Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-530/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, texnoloji avadanlığın saz vəziyyətdə geri qaytarılması və pul tələbi”nə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-49/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 19 yanvar 2011-ci il tarixli 05-LA/11 №-li Lizinq müqaviləsi ilə İddiaçı ASC (hazırda "xxxx" ASC) tərəfindən ümumi məbləği 410109 manat olan 500 ton tutumlu soyuducu kamera avadanlıqları, dəyərinin 82022 manat hissəsinin 19 dekabr 2008-ci il tarixli ilkin müqavilə üzrə X3 tərəfindən ödənilməsi ilkin ödəniş kimi nəzərə alınmaqla, qalan hissəsinin isə lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənilməklə 10 il müddətinə Cavabdeh lizinqə verilmişdir. 14 may 2012-ci il tarixli 19-LA/12 №-li Lizinq müqaviləsi ilə İddiaçı ASC (hazırda "xxxx" ASC) tərəfindən dəyəri 48800 manat olan 2 ha istixana üçün 3000 kkal gücə malik 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqları, dəyərinin 4900 manat hissəsi əvvəlcədən, qalan məbləği isə lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənilməklə 10 il müddətinə Cavabdeh lizinqə verilmişdir. Hazırda iddiaçı müqavilənin ləğv edilməsini və borcun tutulmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC (hazırda "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19 yanvar 2011-ci il və 14 may 2012-ci il tarixli Lizinq müqavilələrinin ləğv edilməsi, həmin müqavilələr üzrə yaranmış və 26 yanvar 2018-ci il tarixə kimi ödənilməmiş qalan əsas borcun 241187 manat, cərimə borcunun ödənilməsi məqsədi ilə 248874 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin 30 manat məbləğində pulun, habelə qeyd edilən müqavilələri predmeti olan texnoloji avadanlıqların və onların yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, lizinq obyektlərinin dəyərini müqavilələrin şərtlərinə və "xxxx" uyğun olaraq ASC-yə ödəməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə etiraz verərək göstərmişdir ki, ASC-nin 19 yanvar 2011-ci il tarixli "xxxx" üzrə təhvil verməli olduğu soyuducu kamera istismara yararsız vəziyyətə olmuşdur. Belə ki, "xxxx" bağlanmamışdan əvvəl, yəni 19 dekabr 2008-ci il tarixdə həmin soyuducu avadanlıqla bağlı onların arasında ilkin müqavilə bağlanmış və o, ASC-yə 82022 manat məbləğində ilkin ödəniş etmişdir. 27 noyabr 2010-cu il tarixdə ASC-nin əməkdaşları tərəfindən soyuducu anbara baxış keçirilmiş və akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, soyuducu anbarın 1 kamerasının qapısı tam bağlanmır, bəzi qapılar hermetik bağlanmır, avadanlığın divarlarından etilenqlikol sızır, meyvə olan kameralarda temperatur rejimi alınmır, kameradakı evaparatorlar buz bağlayıb və uzun müddət də ərimir (tərlər yoxdur), nəmləşdiricilər su sisteminə qoşulmadığından onları istismar etmək mümkün deyil, etilenqlikol sistemi keyfiyyətsiz yığıldığından boruların birləşmə yerindən qlikol damcılayır, dam hissəsinin qlikol sistemi birləşmə yerindən axıdır, qlikol sistemində 2 nasos nəzərə alındığından yalnız biri quraşdırılıb, qlikol boruları dama qalxan hissəsi izolyasiya edilməsinə baxmayaraq daxili hissəsindən qlikol axıdır və çölə çıxır. ASC-nin buna səlahiyyəti olan əməkdaşları ona vədlər vermişlər ki, qeyd edilən nasazlıqları aradan qaldıracaqlar. O, bu vədlərə inanaraq 19 yanvar 2011-ci il tarixdə ASC ilə "xxxx" bağlamışdır. Bundan sonra, yəni 21 yanvar 2011-ci il tarixdə ASC-nin rəhbərli tərəfindən əmr qəbul edilmişdir ki, aralarında bağlanmış 19 dekabr 2008-ci il tarixli ilkin müqavilə xitam verilsin və soyuducu kameranın avadanlıqları 10 il müddətinə ona lizinqə verilsin. Bunun üstündən uzun müddət keçməsinə baxmayaraq avadanlıq təmir edilməmiş, istismara yararlı vəziyyətə gətirilməmişdir. Baxmayaraq ki, 19 yanvar 2011-ci il tarixli "xxxx" 2.2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, ASC, lizinqin obyektini tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verilməsini təmin edir. Soyuducu kameranın “Lizinq alana təhvil verilməsi barədə” 29 yanvar 2011-ci il tarixli aktda da göstərilmişdir ki, qlikol sistemində 1 ədəd nasos yerində yoxdur, 3 kameranı tənzimləyən və işlədən idarəetmə sistemi işləmir, işləyən 4 kameranın fanları dondurur. "xxxx" Müəssisəsinə tapşırılsın ki, qısa müddətdə yuxarıda göstərilən nöqsanlar aradan qaldırılsın. Göründüyü kimi, əşya ona tam işlək vəziyyətdə təhvil verilməmişdir. O, bu barədə qeydlərini onunla ASC arasında “İlkin müqavilə” bağlanan zaman tərtib edilmiş 27 noyabr 2010-cu il tarixli, "xxxx" bağlanan zaman tərtib edilmiş 29 yanvar 2011-ci il tarixli aktlarda, habelə onunla ASC-nin əməkdaşlarının vaxtaşırı tərtib etdikləri çoxsaylı “Üzləşmə aktlarında” qeyd etmiş və elə həmin aktlarda da yazmışdır ki, soyuducu avadanlıq işlək vəziyyətə gətirilməyincə o, həmin "xxxx" üzrə ödənişləri etməyəcək. Bundan başqa, soyuducuya zəruri avadanlığın quraşdırılması üçün 29 iyun 2012-ci il tarixdə müqavilə bağlandığı qeyd edilir. Soyuducu cavabdehə təhvil verilən zaman da qüsurların olduğu göstərilmişdir. 23 noyabr 2013-cü il tarixdə tərtib edilmiş aktda isə göstərilir ki, soyuducu kamera üçün avadanlıqların bir hissəsi 29 iyun 2012-ci il tarixli müqavilə üzrə montaj olunsa da, işə salınmayıb. Həmin akta da cavabdeh tərəfindən qeyd verilərək soyuducu anbar işləmədiyinə görə cavabdehə işlək vəziyyətdə təhvil verilməsi, bundan sonra ödənişləri edəcəyi bildirilmişdir. Bundan başqa, soyuducu kameranın texniki nəzarət jurnalından görünür ki, 13 may 2014-cü, 03 dekabr 2014-cü, 10 noyabr 2015-ci, 11 dekabr 2018-ci, 20 noyabr 2019-cu il tarixlərdə soyuducu kameraya baxış keçirilmiş, nöqsan və qüsurlar müəyyən edilmişdir. Göründüyü kimi, maddi zərər ASC-yə deyil, əslində cavabdehə dəymişdir. Çünki o, soyuducu kameradan təyinatına uyğun istifadə edə bilməmişdir. Bu baxımdan hesab edir ki, ASC, onların arasında soyuducu avadanlıqla bağlı bağladıqları müqavilə üzrə ondan nə əsas borcu, nə də ki, cərimə borcunu tələb edə bilməz. İddia tələbinin, 2 ha istixana üçün 3000 kkal gücə malik olan 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqlar ilə bağlı onunla ASC arasında bağlanmış 14 may 2012-ci il tarixli "xxxx" üzrə yaranmış borcun ödənilməsi barədə hissəsinə gəldikdə isə, həmin müqavilə üzrə onun ASC-yə həqiqətən də borcu var. Lakin ASC bu tələbdə həmin müqavilə üzrə onun dəqiq olaraq hansı məbləğdə borcunun olması, ötən illər ərzində nə qədər ödəniş etməsini göstərilmir. ASC tərəfindən ona göndərilmiş pretenziya məktubunda isə bu müqavilə üzrə onun ASC-yə 234000 manat məbləğində borcunun yarandığı qeyd edilir. Cavabdeh birinci instansiya məhkəməsinə ərizə verərək göstərmişdir ki, onunla ASC arasında bağlanmış 19 yanvar 2011-ci il tarixli "xxxx" predmeti olan soyuducu kameraya 23 noyabr 2013-cü il tarixdə ASC-nin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı tərtib edilmiş aktda o, qeyd etmişdir ki, soyuducu kamera istismara yarasız olduğu üçün həmin müqavilə üzrə ödəniş etməyəcək. ASC-nin həmin vaxtdan məlumatı var idi ki, həmin müqavilə üzrə ödənişlər olmayacaq. ASC həmin müqavilə ilə bağlı iddia tələbini 5 ildən çox müddət keçdikdən sonra irəli sürmüş, iddia ərizəsini 06 iyun 2018-ci il tarixdə məhkəməyə vermişdir. Buna görə də, həmin tələbə iddia müddəti tətbiq edilməli və tələb rədd edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(008)- 49/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 14 may 2012-ci il tarixli 19- LA/12 №-li müqavilə üzrə 26 yanvar 2018-ci il tarixə olan 20700,00 manat əsas borcun, 2000 manat cərimənin, cəmi 22700 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə verdiyi lizinq obyekti işlək vəziyyətdə olmadığından, iddiaçı özü də bu halı bildiyindən, lizinq obyektinin avadanlıqları sökülüb iddiaçının Şəmkir filialına yığıldığından və bu günədək lizinq obyekti işlək vəziyyətdə cavabdehə təhvil verilmədiyindən, birinci müqavilə üzrə borc tələb edilə bilməz. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının xeyrinə ikinci müqavilə üzrə əsas borc 20700,00 manat borc tutulmalıdır (ekspert rəyinə əsasən). Belə ki, ödənilmiş və tələb edilən məbləğlər iddiaçı tərəfindən müqavilələr üzrə bölünməmiş, cavabdeh isə ödənişləri yalnız ikinci müqavilə üzrə etmişdir.İddiaçı iddia tələbində əsas borcla yanaşı, cərimə borcunun da tutulmasını istəmişdir (əsas borca nisbətdə 103 % cərimə). İddiaçının mövqeyi nəzərə alınarsa, 20700,00 manat əsas borca 21321 manat məbləğində cərimə hesablanmalıdır. Məhkəmə hesab etmişdir ki, belə əsas məbləğə nisbətdə 103 % cərimənin hesablanması tənasübsüz surətdə yüksəkdir və 2000 manat cərimə, yəni əsas məbləğin 10 faizi miqdarında cərimənin tutulması ədalətli hesab edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1, 441.2, 442, 443.1, 448.1, 747.1, 748-1.5, 748-1.8, 748-1.9, 748- 1.12, 748-7.1, 748-7.11, 749.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(008)-49/2022 nömrəli qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi hissəsində işin hallarını düzgün qiymətləndirməmiş və iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının pozulmasına səbəb olan əsassız qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2023-cü il tarixli, 2(103)-2197/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi müəyyən edilmişdir ki, ikinci müqavilənin predmeti olan istixana üçün qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqları işlək vəziyyətdə olsa da, birinci müqavilənin predmeti olan soyuducu kamera avadanlıqları işlək vəziyyətdə deyil. Soyuducu kamera avadanlıqları sökülmüş və cavabdehdən alınaraq ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarında saxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə verdiyi lizinq obyekti – soyuducu avadanlıq işlək vəziyyətdə olmadığından, iddiaçı özü də bu halı bildiyindən, lizinq obyektinin avadanlıqları sökülüb ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarına yığıldığından və soyuducu avadanlıq ASC ilə cavabdeh arasında bağlanmış 19 yanvar 2011-ci il tarixli "xxxx" şərtinə uyğun olaraq işlək vəziyyətdə cavabdehə təhvil verilmədiyindən, birinci instansiya məhkəməsi 19 yanvar 2011-ci il tarixli "xxxx" üzrə yaranmış borcun ödənilməsi ilə bağlı tələbi təmin etməkdə haqlı olmuşdur. ASC-nin verdiyi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə dair dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqlar ilə bağlı iş üzrə tərəflər arasında bağlanmış 14 may 2012-ci il tarixli "xxxx" üzrə 26 yanvar 2018-ci il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 20700,00 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsini qət etməkdə haqlı olmuşdur. ASC-nin verdiyi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə dair dəlili də əsassızdır. Belə ki, iddiaçı ASC qeyd edilən 14 may 2012-ci il tarixli "xxxx" üzrə cavabdehin əsas borcunun daha yüksək məbləğdə olmasını və ekspertiza tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli, 9/3401 saylı rəyi şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 14 may 2012-ci il tarixli "xxxx" üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi üçün hesablanmış cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 2000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsini qət etməkdə də haqlı olmuşdur. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2023-cü il tarixli, 2(103)-2197/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi, yaxud işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3379/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2023-cü il tarixli, 2(103)-2197/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “iddianı soyuducu anbara münasibətdə təmin etməyən məhkəmələr hesab etmişlər ki, lizinq verən olan iddiaçı lizinq obyektini işlək vəziyyətdə cavabdehə təhvil vermədiyindən, həmin müqavilə üzrə lizinq ödənişlərini tələb etmək hüququna malik deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları qiymətləndirərkən, mülki prosessual qanunvericiliyin tələblərinə tam riayət etməmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Belə ki, tərəflər arasında imzalanmış lizinq müqaviləsinin 3.3-cü bəndinə əsasən lizinq alan avadanlığı qəbul etdikdən sonra təhvil-təslim aktını imzalayır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərin yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düşür və bu müqavilə üzrə öhdəliklərindən azad etmir. Müqavilənin 3.8-ci bəndinə əsasən lizinq alan avadanlıqlardan təyinatı üzrə istifadə etməyə, onu saz vəziyyətdə saxlamağa, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına, istehsalçının təlimatlarına əməl etməyə borcludur. Müqavilənin 3.9-cu bəndinə əsasən isə lizinq alan avadanlığa texniki qulluq və təmir xidmətlərini öz vəsaiti hesabına həyata keçirir. İddianı rədd edən apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 441.1 və 441.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Mülki Məcəllənin həmin müddəalarına görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, iş materiallarında olan təhvil təslim barədə 29 yanvar 2011-ci il tarixli aktda “Qeyd” olaraq göstərilmişdir ki, lizinq müqaviləsinin predmeti olan soyuducu kamera avadanlıqları cavabdehə təhvil verilərkən müəyyən edilmişdir ki, həmin avadanlığın qlikol sistemində 1 ədəd nasos yerində yoxdur, 3 kameranı tənzimləyən və işlədən idarəetmə sistemi işləmir, işləyən 4 kameranın fanları donur. Məhkəmə bu nöqsanları iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi icra edilməməsi kimi qiymətləndirmişdir. Lakin, həmin aktda həmçinin qeyd olunmuşdur ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən, tutumu 50 ton olan soyuducu kameranın tərkibinə məxsus texnoloji avadanlıq quraşdırılmış və komplekt halda, istifadəyə hazır təhvil-qəbul edilmişdir. Aktda olan cədvələ görə soyuducu kameralar 9 otaqdan ibarət olmaqla, 3 cihazla təmin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırki mübahisəyə Mülki Məcəllənin 441.2-ci maddəsinin tətbiqi üçün aktın qeyd hissəsində göstərilən nöqsanların iddiaçı tərəfindən müqavilənin şərtləndirilmiş qaydada icra olunmama kimi qiymətləndirilməsinə əsas olduğu araşdırılmalıdır. Lakin apellyasiya məhkəməsi tərəfindən bu hala dair hər hansı hüquqi qiymət verilməmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə mühəndis texniki ekspertizası təyin edilsə də, ekspertin rəyində avadanlıqların ekspertiza tədqiqatı zamanı istifadəyə yararlı olmaması göstərilmişdir. Həmin zaman ekspertin qarşısında soyuducu kamera avadanlıqları təhvil verilərkən aktda göstərilən nöqsanların həmin avadanlıqların istismara yararsızlığına səbəb olubolmamasına dair mühüm halla bağlı suallar qoyulmamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, soyuducu anbarla bağlı növbəti akt təhvil təslimdən təxminən 1 il 10 ay sonra, 07 noyabr 2012-ci il tarixdə tərtib olunmuş və həmin aktda avadanlığın atmosfer kontrol hissəsinin bir hissəsi gətirilməsi və həmin avadanlıqlarının yenidən quraşdırılması işləri aparılması qeyd olunmuşdur. İşdə olan növbəti aktlarda da, soyuducu kameraların normal işləməsi üçün zəruri olan ehtiyat hissələrin gətirilməsi, lakin quraşdırılmaması və avadanlıqların tam yararlı hala gətirilməməsi qeyd olunmuşdur. Bununla belə, həmin aktların bəzilərində cavabdehin soyuducu kameralardan (onların bir neçəsindən) olduğu kimi istifadə etməsi, kameralarda meyvə saxlanılması qeyd olunmuşdur. Nəhayət, iddiaçının 12 sentyabr 2022-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, lizinq predmeti sökülərək, ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarına təhvil verilmişdir. Lakin avadanlıqların nə vaxt və hansı vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə sübutlar iş materiallarına əlavə olunmamışdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin düzgün həlli üçün ilk olaraq lizinq predmeti olan avadanlıqlar cavabdehə təhvil verilən zaman, istifadəyə yararlı olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, aktda göstərilən nöqsanlar mövcud olsa da, həmin avadanlıq təhvil verilərkən istifadəyə yararlı olduğu halda, tərəflər arasında bağlanmış müqavilənin 3.3, 3.8 və 3.9-cu bəndlərinə və Mülki Məcəllənin 748 7.1-ci maddəsinə əsasən onun sonradan saz vəziyyətdə saxlamağa, texniki qulluq və təmir xidmətlərini aparmağa görə məsuliyyət cavabdehin üzərinə düşür və avadanlıqların işləməməsi (lazımi qaydada işləməməsi) lizinq alanı lizinq ödənişləri etmək vəzifəsindən azad etmir. Lakin apellyasiya məhkəməsi bu istiqamətdə hər hansı araşdırma aparmamış, lizinq predmetinin 10 ildən artıq müddətdə cavabdehin sahibliyində və istifadəsində qalmasını, iddiaçı müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğu halda, cavabdehin bu müddət ərzində Mülki Məcəllənin 421-ci maddəsinə uyğun olaraq müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün hüquqi prosedurlara başlamamasını nəzərə almamışdır. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən lizinq predmetinin təhvil-təslim zamanı yararlı olub-olmamasını müəyyən etmək, həmin zaman və sonrakı dövrdə müəyyən olunan nöqsanlara görə məsuliyyətin tərəflərdən hansının üzərinə düşməsini araşdırmaq məqsədi ilə iş üzrə əlavə məhkəmə mühəndistexniki ekspertizanın keçirilməsi məsələsi tərəflərlə müzakirə olunmalı, tərəflərdən hansının müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə məsuliyyət daşımasını müəyyən etməli, cavabdehin öhdəliyini icra etməməsi müəyyən edildiyi halda, lizinq avadlanlıqlarının lizinq alana qaytarılması nəzərə alınmaqla, onun həmin müqavilə üzrə iddiaçıya olan borcun məbləği müəyyən edilməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.” Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6874/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə mühəndis-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2 9/10062 saylı, 01 aprel 2024-cü il tarixli məktubu ilə məhkəmə-mühasibatlıq ekspertizası üzrə rəy daxil olmuşdur. Verilmiş ekspert rəyində ekspert qarşısında qoyulmuş suallar əhatəli tədqiq edilməməsi səbəbindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-530/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, "xxxx" ASC-nin və «X10 Taahhüt Sanayi və Ticaret Anonim Şirketi»nin Azerbaycan Respublikasındakı Filialının mütəxəssisləri cəlb edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2 10/4467 saylı, 20 sentyabr 2024-cü il tarixli məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən – yəni, tərəflər arasında bağlanmış 19 yanvar 2011-ci il tarixli 05-LA/11 nömrəli müqavilənin predmeti olan soyuducu kamera avadanlığı üzrə yaranmış borc hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş mühəndis-texniki ekspertizasının 02 sentyabr 2022-ci il tarixli rəyinə əsasən 500 ton tutumlu soyuducu kameranın hər-iki kompressor çıxışlarında yağ buraxdığı, qeyri-işlək vəziyyətdə olduğu, aqreqatın içərisində olan 2 ədəd yağ açarlarının salniklərinin tamamilə sıradan çıxdığı, qeyri-işlək vəziyyətdə olduğu, aqreqatın kondinser sisteminin daxili pətəklərində sızmalarin olduğu, sistemin çıxış xətti qara metal boru olduğundan izolyasiya altında paslanıb çürüdüyü, yağ ayırıcından kondinserə çıxış xəttinin birləşmələrində sızmalar olduğu, metal hissələri korroziyaya uğradığı, 2 ədəd su nasosunun yararsız halda olduğu, çıxışlar və birləşmələrin paslandığı, 18 ədəd buzxanaların hamısında əsas paylayıcı balonlardan və kalaşlardan buraxdığı, qeyriişlək vəziyyətdə olduğu, şoklama otağı üçün 2 ədəd kopeland “15 hp” kompressorunun dolaq sisteminin yandığı, istifadəyə yararsız vəziyyətdə olduğu, nəmliyi ölçən qurğuların işləmədiyi, yer izolyasiya olunmadığı, beton örtüyün dağıldığı, qapıların atmosfer tənzimləyicilərinin düzgün işləmədiyi, hava buraxdığı, germetikliyi olmadığı, rezinləri çürüdüyü və yararsız olduğu, bununla da, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış birinci müqavilə əsasında cavabdehə lizinqə verilmiş və hazırda Şəmkir rayonu, Keçili kəndində quraşdırılan 500 ton tutumlu soyuducu kameranın istifadəyə yararlı olmadığı müəyyən edilmişdir. İş üzrə təyin edilərək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 27 sentyabr 2022-ci il tarixli rəyinə əsasən cavabdeh tərəfindən iki kassa mədaxil orderi üzrə 4700 manat ödəniş edilmiş, həmin ödənişlərin hansı müqaviləyə aid olması müəyyən edilməmişdir. Kassa mədaxil orderləri məlumatları, ikinci müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 06 iyun 2018-ci il tarixədək (iddia ərizəsi verildiyi tarix) "xxxx" ASC-yə olan gecikdirilmiş ödəniləcək borcu aşağıdakı kimi müəyyən edilmişdir: ödənilməli borc 25400,00 manat, ödənilən borc 4700,00 manat, qalıq borc 20700,00 manat. Kassa mədaxil orderləri nəzərə alınmamaqla, ikinci müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 06 iyun 2018-ci il tarixədək "xxxx" ASC-yə olan gecikdirilmiş ödəniləcək borcu aşağıdakı kimi müəyyən edilmişdir: ödənilməli borc 25400,00 manat, ödənilən borc 0,00 manat, qalıq borc 25400,00 manat. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehə verdiyi lizinq obyekti işlək vəziyyətdə olmadığından, iddiaçı özü də bu halı bildiyindən, lizinq obyektinin avadanlıqları sökülüb iddiaçının Şəmkir filialına yığıldığından və bu günədək lizinq obyekti işlək vəziyyətdə cavabdehə təhvil verimədiyindən, birinci müqavilə üzrə borc tələb edilə bilməz. İddiaçının xeyrinə ikinci müqavilə üzrə əsas borc 20700,00 manat borc tutulmalıdır (ekspert rəyinə əsasən). Belə ki, ödənilmiş və tələb edilən məbləğlər iddiaçı tərəfində müqavilələr üzrə bölünməmiş, cavabdeh isə ödənişləri yalnız ikinci müqavilə üzrə etmişdir. Lakin birinci instansiya məhkəməsi ekspertin qarşısında soyuducu kamera avadanlıqları təhvil verilərkən aktda göstərilən nöqsanların həmin avadanlıqların istismara yararsızlığına səbəb olub-olmamasına dair sual qoymamışdır. Bu baxımdan təkrar apellyasiya baxışı zamanı lizinq predmetinin təhvil-təslim zamanı yararlı olub-olmamasını müəyyən etmək, həmin zaman və sonrakı dövrdə müəyyən olunan nöqsanlara görə məsuliyyətin tərəflərdən hansının üzərinə düşməsini araşdırmaq məqsədi ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası eləcə də əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10062 saylı, 01 aprel 2024-cü il tarixli ekspert rəyindən isə görünür ki, ekspertiza tədqiqatı yalnız işin mühasibatlıq hissəsinə dair aparılmaqla borcun məbləği müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Halbuki yuxarıda qeyd edildiyi kimi iş üzrə obyektiv nəticəyə gəlmək üçün lizinq predmetinin təhvil-təslim zamanı yararlı olub-olmamasını müəyyən etmək, həmin zaman və sonrakı dövrdə müəyyən olunan nöqsanlara görə məsuliyyətin tərəflərdən hansının üzərinə düşməsini araşdırmaq zəruridir. Lakin ekspert rəyindən görünür ki, ekspertiza qeyd olunan hissələlər dair, daha dəqiq mülki işin mühəndis-texniki hissəsinə münasibətdə ekspertiza tədqiqatı aparılmamışdır. Həmçinin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis X5 rəy təqdim etmişdir ( iddiaçı tərəfindən təqdim edilmiş ). Rəydə qeyd olunur ki, 1-ci sual üzrə-tərtib edilmiş “Təhvil-təslim barədə” aktında göstərilmiş çatışmazlıqlara baxmayaraq soyuducu kamera işlək vəziyyətdə olmuşdur, 2-ci sual üzrə-aktla avadanlıqlar təhvil verilərkən aktda göstərilən nöqsanların həmin avadanlıqların istismara yararsızlığını müəyyən etmir. Belə ki, məhsulun saxlanması müddətini qısalda bilər; 3-cü sual üzrə- “Təhvil-təslim barədə” aktın qeyd hissəsində göstərilən nöqsanlar mövcud olduğu halda soyuducu kamera işlək vəziyyətdə ola bilər. Ancaq məhsul saxlama müddəti kiçilə bilər və soyuducunun kameralarına 500 ton məhsul yığmaq mümkün olmaz. Eyni zamanda cavabdeh “Climaservice isitmə, soyutma və havalandırma” şirkəti tərəfindən verilmiş mütəxəssis rəyini təqdim etmişdir. Rəydə qeyd olunur ki, İddiaçı ASC-nin və "xxxx" MMC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 29 yanvar 2011-ci il tarixli “Təhvil-təslim barədə” aktda göstərilənlər nəzərə alınmaqla soyuducu kamera avadanlıqları cavabdehə təhvil verilərkən tam işlək vəziyyətdə olması fiziki cəhətdən mümkün deyildir. Belə ki, aktdan göründüyü kimi sistemin hissə və ya hissələrinin yoxluğu (dövriyyə nasosunun olmaması) və ya nasazlığı (idarəetmə sisteminin tam və ya qismən nasazlığı, buxarlandırıcının fanlarının donması) sistemin tam və ya qismən istismara yararsız olduğunu ortaya qoyur. Belə olan halda iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etsə də, ekspert qarşısında qoyulmuş suallar əhatəli şəkildə tədqiq edilmədiyindən iş üzrə obyektiv nəticəyə gəlmək üçün eləcə də kassasiya instansiya məhkəməsinin göstərişləri baxımından lizinq predmetinin təhvil-təslim zamanı yararlı olub-olmamasını müəyyən edilməsi, həmin zaman və sonrakı dövrdə müəyyən olunan nöqsanlara görə məsuliyyətin tərəflərdən hansının üzərinə düşməsini araşdırmaq məqsədi ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsində "xxxx" ASC-nin və «X10 Taahhüt Sanayi və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı filialı mütəxəssisləri cəlb edilərək müvafiq mütəxəssis rəyi də təqdim edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş «X10 Taahhüt Sanayi və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı filialının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" MMMnin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 29 yanvar 2011-ci il tarixli “təhvil-təslim barədə” aktda olan məlumatlara görə, soyutma sisteminin əsas elementlərindən olan dövriyyə nasosunun çatışmamazlığı və sistemi idarə edən idarəetmə sisteminin işləməsi səbəbindən soyuducu kamera avadanlıqları işlək vəziyyətdə ola bilməz. 29 yanvar 2011-ci il tarixli aktla avadanlıqlar təhvil verilərkən aktda göstərilən nöqsanlar avadanlığın istismarını yararsız edir. Soyutma sistemi (avadanlıqları) dedikdə dəst (qrup) şəklində, bütün elementlərin işlək vəziyyəti zamanı soyutma sistemini yararlı olur. Hər hansı bir hissənin olmaması və ya qüsurlu olması ümumilikdə soyutma sistemini yararsız edir. 29 yanvar 2011-ci il tarixli təhvil-təslim barədə aktın qeyd hissəsində göstərilən nöqsanlar mövcud olduğu təqdirdə müqavilənin predmeti olan 500 ton tutumlu soyuducu kamera işlək vəziyyətdə ola bilməz. Səbəb: soyutma sisteminin hər hansı bir hissəsinin olmaması və ya qüsurlu olması ümumilikdə soyutma sistemini yararsız edir. Nöqsanlı avadanlıqlar istismara yararlı sayıla bilməz. Avadanlıqlar tam işlək vəziyyətdə təhvil verilməlidir. Nöqsanlı, yararsız hissələrin olması soyutma sisteminin (avadanlıqlarının) təbiətinə ziddir, düzgün işləməsi qeyri mümkündür. 29 yanvar 2011-ci il tarixli təhvil-təslim barədə aktın qeyd hissəsində göstərilən nöqsanlar müvcud olduğu təqdirdə soyuducu anbarda kənd təsərrüfatı malları saxlamaq olmaz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2 10/4467 saylı, 20 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş 18 iyun 2024-cü il tarixli FM-AAA-12/24 №li mütəxəssis rəyinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" MMM-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 29 yanvar 2011-ci il tarixli “təhvil-təslim barədə” aktda olan məlumatlara görə, soyutma sisteminin əsas elementlərindən olan dövriyyə nasosunun çatışmamazlığı və sistemi idarə edən idarəetmə sisteminin işləməsi səbəbindən soyuducu kamera avadanlıqları işlək vəziyyətdə ola bilməz. 29 yanvar 2011-ci il tarixli aktla avadanlıqlar təhvil verilərkən aktda göstərilən nöqsanlar avadanlığın istismarını yararsız edir. Soyutma sistemi (avadanlıqları) dedikdə dəst (qrup) şəklində, bütün elementlərin işlək vəziyyəti zamanı soyutma sistemini yararlı olur. Hər hansı bir hissənin olmaması və ya qüsurlu olması ümumilikdə soyutma sistemini yararsız edir. 29 yanvar 2011-ci il tarixli təhviltəslim barədə aktın qeyd hissəsində göstərilən nöqsanlar mövcud olduğu təqdirdə müqavilənin predmeti olan 500 ton tutumlu soyuducu kamera işlək vəziyyətdə ola bilməz. Səbəb: soyutma sisteminin hər hansı bir hissəsinin olmaması və ya qüsurlu olması ümumilikdə soyutma sistemini yararsız edir. Nöqsanlı avadanlıqlar istismara yararlı sayıla bilməz. Avadanlıqlar tam işlək vəziyyətdə təhvil verilməlidir. Nöqsanlı, yararsız hissələrin olması soyutma sisteminin (avadanlıqlarının) təbiətinə ziddir, düzgün işləməsi qeyri mümkündür. 29 yanvar 2011-ci il tarixli təhvil-təslim barədə aktın qeyd hissəsində göstərilən nöqsanlar müvcud olduğu təqdirdə soyuducu anbarda kənd təsərrüfatı malları saxlamaq olmaz. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, ikinci müqavilənin predmeti olan istixana üçün qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqları işlək vəziyyətdə olsa da, birinci müqavilənin predmeti olan soyuducu kamera avadanlıqları işlək vəziyyətdə olmamışdır Soyuducu kamera avadanlıqları sökülmüş və cavabdehdən alınaraq ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarında saxlanılır. Göründüyü kimi iddiaçı ASC-nin cavabdehə verdiyi lizinq obyekti soyuducu avadanlıq işlək vəziyyətdə olmadığından, iddiaçı özü də bu halı bildiyindən, lizinq obyektinin avadanlıqları sökülüb ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarına yığıldığından və bugünədək soyuducu avadanlıq ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli "xxxx" şərtinə uyğun olaraq işlək vəziyyətdə cavabdehə təhvil verimədiyindən, birinci instansiya məhkəməsi xx.xx.2011-ci il tarixli "xxxx" üzrə yaranmış borcun ödənilməsi ilə bağlı tələbi təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ASC-nin verdiyi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə dair dəlilləri əsassızdır. Bu baxımdan müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə məsuliyyət daşıması müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı qeyd edilən xx.xx.2011-ci il tarixli "xxxx" üzrə cavabdehin əsas borcunun daha yüksək məbləğdə olmasını və ekspertiza tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/3401 saylı rəyi və «X11 Taaşşüt Sanayi və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı filialının xx.xx.2024-cü il tarixli rəyini şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-49/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə