Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7025/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiаçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı BOKT "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1605/21 saylı 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh1 400 ABŞ dolları əsas, 43 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, cəmi 453 (dörd yüz əlli üç) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pulun tutularaq iddiaçı BOKT İddiaçı hesabına ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, Kreditor BOKT İddiaçı (bundan sonra mətndə BOKT "xxxx" MMC) borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında bağlanmış 15 avqust 2012-ci il tarixli, LD/12228/00187 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 400.00 ABŞ dolları, faiz üzrə 43.00 ABŞ dolları, cərimə üzrə 40.00 ABŞ dolları olmaqla, ümumilikdə 483.00 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.01.2017-ci il tarixli, 2(010)- 1645/2017 nömrəli məhkəmə əmri çıxarılaraq ərizə təmin edilmişdir. Borclu Cavabdeh2 ümumi iddia icraatına keçidlə bağlı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsi və ümumi qaydalara uyğun olaraq iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 30.01.2017-ci il tarixli, 2(010)-1645/2017 nömrəli məhkəmə əmrinin ləğv edilməsinə və iddia icraatına keçirilməsinə dair 09.02.2021-ci il tarixli, 2(010)-1645/2017 nömrəli qərardad qəbul edərək məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC-nin Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2012-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə 15 avqust 2013-cü il tarixə qədər illik 42 faiz dərəcəsini tətbiq etməklə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin borclu Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, lakin danışıqlar heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kreditor tərəfindən borcluya kredit verilməsi və bu kreditin borclu tərəfindən istifadə edilməsinin aşkar olunmasını nəzərə alaraq kreditor pul məbləğinin borclu Cavabdeh1 tərəfindən ödənilməsi barədə tələbinin əmr icraatı qaydasında təmin olunmasını istəyir. Borclu Cavabdeh1 və Cavabdeh2 22.12.2016-cı il tarixli arayışa əsasən BOKT "xxxx" MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 400.00 ABŞ dolları,faiz üzrə 43.00 ABŞ dolları, cərimə üzrə 40.00 ABŞ dolları olmaqla, ümumilikdə 483.00 ABŞ dolları təşkil edir. Cavabdeh2 məhkəmə əmrindən məlumatl olmadığı üçün zaminlik müqaviləsinə xitam verilməsini xahiş etsə də, tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, hər iki borclu 2018-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, borclarını etiraf etmiş və hər ay hissə-hissə 50 manat ödəyəcəklərini bildirmişlər. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədi Suraxanı Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən borc tələbinə dair hissə üzrə iş üzrə əsas sübutlardan biri olan kredit və zaminlik müqavilələrinin müddəalarını obyektiv və tam araşdırmamış faiz, cərimə borcuna və zaminə aid hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq pozuntusuna yol verərək, hazırki iş üzrə iş üçün zəruri olan digər sənədləri ətraflı təhlil etməmiş və bu sənədlərə lazımi qaydada əhəmiyyət verilməmişdir.Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, apellyasiya şikayətini müdafiə edərək təmin olunasını xahiş edən iddiaçının nümayəndəsinin, şikayətlə razılaşmayaraq təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən Cavabdeh2 izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarından görünün ki, BOKT "xxxx" MMC-nin Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2012-ci il tarixli LD/12228/00187 saylı kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə 15 avqust 2013-cü il tarixə qədər illik 42 faiz dərəcəsini tətbiq etməklə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. 15.08.2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, 1500 ABŞ dolları məbləğində pulu bankın xəzinəsindən nağd şəkildə almışdır. BOKT "xxxx" MMCnin Bakı filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında 15 avqust 2012-ci il tarixli LD/12228/00187 saylı kredit müqaviləsinin təminatı kimi 15 avqust 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 22.12.2016-cı il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 15.08.2013-cü il tarixinə ödənilməmiş əsas borcu 400 ABŞ dolları, faizlər üzrə 43 ABŞ dolları və cərimə üzrə borcu 40 ABŞ dolları olmaqla, cəmi 483 ABŞ dollarıdır. 16.08.2013-cü il tarixli bildirişindən müəyyən olunur ki, Cavabdeh1 banka olan borcun tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, , iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini 15.08.2012-ci il tarixli kassa məxaric orderi ilə Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka olan əsas borc üzrə 400 ABŞ dolları, faizlər üzrə 43 ABŞ dolları və cərimə üzrə borcu 40 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borcverən borcundərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borcalanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borcverənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilələdə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Bundan əlavə iş materiallarından görünür ki, yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 40 ABŞ dolları dəbbə pulunu birinci instansiya məhkəməsi əsas borca mütənasib saymayaraq, həmin məbləğin azaldılaraq 10 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədə müvafiq saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən «dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir…» Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi Cavabdeh2 aid hissədə haqlı olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Zaminlik müqaviləsinin 5.1-ci bəndində göstərilmişdir ki, zaminlərin təmin etdiyi öhdəliyə tam şəkildə xitam verildikdə, bu müqavilə tam bitmiş hesab edilir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin öhdəliyin bank qarşısında tam yerinə yetirilənədək qüvvədə olması şərti mülki qanunvericiliyin zaminliyi tənzimləyən normalarının tələbləri baxımından düzgün deyildir və ona görə də, zaminlik müqaviləsinin müddəti kimi qəbul edilə bilməz. Belə olduqda, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı 15.08.2013-cü ildə başa çatmış, həmin vaxtdan da bir il ərzidə kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: İddiaçı BOKT "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə, iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7025/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7025/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver