Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2167/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “pulun qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-dən ******* (iki milyon yeddi yüz üç min altı yüz otuz altı) manat məbləğində pulun (əmanət və 2009-2018-ci illər üzrə hesablanmış faizlər) alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(005)- 3344/2020 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, iddiaçıya səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.Həmin qərarda qeyd olunur ki, “Konstitusiya Məhkəməsinin Plenumu sorğuverənin bu qənaəti ilə bağlı qeyd edir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanun bankla əmanətçi arasında olan münasibətlərə şamil edilmir. Bu Qanun yalnız iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi məsələlərini tənzimləyir. Həmin Qanunun normalarının təhlilindən görünür ki, banka qoyulmuş əmanətə görə kompensasiya yalnız sığorta hadisəsi, yəni bankın müflis elan olunması, məcburi ləğv edilməsi və s. baş verdikdə və öz öhdəliklərini yerinə yetirə bilməməsi faktı təsdiq edildikdə ödənilir. Belə halda qoyulmuş əmanətin əvəzinə kompensasiya bank tərəfindən deyil, Fond tərəfindən verilir. Əgər belə sığorta hadisəsi baş verməmişdirsə, qoyulan əmanət bankla bağlanan bank əmanəti müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdə bank tərəfindən hansı valyutada qoyulmuşdursa, həmin valyutada da mülkiyyət kimi geri qaytarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Ləğv prosesində olan Cavabdeh ASCnin nümayəndəsi X2 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. “Banklar haqqında” Qanunun 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1- ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa ayırmışdır: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. X3 görə“Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Həmin qərardan aydın olur ki, ləğvetmədə olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblər də (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürülməsinə münasibətdə bu tələblərin “Banklar haqqında” Qanunla tənzimlənən hüquq normasına əsasən həyata keçirilməlidir. İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Kollegiya qeyd edir ki, göründüyü kimi hazırki iş üzrə iddiaçının tələbi qiymətləndirilən iddia kimi ləğvetmədə olan banka qarşı irəli sürülmüş tələbdir. Belə tələb müqavilə mübahisəsi və s bu kimi kateqoriyadan olan tələblərə aid olmamaqla banka qarşı irəli sürülmüş bank əmanəti müqaviləsi üzrə pul tələbidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi baqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi və iddiaçıya banka qarşı iddia ilə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etmək hüququnun izah olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2167/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2167/2021
02.02.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver