Məhkəmə qərarları › İş №2(103)-11845/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11845/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11845/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı Bank "xxxx" ASC-yə və “X1 Mərkəzi” MMC-yə qarşı “satış protokolunun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən Bank "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC-yə (bank) və “X1 Mərkəzi” MMC-yə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən 16 saylı mənzilə dair MMCnin 15 oktyabr 2020-ci il tarixdə tərtib etdiyi YP-011 saylı satış protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında ona yaşayış sahəsinin alınması üçün həmin bank tərəfindən 47 000 manat məbləğində ipoteka krediti ayrılmış, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, ondan 40 807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla cəmi 41 736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra orada qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57 000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin qətnamədən tərəfindən apelyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsində apelyasiya şikayətinə baxıldığı zaman iddiaçı bankın nümayəndəsi ərizə ilə müraciət edərək iddiadan imtina etmiş, Gəncə Apelyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə icraata xitam verilmişdir. "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğv edilmiş, İpoteka və Kredit Zəmanət Fondu ilə Bank "xxxx" ASC arasında imzalanmış xidmət müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən ipoteka və kredit zəmanət fondunun xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi Gəncə Apelyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadı ilə ləğv olunmasına baxmayaraq qanunsuz olaraq icraya yönəldilmiş, Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və ünvan 1, 16 saylı mənzilin satılması üçün “X1 Mərkəzi” MMC-nə sifariş verilmişdir. Bundan sonra onun xəbəri olmadan hərrac keçirilmiş, Bank "xxxx" ASC mənzili almışdır. Hərracın keçirilməsi və onun nəticələri barədə Bank "BTB” ASC-nin əməkdaşları və Maraqlı şəxs2 icra məmurları mənzilinə gələrək əşyaları boşaltmağa başladığı zaman məlumatlı olmuşdur. Hazırda mənzilin əşyaları tələbkar tərəfindən çıxarılmışdır və mənzilə sahibliyi Bank "xxxx" ASC edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktybar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Bank "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apelyasiya şikayətinə baxılarkən "xxxx" ASC-nin nümayəndəsinin iddiadan imtina etməsinin qanunsuz olduğunu nəzərə almadığı, Gəncə Apelyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadından kassasiya şikayəti verildiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış Bank "xxxx" ASC-nin, eləcə də “X1 Mərkəzi” MMC-nin, Maraqlı şəxs2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, eyni zamanda Gəncə Apelyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadından Bank "xxxx" ASC-nin verdiyi kassasiya şikayətinin qeyri-mümkün hesab edildiyini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı qarşı iddia tələbi qismən təmin edilmiş, Faqi Məmmədovdan 40 193,54 manat əsas, 419,88 manat faiz borcu olmaqla cəmi 40 613,42 manat kredit borcunun, 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək mənzilin hərrac yolu ilə satılması, kredit borcunun bu əmlakın dəyərindən tutulması, ipoteka predmeti olan evin ilkin satış qiymətinin 55 700 manat müəyyən edilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində orada yaşayan İddiaçı və digər şəxslərin həmin evdən çıxarılmaları qət edilmişdir. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, həmin qətnamə 01 dekabr 2015-ci il tarixdə icraya yönəldilmiş, Maraqlı şəxs2 icra məmuru 22.12.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, 25.12.2015-ci il tarixdə icra məmuru tərəfindən "xxxx" MMC-nə ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin hərracdan satışının təşkil edilməsi barədə sifariş verilmiş, adı çəkilən MMC tərəfindən 01.06.2016-cı il və 06.07.2016-cı il tarixlərdə keçirilən hərraclarda əmlak satılmadığından icra sənədi 19.07.2016-cı il tarixli məktubla Maraqlı şəxs2nə geri qaytarılmışdır. Bununla yanaşı iş materiallarından aydın olur ki, 20.08.2018-ci il tarixdə Maraqlı şəxs2nə məktub ünvanlayan Bank "xxxx" ASC-nin nümayəndəsi əmlakının satışının təşkil olunmasını xahiş etmiş, icra şöbəsi tərəfindən əmlakın satışının təşkil edilməsi üçün “X1 Mərkəzi” MMC-nə 12.08.2020-ci il tarixli məktubla sifariş verilmiş, həmin MMC tərəfindən 09.09.2020-ci il və 30.09.2020-ci il tarixlərdə hərraclar keçirilmiş, 15.10.2020-ci il tarixli protokolla əmlak, hərracların baş tutmadığı əsas göstərilməklə 35 508,75 manata Bank "xxxx" ASC-nə satılmışdır. İş materiallarından həmçinin aydın olur ki, Gəncə Apelyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi iddiaçının nümayəndəsinin iddia tələbindən imtina etməsi səbəbilə ləğv edilərək həmin işin icraatına xitam verilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi hərrac, sonradan ləğv olunmuş qətnamə əsasında həyata keçirilmiş, bununla belə həmin qətnamənin ləğvi özü-özlüyündə tərəflərin əvvəlki vəziyyətə qayıtmaları nəticəsinə (icrada geri dönüşə) səbəb olmamışdır. Bu səbəblə kollegiya hesab edir ki, sözügedən hərracın nəticəsinin etibarsız hesab olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır və bilavasitə qanunun tətbiqi zərurətindən irəli gəlir. Belə ki, “İcra haqqında” Qanun yalnız qanuni qüvvəyə minmiş qətnamənin icrasını mümkün hesab edir; həmin qanunun 20.1.4-cü və 22-ci maddələrində isə icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarının ləğv edilməsi halında icra sənədi üzrə icraata xitam verilməli olduğu və icra məmurunun təyin etdiyi bütün icra tədbirlərinin ləğv edilməsinin zəruriliyi nəzərdə tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi sonradan ləğv edildiyindən, ləğv olunmuş qətnamə əsasında həyata keçirilmiş icra tədirləri qüvvədə saxlanıla bilməz. Gəncə Apelyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadından kassasiya şikayəti verildiyi ilə bağlı Bank "xxxx" ASC-nin apellyasiya şikayətində irəli sürülən arqumentlə bağlı kollegiya qeyd edir ki, elektron məhkəmə sistemindən əldə olunan məlumatla, həmin şikayətin Ali Məhkəmənin 26.11.2021-ci il tarixli qərarı ilə qeyri-mümkün hesab edildiyi müəyyən olunmuşdur. Kollegiya onu da qeyd edir ki, iddiaçının əmlakı barəsində "xxxx" MMC tərəfindən 01.06.2016-cı il və 06.07.2016-cı il tarixlərdə keçirilən hərracların baş tutmamasından və icra sənədinin 19.07.2016-cı il tarixli məktubla Maraqlı şəxs2nə geri qaytarılmasından sonra, həmin əmlakla bağlı yenidən hərracların keçirilməsi ümumiyyətlə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. “İpoteka haqqında” Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il il tarixli qərarında məsələ ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir”. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bank "xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6600/2021 saylı iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi Bank "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Bank "xxxx" ASC-yə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar