Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4428/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Babayeva (Sadıxova) Bilqeyis Qaçan qızı və onun vəkili X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-966/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh Babayeva (Sadıxova) Bilqeyis Qaçan qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və evdən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-966/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş, şikayətində göstərmişdir ki, Cavabdeh ilə 2001-ci ildə rəsmi nikaha girərək ailə qurmuş, həmin nikahdan iki uşaqları olmuş, ünvan 2 ünvanında yerləşən evi əvvəlki sahibi E.Aslanovdan 43500 ABŞ dolları ödəyərək satın almış, həmin ünvandakı torpaq sahəsi və evin mülkiyyət hüququnu təsdiq edən çıxarış olmadığından, onlar arasında 09 noyabr 2010-cu il tarixli razılaşma imzalanmış, həmin razılaşmaya əsasən satıcı E.Aslanov ona aid torpaq sahasinə dair Binəqədi qəsəbə bələdiyyəsinin 30.04.2007-ci il tarixli, 552 caylı Sərəncamın əslini və həmin 300 kv.m torpaq sahəsinə dair bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə vermişdir, torpaq sahəsi və onun üzərindəki evin satılmasına dair razılaşmanı satıcının anası T.Aslanova da imzalayaraq öz razılığını bildirmişdir, buna baxmayaraq rayon məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, cavabdehə yaxın və işin nəticəsində maraqlı olan şahidlərin ziddiyyətli ifadələrinə istinadən düzgün olmayan qətnamə qəbul etmişdir. Bu səbəbdən də rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olyunmasına dair yeni qətnamə çıxarılması xahiş olunmuşdur. . Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onlar keçmiş arvadı olan cavabdeh və ailəsi birlikdə 2010-cu ilin noyabr ayına kimi atasına məxsus 4 otaqlı evdə yaşamış, daha sonra atası həmin evi 91000 ABŞ dollarına sataraq həmin pula şəhərin müxtəlif yerlərində 3 ev, o cümlədən ünvan 3 ünvanında yerləşən 300 kv.m torpaq sahəsidə yerləşən 2 mərtəbəli 5 otaqlı evi E.Aslanovdan 43500 ABŞ dollarına almışlar, həmin evin və torpaq sahəsinin sənədləri tam olmadığından satıcı ilə arasında yazılı müqavilə bağlanmış və satıcı həmin torpaq sahəsinə dair bütün hüquqları əhatə edə və 2060-cı ilədək qüvvədə olan baş etibarnamə, eləcə də satıcı E.Aslanov ona aid torpaq sahasinə dair Binəqədi qəsəbə bələdiyyəsinin 30.04.2007-ci il tarixli, 552 saylı Sərəncamın əslini ona vermiş, həmin vaxtdan da ailəsi ilə birlikdə köçüb orada yaşamışlar, yaşadıqları müddətdə həmin evin təmirinə ümumilikdə təqribən 15000 manat pul xərcləmişdir, son illər cavabdehlə aralarında mübahisələr yaranmış, 19.11.2018-ci il tarixində nikahları pozulmuş, cavabdeh ondan polis orqanlarına əsassız şikayətlər edərək onun evinə gəlməsinə qoymamış, hər dəfə evə gələndə “102” xidmətinə zəng vuraraq ona problemlər yaratmış, bu səbəbdən də o, özünə məxsus evə buraxılması üçün məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Yalnız həmin zaman ona məlum olmuşdur ki, cavabdeh tərəf hansısa qanunsuz yollarla evi ona satan E.Aslanovun 2060-cı ilədək ona verdiyi etibarnaməni ləğv etdirmiş, eləcə də satıcı E.Aslanova aid torpaq sahasinə dair Binəqədi qəsəbə bələdiyyəsinin 30.04.2007-ci il tarixli, 552 saylı Sərəncamını saxta yolla, həm də arxa tarixə qayınanası G.Hüseynovanın adına sənədləşdirmişlər. Bu azmış kimi, cavabdeh məhkəməyə yalançı şahidlər gətiirmiş, onlar da guya həmin evin qayınanası tərəfindən alınmasına dair uydurma ifadələr vermiş, rayon məhkəməsi də yazılı sübutlar ola-ola cavabdehin adamlarının ziddiyyətli ifadələrinə əsasən onun hüquqlarını pozan qətnamə qəbul etmişdir. Ona görə də şikayətinin təmin olunaraq qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının bildirdiklərinə əlavə olaraq göstərdi ki, cavabdeh tərəf düşünülmüş şəkildə iddiaçını öz mənzilindən məhrum etmək məqsədi ilə guya həmin evin cavabdehin anası tərəfindən alınmasını sübut etmək üçün, məhz tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra iddiaçının adına verilmiş etibarnamənin ləğv olunmasına və arxa tarixə müəmmalı yolla sərəncam əldə etmiş, bu və ya sair formada işin nəticəsində bilavasitə maraqlı olan şəxsləri şahid kimi məhkəməyə təqdim etmiş, rayon məhkəməsi isə bütün bu hallara göz yummuş, hətta evin pulunun satıcıya kimin tərəfindən verilməsi ilə bağlı mühüm məsələdə əsas şahidlər (cavabdehin xalası oğlu) X18 Aslanovun ifadələrindəki aşkar ziddiyyətə belə əhəmiyyət verməmiş, rayon məhkəməsi qətnaməsini əsaslandırarkən, iddiaçıya satılmış torpaq sahəsinin cavabdehin anası G.Hüseynovanın adına (sonradan əldə edilməsi şübhə doğurmayan) olan 12.07.2007-ci il tarixli Sərəncama da istinad etmiıdir. Bunula da rayon məhkəməsi iddiaçıya məxsus evin guya cavabdehin anası tərəfindən alınmasına dair iddiaya qarşı cavabdehin etiraz dəllillərinin aşkar uydurma olduğunu, öz qətnaməsinin isə tam əsassız olduğunu təsdiqləmişdir. Çünki həmin sənədin həqiqiliyini qəbul edmiş olsa, onda belə məlum olur ki, cavadehin anası özü-özündə torpağı satın almışdır. Rayon məhkəməsi həmin evin iddiaçı tərəfindən əldə olunmasını təsdiqləyən və mötəbərliyi qarşı tərəfdən də mübahisələndirilməyən yazılı sübutlara – iddiaçı ilə evin satıcısı E.Aslanov arasında bağlanmış 09.11.2010-cu il tarixli yazılı alğı-satqı müqaviləsi və elə həmin tarixdə E.Aslanov tərəfindən satdığı 300 kv.m torpaq sahəsinə dair iddiaçıya 50 il müddətinə verilmiş baş etibarnaməyə - qiymət verərkən də obyektiv olmamışdır. Vəkil əlavə olaraq göstərdi ki, o, iddiaçının hələ 2010-cu ildə əldə etdiyi torpaq sahəsinin sonradan cavadehin anasının adına hansı qaydada keçirilməsinə dair (zəruri sənədlər əlavə olunmaqla) məlumat verilməsi ilə bağlı 23 noyabr 2020-ci il tarixində Binəqədi bələdiyyəsinə yazılı şəkildə vəkil sorğusu vermiş, dəfələrlə şifahi qaydada bələdiyyə ilə sorğuya cavab verilməsi ilə bağlı danışıqlar aparmış, lakin altı aydan artıq vaxt keçməsinə baxmayaraq indiyə qədər də bununla bağlı hər hansı cavab əldə edə bilməmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin olunaraq qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh B.Babayeva (Sadıxova) izahat verərək göstərdi ki, iddiaçı ilə 2001-ci ildə nikaha girərək ailə qurmuşlar, həmin nikahdan iki uşaqları olmuş, əvəllər iddiaçının valideynlərinə məxsus evdə yaşamışlar, 2010-cu ildə iddiaçının valideynləri bir neçə ailənin bir evdə yaşaması çətin olduğundan həmin evlərini satmışlar, bundan sonra hazırda yaşadıqları evi alaraq oraya köçmüş, nikahları pozulanadək birgə yaşamışlar, son illər iddiaçı ilə münasibətləri pozulmuş, dava-dalaşları olmuş, iddiaçı onu döymüş, evdən də özü çıxıb getmişdir, həmin evin alınması üçün pulu onun anası vermiş, evin tapılması və alınmasında xalası oğlu Anar iştirak etmiş, evi aldıqdan sonra onun təmirinə 20000 manata yaxın vəsait xərcləmişlər, həmin pulu da onun anası vermiş, təmir işlərinə də xalası oğlu Anar köməklik etmişdir, iddiaçı ilə münasibətləri olmadığından onların bilikdə yaşaması mümkün ola bilməz, ona görə də apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Bunula belə, cavabdeh 2010-cu ildə ev alınarkən evin pulunun anası tərəfindən ödənildiyi halda, satıcı ilə alğı-satqı müqaviləsinin iddiaçı ilə bağlanmasının, eləcə də torpaq sahəsinə dair etibarnamənin də iddiaçının adına verilməsinin səbəblərini ağılabatan şəkildə izah edə bilmədi, eləcə də həmin evin yerləşdiyi torpaq sahəsinə sahiblik və ondan istifadə hüquqlarının anası G.Hüseynovanın adına keçməsinə dair Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 12 iyul 2007-ci il tarixli Sərəncamından xəbərinin olmadığını, onun hansı qaydada əldə olunmasıdan da məlumatsız olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Z.Hüseynov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İddiaçı ilə cavabdeh arasında 03.11.2001-ci il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan 24.08.2002-ci il tarixdə X12 və 01.06.2004-cü il tarixdə X13 doğulmuşdur. Nikah bağlandıqdan sonra onlar 2010-cu ilin noyabr ayına kimi iddiaçının valideynləri ilə birlikdə yaşamışlar. Bundan sonra 2010-cu ilin noyabr ayında tərəflər öz uşaqları ilə birlikdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamağa başlamışlar. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.11.2018-ci il tarixli, 2(005)-5256/2018 saylı Qətnaməsi). Hazırda cavabdeh birgə nikahdan olmuş uşaqlarla birlikdə qeyd edilən evdə yaşayır. İddiaçı müəyyən müddətdir ki, bu evdə yaşamır. İddiaçının təqdim etdiyi 09.11.2010-cu il tarixdə tərtib edilmiş əlyazmaya əsasən X16 30.04.2007-ci il tarixli sərəncamla özünə məxsus olan torpaq sahəsini və torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 5 otaqlı evi İddiaçı 43.500 ABŞ dollarına satdığını və bütün məbləği aldığını, İddiaçı isə yuxarıda yazılanlarla razılaşıb evin pulunu bütöv (tam) verdiyini qeyd etmiş, əlyazma hər iki tərəfin, habelə X6 anası X3 imzası ilə təsdiq edilmişdir. Bakı ş. 43 saylı notariat kontorunun dövlət natariusu E.Qurbanovun təsdiq etdiyi 09.11.2010-cu il tarixli ƏN-İ№146921 saylı etibarnamənin surətindən görünür ki, X1 qəsəbə bələdiyyəsinin 30.04.07-ci il tarixli 552 saylı sərəncamına əsasən ona məxsus olan Binəqədi qəsəbəsinin ərazisindəki 300 kv.m torpaq sahəsinə dair bütün səlahiyyətləri nəzərdə tutan və 2060-cı ilədək qüvvədə olan etibarnamə vermişdir. Birinci instansiya məhkəməsində dindirilən şahid X14 (iddiaçının qardaşı) iddiaşı ilə cavabdehin 2010-cu ilədək atalarına məxsus evdə birlikdə yaşadıqlarını, sonra həmin evi sataraq hər ailə üşün ayrı-ayrı evlər – cəmi üç ev aldıqlarını, mübahisələndirilən evin atasına məxsus 4 otaqlı evin satılmasından əldə edilən pul vəsaiti hesabına alındıqlarını, qardaşının ailəsi ilə birlikdə 2010-cu ildə həmin evə köçüb orada yaşadıqların, nikahları pozulduqdan sonra qardaşının həmin evə buraxılmadığını və 1 il 6 aya yaxın müddətdir ki, onunla yaşadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid X16 torpaq sahəsinin və üzərində yerləşən mübahisəli evin keçmiş sahibi olduğunu, torpağın və evin X9 adlı şəxs tərəfindən alındığını və bu əmlakın dəyərinin də ona məhz X9 tərəfindən ödənildiyini, alğı-satqı ilə bağlı danışıqlarda və pulun ödənilməsində X4 və X7 adlı şəxsin iştirak etdiyini, İddiaçı evin alınması ilə bağlı danışıqlarda iştirak etmədiyini və evin dəyərinin ona bu şəxs tərəfindən ödənilmədiyini, evin alğı-satqısı ilə bağlı tərtib edilmiş əlyazmada X4 tapşırığı əsasında İddiaçı adının yazıldığını, etibarnamənin də onun adına məhz X4 tapşırığı əsasında verildiyini və sonradan yenə də sonuncunun tapşırığı əsasında ləğv edildiyini bildirir. Birinci instansiya məhkəməsində şahid X7 xalası X4 ona ev almaq niyyətini bildirdikdən sonra onun tapşırığı əsasında evlərin alğı-satqısı ilə məşğul olan Eldar adlı şəxs vasitəsi ilə mübahisəli evi tapdığını və evin əvvəlki sahibi olan X16 ilə danışıqlarda onun və xalasının iştirak etdiyini, evin dəyərinin də X10 özünün ödədiyini, evdə aparılan təmir işləri ilə bağlı bütün xərclərin də məhz xalası tərəfindən qarşılandığını, İddiaçı evin pulunu və ya təmirlə bağlı hər hansı məbləğdə vəsait vermədiyini, əlyazmada İddiaçı adının da xalasının tapşırığı ilə yazıldığını bildirir. Birinci instansiya məhkəməsində şahid X17 evin alınması üçün cavabdehin anasının, yəni xalasının pulu çatmadığından ona 2000 manat məbləğində borc verdiyini, lakin evin alınmasında iştirak etmədiyini qeyd edir. Binəqədi qəsəbə bələdiyyəsinin 12.07.2007-ci il tarixli №1051 saylı sərəncamından görünür ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə sahiblik və ondan istifadə etmək hüquqları Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 12.07.2007-ci il tarixli Sərəncamı ilə X4 adına keçirilmişdir. “Ədalət” vəkil bürosunun 23 noyabr 2020-ci il tarixli 568 saylı məktubundan görünür ki, həmin büronun vəkili Vəkil tərəfindən 02 iyul 2007-ci il tarixli 12 saylı protokolunun və aidiyyəti Qərarının əslini və ya təsdiq olunmuş surətlərini, Sərəncamın, protokol və qərarın qeydiyyata alınması barədə qeydiyyat kitablarından təsdiq olunmuş çıxarışları və həmin Sərəncama dair sair sənədlərin surətlərinin təqdim olunmasına dair Binəqədi qəsəbə bələdiyyəsinə vəkil sorğusu verilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və yeni qətnamə qəbul olunaraq iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 43-cü maddəsində isə təsbit olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya qeyd edir ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və evin mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmaması hazırkı mülki mübahisənin həllində hər hansı əhəmiyyət kəsb etmir. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 2001-ci ildə rəsmi nikaha daxil olmuş, 2010-cu ilədək iddiaçının atasına məxsus evdə yaşamış, həmin il ünvan 3 ünvanında yerləşən mübahisəli evi (torpaq sahəsi ilə birlikdə) əldə edərək həmin evə köşmüş, birgə yaşadıqları müddətdə evin təmirinə təxminən 20000 manat pul xərcləmişlər, sonradan münasibətləri pisləşmiş, Nərimanov Rayon Məhkəməsinin 19.11.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, münasibətlərin gərginləşməsi zəmnində cavadehin şikayətlərinə əsasən iddiaçının barəsində cinayət təqibi başlanılmış, bundan sonra iddiaçı bir müddət şikayətlərdən çəkinərək qardaşı ilə yaşamış, hazırda isə cavabdeh iddiaçını evə buraxmır, bu səbəbdən də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı hazırkı iddia tələbində ünvan 3 ünvanında yerləşən birgə nikah dövründə əldə etdikləri evə köçürülməsini istəyir. İddiaçı bununla bağlı məhkəməyə öz izahatından başqa aşağıdakı sübutları təqdim etmişdir: - şahid X5 ifadəsini; - evlə birlikdə həmin torpaq sahəsinin alğı-satqısına dair 09.11.2010-cu il tarixdə tərtib edilmiş sadə yazılı müqavilə; - Bakı ş. 43 saylı notariat kontorunun dövlət natariusu E.Qurbanovun təsdiq etdiyi 09.11.2010-cu il tarixli ƏN-İ№146921 saylı etibarnamənin surətindən görünür ki, X1 qəsəbə bələdiyyəsinin 30.04.07-ci il tarixli 552 saylı sərəncamına əsasən ona məxsus olan Binəqədi qəsəbəsinin ərazisindəki 300 kv.m torpaq sahəsinə dair bütün səlahiyyətləri nəzərdə tutan və 2060-cı ilədək qüvvədə olan etibarnamə. Cavabdeh tərəf iddiaya etiraz etmişdir və etirazında əsas kimi həmin evin (torpaq sahəsi ilə birlikdə) birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, birgə vəsaitlər hesabına deyil, cavabdehin anasının vəsaiti hesabına əldə edildiyinə istinad etmişdir. Cavabdeh etirazının əsasına dair öz izahatından başqa yalnız üç şahid ifadəsini və 12 iyul 2007-ci il tarixli Sərəncamı sübut kimi məhkəməyə təqdim etmişdir: - şahid X6 ifadəsi (2010-cu il tarixində mübahisəli evi (torpaq sahəsi ilə birlikdə) satan şəxs) - şahid X7 (cavabdehin xalası oğlu) - şahid X17 (cavabdehin xalası oğlu) - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 12.07.2007-ci il tarixli Sərəncamı. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı iş üzrə iddiaçınn təqdim etdiyi biri digərini tamamlayan sübutlarla – şahid X5 ifadəsi, 09.11.2010-cu il tarixdə tərtib edilmiş sadə yazılı müqavilə və 09.11.2010-cu il tarixli ƏN-İ№146921 saylı etibarnamə ilə - ünvan 3 ünvanında yerləşən evin (torpaq sahəsi ilə birlikdə) tərəflərin birgə nikah dövründə əldə etdikləri və nikah dövründə də onun təmirinə 20000 manatadək xərc çəkdikləri (bu faktı cavabdeh özü də təsdiq etmişdir) təsdiq olunur. Cavabdehin təqdim etdiyi 12 iyul 2007-ci il tarixli Sərəncama münasibətdə kollegiya qeyd edir ki, əvvəla, həmin sübutun iddiaçının tələbinin təmin edilib-edilməməsi baxımından əhəmiyyəti ola bilməz, ikincisi isə, məhkəmə kollegiyası hazırkı halda həmin sübutun mötəbərliyi ilə bağlı iddiaçı tərəfin bildirdiklərini də nəzərə alır. Ona görə ki, cavabdeh özü də məhkəmə iclasında həmin Sərəncamın nə vaxt və hansı qaydada əldə edilməsi ilə bağlı məlumatının olmadığını bildirmişdir. Bundan başqa, rayon məhkəməsi cavabdehin təqdim etdiyi digər sübutların da ziddiyyətli olmasına (evin pulunun satıcıya kimin tərəfindən verilməsi ilə bağlı mühüm məsələdə əsas şahidlər (cavabdehin xalası oğlu) Anar Məhərrəmovla Emil Aslanovun ifadələri), həmin şahidlərin ikisinin – X7 və X8 cavabdehin doğma xalası uşaqları olmasına və işin nəticəsində onların bilavasitə maraqlı olmasına, başlıcası isə, cavabdehin istinad etdiyi dəlillərin tərəflər arasında ailə münasibətlərinin gərginləşməsi və onların rəsmi nikahlarının pozulmasından sonra ortaya çıxması kimi mühüm hallara, eləcə də həmin sübutların biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənarlıqla bağlı meyara cavab verməməsinə əhəmiyyət verməmişdir. Eyni zamanda, rayon məhkəməsi iddiaçının təqdim etdiyi və mötəbərliyi şübhə doğurmayan yazılı sübutlara - 09.11.2010-cu il tarixdə tərtib edilmiş sadə yazılı müqavilə və 09.11.2010-cu il tarixli ƏN-İ№146921 saylı etibarnaməyə - qiymət verərkən də MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Beləliklə, aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən mübahisəli ev (torpaq sahəsi ilə birlikdə) tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə edilmiş, onların birgə vəsaitləri hesabına təmir olunmuşdur, bu səbəbdən də həmin evdən (torpaq sahəsi ilə birlikdə) istifadə edilməsi və ona sahiblik edilməsində tərəflər eyni hüquqa malikdirlər, buna görə də iddiaçının həmin evə köçürülməyə dair tələbi əsaslıdır. İddiaçının həmin evdən (torpaq sahəsi ilə birlikdə) istifadə edilməsi qaydalarının müəyyən edilməsi tələbinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bununla bağlı, yəni istifadənin hansı qaydada olmasına dair iddia ərizəsində hər hansı təklif irəli sürməmiş, buna dair məhkəməyə də hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən, onun iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 385.1.2-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən – iddia tələbinin İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-966/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4428/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4428/2021
26.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver