Məhkəmə qərarları › İş №2(103)-1137/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1137/2021

12.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1137/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli qətnamədən iddiaçıların birgə verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ər-arvad olan iş üzrə iddiaçılar, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2344, bina № 136 “A”-da yerləşən 49 saylı mənzilinə dair (hazırki iş üzrə tərəf olmayan) X2 ilə Cavabdeh1 arasında bağlanmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi, cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları, onların (iddiaçıların) isə yetkinlik yaşına çatmayan övladları ilə birlikdə mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi əsasında mülki işə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, iddiaçıların mübahisəli mənzilə köçürülmələrini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Həmin qətnamədən narazı qalmış iddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin olunmayan hissəsində ləğv olunmasını və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər də qətnamədən apellyasiya şikayəti vermişlər. Bu apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia ərizəsinin təmin olunmuş hissəsinin ləğv edilməsi və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətlərinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)- 12745/2019) ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin iddianın İddiaçı2 münasibətdə təmin edilən hissəsinin ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməməsini, cavabdehlərin mübahisələndirdikləri qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdeh F.Quliyevanın verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar (İş № 2(102)-2041/2020) ilə kassasiya şikayətini qismən təmin etmiş, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməni İddiaçı1 aid hissəsində ləğv etmiş və işi həmin hissədə yeni apellyasiya baxışına qaytarmışdır. Göstərilən səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən mülki işə İddiaçı1 mübahisəli mənzilə köçürülməsi hissəsində apellyasiya qaydasında yenidən baxılır. Mülki işə yenidən baxan Məhkəmə qeyd edir ki, iddia tələbi apellyasiya baxışının predmeti olan hissədə onunla əsaslandırılmışdır ki, iddiaçıların Ordubad şəhərində yaşadıqları ev İddiaçı1 ana tərəfdən babasının adına olmuşdur. Həmin ev çox kiçik olduğundan İddiaçı1 evi satıb həmin pulun üstünə pul əlavə edib daha böyük evi öz adına almışdır. İddiaçı1 həmin vaxt işi yaxşı olduğundan o, Bakı şəhərində mənzil olmaq istəmişdir. İddiaçı1 bacısı (hazırki iş üzrə cavabdeh) Cavabdeh1 ona təklif etmişdir ki, Bakıda alınmalı mənzili analarının - X1 adına alsın. İddiaçı1 təklif ilə razılaşaraq (mübahisəli) mənzili analarının adına almışdır. Bundan sonra İddiaçı1 anasının arzusu ilə Ordubaddakı yaşadıqları evi 30.000 manata satmış, həmin puldan 18.000 manatı Cavabdeh1 vermişdir. Qalan 12.000 manatı isə İddiaçı1 (mübahisəli) mənzilin təmirinə yönəltmiş və təmiri bitirib anasıgili mənzilə göçürmüşdür. 2020-cu ildə İddiaçı1 ilə İddiaçı2 nikaha daxil olmuş və İddiaçı1 İddiaçı2 mübahisəli mənzilə gəlin gətirmiş və onlar A.Cabbarova ilə birlikdə həmin mənzildə yaşamışlar. A.Cabbarova həmişə deyirdi ki, həmin mənzil İddiaçı1 məxsusdur. İddiaçı1 bacısı Cavabdeh1 bir müddət sonra İddiaçı1 ilə münasibətləri kəsmiş və analarına İddiaçı1 ilə ünsiyyət saxlamağa qoymamışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli mənzil İddiaçı1 məxsusdur. Buna görə də, İddiaçı1 mənzilə köçürülməlidir. Apellyasiya baxışının predmeti olan hissədə iddia tələbinə qarşı cavabdehlərin etirazı və apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılır ki, İddiaçı1 ailəsi ilə birlikdə 1994-cü ildə Rusiya Federasiyasına köçərək orada yaşamağa başlamışdır. Ötən müddət ərzində İddiaçı1 anaları Afaq Cabbarovaya qarşı olduqca laqeyd olmuş, onun heç bir qayğısını çəkməmişdir. Hətta anası 2017-ci ildə xəstələnəndə cavabdehlərin təkidlərindən və telefondan göndərdiyi davamlı sms mesajlarından sonra üzə düşüb Azərbaycana qayıtmışdır. İddiaçı1 bu kimi münasibəti ilə bağlı irad tutulması səbəbindən İddiaçı1 ilə cavabdehlər arasında mübahisə də yaranmışdır. Bunlara və iş materiallarına əsasən müəyyən edilir ki, mübahisəli mənzil İddiaçı1 məxsus olmamış, o, mübahisəli mənzildə yaşamamış və onun mənzillə dair hər hası hüququ yaranmamışdır. İş üzrə Cavabdeh1 apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətin dəlilərini müdafiə etdi və apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçılar və digər cavabdeh Cavabdeh2 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, “Avand” Mənzil Tikinti Kooperativi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edilmiş “xxxx” görünür ki, MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2344 ünvanda inşa edilmiş 136 “A” №-da yerləşən 49 saylı mənzilin dəyəri kooperativ üzvü olmuş (İddiaçı1 ilə cavabdeh F.Quliyevanın anaları, hazırki iş üzrə tərəf olmayan) X2 tərəfindən MTK-ya tam ödənilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən mənzilə dair verilmiş 007294 saylı “Orderdən” görünür ki, order, həmin İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 144 nömrəli sərəncamı əsasən Afaq Cabbarovanın mənzilə köçməsi üçün verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən görünür ki, mənzil ilkin olaraq xx.xx.2012-ci il tarixdə Afaq Cabbarovanın mülkiyyətində olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. xx.xx.2013-cü il tarixli “Bağışlama müqaviləsi” əsasında Afaq Cabbarova mənzili öz övladı, iş üzrə cavabdeh X3 bağışlamış və bundan sonra, mənzil, mülkiyyətində olan daşınmaz əmlak kimi reyestrdə sonuncunun adına qeydiyyata alınmışdır. “Xətai 12” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildə heç vaxt yaşamamışlar. Göstərilənlərə və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən müəyyən olunur ki, mübahisəli mənzil 2005-ci ildə orderlə İddiaçı1 anası A.Cabbarovanın adına rəsmiləşdirilmişdir. xx.xx.2013-cü il tarixli “Bağışlama müqaviləsi” əsasında A.Cabbarova mənzili digər övladı, iş üzrə cavabdeh F.Quliyevaya bağışlamışdır. İddiaçı1, ona aid hissədə iddia tələbinin əsası kimi bildirir ki, o, anası və öz ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. İddiaçı1 bildirdiyi məlumatlar əsas götürüldüyü halda müəyyən edilir ki, İddiaçı1 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən mənzildə yerləşən yaşayış sahəsindən istifadə etməkdən ibarət hüququ yaranmışdır. Bu hal Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir (§ 27). Eyni zamanda nəzərə alınmalıdır ki, Ali Məhkəmənin qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı1 9 il ərzində davamlı olaraq başqa yerdə yaşaması, mübahisəli mənzilə münasibətdə müvəqqəti imkansızlıq halı kimi qəbul edilə bilməz. Eyni zamanda İddiaçı1 2010-cu ildən keçən 9 ilə yaxın müddət ərzində sözügedən mənzildən iradəsi əleyhinə çıxarılmasına, onun mənzildə yaşamaq hüququnun cavabdehlər tərəfindən mümkünsüz edilməsinə, mənzilə köçməyə cəhd göstərməsinə (aidiyyəti dövlət orqanlarına müraciət etmək, iddia qaldırmaq və s.) dair məlumatlar işdə aşkar edilmir. Əksi sübut edilmədiyinə qədər, bu hallar İddiaçı1 iradəsi əleyhinə deyil, könüllü və daimi olaraq başqa yerdə yaşamasına dəlalət edir (§ 36). Göründüyü kimi, İddiaçı1 mübahisəli mənzildə uzun müddət yaşamaması artıq məhkəmə qərarı ilə müəyyən edilmiş haldır. İddiaçı1 isə öz növbəsində həmin ildən sonra sözügedən mənzildə daimi olaraq yaşaması və özünün mənzil ehtiyacını məhz oradan qarşılamasına dair mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, müəyyən edilir ki, İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, 9 il ərzində ailəsi ilə birlikdə davamlı olaraq başqa yerdə yaşamış, həmin vaxtdan indiyədək onun yaşayış sahəsindən istifadə zərurəti başqa mənzil hesabına təmin olunur. Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-nin 217.2-ci maddəsinin tələbini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə” dair xx.xx.2001-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyini, iş üzrə tərəflər arasında mübahisənin 2019-cu ildə yaranmasını nəzərə alaraq hesab edir ki, mübahisə Mülki Məcəllənin 228-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə” dair xx.xx.2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinə görə əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi halında ona xitam verilməsinin şərtləri qanunvericilikdə müəyyən olunmamışdır. Mülki Məcəllənin 228.2-ci maddəsinin ikinci cümləsinin mənasına görə isə bu hüquqa xitam verilməsi kompensasiya verilməklə mümkündür. Ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Nəticədə belə qərara gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Habelə keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə yuxarıda göstərilən normaların tələblərini, habelə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmiş mövqeyi nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzili könüllü olaraq və daimi əsaslarla tərk etmiş və ailəsi ilə birlikdə doqquz ildir ki başqa yaşayış yerində yaşayır. Bu səbəbdən də həmin mənzilə olan istifadə hüquqlarını həyata keçirmir və onun mübahisəli mənzilə olan ehtiyacı aradan qalxmışdır. Bu səbəbdən Məhkəmə hesab edir ki, İddiaçı1 mübahisəli mənzilə köçürülməsi nəticəsinə gəlmiş Rayon Məhkəməsi səhvə yol vermiş və həmin hissədə əsassız qətnamə qəbul etmişdir. İddiaçı1 həmin yaşayış sahəsindən köçməsi və uzun müddətdir ki, orada yaşamaması işin faktiki halları ilə təsdiq olunur. Buna görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi apellyasiya baxışının predmeti olan hissədə əsassızdır. Göründüyü kimi, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. MPM-nin 385.1-ci maddəsinə görə isə, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti apellyasiya baxışın predmeti olan hissədə təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və İddiaçı1 mübahisəli mənzilə köçürülməsi tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı1 mübahisəli mənzilə köçürülməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 136a saylı evin, 49 saylı mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar