Məhkəmə qərarları › İş №2(103)-12011/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12011/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12011/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7175/2021 saylı 10.11.2021-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 05 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə 05.02.2010-cu il tarixdən 10.08.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə (beş faiz) hesablanmış 10.666,69 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7175/2021 saylı, 10.11.2021-ci il tarixli qərardadı ilə, İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı ASC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin 2010-cu il tarixdə qəbul edilməsinə baxmayaraq, 24.08.2018-ci il tarixdə qismən icra edilmiş, qətnamə üzrə qalan borc məbləği isə Cavabdeh tərəfindən hazır ki, dövürə kimi icra edilməmişdir.Binəqədi rayon məhkəməsinin 2(001)-2853/2010 saylı 04 oktyabr 2010-cu il tarixli qətnaməsinin Cavabdeh tərəfindən vaxtında və tam icra olunmaması səbəbindən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 10666,69 (on min altı yüz altımış altı ABŞ dolları altımış doqquz sen) ABŞ dolları məbləğində borcu yaranmışdır. Bundan başqa Binəqədi rayonu məhkəməsinin 2(001)-2853/2010 saylı 04 oktyabr 2010-cu il tarixli qətnaməsi üzrə Cavabdeh borcu mövcuddur. 2(001)-2853/2010 saylı 04 oktyabr 2010-cu il tarixli qətnaməsi tam olaraq icra edilmədən əsassız olaraq qətnamənin icraatına xitam verilmişdir. Bu fakt isə məhkəmə tərəfindən tam olaraq araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Binəqədi rayonu məhkəməsinin 2(001)-2853/2010 saylı 04 oktyabr 2010-cu il tarixli qətnaməsinin tam olaraq icra olunmadığı halda əsassız olaraq qətnamənin icraatına xitam verilməsi faktı məhkəmə tərəfindən araşdırılmalı və hüquqi qiymət verilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7175/2021 saylı 22.11.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7175/2021 saylı 10.11.2021-ci tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7175/2021 saylı 10.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün mülki iş Baki şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən gəldiyi nəticəni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2853/2010 saylı, 04.10.2010-cu il tarixli qətnaməsinə əsaslanmış və gəldiyi nəticənin əsası kimi də Azərbaycan Respublikası MPM-nin 261.0.2 261.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2853/2010 saylı, 04.10.2010-cu il tarixli qətnaməsinə əsasən, “Nikoyl” İKB-nin 1 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 245/08 AK saylı 05.08.2008-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verməklə həmin müqavilənin predmeti olan borclu Cavabdeh məxsus “Toyota Prado” markalı minik avtomobilinin (**-OP-*** dövlət qeydiyyat nişanlı) açıq hərracda satılması, əldə olunmuş vəsait heabına “Nikoyl” İKB-nin xeyrinə 16.235,76 ABŞ dolları əsas borc, 2643.54 manat ABŞ dolları faiz borcu, 500 ABŞ dolları hesablanmış penya, cəmi 19.379,30 ABŞ dolları borc məbləğinin, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçı “Nikoyl” İKB-nin xeyrinə tutulması qət edilmişdir. Hazırkı iş üzrə isə iddia tələbi, 05.08.2008-ci il tarixli 245/08 AK saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən vaxtında və tam icra olunmaması səbəbindən gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanmış 10666,69 (on min altı yüz altımış altı ABŞ dolları altımış doqquz sen) ABŞ dolları məbləğində borcun tutulmasını təşkil edir. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2853/2010 saylı, 04.10.2010-cu il tarixli qətnaməsi ilə 05.08.2008-ci il tarixli 245/08 AK saylı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması tələb edilmiş, hazırkı iddia tələbi isə həmin kredit müqaviləsi üzrə əldən çıxmış faydanın tutulması təşkil edir. Belə olan halda, hazırkı iddia tələbinin predmeti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2853/2010 saylı, 04.10.2010-cu il tarixli qətnaməsi ilə baxılmış iddia tələbinin predmeti ilə eynilik təşkil etmir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun 5 dekabr 2011-ci il tarixli qərarı). Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllənin məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 09 iyun 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə icraata xitam verməklə iddiaçını məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7175/2021 saylı 10.11.2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263,264, 269, 397-398, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7175/2021 saylı 10.11.2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar