Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3158/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, X10 Məhərrəmoğlu və onun vəkili X2, cavabdehin nümayəndələri X4 və X3iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X9 QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna qarşı əmrlərin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9153/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X9 QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək GTİB “X18 Təmiri” Zaqfederasiya adına GTZ-nin (“Zığ” Gəmi Təmiri və Təmiri Zavodu”) 90 saylı xx.xx.2007ci il tarixli və 109a saylı xx.xx.2007-ci il tarixli əmrlərinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və 2007-ci il tarixdən başlayaraq onun işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1984-cü ildən X6 Zaqfederasiya adına X14 fəhlə peşəsində işə qəbul olmuşdur. Müxtəlif vaxtlarda müəssisə rəhbərliyi tərəfindən irəli çəkilərək Kadrlar Şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlmişdir. Müəssisədə işləməklə yanaşı Bakı Dövlət Universitetinin tarix fakültəsində axşam şöbəsində təhsil almışdır. Müəssisədə işlədiyi müddətdə bütün bilik və bacarığından istifadə etmiş, üzərinə düşən işləri layiqincə yerinə yetirmişdir. Gəmiçiliyin keçmiş rəisi A.Bəşirovun şəxsi göstərişi ilə zavoda öz yaxın adamları işə qəbul olunduğundan, buna etirazını bildirdiyinə görə onun tərəfindən təzyiqlərə məruz qalmış və nəticədə xx.xx.2007-ci il tarixli əmrlə işdən azad olunmuşdur. Məhz bu qərəzli münasibət nəticəsində xəstəxanada yatdığı zaman onun işdən azad olunmağı barədə ona ərizə yazmağı məcbur etmişlər. Tutduğu vəzifəyə öz yaxın adamını təyin etdiyini nəzərə alaraq başqa işə keçməyi ilə bağlı ərizə vermiş, lakin A.Bəşirov yenə də qərəzli şəkildə onu başqa işə keçirmək əvəzinə xəstəxanada yatdığına baxmayaraq qanunsuz olaraq işdən azad etmişdir. Əmrlərin məhkəmə qaydasında mübahisələndirilməsi üçün o, həmin əmrləri rəsmi qaydada əldə etmək imkanından qərəzli şəkildə məhrum edilmişdir. X6 o vaxtki rəhbəri A.Bəşirovun xüsusi göstərişi ilə ona və ailəsinə qarşı təşkil olunmuş təhdid və hədə-qorxulara məruz qaldığına və ailə üzvlərinin təhlükəsizliyinin qorumaq məqsədi ilə haqqını tələb etməkdən çəkinmişdir. İşdən azad olunması barədə əmrlər ilə tanış olmaq üçün vaxtında dəfələrlə müraciət etsə də, əmrin surəti ilə tanış olmaq imkanı qərəzli olaraq məhdudlaşdırıldığından mübahisə predmeti üzrə idda tələbi irəli sürə bilməmişdir. Həmin əmrlərin surətləri uzun yazışmalardan sonra yalnız xx.xx.2019-cu il tarixində iddiaçının ünvanına poçt vasitəsi ilə daxil olmuşdur. Onunla cavabdeh arasında əmək münasibətlərinə uzun müddət bundan əvvəl xitam verilməsinə baxmayaraq işdən azad olunma əmrini yalnız xx.xx.2019 tarixində aldığını nəzərə alaraq iddia müddətini başlanması da məhz həmin tarixdən hesablanmalıdır. İddiaçı tərəfindən verilmiş ərizənin məzmunundan aydın olur ki, ərizə tutduğu vəzifədən azad olunması və onun başqa işə təyin olunması barədə olmuşdur. Əmək müqaviləsinin ləğv edilməsi barədə deyil. İşəgötürən qanunvericiliyin tələbini pozaraq işdən çıxma barədə ərizə olmadan iddiaçını işdən azad etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9153/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının hüquqları əmək münasibətində olduğu hüquqi şəxsin fəaliyyət göstərdiyi dövrdə pozulmuş, lakin iddia qaldırılan zaman məhkəmə prososində Zaqfederasiya adına X16nun hüquqi varisliyi saxlanılmadan ləğv edildiyi və dövlət reyestrindən çıxarıldığı məlum olmuşdur. Məhkəmə hüquqi şəxsin təsisçisini və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanını prosesə cəlb etməli idi. Cavabdeh qismində cəlb olunmuş “Zığ” Gəmi təmiri və tikintisi zavodunun işə baxılan zaman Zaqfederasiya adına X16nun hüquqi varisi olmadığı müəyyən olunsa da, məhkəmə xx.xx.1997-ci il tarixdə X9 İdarəsi tərəfindən təsis edilmiş və xx.xx.2015-ci il tarixdə həmin qurum tərəfindən ləğv edilmiş zavoda qarşı irəli sürülmüş iddia ilə bağlı onun təsisçisi və ləğvedicisinin cəlb olunması barədə tədbir görməli idi. Apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndələri X4 və X5 şikayətin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9153/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmaldır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı 1984-cü il tarixdə X6 Zakfederasiya adına X15 işə qəbul edilmiş, həmin müəssisədə müxtəlif vəzifələrdə, sonuncu dəfə kadrlar şöbəsinin rəisi vəzifəsində işləmiş, xx.xx.2007-ci ildə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. GTİB “Xəzərdənizgəmitəmiri” Zaqfederasiya adına GTZnun şəxsi heyəti üzrə 109a saylı xx.xx.2007-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2007-ci il tarixli 90 saylı əmr dəyişdirilərək, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 2007-ci il avqustun 27-dən xitam verilməsi əmr edilmişdir. xx.xx.1997ci il tarixdə D-1852 nömrə ilə (VÖEN №**********) dövlət qeydiyyatına alınmış Zakfederasiya adına X16 xx.xx.2015-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1, MPM-in 50.1-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, hazırkı iddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından rədd edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən əsaslarla iddianı rədd etməklə mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən, Kollegiya onu da xüsusi vurğulayır ki, iddiaçı ilə X6 Zakfederasiya adına X17 arasında əmək münasibətlərinə xx.xx.2007-ci ildə xitam verilmiş, iddiaçı xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilədək “xxxxxxxxxxx” ASC-də (xx.xx.2015-ci ildən ASCnin adı dəyişdirilərək “xxxxx” ASC adlandırılmışdır) kadrlar şöbəsinin rəisi, İdarə heyətinin sədr müavini, direktor müavini vəzifələrində işləmişdir. İddiaçı isə işə bərpa tələbi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə - işdən azad olunduqdan 12 il sonra müraciət etmişdir. İddiaçı ötən müddət ərzində hazırkı iddia ilə məhkəməyə müraciət etməməsinin səbəblərini işdən azad olunma barədə əmrin ona qərəzli şəkildə vaxtında təqdim olunmadığı ilə əsaslandırmağa çalışmışdır. Halbuki bu hal sübuta yetmir. Əmək Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (2-ci hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (3-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (4-cü hissə). Beləliklə iddiaçının əmək münasibətlərinə xitam verildikdən sonra başqa müəssisə ilə əmək müqaviləsi bağlaması, orada uzun illər işləməsi, 12 il ərzində hazırkı iddianı qaldırmaması onun işdən azad olunması barədə əmrlə razılaşdığını təsdiq edir. Bununla bağlı nəzərə alınmalıdır ki, iddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, MPM-ə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdeh ilə əvəz olunması barədə ərizə verilməmişdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9153/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3158/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3158/2020
04.03.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver