Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11485/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-16/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-16/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 8321.11 ABŞ dolları əsas borc, 3883.19 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, cəmi 12404.30 ABŞ dolları borc (ödəniş günü ABŞ follarının manata məzənnəsi ilə manatla) və 30 manat ödənilmiş dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması; iddianın qalan hissədə təmin olunmaması; Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (yüz) manat ekspertiza tədqiqatı dəyərinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilib iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi 2104,48 USD cərimənin azaldaraq 200 USD etməsi ilə 467-ci maddədə göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafələrini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Bundan başqa həmin maddə məhkəməyə yalnız dəbbə pulunu azalda bilər. Birinci instansiya məhkəməsi əsaslandırmadan, yalnız ekspert rəyinə istinad edərək əsas və faiz borclarını azaltması Mülki Məcəllənin 467-ci maddəsinin bu rakursdan da pozulmasına gətirib çıxarmışdır. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi əsas və faiz borclarını azaldarkən 06 iyul 2021-ci il tarixli 9/3086 saylı ekspert rəyinə istinad edib, lakin birinci instansiya məhkəməsi özünün bu istinadını əsaslandırmayıb. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarış və maliyyə arayışı var. Ödəniş qrafikində bankın müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər qeyd edilir. Bu borclar peşəkar maliyyəçilər tərəfındən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikirdi və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı) Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyinə bu cür əsaslandırmadan, sadəcə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özünü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfındən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1- ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarını da riayət etməmiş olurdu. Bu istinadı ilə birinci instansiya məhkəməsi qətnamə çıxararkən məhkəmə iclasına tədqiq olunmamış sübuta əsaslanıb ki, bununla da Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin 4-cü bəndinin tələblərinə riayət etməmişdir. Göründüyü kimi, ekspert rəyi məhkəmənin gəldiyi nəticə üçün digər sübutlar ilə eyni hüquqi qüvvəyə malikdir. Həmçinin ekspert rəyi əsassız olduğu halda təkrar ekspertiza təyin edilə bilər. Yəni məhkəmə ekspert rəyini araşdırmadan onu mötəbər sübüt kimi qiymətləndirib, hüquqi qüvvəsinə görə digər sübutlardan üstün tutub, gəldiyi nəticədə tək ekspert rəyinə əsaslanmaqla haqlı deyil. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və digər Cavabdeh2 məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1, 739.2, 467-ci maddələrinə istinad edərək qənaətin ibununla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermiş, o, isə öz öhdəliklərinə əməl etməmişdir. Digər Cavabdeh2 isə zaminlik öhdəliklərinə əməl etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 18.07.2014-cü il tarixli 355-14 USD saylı kredit müqaviləsi üzrə 2104.48 ABŞ dolları məbləğində cərimənin tələb olunması Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azaldılmalıdır. Məhkəmə mühasibatlıq ekspertizasının 06.07.2021-ci il tarixli 9/3086 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.07.2014-cü il tarixli 355-14 USD saylı kredit müqaviləsi üzrə Cavabdeh1 18 yanvar 2017-ci il tarixə (müqavilə müddətini bitdiyi tarixə) banka olan borcu ümumilikdə 12.204.30 ABŞ dolları müəyyən edilir. O cümlədən: 8321.11 ABŞ dolları əsas, 3883.19 ABŞ dolları faiz borcu mövcuddur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə də təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, əsas və faiz borcu və dəbbə pulunun azaldılması hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin mübahisələndirilən hissədə faktiki əsası (faktiki hallar) tələbin həmin hissələrdə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, birinci instansiya məhkəməsində tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən də istifadə edilmişdir. Ekspert də də iş materialına əlavə edilmiş sübutlardan istifadə etməklə rəy vermişdir. Lakin iddiaçı ekspert rəyinin özünü mübahisələndirir. Məhkəmə qərar qəbul edərkən ekspertin əsas və faiz borc barədə müəyyən etdiyi məbləği nəzərə almış, yəni tələb edilən əsas və faiz borcunun məbləği ilə, ekspertin müəyyən etdiyi məbləğ fərqli olduğundan ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. İddiaçı borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edildiyini göstərsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istər-istəməz artırmaqda maraqlı ola bilərlər. Bu sənədlərin də xüsusi biliyə malik ekspert tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər. Ekspert bilə-bilə yalan verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin də əsası yoxdur. İkincisi, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, borcalanın da əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu ilə yanaşı, həm də cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz borcalanın vəziyyətini ağırlaşdırmaya bilməz. Ona görə də cərimə hissəsində də şikayətin dəlili əsassız olduğundan təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-16/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11485/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11485/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver