Məhkəmə qərarları › İş №2(103)-1890/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1890/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1890/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada onun xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 7940.31 ABŞ dolları kredit, 8849.76 ABŞ dolları faiz və 6151.88 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 22.941,95 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə İddiaçı ASCnin xeyrinə Cavabdeh1 7940,31 ABŞ dolları əsas, 4944,45 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 12.934,76 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın dollara münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) borc və 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin qismən–iddianın zaminlərə münasibətdə təmin edilməyən hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, zaminlərin öhdəliklərinin qüvvədə olma müddəti məhkəmə tərəfindən düzgün nəzərə alınmamış və MM-in 477.0.4-cü maddəsi düzgün tətbiq edilməmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli zaminlik müavilələrinin 4.1-ci bəndinə əsasən, bu müqavilə uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Lakin rayon məhkəməsi sözügedən zaminlik müqavillələrinin 4.1-ci bəndini nəzərə almamışdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, kredit xətti müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixində bitidiyindən iddia zaminlərə münasibətdə təmin edilməməlidir. Halbuki, zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən kredit xətti və ya uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətində, yəni xx.xx.2021-ci il tarixədək zaminlik qüvvədədir. Bu səbəbdən, zaminlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 xx.xx.2021-ci il tarixədək Cavabdeh1 banka olan borcunun ödənilməsi üzrə məsuliyyət daşıyırlar. Bu halda, zaminlərə qarşı tələb həmin müddət çərçəvəsində olmuşdur, yəni artıq xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən bütün cavabdehlərə qarşı məhkəmə müstəvisində idda irəli sürülmüşdür. Digər zaminlər Cavabdeh3, Cavabdeh4 münasibətdə isə, onlarla bağlanmış zaminlik müqavilələrinə əsasən, müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Lakin Cavabdeh1 bank qarışısında kredit borcunun qaytarılması öhdəliyini yerinə yetirməmiş və bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Eyni zamanda, zaminlərə qarşı tələb iddia müddəti ötürməklə irəli sürülmüş olsa belə, məhkəmə tərəfindən iddia müddətinin tətbiqi ilə maddi və prossessual hüquq pozuntusuna yol verilmişdir. Belə ki, MM-in 315-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Lakin cavabdehler məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim etməmişlər. Cavabdeh1 da, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh sözügüdən kredit müqaviləsinə əsasən bankdan krediti ABŞ dolları ilə götürmüş, bundan sonra bir müddət vaxtlı-vaxtında krediti ödəmişdir. Kreditin çox hissəsi ödənilsə də, dollar bahalaşdığına görə tam ödənilməmişdir. Qətnamədə borcun miqdarı müəyyən edilsə də, cavabdehin nə qədər kredit ödəməsi, ödənilmiş məbləğin əsas və ya faiz borcuna hesablanması və fazin uzun müddət hesablanaraq yüksək həddə çatmasında iddiaçının rolunun olub-olmaması müəyyənləşdirilməmişdir. Bu halda isə, iş üçün əhəmiyyətli halların aşkar edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçiriməli və iş üzrə əsas hallar araşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək, onun təmin olunmasını, iddiaçının şikayətinin isə rədd olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər cavabehlər məhkəmə iclasına gəlmədikindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası qətnaməni, apelyatorların mübahisələndirdikləri hissələrdə yoxlamışdır. Başqa sözlə aşağıda aparılan hüquqi dəyələndirmə şikayətlərin hədləri və dəlilləri ilə bağlıdır. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 02L000003051 saylı kredit xətti müqaviləsinə əsasən, sonuncuya 120 ay müddətinə 30.000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 aylıq 2.1667 faiz dərəcəsi ilə, 16.000 ABŞ dolları məbləğində kredit verilimiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Həmin kredit razılaşmasına xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə sazişlər və ödəniş qrafikləri əsasında kredit məbləğinə hesablanacaq aylıq faizin dərəcələrində bir sıra dəyişikliklər edilmiş və öhdəliyin icra edilməsinin son tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. xx.xx.2008-ci il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh3, xx.xx.2009-cu il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh4, xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri ilə isə Cavabdeh2, Afık Abbasov və Cavabdeh6 kredit müqaviləsinə əsasən əsas borclunun öhdəliyinin icrasına zamin kimi təminat vermişlər. Cavabdeh1 isə öhdəliyin icrasını gecikdirərək, borcunu qrafik üzrə qaytarmamışdır. Bank tərəfindən tərtib edilmiş xx.xx.2020-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2015-ci il tarxli kredit razılaşması üzə xx.xx.2018-ci il tarixə 7490,31 ABŞ dolları əsas, 4944,45 ABŞ dolları faiz, 3677,27 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16.562,03 ABŞ dolları borcu qalmışdır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh İradə Qocayevdən iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Hazırda iddiaçı, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin iddianı zaminlərə münasibətdə təmin etməməklə düzgün qənaətə gəlmədiyini bildirərək, qətnaməni mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, İddiaçı QSC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 kredit borcunun tutulmamasını tələb etməkdə haqlı deyil. Belə ki, İddiaçı QSC, tələbini cavabdehlər Cavabdeh3 qarşı xx.xx.2008-ci il tarixli, Cavabdeh4 qarşı xx.xx.2009-cu il tarixli, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı isə xx.xx.2015-ci il tarxli zaminlik müqavilələrinə əsaslanmaqla irəli sürmüşdür. Həmin müqavilələrə əsasən, zaminlər borclunun kreditor qarşısında öz kredit öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürürlər. Göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında zaminlə əsas borclunun birgə məsuliyyətini özündə ehtiva edən zaminlik müqavilələri bağlanmışdır. Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. Baxılan işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti dəqiq şəkildə göstərildiyindən, Kollegiya MM-in 477.0.4-cü maddəsinin ikinci cümləsində göstərilən qaydanı hazırkı işə tətbiq edir. Çünki, sözügedən kredit müqaviləsi üzrə bitmə tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Əsas öhdəliyin icra vaxtını xx.xx.2018-ci il tarixdən hesabladıqda İddiaçı QSC, zaminlərə qarşı bir il ərzində xx.xx.2019-cu il tarixdək iddia irəli sürməli idi. Lakin İddiaçı QSC, həmin dövrdə zaminlərə qarşı iddia qaldırmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia isə qeyd olunan müddətin bitdiyi tarixdən bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə irəli sürülmüşdür. Bu hal ona dəlalət edir ki, kreditor İddiaçı QSC, zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia qaldırmadığı üçün onların zaminliyinə xx.xx.2019-cu il tarixdə qanuna əsasən xitam verilmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 zaminliyi aradan qalxdığı üçün onlar, hazırkı tələb üzrə iddiaçı qarşısında zamin kimi məsuliyyət daşıya bilməzlər. Məhkəmə kollegiyası, zaminlik müqavilələrinin qüvvədə qalması barədə 4.1-ci bəndinə əsasən sözügedən müddətin keçməməsinə dair iddiaçının mövqeyini əsaslı saymır. Ona görə ki, müqavilələrnin 4.1-ci bəndi etibarsız şərtdir. Belə ki, bankın özünün tərtib etdiyi xx.xx.2008-ci il tarixli və xx.xx.2009-cu il tarixli zaminlik müqavilələrinin 4.1-ci bəndində müqavilənin qüvvədə olma müddətinin“bu müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir” kimi, eyni zamanda xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrinin 4.1-ci bəndində müqavilənin qüvvədə olma müddətinin “bu müqavilə uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra üç il müddıtinə qüvvədədir” kimi nəzərdə tutması heç bir hüquqi qüvvəyə malik ola və hüquqi nəticə yarada bilməz. Çünki, bu müddəa, məzmun etibarilə öhdəlik institutunun mahiyyətinə, məqsəd və funksiyalarına, habelə zaminliyin müddətə görə xətm olmasına dair Mülki Məcəllənin 477.0.4-cü maddəsinə aşkar şəkildə ziddir. Dolayısı ilə, bu bənd üzrə razılaşma həmin maddənin tələblərinin pozulması ilə bağlanmışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə isə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bundan əlavə, müqavilələrin 4.1-ci bəndi MM-in 420.1.2-ci və 420.2-ci maddələrinə əsasən, müqavilənin standart şərti kimi etibarsızdır və bu səbəbdən ona söykənən tələb əsaslı sayıla bilməz. Digər tərəfdən, içərisində həmin şərt olan müqavilənin cavabdehlər tərəfindən imzalanmasının müqavilə azadlığı ilə izah edilməsi də mümkün deyil. Çünki qanunverici, hüquq qaydalarını müəyyən edərkən hər kəs üçün, xüsusi şəraitləri nəzərə almadan, ədalətə ən yaxın olan normalar müəyyən etmişdir. Bununla belə, müqavilə azadlığı ilə mülki hüquq subyektlərinə həmin qaydalardan daha çox sərfəli olan başqa qaydaları razılaşdırmaq imkanı yaradılır ki, subyektlər öz mənfəətini ən yaxşı şəkildə təmin edəcək müqavilələr bağlaya bilsinlər. Yəni, bu cür ixtiyari (dispozitiv) qaydalar ona görə müəyyən edilmişdir ki, subyektlərin mənafeləri daha səmərəli şəkildə təmin edilsin. Qanunvericilikdə mülki hüquq subyektlərinə belə bir azadlıq verilməsinin səbəbi bir tərəfin digər tərəfi istismar edə bilməsinə şərait yaratmaq deyil, əksinə tərəflərin qarşılıqlı mənafelərinə ən yaxşı şəkildə cavab verən qaydaların müəyyən edilməsinə hüquqi baxımdan imkan yaratmaqdır. Bu məqsədlə MM-in 390-cı maddəsində “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər” müddəası təsbit olunmuşdur. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Halbuki, müqavilənin standart şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış şərtlər toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin (kredit üzrə bank mütəxəssisinin) belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ yoxdur. Bu xüsusiyyətlər qanunda müqavilənin standart şərtlərinə verilən anlayışda da əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 417-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Belə olan halda, müqavilənin standart şərtlərini qeyd edilən şəkildə hazırlamaq və onları qəbul edən tərəfin ziyanına olan bir vəziyyətdə diktə etmək və bu zaman müqavilə azadlığı prinsipinə söykənmək adı çəkilən prinsipinin mahiyyətinə və məqsədinə tamamilə ziddir. Yəni, müqavilə azadlığı prinsipindən bu şəkildə istifadə etmək əslində həmin prinsipin pozulmasıdır. Standart şərtlər vasitəsilə müqavilə azadlığı prinsipindən istifadə etməklə haqlı, ədalətli və müqavilə tərəflərinin hər ikisinin də qarşılıqlı mənfəətini tarazlaşdırıcı ixtiyari hüquq qaydalarından bütövlükdə və həmişəlik kənara çıxılmasının bir adət halını alması arzuolunmaz hüquqi vəziyyətdir. Odur ki, standart şərtlər vasitəsi ilə müqavilə azadlığı faktiki olaraq bir tərəfin əlindən alındığından, ixtiyari hüquq qaydalarından müqavilə azadlığı prinsipinin məqsədi xaricində istifadə edilməməsi və bu prinsipin sui-istifadəsinə səbəb olmaması üçün qanunvericilik standart şərtlərlə bağlanan müqavilələrin hüquqa uyğunluq mexanizmini müəyyən etmişdir. Belə ki, standart şərtin müqavilənin tərkib hissəsi halına gəlməsi üçün həmin şərtə dair müqavilədə əyani qeyd yazılmalı, müqavilədə standarta şərtə istinad edilməli, qəbul edən tərəf standart şərtlərlə tanış olmaq imkanına malik, habelə həmin şərtlərlə razı olduğunu və onları qəbul etdiyini ifadə etmiş olmalı (MM 418) və standart şərt qeyri-adi norma olmamalıdır (MM 419). Standart şərt müqavilənin tərkib hissəsinə çevrildikdən sonra etibarlılıq tələblərinə cavab verməlidir. Yəni standart şərtlər onu qəbul edən şəxsə qanunla verilmiş hüquqları onun əlindən alan, onun məsuliyyətini artıran mahiyyətdədirsə və bunun müqabilində qəbul edən tərəf heç nə əldə etməyibsə həmin standart şərtlər etibarsız sayılır (MM 420). Mülki Məcəllənin 420.1.2-ci maddəsinə görə, təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar etibarsız sayılır. Hazırkı işdə bank tərəfindən müqaviləyə daxil edilmiş və zaminə qarşı tələbin əsası kimi istinad olunan standart şərti (zaminlik müqavilələrinin 4.1-ci bəndi) təhlil etdikdə aydın olur ki, “bu müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir” və “bu müqavilə uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra üç il müddıtinə qüvvədədir” müddəası cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qanunla (MM-in 477.0.4-cü maddəsi ilə) verilən hüququ aradan qaldırdığından və bu səbəblə MM-in 420.1.2-ci və 420.2-ci maddələrinin tələblərinə uyğun olmadığından etibarsızdır. Çünki müqavilənin bu bəndindəki müddəa, qanunla müəyyən olunmuş müddətdə zaminliyə xitam verilməsi (zamin öhdəliyindən azad olmaq) hüququnu həmin cavabdehlərin əlindən alır. Əks halda zaminliyə müddətin keçməsinə görə xitam verilməsi institutu ümumiyyətlə tətbiq oluna bilməz və əhəmiyyəti aradan qalxar. Mülki Məcəllə, bu hüququ zaminə verdiyi halda, zaminlik müqaviləsində standart şərt kimi müddətin qeyri-müəyyən (aydın olmayan) zaman daxilində nəzərdə tutulması, qanuna zidd olduğu kimi, mülki hüququn hamılıqla qəbul edilmiş vicdanlıq prinsipinə də uyğun deyil. Bu prinsipə görə, qanunvericilik müqavilənin standart şərtləri haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. MM-in 337.3-cü və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış sözügedən zaminlik müqavilələrinin 4.1-ci bəndi etibarsızdır və bu səbəbdən iddiaçının həmin bəndə istinadı əsassızdır. Məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, bankın əsas borcu, müqavilə müddəti daxilində razılaşdırılmış faiz məbləğini və gecikdirilən borc məbləğinə görə cərimə borcunu müştəridən tələb etmək hüququ vardır. Hazırkı işdə məhkəmə tərəfindən tutulan 7940,31 ABŞ dolları əsas, 4944,45 ABŞ dolları faiz borcu, tərəflər arasındakı kredit müqaviləsinin müddətinin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixə hesablanmış məbləğlərdir. Apelyator isə, həmin məbləğlərin düzgünlüyünə şübhə yaradan hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, cavabdeh əsas və faiz borcunun düzgün hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olduğunu bildirsə də, birinci instansiya məhkəməsində icraat zamanı iştirak etməsinə baxmayaraq, bu barədə vəsatəti qaldırmasına və ya bunun hansısa səbəbdən mümkün olmamasına dair iş materiallarında məlumat yoxdur. Bu səbəbdən Kollegiya iş üzrə ekspertizanın keçirilməsi üçün əsas görmür. Çünki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, Kollegiya, qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxx” QSC-nin və Cavabdeh1 apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3013/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissələrdə). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar