Məhkəmə qərarları › İş №2(103)-1825/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1825/2025

15.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1825/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: özbaşına inşa edilmiş tikiliyə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və mənzildən istifadə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(008)-6775/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli X2 və X5 ərizəsindən görünür ki, İddiaçı və Cavabdeh ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanda yerləşən fərdi yaşayış evində pasport qeydiyyatsız yaşamışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-595/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh və İddiaçı arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci ildə bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 boşanmadan sonra anası İddiaçı himayəsində qalması, xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat olmaqla sabit pul məbləğində aliment məbləğinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-18-8/2-2982/2024 saylı məktubundan görünür ki, Cavabdeh Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdan keçməmişdir. Abşeron rayonu S.X20 Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisənin 17 fevral 2000-ci il tarixli 6 №-li əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Abşeron Rayon İcra Hakimiyyətin 12 yanvar 1995-ci il tarixli 25№-li Qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəsislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş X9 0,1 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və mənzildən istifadə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və oğlu X3 Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozundakı fərdi yaşayış evinə köçürülməsi və evdən istifadə etməsinə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, 60 manat mediasiya xərcinin, 100 manat dövlət rüsumunun, 20 manat vəkil sorğusuna görə rüsumun və 17 saylı notariat ofisinə ödədiyi 12 manat rüsumun Cavabdeh tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixində nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X7 adlı bir uşağ doğulmuşdur. Hazırda onunla bağlanmış nikaha Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. O, ailə qurduqdan sonra cavabdeh ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Cavabdehin evinə köçərkən özü ilə cehiz aparmış, hal-hazırda da, cehizləri və digər əşyaları onun evindədir. Onun və oğlu X3 hal-hazırda yaşamağa yeri yoxdur. Cavabdehin evi Sabunçu rayonu, Ramana qəsəbəsi, südçülük sovxozunda yerləşir və sənədi yoxdur, lakin bütün komunallar, qaz, işıq, su, hər biri cavabdehin adınadır. Cavabdeh məhkəməyə etirazla müraciət edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassız olduğuna görə iddianı qəbul etmir, etiraz edir və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarmasını xahiş edir. Belə ki, iddiaçı öz iddia ərizəsində göstərmişdir ki, guya cavabdehlə xx.xx.2021-ci il tarixdə nikaha girib ailə qurduqdan sonra cavabdehlə birlikdə onun Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda yerləşən fərdi evində yaşamışdır. Özü ilə birlikdə cehiz əşyalarını da həmin evə gətirmişdir. Guya hal-hazırda oğlu Hüseynlə birlikdə yaşamağa yerləri yoxdur və ona görə göstərilən mənzilə köçürülməsini məhkəmədən xahiş edir. İddiaçının iddia ərizəsində bu göstərdikləri ağ yalandan ibarətdir və böhtandır. Belə ki, iddiaçının göstərdiyi ev və torpaq sahəsi Cavabdeh deyil, tamam başqa bir şəxsə X9 məxsusdur, evin çıxarışı yoxdur və cavabdeh həmin evdə müvəqqəti olaraq kirayədə yaşamış və evin sahibi ilə öz aralarında razılaşıb kommunal xərcləri ödəməyi cavabdeh öz öhdəsinə götürmüşdür ki, ödənməsi barədə aralarında anlaşılmazlıq yaranmasın. İddiaçı həmin evdə cəmi 9 aya yaxın müddət, yəni xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək yaşamış, bundan sonra hamiləliyi ilə əlaqədar xəstəxanaya getmiş və uşağı dünyaya gəldikdən sonra öz atası evinə getmiş və bir daha geri qayıtmamışdır. Cehizlərini isə saxlanması üçün başqa bir tanışının evinə yığmışdır və hal-hazırda da həmin evdədir. İddiaçının oğlu ilə birlikdə yaşamağa yerləri olmadığı barədə göstərdikləri də tam yalandır. İddiaçının 2 evi vardır. Biri, iddia ərizəsində göstərdiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 4090/94-cü məhəllə ev 4-dəki 7 saylı mənzil və ünvan 4 ünvandakı mənzil. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə еdərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2021-ci il tarixdə cavabdehin evinə gəlin köçərkən 50000 manatlıq cehiz almış və 2024-cü ilədək orada yaşamışdır. Nikah pozulduqdan sonra o evdən qovulub, lakin bütün əşyaları orada qalıb. Cavabdehin evin ünvanı Ramana südçülük sovxozu kimi gedir və evin çıxarışı yoxdur, lakin kommunalların cavabdehin adına məxsus olmasına dair sübut təqdim edilmişdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçı evdən qovulmamış və uşaq doğulduğdan sonra o, öz istəyi ilə evdən getmişdir. Ev cavabdehə məxsus olmadığını və orada kirayə qaldığını bildirdi. Bu faktı evin sahibi Sadıq Məmmədov təsdiq edə bilər, həmçinin onlar öz aralarında razılaşdılar ki, komunalları cavabdeh öz adına keçirtsin. Cehizlər isə başqa şəxsin evinə aparılmışdır. İddiaçının 2 evi vardır və yaşayış sahəsinə ehtiyacı yoxdur. Onlar 9 aya yaxın müddətdə birlikdə yaşadılar, uşaq doğulduğdan sonra ata evinə köçmüşdür. Əlavə olaraq bildirdi ki, iddiaçının evdən 2024-cü ildən əvvəl çıxması barədə sübut odur ki, nikahın pozulması barədə qətnamədə özü etiraf etmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(008)- 6775/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı və oğlu X3 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozundakı fərdi yaşayış evinə köçürülmələri, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin, 20 manat hüquqi yardım xidmətinin və 12 manat notariat xidməti üçün rüsumun cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyənləşdirilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozundakı fərdi yaşayış evi özbaşına tikilidir. Tərəflər arasında 2021-ci ildə nikah bağlanmışdır, 2024cü ildə isə nikaha xitam verilmişdir. İddiaçı ailə qurduqdan sonra cavabdeh ilə onun Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Hazırda iddiaçı orada yaşamır. Hazırkı iddia ilə İddiaçı mübahisəli evə köçürülməsini tələb edir. Bu işin mübahisəli olmayan hallardır. Evin cavabdehə məxsus olması və iddiaçının ora köçmək hüququnun olması işin mübahisəli halıdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu normanın göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur və iddiaçı mübahisəli evə köçürülməlidir. Belə ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi Vəkil mübahisəli evin Cavabdeh deyil, X11 adlı şəxsə məxsus olmasını bildirmişdir. Məhkəməyə bu faktı təsdiq edən sübut kimi Abşeron rayonu S.X20 Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisənin 17 fevral 2000-ci il tarixli 6 №-li əmrindən çıxarışın surəti təqdim edilmişdir. Həmin sənədin əslini təqdim edilməsinə dair məhkəmənin təklifinə baxmayaraq, sözügedən sənədin əsli təqdim edilməmişdir. Buna görə də cavabdeh tərəfindən təqdim edilən əmrdən çıxarış mötəbər sübut kimi qiymətləndirilməmişdir. Bunun əksi olaraq isə bütün kommunal xərclərin məhz cavabdehə məxsus olması elə tikilinin həqiqətən ona məxsus olduğunu göstərir. Onun kirayə qalması ilə əlaqədar kommunal xərcləri öz adına rəsmiləşdirməsi barədə dəlilini isə məhkəmə inandırıcı hesab etməmişdir. Beləliklə, İddiaçı həmin evdə yaşamaq hüququ olduğu üçün o, mübahisəli evə köçürülməlidir. Belə ki, cavabdehin sözügedən özbaşına tikiliyə hansı hüququ varsa, iddiaçının da eyni əsaslarla orada yaşamaq hüququ var. Ona görə də iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddianın mübahisəli evə X1 dair hissəsinə münasibətdə qeyd etmişdir ki, o, azyaşlıdır və məhkəmənin qətnaməsi ilə iddiaçının himayəsində saxlanılmışdır. Ona görə də, iddia bu hissədə də təmin olunmalı, iddiaçı ilə birlikdə X7 da Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozundakı fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə iddiaçının məhkəmə xərclərinin cavabdehə aid edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu, 60 manat mediasiya rüsumu, 20 manat hüquqi yardım xidməti üçün və 12 manat 17 saylı notariat ofisinə ödənildiyindən, iddia tələbi təmin edildiyindən həmin məbləğlər cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1, 180.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6775/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə” tələbinə dair iddia ərizəsilə mənkəməyə müraciət edərək onun və oğlu X3 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozundakı fərdi yaşayış evinə köçürülmə və evdən istifadə etməsinə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6775/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş İddiaçı və oğlu X3 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozundakı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X7 adlı bir uşaq doğulmuşdur. Hazırda bağlanmış onunla nikaha Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. O, ailə qurduqdan sonra cavabdeh ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Cavabdehin evinə köçərkən özü ilə cehiz aparmış, halhazırda da cehizlər, iddiaçıya məxsus digər əşyalar onun evindədir. Onun və oğlu X3 halhazırda yaşamağa yeri yoxdur. Cavabdehin evi Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşir və sənədi yoxdur, lakin kommunal, qaz, işıq, su hər biri cavabdehin adınadır. Məhkəmə yuxarıdakı qətnaməni qəbul etmişdir. Məhkəmədə iddia ərizəsinə etiraz etmişdir, və göstərmişdir ki, iddia əsassız olduğuna görə iddianı qəbul etmir, iddiaya etiraz edir və məhkəmədən iddianın təmin edilməməsi və rədd edilməsinə dair qətnamə çıxarmasını xahiş edir. Belə ki, iddiaçı öz iddia ərizəsində göstərmişdir ki, güya cavabdehlə xx.xx.2021-ci il tarixdə nikaha girib ailə qurduqdan sonra, cavabdehlə birlikdə onun Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi evində yaşamışdır. Özü ilə birlikdə cehiz əşyalarını da həmin evə gətirmişdir. Guya halhazırda oğlu Hüseynlə birlikdə yaşamağa yerləri yoxdur və ona görə də göstərilən mənzilə köçürülməsini məhkəmədən xahiş edir. İddiaçının iddia ərizəsində bu göstərdikləri ağ yalandan ibarətdir və böhtandır. Belə ki, iddiaçının göstərdiyi ev və torpaq sahəsi Cavabdeh deyil, tamam başqa bir şəxsə X9 məxsusdur, evin çıxarışı yoxdur və cavabdeh həmin evdə müvəqqəti olaraq kirayədə yaşamış və evin sahibi ilə öz aralarında razılaşıb kommunal xərcləri ödəməyi cavabdeh öz öhdəsinə götürmüş, bunu X12 məhkəmədə gəlib şahid qismində ifadə verərək təsdiq edə bilər. İddiaçı həmin evdə cəmi 9 aya yaxın bir müddət, yəni xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək yaşamış, bundan sonra hamiləliyi ilə əlaqədar xəstəxanaya getmiş və uşağı dünyaya gəldikdən sonra öz atası evinə getmiş və bir daha geri qayıtmamışdır. Cehizlərini isə saxlanması üçün başqa bir tanışının evinə yığmışdır və hal-hazırda da həmin evdədir. İddiaçının oğlu ilə birlikdə yaşamağa yerləri olmadığı barədə göstərdikləri də tam yalandır. Belə ki, iddiaçının 2 evi vardır. Biri, iddia ərizəsində göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, ev 4-dəki 7 saylı mənzil və ünvan 6 ünvandakı mənzildir. Bütün bunlara görə və AR MPM-nin 154-cü maddəsinin tələblərini rəhbər tutub, məhkəmədən İddiaçı Əidər qızının Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə tələbi”nə dair iddiasının təmin edilməməsi və tam rədd edilməsinə dair qətnamə qəbul etməsini xahiş etmiṣdir. Məhkəmə öz qanunsuz və əsassız qətnaməsində göstərmişdir ki, işin materiallarında olan Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli X2 və X5 ərizələrindən görünür ki, İddiaçı Əldər qızı və Cavabdeh ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanda yerləşən fərdi yaşayış evində pasport qeydiyyatsız yaşamışlar. Lakin məhkəmə bu yazılı sübutu qəbul edərkən hər iki şəxsin İddiaçı yaxın qohumları olmasını, işin nəticəsində birbaşa maraqlı şəxslər olmalarını araşdırmamış, həmin şəxslərin sağ olub-olmamalarını dəqiqləşdirməmiş, bu məqsədlə onları məhkəmədə şahid qismində dindirməmişdir. Ərizəni tərəflərə təqdim etməmiş, məhkəmədə elan etməmişdir. Bununla da, AR MPM-nin 62-ci maddəsinin tələblərini pozmuşdur. Abşeron rayonu S.Əliyev adına Südçülük Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli 6 nömrəli əmrinin çıxarışından görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 nömrəli Qərarına əsasən yaşayış” evlərinin fikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş X9 0,1 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Məhkəmə təqdim edilən bu sübutu araşdırmamış, X10 məhkəməyə dəvət edib dindirməmiş və bu sübutdan əsassız olaraq istifadəetməmişdir. Nəticədə iddiaçıya və cavabdehə aidiyyatı olmayan evə köçürülmə barədə qanunsuz və əsassız qətnamə çıxarmış və həmin maddənin tələblərini kobud surətdə pozmuşdur. İşin halları onu göstərir ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymətini verə bilməyib və təqdim olunan sübutlar, eləcə də digər lazımi məqamlar düzgün araşdırılmayıb. Halbuki, birinci instansiya məhkəməsi qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara AR MPM-nin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində deyilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi özü tərəfindən işin hallarını, tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməməklə yanaşı, X2 və X5 xx.xx.2024-cü il tarixli ərizəsini və X9 aid mənzilin bu mübahisəyə aid olmasını araşdırmamış və qanunsuz olaraq sübut kimi istifadə etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində əsaslandığı xüsusatlar barədə heç bir sənəd, sübut və dəlil əldə olunmamışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi xüsusatlar işin halları ilə təsdiq olunmur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin İddiaçı azyaşlı oğlu X7 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozundakı fərdi yaşayış evinə köçürülməsinə dair 2(008)-6775/2024 saylı, 15.xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi xahiṣ olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı cavabdehlə mübahisəli mənzildə birlikdə cəmisi 7 ay yaşadığını, cavabdehin həmin mənzildə kirayədə yaşadığını, ev sahibinin kirayəyə verilən mənzilin tərk edilməməsi üçün cavabdehdən qaz, işıq xərclərini ödəməsini tələb etdiyini və bu səbəbdən kommunal xərcləri cavabdehin öz adına keçirdiyini, cavabdehin hal-hazırda həmin mənzildə yaşamadığını və əmisinin evində yaşadığını bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin olunmuş iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, o, iddiaçı ilə 2021-ci ildə nikaha daxil olmuş və 7 ay müddətində mübahisəli mənzildə kirayədə yaşamış, iddiaçı ilə yaşadığı müddətdə həmin evdə hər hansı bir tikinti işi aparmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edib, şikayətin təmin edilməməsini xahiş edərək izahatında göstərmişdir ki, o, 2021-ci ildə cavabdehlə ailə qurmuş, onlar bir il mehriban yaşamışlar, o, cehiz əşyalarını hələ də mənzildən çıxarmamışdır. Cavabdeh onu xəstəxanadan çıxarmamış, o, valideynlərinin evinə getmişdir. 2022-ci ilin dekabrın 22-də cavabdeh onu evinə aparmış, iki gündən sonra cavabdehin bacısı onu evdən çıxarmış, 2023-cü ilin mart ayında o, geriyə qayıtmış, aprel ayının 1-2-si yenidən evdən qovulmuşdur. Onun qeydiyyatda olduğu ev anasına məxsusdur. Cavabdehlə mübahisəli evdə yaşadığı müddətdə həmin evdə hər hansı bir tikinti işləri aparılmamışdır. Sonuncu dəfə 2023-cü ilin aprelində evdən çıxdıqdan sonra o, geri qayıtmamışdır. Onun başqa yaşayış yeri yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunu Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarı Bənd 4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Bənd 4.12. Mülki Məcəllənin 147.1-ci maddəsinə müvafiq olaraq, torpaq sahəsi (üzərindəki tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla) ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönəlmiş tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər. Bu səbəbdən həm müqavilədən irəli gələn, həm də dövlət reyestrində aparılmış təminat qeydinə dair hüquqlar ər-arvadın ümumi əmlakına daxil olan aktivdir. Bənd 4.16. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin müəyyən olunmuş hallarına görə tərəflər xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra iddiaçı cavabdehin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozundakı özbaşına inşa olunan fərdi yaşayış evinə köçmüş, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X7 anadan olmuş, tərəflər mübahisəli evdə yaşadıqları müddətdə həmin evdə hər hansı bir tikinti işləri aparmamış, yəni iddiaçı evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmiş, tərəflərin ailə nikah münasibətləri pozulduğundan 2023-cü ilin aprel ayının əvvəlindən iddiaçı övladı ilə birlikdə mübahisəli evdə yaşamır, tərəflərin nikahı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-595/2024 saylı qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2022-ci il təvəllüdlü X7 anasının yanında saxlanmışdır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək oğlu X7 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozundakı fərdi yaşayış evinə köçürülməsinə, ona evdən istifadə etmək hüququnun verilməsinə, çəkdiyi məhkəmə xərclərinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini, nikaha daxil olduqdan sonra cavabdehə aid Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozundakı fərdi yaşayış evinə köçməsi, cehiz əşyalarını bu ünvana gətirməsi, evin sənədi olmasa da, kommunal xidmətlərin cavabdehin adına olması, oğlu ilə birlikdə yaşamağa başqa yaşayış yerinin olmaması ilə əsaslandırmışdır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi isə iddiaçının köçmək istədiyi özbaşına tikilidə hansı əsaslarla yaşamaq hüququnun yaranmasını araşdırmadan onun bu tikilidə himayəsində olan övladı ilə yaşamaq hüququna cavabdeh tərəfindən manelər yaradılması qənaətinə gələrək tələbin hüquqi əsasının Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, qorunmasına təminat verilən iddiaçının mənzil hüququnun pozulması kimi müəyyən edib iddia tələblərini təmin etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, bu norma insanı yaşamağa hüququ yaranan mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, yaranmış, mövcud olan hüquqlar məhkəmə qaydasında, yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması belə bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, özbaşına inşa olunan tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbinə əsasən, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranmasının qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməz olduğundan, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozundakı fərdi yaşayış evi iddiaçının cavabdehlə birgə nikah dövründə əməyinin və xərclərinin nəticəsinin maddi dəyəri olmadığından, bu tikilidə cavabdehlə bağladığı və qısa müddət ərzində sürən nikahı dövründə yaşaması iddiaçıya həmin tikiliyə hüququnun yaranması və himayəsində saxalanılan övladı ilə birlikdə həmin ünvana köçürülməsi üçün əsas olmadığından, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(008)-6775/2024 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilib iddia tələbləri tam həcmdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(008)- 6775/2024 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edisin. İddiaçı Cavabdeh qarşı oğlu X7 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozundakı fərdi yaşayış evinə köçürülməsinə və ona evdən istifadə etməsi hüququnun verilməsinə, mediasiya xərcinə görə 60 manatın, dövlət rüsumuna görə 100 manatın, vəkil sorğusuna görə 20 manatın, 17 saylı notariat ofisinə dövlət rüsumuna görə ödədiyi 12 manatın Cavabdeh tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar