.459,41 ABŞ dolları, faiz borcunu isə ekspert rəyində qeyd edilən məbləğdə, yəni 8.519,19 ABŞ dolları məbləğində müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 onun Banka olan borcunun daha az olmasını bildirsə də, bu xüsusatı təsdiq edə və ekspert rəyini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya başqa mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusatın olmadığını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi cavabdehin Banka olan borcunun məbləğinin müəyyənləşdirilməsində səhvə yol verməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdehlər onlar tərəfindən verilmiş “təkrar ekspertizanın təyin edilməsi barədə” verdikləri vəsatətin Rayon Məhkəməsi tərəfindən əsassız olaraq təmin edilməməsini bildirsələr də, işdə olan məhkəmə baxışı iclaslarına aid protokollardan görünür ki, cavabdehlər tərəfindən bu kimi vəsatət verilməmişdir. Həmçinin, cavabdehlər, məhkəmə baxışı iclaslarına dair protokollara qeyd də verməmişlər. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri əsassızdır. Bunlar Müəyyən edildiyindən Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.09.2021-ci il tarixli qətnamə ilə yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 11.459,41 ABŞ dolları, əsas kredit borcuna müqavilə müddətində hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 8.519,19 ABŞ dolları, müqavilənin bitdiyi 29.09.2018-ci il tarixdən 20.11.2020-ci il tarixədək olan müddət üçün illik 5 faiz ilə hesablanmış əldən çıxmış faydanın ödənilməsi məqsədi ilə 1.236 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.145 ABŞ dolları (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun borcalan Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulmasını qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, mənzilin satışı haqqında qərar qəbul edilməsi Cavabdeh1 mülkiyyətdən, digər cavabdehləri isə yeganə yaşayış yerindən məhrum edir. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Çünki Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi işin mübahisəsiz olaraq təsdiq olunmuş halıdır. İşə baxmış Rayon Məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması ilə bağlı düzgün dəyərləndirmə aparmışdır. Belə ki, “İpoteka haqqında” qanunun 59-cu maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli Qərarı ilə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı təsbit edilmişdir. Həmin Siyahının 1-ci bəndinə görə, bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Bununla yanaşı, Siyahının qeyd hissəsində göstərilir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Göründüyü kimi, cavabdehlər yuxarıda göstərilən Siyahının qeyd hissəsini nəzərə almamışlar. Bununla da, müəyyən olunur ki, Bankın tələbinin ipoteka predmeti olan mənzilə yönəldilməsini istisna edən hər hansı bir hal mövcud deyil. Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi əsaslıdır. Apellyasiya şikayətində daha sonra qeyd edilir ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə Cavabdeh3 adını Cavabdeh3 qızı kimi düzgün yazmamaqla sonuncunu alçatmışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, apellyasiya baxışı zamanı müəyyən edildi ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə məhkəmə baxışında iştirak edən şəxslərin adlarını yazarkən həqiqətən də, bu kimi yazı xətasına yol vermişdir. Məhkəmə hesab edir ki, bu kimi yazı xətası texniki səhv nəticəsində baş vermiş və hər hansı bir şəxsi alçatmaq üçün qəsdən edilməmişdir. Digər tərəfdən Məhkəmə bildirir ki, bu kimi texniki səhvin mövcudluğu Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10665/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10665/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver