Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11042/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3096/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6600 manat sığorta ödənişinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3096/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirmiş, bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız iddiaçı məhkəməyə göndərdiyi ərizədə səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəki 19 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 003119 saylı arayışından görünür ki, İddiaçı Çernobıl AES-də hərbi xidmət vəzifəsini yerinə yetirilməsinə görə ikinci qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında İddiaçı müayinəyə dair məlumatından görünür ki, İddiaçı postradiasion ensefalopatiya, qabarıq asteno nevrotik sindrom, tez-tez baş verən vegetativ paroksizmlərlə epilepsiya, ÜİX, gərginlik stenokardiyası, İİ f/s diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 31.03.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Sizə 1986-cı ildə Çernobıl AES-da baş vermiş hadisə zamanı aldığınız əlillik dərəcəsi ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığınız ərizənizə baxıldı. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını tənzimləyən bu Qanun Sizə şamil edilmir və ona görə də Sizə Qanunda nəzərdə tutulmuş sığorta məbləğinin verilməsi qeyri mümkündür. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” 6 dekabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununu nəzərdən keçirərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Rayon məhkəməsi hesab etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu iddiaçıya şamil olunmadığından, iddia təmin edilə bilməz. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa görə, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər (maddə 2). “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” 6 dekabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsi ilə bağlı münasibətlər bu Qanunla, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların pensiya təminatı haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Çernobıl qəzası nəticəsində onların səhhətinə dəymiş zərərin tam əvəzini almaq, güzəştli tibbi xidmətdən istifadə etmək, radioaktiv maddələrlə çirklənmiş ərazidə işə görə kompensasiya və güzəştlər almaq hüququna malikdirlər. Belə olan halda müəyyən olunur ki, qeyd edilən Qanunda iddiaçı və eyni statuslu şəxslərin sosial müdafiəsi üçün yetərli kompensasiya və güzəştlər almaq hüququ nəzərdə tutulmuşdur. Nəticə: Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan və hazırkı işin hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə tam haqlı olmuş, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3096/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-11042/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11042/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver