Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11498/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarma, hasarın sökülməsi və əvvəlki vəziyyətə gətirilməsi, kanalizasiya quyusunun bağlanması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasarın sökülməsi, torpaq sahəsindən çıxarılması, hasarın əvvəlki vəziyyətə, yəni evinin divarından cavabdehin torpaq sahəsinə doğru 7 metr aralıda tikilməklə əvvəlki vəziyyətə gətirilməsi, boş (neytral) sahədən birtərəfli istifadəyə son qoyulması və boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin yan tərəfindən İddiaçı məxsus torpaq sahəsində mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasarın sökülməsi, 208.78 kv.m. torpaq sahəsindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması, hasarın əvvəlki vəziyyətə gətirilməsi və boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evi atası X1 məxsus olmuş, bağın tikili ilə birlikdə 217.8 kv.m torpaq sahəsini ona bağışlamış, həmin sahəyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən adına 27 sentyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra orada yenidənqurma işləri aparmaqla tikilini əsaslı təmir etmişdir. Bağ evinin şimal hissəsində yerləşən cavabdehə məxsus 7 a saylı bağ evinə aid torpaq sahəsi ilə ona aid torpaq sahəsinin arasında təxminən 7 metr enində və 30 metr uzunluğunda ümumi istifadədə boş (neytral) sahə olmuş, həmin boş sahə cavabdehə aid hissədən tor məftillə çəpərə alınmış vəziyyətdə olmuşdur. Cavabdeh bir neçə il bundan əvvəl, əvvəllər tor məftillə çəkmiş olduğu çəpəri sökərək ərazini qanunsuz olaraq öz torpaq sahəsinə qatmış, evinin divarının lap yaxınlığında müxtəlif ağaclar əkmiş, bağ evinin özünə aid torpaq sahəsində deyil, həmin neytral sahədə evinin arxasında divardan təxminən 3 metr aralıda kanalizasiya quyusu tikmişdir ki, bu da evinin arxa hissəyə açılan nəfəsciklərdən evinin içinə qoxunun daxil olmasına səbəb olmuş, həmçinin evinin arxa hissəsinə keçə bilmir ki, bu da onu evinin arxa tərəfində olan hər hansı bir xoşagəlməz hadisənin baş verməsi məqamında təhlükəsizlik tədbirlərinin görülməsi hüququndan məhrum etmişdir. Habelə, ona məxsus torpaq sahəsinin evinin divarı boyunca təxminən 15 metr uzunluğunda sütunlar da daxil olmaqla 40 sm ərazisinə girməklə mişar daşından qanunsuz olaraq onun icazəsi və razılığı olmadan hasar tikməklə torpaq sahəsini zəbt etmişdir. Aralarında olan münaqişənin dinc yolla həlli üçün atdığı addımlar nəticəsiz qalmışdır. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin yan tərəfindən İddiaçı məxsus torpaq sahəsində mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasar sökülərək, 208.78 kv.m. torpaq sahəsindən cavabdehin çıxarılması, hasarın əvvəlki vəziyyətə gətirilməsi və boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin yan tərəfindən İddiaçı məxsus torpaq sahəsində mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasar sökülərək, 208.78 kv.m. torpaq sahəsindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması, hasarın əvvəlki vəziyyətə gətirilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin arxa tərəfində boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusu Cavabdeh vəsaiti hesabına qapadılması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən 27.09.2017-ci il tarixli RX1131053 saylı çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən 15.01.2010-cu il tarixli MA0034395 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ev 7a Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3046 nömrəli, 16 fevral 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1nin torpaq sahəsi ilə faktiki istifadə etdiyi sahə üst-üstə düşür. Bu səbəbdən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanı Cavabdeh tərəfindən istifadə olunmur. Mübahisə predmeti olan daş hasarın uzunluğu 15 metr, hündürlüyü isə 2.80 metrdir. Daş hasar mişar daşından inşa edilmişdir. Sözügedən daş hasar faktiki olaraq iddiaçı və cavabdehin istifadə etdiyi torpaq sahələrini birbirindən ayırır. Daş hasarın inşasına dair mülki iş materiallarında hər hansısa bir layihə sənədi aşkar edilməmişdir. Bundan əlavə qeyd olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71-ci maddəsində qeyd olunur: ortaq divarlar (iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar) şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. ünvan 1nin arxasında yerləşən kanalizasiya quyusu İddiaçı öz əmlakından istifadəsinə hər hansı maneə yaratmır. Sözügedən bağ sahələrinin hər birinin ayrıca çıxış qapısı mövcuddur. ünvan 1nin arxasında yerləşən 208.78 kv.m. sahə Cavabdeh tərəfindən istifadə olunur. ünvan 1nin arxasında yerləşən kanalizasiya quyusu həmin bağ evinə 3.5 metr məsafədə yerləşir. Həmin kanalizasiya həyətyanı torpaq sahəsində qazılmış və çirkab suların axıdılması üçün istifadə olunur. AzDTN 2.6-1-in 4.13-cü bəndinin qeyd hissəsində göstərilmişdir: Həyətyanı sahəsi olan tikililər rayonunda yaşayış evinin pəncərələrindən, otaqlarından, mətbəxindən və şüşəbənddən qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarınadək olan məsafə, yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə, yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla, 6 mdən az olmamalıdır. Birinci instansiya məhkəməsində 30 sentyabr 2020-ci il tarixdə İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinə və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinə və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 7 a saylı bağ evinə yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələri bir-birindən inşa edilmiş daş hasarı ilə ayrılmış, iddiaçının mülkiyyətində olan evin arxasında yerləşən sahə cavabdeh tərəfindən istifadə olunur, evin arxasında yerləşən kanalizasiya quyusu həmin bağ evinə yaxın məsafədə yerləşir, həmin kanalizasiya quyusu cavabdehin həyətində qazılmışdır. Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 7 a saylı bağ evinə baxış keçirilən zamanı iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin bir-birindən inşa edilmiş daş hasarı ilə ayrılması, cavabdehin mülkiyyətində olan evin həyətində kanalizasiya quyusunun iddiaçının bağ evinə yaxın məsafədə yerləşdiyi, həmin kanalizasiya həyətyanı torpaq sahəsində qazıldığı və cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71-ci maddəsinə əsasən, ortaq divarlar (iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar) şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. İş üzrə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin yan tərəfindən İddiaçı məxsus torpaq sahəsində mişar daşından 15 metr uzunluğunda 2.80 metr hündürlüyündə hasar inşa edilmişdir. Məhkəmə hesab edir ki, sözügedən hasarın tikinti norma və qaydalarını pozmaqla, nəzərdə tutulmuş hündürlükdən artıq inşa olunduğu, həmçinin hər iki qonşunun tələbatlarına uyğun olmamaqla iddiaçının öz əmlakından sərbəst istifadə hüququnu pozduğu iş üzrə öz təsdiqi tapır və onun sökülməsi barədə qərar qəbul edilməlidir. Bundan əlavə, ünvan 1nin arxasında bağ evinə 3.5 metr məsafədə cavabdeh tərəfindən kanalizasiya quyusu inşa edilmişdir. Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 2.6-1-in 4.13-cü bəndində göstərilir ki, həyətyanı sahəsi olan tikililər rayonunda yaşayış evinin pəncərələrindən, otaqlarından, mətbəxindən və şüşəbənddən qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarınadək olan məsafə, yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə, yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla, 6 mdən az olmamalıdır. Göründüyü kimi, mübahisəli kanalizasiya quyusu 6 metrlik ara məsafəsini pozmaqla inşa edilmiş və iddiaçının qanunla müəyyən olunan hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə yekun nəticəyə gəlmişdir ki, həmin kanalizasiya quyusu qapadılmasına dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mübahisə predmeti olan ünvanda yerləşən hasarın və kanalizasiyanın inşa edilməsinə cavabdehin hüququ olmamışdır, həmin tikili iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, hasar sökülərək əvvəlki vəziyyətinə gətirilməli, cavabdeh 208.78 kv.m. torpaq sahəsindən ailə üzvləri ilə birlikdə çıxarılmalı, boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11498/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11498/2021
23.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver