Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-793/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1526/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 13006-1050/409860 saylı xx xxxxxx 2013cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 22258.22 manat məbləğində əsas kredit borcunun, 2490.54 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 156.83 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış cərimə (penya) borcunun, cəmi 24905.59 manat məbləğində pul vəsaitinin və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pulun tutularaq ödənilməsi, Cavabdeh məxsus olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 64.93 kv.m, yaşayış sahəsi 46.73 kv.m və 18.2 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 76 saylı mənzilə tutma yönəldilməsi, qeyd olunan mənzilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin və cərimənin, həmçinin dövlət rüsumunun tutularaq ödənilməsi, ünvan 1 ünvanında yerləşən 76 saylı mənzil satıldıqdan sonra Cavabdeh ən geci bir ay ərzində qeyd olunan evi boşaldaraq təhvil verməsi, ipoteka predmetinin satışından əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(010)- 1526/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 13006-1050/409860 saylı xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 22545,54 manat əsas, 2105,06 manat faiz, 72,60 manat cərimə borcu olmaqla, cəmi 24723,20 manat borc və 60 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə Cavabdeh məxsus olan ünvan 1, 76 saylı mənzilin açıq hərracdan satılması, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu həmin girov predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğ Cavabdeh qaytarılması, iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 120 (yüz iyirmi) manatın Cavabdeh dövlət büdcəsinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit borcunun məbləği düzgün hesablanmamış, həmçinin o, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx xxxxxx 2013-cü il tarixli 13006-1050/409860 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 180 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 26.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx xxxxxx 2013-cü il tarixli 13006-1050/409860/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə məxsus ünvan 1 ünvanında olan 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 64.93 kv.m, yaşayış sahəsi 46.73 kv.m və 18.2 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 76 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 22258.22 manat, faiz borcu 2490.54 manat, cərimə 156.83 manat, cəmi borc isə 24905.59 manat təşkil edir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 13773 saylı ekspert rəyinə əsasən cavabdehin İddiaçı ASC-yə 22545.54 manat əsas, 2105.06 manat faiz, 72.60 manat penya borcu müəyyən edilir. Birinci instansiya məhkəməsi kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddianı tam təmin etmiş, kredit borcunun tutulması hissəsində isə ekspert rəyinə uyğun olaraq iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2018-ci il tarixli 13773 saylı rəyini araşdıraraq və Mülki Məcəllənin 421, 423, 739, 741, 462-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan mənzilə yönəldilməsini tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələblərini nəzərə almayaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən etməmişdir. Bununla bağlı apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və «xxxxxxxxxxxxxxx» MMC-nin xx xxxx 2020-ci il tarixli Ç-172 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 6 saylı evin 76 saylı mənzilin hazırki dövrə orta bazar qiyməti 65000 manat təşkil edir. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində göstərilən digər dəlillərə dair kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Məhkəmə bildirişləri isə cavabdehin qeydiyyat ünvanına göndərilmişdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1526/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilsin və ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 6 saylı evin 76 saylı mənzilin ilkin satış qiyməti 65000 (altmış beş min) manat məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-793/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-793/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver