Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2372/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 2641,70 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 980,32 ABŞ dolları faiz, 5069,75 ABŞ dolları cərimə, xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 376,29 ABŞ dolları, ümumilikdə 9068,06 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 536-14 ABŞ saylı kredit müqaviləsi üzrə yaranmış 2641,33 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 954,77 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 376,29 ABŞ dolları borc, ümumilikdə 4072,39 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 manatın Cavabdeh1 tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək və ekspert rəyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının əsas və faiz borcunun tutulması tələbi əsas borc üzrə 2641,33 ABŞ dolları, faiz borcu üzrə 954,77 ABŞ dolları hissəsində təmin edilməlidir. Cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi o zaman məhkəmənin mövqeyi ilə razılaşardı. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspert rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmçinin, kredit müaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarılmadığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Bundan başqa, məhkəmə, qətnaməsində qeyd edir ki, iddiaçı zaminə qarşı iddia tələblərini 1 il müddətində irəli sürməli idi, lakin iddia tələbi əsas ödəliyin icra müddəti başa çatmasından sonra irəli sürülmüşdür və bu arqumenti də Mülki Məcəllənin 477.0.4-cü maddəsi ilə əsaslandırmışdır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, müqavilə tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Mülki Məcəllədə müqavilənin həm “müddəti”, həm də “qüvvədə olma müddəti” anlyışları fərqləndirilir. MM-in 399.3-cü maddəsinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənlədirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən müqavilə müddətinin bitməsi və əsas öhdəliyin icra anının başa çatmasından sonrakı bir il ərzində zaminə qarşı iddia qaldırılmaması zaminliyə xitam verilməsi üçün əsas sayılmır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Qətnamə, iddiaçının mübahisələndirdiyi hissədə yoxlanılmışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə,İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsin əsasən, sonuncuya 15 ay müddətinə illik 33% hesablanmaqla 4.000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh2, xx.xx.2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsi ilə, borclu Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında olan öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti üzərinə götürmüş və kredit müqaviləsinə əsasən borclunun götürdüyü kredit borcu və faizlərin vaxtında qaytarılmasına zamin kimi təminat vermişdir. Cavabdeh1, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx xxxx 2019-cu il tarixətələbdə göstərilən məbləğlərdə borcu qalmışdır.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 24877 nömrəli rəyinə əsasən, Cavabdeh1 banka olan borcu əsas borc üzrə 2641,33 ABŞ dolları, faiz borcu üzrə 954,77 ABŞ dolları hesablanmışdır. Qeyd olunanlar iddia ərizəsi, xx.xx.2014-cü il tarixli, 536-14 ABŞ nömrəli kredit müqaviləsi, ZM-536-14 ABŞ saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi, xx.xx.2014cü il tarixli kassa məxaric orderi, xx.xx.2019-cu il tarixli, **********811 saylı maliyyə arayışı və işdə olan digər sənədlərlə təsdiqlənir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu, pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Hazırda iddiaçı, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə keçirilmiş ekspertizanın rəyini əsas götürərək borcu düzgün məyyən etmədiyini və zaminə münasibətdə iddianı təmin etməməklə düzgün qənaətə gəlmədiyini bildirərək qətnaməni mübahisələndirir. Kollegiya, apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Cavabdeh1 tutulan əsas borcun və müqavilə faizinin məbləği Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mühasibatlıq sahəsindəki ekspertinin rəyi ilə müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Mübahisənin bu hissəsinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğu nəzərə alındıqda, rayon məhkəməsinin ekspertizanın rəyi ilə razılaşaraq gəldiyi qənaət əsaslı hesab olunmalıdır. Apellyasiya şikayətinin zamin Cavabdeh2 aid hissəsi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, İddiaçı ASC, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, həmin cavabdehdən kredit borcunun tutulmamasını tələb etməkdə haqlı deyil. Belə ki, İddiaçı ASC, Cavabdeh2 qarşı tələbini onun zamin olması barədə xx xxxxxx 2014-cü il tarixli müqaviləyə əsaslanmaqla irəli sürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə, əqdin predmeti eyni tarixli 536-14 USD saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. Göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlə əsas borclunun birgə məsuliyyətini özündə ehtiva edən müstəqil zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, tərəflərin arzu edilən hüquqi nəticə əmələ gətirmək üçün bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Zaminlik də kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və onlar arasındakı hüquqi əlaqənin yeganə əsasıdır. Bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də odur ki, zamin qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. Bundan əlavə, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Baxılan işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti dəqiq şəkildə göstərildiyindən, Kollegiya, MM-in 477.0.4-cü maddəsinin ikinci cümləsində göstərilən qaydanı hazırkı işə tətbiq edir. Çünki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, kredit 15 ay (müqavilənin 2.3-cü bəndi) müddətinə verilmişdir. Dolayısı ilə, kredit müqaviləsi üzrə son ödəniş tarixi xx xxxxxx 2016-cı ildir. Əsas öhdəliyin icra vaxtını həmin tarixdən hesabladıqda İddiaçı ASC, zamin Cavabdeh2 qarşı bir il ərzində - xx.xx.2017-ci ilədək iddia irəli sürməli idi. Lakin İddiaçı ASC, həmin dövrdə zamin Cavabdeh2 qarşı iddia qaldırmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia isə qeyd olunan müddətin bitdiyi tarixdən iki il beş ay keçdikdən sonra, yəni xx.xx.2019-cu ildə irəli sürülmüşdür. Bu hal ona dəlalət edir ki, kreditor İddiaçı ASC, zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zamin Cavabdeh2 qarşı iddia qaldırmadığı üçün sonuncunun zaminliyinə xx.xx.2017-ci il tarixdə qanuna əsasən xitam verilmişdir. Belə olan halda, Cavabdeh2 zaminliyi aradan qalxdığı üçün o, hazırkı tələb üzrə iddiaçı qarşısında zamin kimi məsuliyyət daşıya bilməz. Məhkəmə kollegiyası, tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək zaminlik müqaviləsinin qüvvədə qalması barədə 6.3-cü bəndinə görə sözügedən müddətin keçməməsinə dair iddiaçının mövqeyini əsaslı saymır. Ona görə ki, müqavilənin 6.3-cü bəndi etibarsız şərtdir. Belə ki, bankın özünün tərtib etdiyi zaminlik müqaviləsinin 6.3-cü bəndində müqavilənin qüvvədə olma müddətini “tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır” kimi nəzərdə tutması heç bir hüquqi qüvvəyə malik ola və hüquqi nəticə yarada bilməz. Çünki, bu müddəa, məzmun etibarilə öhdəlik institutunun mahiyyətinə, məqsəd və funksiyalarına, habelə zaminliyin müddətə görə xətm olmasına dair Mülki Məcəllənin 477.0.4-cü maddəsinə aşkar şəkildə ziddir. Dolayısı ilə, bu bənd üzrə razılaşma həmin maddənin tələblərinin pozulması ilə bağlanmışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə isə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bundan əlavə, müqavilənin 6.3-cü bəndi, MM-in 420.1.2-ci və 420.2-ci maddələrinə əsasən, müqavilənin standart şərti kimi etibarsızdır və bu səbəbdən ona söykənən tələb əsaslı sayıla bilməz. Digər tərəfdən, içərisində həmin şərt olan müqavilənin cavabdeh tərəfindən imzalanmasının müqavilə azadlığı ilə izah edilməsi də mümkün deyil. Çünki qanunverici, hüquq qaydalarını müəyyən edərkən hər kəs üçün, xüsusi şəraitləri nəzərə almadan, ədalətə ən yaxın olan normalar müəyyən etmişdir. Bununla belə, müqavilə azadlığı ilə mülki hüquq subyektlərinə həmin qaydalardan daha çox sərfəli olan başqa qaydaları razılaşdırmaq imkanı yaradılır ki, subyektlər öz mənfəətini ən yaxşı şəkildə təmin edəcək müqavilələr bağlaya bilsinlər. Yəni, bu cür ixtiyari (dispozitiv) qaydalar ona görə müəyyən edilmişdir ki, subyektlərin mənafeləri daha səmərəli şəkildə təmin edilsin. Qanunvericilikdə mülki hüquq subyektlərinə belə bir azadlıq verilməsinin səbəbi bir tərəfin digər tərəfi istismar edə bilməsinə şərait yaratmaq deyil, əksinə tərəflərin qarşılıqlı mənafelərinə ən yaxşı şəkildə cavab verən qaydaların müəyyən edilməsinə hüquqi baxımdan imkan yaratmaqdır. Bu məqsədlə MM-in 390-cı maddəsində “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər” müddəası təsbit olunmuşdur. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Halbuki, müqavilənin standart şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış şərtlər toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin (kredit üzrə bank mütəxəssisinin) belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ yoxdur. Bu xüsusiyyətlər qanunda müqavilənin standart şərtlərinə verilən anlayışda da əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 417-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Belə olan halda, müqavilənin standart şərtlərini qeyd edilən şəkildə hazırlamaq və onları qəbul edən tərəfin ziyanına olan bir vəziyyətdə diktə etmək və bu zaman müqavilə azadlığı prinsipinə söykənmək adı çəkilən prinsipinin mahiyyətinə və məqsədinə tamamilə ziddir. Yəni, müqavilə azadlığı prinsipindən bu şəkildə istifadə etmək əslində həmin prinsipin pozulmasıdır. Standart şərtlər vasitəsilə müqavilə azadlığı prinsipindən istifadə etməklə haqlı, ədalətli və müqavilə tərəflərinin hər ikisinin də qarşılıqlı mənfəətini tarazlaşdırıcı ixtiyari hüquq qaydalarından bütövlükdə və həmişəlik kənara çıxılmasının bir adət halını alması arzuolunmaz hüquqi vəziyyətdir. Odur ki, standart şərtlər vasitəsi ilə müqavilə azadlığı faktiki olaraq bir tərəfin əlindən alındığından, ixtiyari hüquq qaydalarından müqavilə azadlığı prinsipinin məqsədi xaricində istifadə edilməməsi və bu prinsipin sui-istifadəsinə səbəb olmaması üçün qanunvericilik standart şərtlərlə bağlanan müqavilələrin hüquqa uyğunluq mexanizmini müəyyən etmişdir. Belə ki, standart şərtin müqavilənin tərkib hissəsi halına gəlməsi üçün həmin şərtə dair müqavilədə əyani qeyd yazılmalı, müqavilədə standarta şərtə istinad edilməli, qəbul edən tərəf standart şərtlərlə tanış olmaq imkanına malik, habelə həmin şərtlərlə razı olduğunu və onları qəbul etdiyini ifadə etmiş olmalı (MM 418) və standart şərt qeyri-adi norma olmamalıdır (MM 419). Standart şərt müqavilənin tərkib hissəsinə çevrildikdən sonra etibarlılıq tələblərinə cavab verməlidir. Yəni standart şərtlər onu qəbul edən şəxsə qanunla verilmiş hüquqları onun əlindən alan, onun məsuliyyətini artıran mahiyyətdədirsə və bunun müqabilində qəbul edən tərəf heç nə əldə etməyibsə həmin standart şərtlər etibarsız sayılır (MM 420). Mülki Məcəllənin 420.1.2-ci maddəsinə görə, təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar etibarsız sayılır. Hazırkı işdə bank tərəfindən müqaviləyə daxil edilmiş və zaminə qarşı tələbin əsası kimi istinad olunan standart şərti (zaminlik müqaviləsinin 6.3-cü bəndini) təhlil etdikdə aydın olur ki, “tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır” müddəası Cavabdeh2 qanunla (MM-in 477.0.4-cü maddəsi ilə) verilən hüququ aradan qaldırdığından və bu səbəblə MM-in 420.1.2-ci və 420.2-ci maddələrinin tələblərinə uyğun olmadığından etibarsızdır. Çünki müqavilənin bu bəndindəki müddəa, qanunla müəyyən olunmuş müddətdə zaminliyə xitam verilməsi (zamin öhdəliyindən azad olmaq) hüququnu cavabdeh R. Səbzəliyevin əlindən alır. Əks halda zaminliyə müddətin keçməsinə görə xitam verilməsi institutu ümumiyyətlə tətbiq oluna bilməz və əhəmiyyəti aradan qalxar. Mülki Məcəllə, bu hüququ zaminə verdiyi halda, zaminlik müqaviləsində standart şərt kimi müddətin qeyri-müəyyən (aydın olmayan) zaman daxilində nəzərdə tutulması, qanuna zidd olduğu kimi, mülki hüququn hamılıqla qəbul edilmiş vicdanlıq prinsipinə də uyğun deyil. Bu prinsipə görə, qanunvericilik müqavilənin standart şərtləri haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. MM-in 337.3-cü və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 6.3-cü bəndi etibarsızdır və bu səbəbdən iddiaçının həmin bəndə istinadı əsassızdır. Odur ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-ninapellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2252/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev
Məhkəmə qərarları › İş №2(103)-2372/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2372/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver