Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1911/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «dövlət icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-1119/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «dövlət icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 6600 manat dövlət icbari sığorta haqqının tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu Hərbi Komissarlığı tərəfindən xx.xx.1996-cı il tarixində həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət dövründə xəstələndiyi üçün xx.xx.1998-ci il tarixində hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı TSE.ser. AR №666240 arayışına əsasən xx.xx.2008-ci il tarixindən İ qrup, xx.xx.2010-cu il tarixindən İİ qrup, xx.xx.2012-ci il tarixindən İİ qrup əlillik verilmişdir. İ qrup əlil kimi aprel 2007-ci il tarixində Qaradağ rayon İcra Hakimiyyətinə mənzil növbəsinə qəbul edilməsi barədə müraciətinə əsasən mənzil növbəsinə qəbul edilmişdir. Həmin vaxtlar sığorta şirkərinə isə müraciətinə əlillik dərəcəsi müvəqqəti olduğunu səbəb gətirərək sığorta pulu ona ödənilməyib və sonrakı vaxtlarda şifahi yazılı müraciətlərinə isə müraciət müddətini ötürdüyünü bildirmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 1119/2020 saylı qətnaməsi ilə (hakim Solmaz Mustafayeva) iddia təmin olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçıya xidmətdən təxris edildiyi gündən 12 il sonra əlllik verilməsi, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən isə 3 il müddətində əlillik təyin olunduqda sığorta haqqının ödənilməli olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldıır. Belə ki, işdə olan AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1996-cı il tarixindən hərbi xidmətə çağırılmış, xx.xx.1998-ci il tarixində hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2008-ci ilin mart ayında Bakı şəhəri Qaradağ RHK-nın nəzdindəki Komissiya tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatın verilməsi barədə arayışların surətlərindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı xəstəlik hərbi xidmət dövründə alınması ilə əlaqədar ikinci qrup əlillik müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1998-ci il tarixli, 1308 saylı xəstəlik haqqında şəhadətnaməsnin surətindən görünür ki, İddiaçı «sol tərəfli plevropulmanolektomiya» diaqnozu qoyulmuşdur. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli 07-07-653 saylı məktubundan görünür ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən buraxıldığı gündən 3 il müddətdə əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Ərizədən göründüyü kimi xx xxxx 1998-ci ildə hərbi xidmətdən tərxis olunmusunuz və bu hadisədən 5 ildən artıq müddət keçdikdən sonra, yəni xx xxxxxxx 2003-cü ildə İİ qrup əlillik dərəcəsi almısınız. Buna görə də Sizə əlillik dərəcəsi almanız ilə əlaqədar Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri mümkündür. İlkin olaraq qeyd edilməlidir ki, işin mübahisə olunmayan həqiqi hallarına əsasən iddiaçı hərbi xidmət dövründə xəstələnmiş və ona son olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Cavabdeh iddiaçıya müvafiq dövlət icbari sığorta məbləğini ödəməkdən imtina etmişdir. Hazırda iddiaçı cavabdeh təşkilatın imtinası ilə razılaşmayıb, sonuncudan 6600 manat sığorta məbləğini tələb edir. Çünki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11000 manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə görə, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətində verilir: Maddənin «ç» bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuzuya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə - 80 faiz; İİ qrup əlilliyə görə - 60 faiz; İİİ qrup əlilliyə görə - 40 faiz; Maddənin d)bəndinə görə, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz sığorta məbləği alır. Göründüyü kimi, iddiaçı 2-ci qrup əlil kimi 6600 manat sığorta haqqını tələb etməkdə subyektiv hüquqlara malikdir. İddiaçı hərbi xidmət zamanı xəsarət almış, məhz həmin səbəbdən də ona əlillik təyin olunmuşdur. Bu səbəbdən də, iddiaçıya əlilliyin sonradan təyin olunması onun müvafiq sığorta haqqını almaq hüququnu istisna etmir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hərbi xidmətdən təxris olunduqdan 3 ildən artıq müddət keçdikdən sonra sığorta olunana əlillik təyin olunmaması, yəni iddiaçının əlillik dərəcəsini vaxtında almaması onun şəxsi iradəsi ilə bağlı olmamışdır. Belə ki, iddiaçı əlillik təyin olunması ilə bağlı müxtəlif orqanlara müraciət etmiş və müraciətindən bir neçə il sonra zəruri sənədləri əldə edə bilmişdir. Əlilliyin tərxis olunduğu gündən 3 il müddətində alınmaması halı iddiaçının şəxsi iradəsi ilə bağlı olmadığından bu hal onun müəyyən qanuni və əsaslı iddiasının təmin olunmamasına əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddiaçı hərbi xidmət dövründə xəstələnməsinə görə İİ qrup əlil kimi onun 11000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat sığorta məbləğini almaq hüququ əmələ gəlmişdir. İddiaçı qanunla müəyyən olunmuş sığorta məbləğini aşmayan həddə tələb irəli sürdüyündən iddia əsaslı hesab edilir. Cavabdeh isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «dövlət icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-1119/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-1119/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1911/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1911/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver