Məhkəmə qərarları › İş №2(103)-7678/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7678/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7678/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə qarşı “borcun silinməsi, girova xitam verilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh tərəfindən ona hesablanmış 1444,19 ABŞ dolları faiz borcunun silinməsi, “xxxxxxxxx” ASC-nin Şəmkir filialı ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış girov müqaviləsinə xitam verilməsi və saxlanca qoyulmuş ona məxsus əyyarı 583 olan 6 qızıl üzük, 1 cüt qızıl sırğa, 1 qızıl qolbaq, 1 qızıl kolye və əyyarı 585 olan 1 qızıl komplektin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh LPO “xxxxxxxxx” ASC, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişin müvafiq maddəsinə əsasən, dondurulmuş faiz borcu (1444,19 ABŞ dolları) ayrıca hesabda saxlanılır və bir il ərzində 30 gündən çox gecikmə günləri olmayacağı halda qeyd olunan dondurulmuş faiz borcu iddiaçıya bağışlanılır. İddiaçı isə, 2017-ci ilin dekabr ayından etibarən 4 ay müddətində kredit öhdəliyini icra etməmiş və nəticədə, bankın iddiaçıdan dondurulmuş faiz borcunu tələb etmək hüququ yaranmışdır. Məhkəmə isə, bu halı gözardı edərək, düzgün nəticəyə gəlməmiş və bankın mənafeyinə zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı isə, şikayətə etiraz edərək, həmçinin bildirmişdir ki, hazırda banka heç bir borcu yoxdur. Aralarındakı əlavə sazişə uyğun olaraq üzərinə düşən öhdəliyi tam şəkildə icra etmiş, hətta Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarxili Fərmanına uyğun olaraq ona kompensasiya məbləği də hesablanmışdır. Eyni zamanda, kredit reyestrindən çıxarışda da, bank qarşısında icra edilməmiş öhdəliyinin olmadığı əks olunmuşdur. Bu halda, bankın onun adına əsassız hesablanmış faiz borcunu silməməsi və girov predmetlərini geri qaytarmaması qanunvericiliyin tələblərinə açıq-aşkar ziddir. Odur ki, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasındakı münasibətin əsası kredit müqaviləsi olduğundan və həmin müqavilə üzrə İddiaçı borcunu tam ödədiyindən, onun hesablanmış faiz borcun silinməsi, girova xitam verilməsi və girov predmetlərinin qaytarılması tələbləri haqlıdır. Çünki, Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Baxılan işin faktiki hallarından görünür ki, “xxxxxxxxx” ASC-nin Şəmkir filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 26% olmaqla 36 ay müddətinə 7640 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixli girov müqaviləsinə əsasən, İddiaçı, ona məxsus 583 əyyarlı 1 ədəd 11.9 qram çəkidə (dəyəri 187,66 manat) qızıl kolye, 1 ədəd 21.1 qram çəkidə (dəyəri 323,75 manat) qızıl qolbaq, 1 ədəd 3.9 qram çəkidə (dəyəri 61,50 manat) qızıl sırğa və 585 əyyarlı 1 ədəd 8.9 qram çəkidə (dəyəri 140,35 manat) komplekt olmaqla, cəmi 1051,85 manat dəyərində qızıl-zinət əşyalarını kredit müqaviləsi üzrə öhdəliyinin təminatı olaraq “xxxxxxxxx” ASC qarşısında girovla yüklü etmişdir. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi üzrə əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən, İddiaçı 5100,53 ABŞ dolları (restrukturizasiya edilmiş kredit) kredit öhdəliyinin qalığı 6203,61 manat əsas və 1447,19 manat faiz borcu olmaqla, cəmi 7650,80 manat təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılır. Azərbaycan Kredit Bürosundan xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, İddiaçı ödənilməmiş borcu yoxdur. Problemli kreditlərin kompensasiyası haqqında əsas məlumatlar vərəqəsindən görünür ki, İddiaçı 4279,36 manat kompensasiya məbləği hesablanmışdır. LPO “xxxxxxxxx” ASC isə, onun faiz borcunun sistemdən silinməsi və girov predmetlərinin qaytarılması barədə ərizələrinə cavab olaraq xx.xx.2018-ci il tarixli məktubla xx.xx.2018-ci il tarixə 2296,72 manat kredit borcu, xx.xx.2019-cu il tarixli məktubla xx.xx.2019-cu il tarixə 1444,19 ABŞ dolları faiz borcu və xx.xx.2019-cu il tarixli məktubla xx.xx.2019-cu il tarixə 1444,19 manat borcu olduğunu qeyd edərək, ərizələrinin təmin olunmasından imtina etmişdir. Göründüyü kimi, İddiaçı, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il kredit müqaviləsi üzrə əlavə sazişə uyğun olaraq öz öhdəliklərini tam şəkildə icra etmişdir. Bu hal, müqavilədən irəli gələn öhdəliyin tam icrası səbəbilə xətm olunması üçün əsasıdır. Belə ki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Qeyd edilənlər buna dəlalət edir ki, İddiaçı LPO “xxxxxxxxx” ASC qarşısında sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımınca icra səbəbilə xətm olunmuşdur. Belə olan halda, avtomatik olaraq həmin kredit müqaviləsinin təminatı olaraq tərflər arasında bağlanmış girov müqaviləsinə də xitam verilmişdir ki, bu da girov qoyulmuş əşyaların girov qoyana (İddiaçı) qaytarılması üçün əsasdır. Çünki, MM-in 294.1.1-ci maddəsinə əsasən, girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Həmin Məcəlləni 294.2-ci maddəsinə əsasən, girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Cavabdeh LPO “xxxxxxxxx” ASC isə, apelyasiya şikayətində tərəflər arasında bağlanmış xx.xx.2017-ci il kredit müqaviləsi üzrə əlavə sazişin 1.1-ci bəndinə istinad edərək, iddiaçının 1444,19 ABŞ dolları faiz borcunun qaldığını bildirir. Həmin bəndə əsasən, restrukturizasiya edilmiş kredit üzrə bu əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və ümumi gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə gecikmə günlərinin sayı 30 gündən çoxdursa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Göründüyü kimi, kreditorun faiz borcunu tələb etmək hüququ, yalnız borc alan tərəfindən tərəflər arasında razılaşdırılmış ödəniş qrafiki üzrə gecikdirilmiş günlərin sayı 30 gündən çox olduqda yaranır. Kollegiya, sübutetmə yükü baxımından hesab edir ki, bu halı sübuta yetirmək vəzifəsi kreditorun (hazırkı iş üzrə cavabdeh) üzərinə düşür. Cavbadeh isə, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alan Kollegiya, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin2(005)-1184/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar