Məhkəmə qərarları › İş №2(103)-6234/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6234/2021

16.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6234/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın qaytarılması barədə barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı 1-ci cavabdehin xalasıdır. 1-ci Cavabdeh1 və 2-ci Cavabdeh2 ər-arvad, 3cü Cavabdeh3 1-ci cavabdehin oğludur. Mübahisə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mirkrorayon, Hüseyn Seyidzadə (Cəbiyev) küçəsi, ev № 11-də yerləşən 47 №-li mənzil (bundan sonra – mənzil), habelə mənzildəki pul və əşyalarla bağlıdır. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub: 1) iddiaçının adından Cavabdeh1 verilmiş etibarnaməyə əsasən Cavabdeh1 digər cavabdehə – arvadı Cavabdeh2 verdiyi 18.11.2020-ci il tarixli etibarnamə ləğv edilsin; 2) mənzilə dair iddiaçı ilə Cavabdeh3 arasında 30.11.2020-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi etibarsız hesab olunsun; 3) iddiaçıya məxsus 1 cüt brilliant sırğa, 1 ədəd qızıl üzük, 11.500 manat nağd pul, 2020-ci il noyabr və dekabr ayları üçün ümumi 1.000 manat təqaüd pulu, mənzilin açarları Cavabdeh1 alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli, həmin tələb təmin olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı mənzilin mülkiyyətçisi olub. 30.11.2020-ci il tarixdə mənzilə dair iddiaçı (hədiyyə verən) ilə 3-cü Cavabdeh3 (hədiyyə alanın) arasında bağışlama müqaviləsi bağlanıb. Müqaviləni iddiaçının əvəzindən 2-ci Cavabdeh2 imzalayıb. 2-ci cavabdeh bunu 18.11.2020-ci il tarixli etibarnamə əsasında edib. Həmin etibarnamə etibar edilmişi etibaretmə qaydasında verilib. Belə ki, iddiaçı əvvəlcə 1-ci Cavabdeh1 (bacısı oğluna) etibarnamə verib, 1-ci cavabdeh isə 18.11.2020-ci il tarixli etibarnamə ilə səlahiyyətləri 2-ci Cavabdeh2 (öz arvadına) ötürüb və 2-ci cavabdeh iddiaçının adından çıxış edərək 3-cü Cavabdeh3la (1-ci cavabdehin oğlu ilə) bağışlama müqaviləsi bağlayıb. Bağışlama müqaviləsi Mülki Məcəllənin 666-cı maddəsinin göstərişinə uyğun deyil, görünüş üçün bağlandığına görə uydurma əqd hesab olunur. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Müqavilənin uydurma sayılmasının 2 səbəbi var: 1-ci səbəb: 1-ci cavabdeh apellyasiya icraatı zamanı bildirdi ki, iddiaçı mənzili onun (1-ci cavabdehin) adına sənədləşdirmək istəyirdi, bu məqsədlə iddiaçı ona (1-ci cavabdehə) etibarnamə vermişdi. Mənzili öz adına keçirmək istədikdə notariusda ona (1-ci cavabdehə) bildirdilər ki, etibarnamədə adı olduğuna görə bunu edə bilməz. Ona görə də 2-ci cavabdehə etibarnamə vermiş, 2-ci cavabdeh 3-cü cavabdehlə bağışlama müqaviləsi bağlamışdır. Göründüyü kimi, 1-ci cavabdehin izahatı təsdiq edir ki, iddiaçının öz mənzilini 3-cü cavabdehə hədiyyə etmək niyyəti olmayıb. O cümlədən 1-ci cavabdehin izahatı təsdiq edir ki, iddiaçı etibarnaməni ona bu məqsədlə, yəni mənzilə dair 3-cü cavabdehlə bağışlama müqaviləsi bağlamaq məqsədilə verməyib. 2-ci səbəb: Bağışlama mənəvi dəyərlərə əsaslanan müqavilədir. Hədiyyə verən öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, müqavilənin əsasında mənəvi dəyərlər dayanır. Odur ki, belə mübahisələrin düzgün həlli üçün ilk növbədə bağışlamanın əsasında mənəvi dəyərlərin olub-olmadığı aydınlaşdırılmalıdır. İddiaçı ilə 3-cü Cavabdeh3 (hədiyyə alanın) arasındakı münasibətlərin xarakteri belə qənaətə gəlməyə əsas verir ki, bağışlamanın əsasında mənəvi dəyərlər dayanmır. İddiaçı 1936-cı il təvəllüdlüdür, hazırda 85 yaşı var, 3-cü cavabdeh iddiaçının bacısının nəvəsidir, 1992-ci il təvəllüdlüdür, hazırda 29 yaşı var. Onlar ayrı-ayrı yaşayıblar, birinin digərinin qarşısında qohumluq münasibətlərinə əsaslanan xüsusi xidmətləri olmayıb və s. 3-cü cavabdehin özü də apellyasiya icraatı zamanı etiraf etdi ki, şəxsən özü heç vaxt iddiaçıya qulluq göstərməyib və ya iddiaçının hər hansı problemini həll etməyib. Cavabdeh tərəf iddiaçı ilə 3-cü cavabdehin arasında mənəvi dəyərlərə aid hər hansı nümunə göstərə bilmir. Beləliklə, qətnamə bağışlama müqaviləsinin etibarsız sayılması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli, həmin tələb təmin olunmalıdır. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, etibarnamə onu vermiş şəxs tərəfindən ləğv edilməlidir, etibarnamənin məhkəmə qaydasında ləğvi barədə tələb Mülki Məcəllənin 365.1.3-ci maddəsinin göstərişinə uyğun deyil. İddiaçının tələb etdiyi əşyaların və pulun Cavabdeh1 tərəfindən götürülməsi və ya onun sahibliyində olması sübut olunmur. Ona görə də həmin əşyaların və pulun qaytarılması barədə tələb Mülki Məcəllənin 157.2 və 1091-ci maddələrinin göstərişlərinə uyğun deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qətnaməsi “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə” tələbin rədd edilməsi hissəsində ləğv olunsun. Həmin tələb təmin olunsun. Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mirkrorayon, Hüseyn Seyidzadə (Cəbiyev) küçəsi, ev № 11-də yerləşən 47 №-li mənzilə dair İddiaçı ilə Cavabdeh3 arasında 30.11.2020-ci il tarixdə bağlanmış, 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək reyestrdə 4Ə-1569 nömrə ilə qeydə edilmiş bağışlama müqaviləsi etibarsız hesab olunsun, həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş reyestr çıxarışı ləğv edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar