Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2119/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X8 və X10 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)- 2584/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivi 429 nömrəli bağ sahəsinə dair qanunsuz və əsassız olaraq bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 ailə üzvləri və şəxsləri ilə birlikdə evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 dair hissədə iddia tələbini azaldaraq, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 429 saylı bağ sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh2 həmin bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra hakimiyyəti tərəfindən, Xəzər rayon Türkan Bağlar massivində 1970-ci ildə 19 ha ibarət (sot) 429 nömrəli bağ sahəsi ona ailə üzvlərinin sayı nəzərə alınmaqla verilmişdir. O, həmin bağ sahəsinin içərisində 2 mərtəbə ev tikmişdir. Bağ sahəsini xx xxxxxx 2015-ci ildə görmək məqsədilə Cavabdeh2 vermişdir bunun üçün ondan etibarnamə istəmişdir və razılıqları belə olmuşdur ki, onun istifadəsində olan bağ sahəsinə görə 50.000 manata qiymətləndirmişdir ki, bağ sahəsini girov qoyub pul götürəcək və 3 il müddətinə bağ sahəsini ona qaytarmaq öhdəçiliyi götürmüşdür. O, cavabdehə ona görə inanmışdır ki, cavabdehin onun oğlu ilə birlikdə X3 şəhərində balıq hissləmə sexi tikmişdilər və həmin sexin işlədilməsi üçün o, 2-ci cavabdehə inanmışdır. Eyni zamanda o, Bakı şəhər 35 nömrəli notariat kontorundan etibarnamə verdiyi Cavabdeh1 tanımamışdır hazırdada belə bir insanı tanımır. İş üzrə 2-ci Cavabdeh2 formal olaraq etibarnaməni qardaşı oğlunun adına alaraq bağ sahəsini dələduzluq yolu ilə öz adına keçirmişdir. Ona 4 nəfər ailə üzvləri ilə birlikdə xx.xx.2006-cı ildə yenidən ikinci müqavilə ilə adına olan Bakı şəhər, Xəzər rayon, Türkan bağlar Massivi 429 nömrəli bağ sahəsini Cavabdeh2 saxta yollarla adına saxtalaşdımışdır. O, hazırda bağına girə bilmir, eyni zamanda cavabdehə onun oğlu ilə iş birliyi olduğundan inanmışdır. Hazırda ona ona məlum olmuşdur ki, cavabdeh xəlvəti olaraq həmin sexi satmışdır sadəcə onu aldadaraq 19 ha sahəsi olan bağ sahəsi qardaşı oğluna etibarnamə alaraq öz adına sənədləşdirmişdir. Halbuki, həmin bağ sahəsində onun iki oğlunun və nəvəsinin adı olmasına baxmayaraq heç bir razılıq ərizələri olamadan 2-ci cavabdeh öz adına formal olaraq alqı-satqı etmişdir heç bir pul almamışdır girov pul götürüb yalandan balıq hisləmə sexinə qoyduğunu deyib bağ sashəsinə verdiyi etibarnamə ilə qardaşı oğlundan öz adına keçirmişdir. O, Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayətlər etmiş, cavabdehlər ona qarşı dələduzluq etmişdir. Baş prokurorluqdan bildirmişlər ki, müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etməsi lazımdır. 2-ci cavabdeh X6 əvvəlcədən qardaşı oğlu ilə əlbir olaraq onun 19 sot torpağın içərisində olan 2 mərtəbəli bağ evini əlinə keçirmişdir ona görədə barəsində cinayət işinin qaldılması üçün Prokurorluğa qərardad göndərlilməsi məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)- 2584/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 429 saylı (0,19 ha torpaq sahəsi və 155,5 kv metr bağ evi) bağ evinə dair Cavabdeh2 adına xx xxxx 2017ci il tarixdə verilmış RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 429 saylı (0,19 ha torpaq sahəsi və 155,5 kv metr bağ evi) bağ evindən çıxarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli 2(003)-2584/2019 nömrəli xüsusi qərardad çıxararaq, İddiaçı Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən verilmiş çıxarışın ləğv edilməsi və bağ sahəsindən çıxarılma tələbinə dair 2(003)-2584/2019 saylı mülki işin məhkəmə baxışı zamanı cinayətin əlamətlərinin (rəsmi sənədin saxtalaşdırılması ilə bağlı) aşkara çıxarılması barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsini qərara almışdır. Həmin qətnamədən cavabdehin Cavabdeh2 apelyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)-2584/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Cavabdeh2 tərəfindən İddiaçı qarşı ilkin müqavilə üzrə alğı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair Xətai Rayon Məhkəməsinə iddia ərizəsi verildiyindən iş üzrə icraatın dayandırılması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləməklə, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər İcra Hakimiyyəti başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə istifadəçi İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 20013 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə Birliyin Əzizbəyov rayonu, Türkan ərazisində 0.19 hektar torpaq sahəsi olan 429 saylı bağ sahəsini istifadəçiyə verməsi və istifadəçinin həmin bağı istifadəsinə götürməsi haqqında bağlanmışdır. Satıcı İddiaçı ilə alıcı Cavabdeh2 oğu arasında bağlanmış xx.xx.2015-ci il tarixli ilkin müqavilədən görünür ki, həmin müqavilə satıcı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən 0.19 hektar torpaq sahəsində olan 429 saylı bağ evini 40 000 manata satmağı, alıcı isə həmin məbləğin 35 000 manatını depozit vasitəsi ilə, qalan 5 000 manatını isə sənədləşmə işi başa çatdıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür. Mədaxil kassa orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 tərəfindən 35 000 manat 35 saylı Notariat Kontorunun hesabına köçürülmüşdür. xx.xx.2015-ci il tarixdə 35 saylı notariat kontorunda təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, həmin etibarnamə İddiaçı tərəfindən X1 onun faktiki sahibliyində olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş bağın istifadəyə verilməsi haqqında 20013 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən 0.19 hektar torpaq sahəsində olan 429 saylı bağ sahəsini özəlləşdirməyi, həmin torpağa dair çıxarış almağı və sairə hərəkətlərin edilməsinə dair verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 429 saylı bağ evi 4Ə-36 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Satıcı Cavabdeh1 Zaləddin oğlu (İddiaçı əvəzinə) alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AN-0598809 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə satıcının xx.xx.2016-cı il tarixli **********2811301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 429 saylı bağ evi ünvanda 0.19 ha torpaq sahəsində yerləşən bağ evinin alıcının mülkiyyətinə verməsi alıcının isə 60 000 manatın satıcıya verməsi haqqında bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri 22 saylı notariat kontorunda 4Ə- 36 saylı reyestrdə qeydə alınmaqla təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 429 saylı bağ sahəsi Cavabdeh2 mülkiyyətindədir. Bakı şəhəri 22 saylı notariat ofisi tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli 249 saylı məktubda göstərilmişdir ki, İddiaçı nümayəndəsi (Cavabdeh1 Zaləddin oğlu) və Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən 429 saylı bağ evinə dair Bakı şəhəri 22 saytı notariat ofisində xx.xx.2017-ci il tarixdə 4Ə-36 reyestr saylı alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Bununla əlaqədar sənədlərin məhkəməyə göndərilməsi mümkün deyil. Hazırki iş üzrə Cavabdeh2 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanan xx xxxxxx 2020-ci il tarixli iddia ərizəsindən görünür ki, Cavabdeh2 İddiaçı qarşı ilkin müqavilə üzrə alğı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi qaldırmışdır. Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən Bakı Apelyasiya Məhkəməsinə ünvanlanan xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri 35 saylı X11 Sadir Bayram oğlu ilə Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixdə 3M-01-36 reyestrlə ilkin müqavilə bağlanmış və məhkəməyə həmin müqavilənin əsli və xx xxxxxx 2015-ci il tarixli 7-E-931 saylı reyestrlə qeydə alınmış etibarnamənin verilməsinə əsas olmuş sənədlərin surəti Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli bağ evi iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 inkişafı və istismarı Birliyi tərəfindən onunla bağlanmış müqaviləyə əsasən istifadəsinə verilmişdir. İddiaçı tərəfindən X1 onun faktiki sahibliyində olan Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 inkişafı və istismarı Birliyi tərəfindən verilmiş bağın istifadəyə verilməsi haqqında 20013 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən 0.19 hektar torpaq sahəsində olan 429 saylı bağ sahəsini özəlləşdirməyi, həmin torpağa dair çıxarış almağı və sairə hərəkətlərin edilməsinə dair etibarnamə verilmişdir. Bundan sonra, iddiaçının adına bağ sahəsinə dair xx.xx.2016-cı il tarixli **********2811301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış alınmaqla mülkiyyətinə keçirilmiş, daha sonra isə 429 saylı bağ evi 4Ə-36 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, 22 saytı notariat ofisində xx.xx.2017-ci il tarixdə 4Ə-36 reyestr saylı alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. İddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 429 saylı bağ sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, əqdlərin etibarlı olması üçün əqdin subyekt tərkibinə aid edilən şərtlər, əqdin məzmununa aid edilə şərtlər, əqddə iradə və iradənin ifadə edilməsinə aid edilən şərtlər və əqdin formasına aid edilən şərtlər mövcud olmalıdır. Əqdin etibarlı olması üçün qeyd edilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarlı olmasını istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsasdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiq edilməlidir. Yuxarıda qeyd edilən qanunvericiliyin müvafiq müddəalarının tələblərində də göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırki halda iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın alğı-satqısına dair müqavilədə əqdin formasında aid tələbə riayət edilməmişdir (notariat qaydasında təsdiqlənməmiş). Belə olan halda həmin müqavilə heç bir hüquqi nəticəyə səbəb olmur. Buna görə də, hazırki əqd əhəmiyyətsiz olmaqla etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığından məhkəmə qaydasında mübahisə predmetinə çevrilə bilməz və özlüyündə etibarsızdır. Cavabdeh2 tərəfindən İddiaçı qarşı ilkin müqavilə üzrə alğı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair Xətai Rayon Məhkəməsinə iddia ərizəsi verildiyindən bu da cavabdehin hazırkı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia tələbi ilə razı olduğunu ifadə edir. İddia tələbinin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 429 saylı bağ sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, hazırki əqd əhəmiyyətsiz olmaqla etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığı halda, həmin əqdi əsas götürməklə iş üzrə cavabdehə qeyd edilən daşınmaz əmlaka dair dövlət reyestrində çıxarış verilməklə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə müvafiq hər hansı hüquqi əsas olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Yəni göstərilən halda iddiaçı tərəf mülkiyyət hüququndan hər hansı bir əsas olmadan məhrum edilir ki, bu da yolverilməzdir. Bununla bağlı məhkəmə kollegiyası həmiçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, belə bir müqavilə notarius tərəfindən rəsmiləşdirilmədiyindən nə elektron formada informasiya sistemləri vasitəsilə, nə də təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərilməsi mümkün ola bilməzdi. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tərəfindən də, göstərilən halın mövcudluğu müəyyən edildiyi halda mülkiyyət hüququnun qeydə alınması aparıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-1-ci sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmalıdır. Həmin Məcəllənin 144.3-cü notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesb edilir. Həmin Qanunun 5.6-cı maddəsinə əsasən daşınmaz əmlak obyektinə sərəncam verənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən real vaxt rejimində əldə edilməsi, eləcə də notariat qaydasında təsdiqlənmiş müqavilənin elektron formada dərhal dövlət reyestrinə ötürülməsi məqsədilə elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsi təmin olunur. İddia tələbinin cavabdehin bağ sahəsindən çıxarılması hissəsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 429 saylı (0,19 ha torpaq sahəsi və 155,5 kv metr bağ evi) bağ evinə dair Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə verilmış RX seriyalı ******* saylı çıxarış ləğv edildiyindən, eləcə də, cavabdehin də sözügedən mübasəli bağ evində yaşaması iş üzrə tərəflərin izahatları ilə müəyyən edildiyindən Cavabdeh2 həmin bağ evindən çıxarılmalıdır. Mülki Prossesual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)- 2584/2019 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2119/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2119/2020
21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver