Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10942/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı 3-cü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3858/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı 3-cü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC-dən və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Cavabdeh1 ASC-də əsassız borcuna silinmiş 2.577,74 manat məbləğində olan pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində cavabdehlərdən tutulmalı olan pul məbləğinin 2.577,74 manat deyil 2.265,99 manat kimi qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı 3-cü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan verdiyi şikayət Məhkəmənin 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətini müdafiə edərək onun təmin olunmasını, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarına əsasən Cavabdeh1 ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv olunmuş və bankın müflis elan olunması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qətnaməsinə əsasən Cavabdeh1 ASC müflis elan olunmuşdur. Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən borclu müflis elan olunarkən: -bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; -borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; -qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 ASC ləğv prosesində olduğundan, bankın adından yalnız ləğvedici tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olduğundan, banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırıldığından, bank barəsində məhkəmə icraatına başlanılmadığından, o cümlədən, banka qarşı bütün tələblər yalnız qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürüldüyündən, bununla da Cavabdeh1 ASC-yə qarşı iddia tələbinə məhkəmədə baxılmalı olmadığından İddiaçı Cavabdeh1 ASC-yə qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Bundan başqa “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarına əsasən “..bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.” “Banklar haqqında” Qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13.06.2020-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. “Banklar haqqında” Qanunun 71.3-cü maddəsində göstərilmişdir ki, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 71.4-cü maddəsində göstərilmişdir ki, Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. “Banklar haqqında” Qanunun 72-ci maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Həmin Qanunun 76.1-ci maddəsinə müvafiq olaraq müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Həmin Qanunun 77.1-ci maddəsində göstərilmişdir ki, Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. “Banklar haqqında” Qanunun 77.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Həmin Qanunun 72.1.3-cü maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Eyni Qanunun 77-ci maddəsində göstərilmişdir ki, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələblər isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). Belə olan halda, kreditorların siyahıları təsdiq edildiyindən iddiaçı hazırki iddia tələbi ilə «Banklar haqqında» Qanunun 77-ci maddəsi nəzərə alınmaqla tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 261.0.8-ci maddəsinə əsasən hakim işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa iş üzrə icraata xitam verir. Kollegiyanın qənaətinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qətnaməsinə əsasən Cavabdeh1 ASC müflis elan olunmuşdur. Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. İddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə də bankı müflis elan etmiş məhkəmədə baxıldığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə yuxarıda göstərilən qanunvericiliyin tələbinə əsasən tam qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3858/2021 saylı, 24 avqust 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10942/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10942/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver