Məhkəmə qərarları › İş №2(103)-8214/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8214/2020

11.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8214/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Dövlət Universitetinin tədqim etdiyi xx xxxxxx 2000-ci il tarixli əmək müqaviləsinin saxta olması ilə bağlı xüsusi qərardadın çıxarılması, həmin müqavilənin qanunsuz hesab edilməsi, Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən təqdim olunmuş haqq-hesab sənədlərində iddiaçının aylıq əmək haqqının 1999-2007, 2007-2008 və 2009-2017-ci illəri əhatə edən dövr ərzində ayrı-ayrı məbləğlərdən ibarət olmasına baxmayaraq xx xxxxxx 2000-cı il tarixli əmək müqaviləsində bu məbləğin 947 manat göstərilməsinin səbəblərinin araşdırılaraq onun mənafeyinə vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova, iş № 2(004)-3161/20) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini əsaslandırarkən göstərmişdır ki, onun 2000-ci ildə əmək haqqı 947 manat yox, daha az olmuşdur. Eləcə də, 2000-ci il tarixli əmək müqaviləsində onun 2005ci il tarixli şəxsiyyət vəsiqəsinin məlumatları qeyd olunmuşdur. Həmçinin, 2000-ci il tarixli əmək müqaviləsində “işəgötürən” qismində akademik Abel Məhərrəmov göstərilmişdir ki, bu da düzgün deyildir. Belə ki, Abel Məhərrəmova “akademik” elmi dərəcəsi 2008-2009-cu illərdə verilmişdir. Cavabdeh Bakı Dövlət Universitetinin nümayəndəsi T.Sadıxov birinci instansiya məhkəməsində izahat verərkən bildirmişdir ki, 2011-ci ildə Bakı Dövlət Universitetinə yeni Kadrlar şöbəsinin müdiri X2 təyin olunması ilə əlaqədar olaraq onun tapşırığı ilə 2011-ci ildən başlayaraq bütün əməkdaşların Əmək müqavilələrinin növbəli şəkildə yenilənməsi prosesi başlanmışdır. Əmək müqavilələrində işçilərin tutduğu vəzifəyə təyin olunduğu tarixi qeyd eməklə yanaşı, əmək haqlarının 2011-ci ildə müəyyən edilmiş məbləğin göstərilməsi tapşırığı verilmişdir. S.Ə.Namazovanın göstərişinə əsasən tərtib edilmiş Əmək müqaviləsində İddiaçı 2011-ci ildə əmək haqqı 947 manat qeyd olunmuşdur. Əlavə olaraq qeyd edir ki, 2011-ci ildə Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov olmaqla yanaşı, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini professor İradə Əliyeva icra edirdi. İddiaçı Əmək müqavilələrində qeyd olunmuş yaşayış ünvanı onun təqdim etdiyi şəxsiyyət vəsiqəsinə əsasən yazılmışdır, həmin müqavilələr İddiaçı tərəfindən şəxsən öz imzası ilə təsdiq edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əmək müqaviləsinin qanuniliyinin Əmək Məcəlləsinin 43-45 və 73-cü maddələrinin tələbləri əsasında yoxlanılmasından məqsədyönlü şəkildə yayınmışdır. Məhkəmənin qənaətindən kifayət qədər aydın olur ki, xx xxxxxx 2000-ci il tarixli əmək müqaviləsinin 2000-ci ildə bağlanmadığına hakim özü də əmin olmuş və iş materiallarına əlavə olunmuş sübutlarla təsdiq olunmuşdur ki, bu müqavilə 2011-ci ildə geri tarixlə tərtib edilməklə saxta məlumatlardan ibarət olmuşdur. Cavabdeh etiraf etmişdir ki, 2011-ci ildən başlayaraq bütün əməkdaşların əmək müqavilələri növbəli şəkildə yenilənmişdir. Göründüyü kimi, hakim qeyri-müəyyən səbəblərdən bu əmək müqaviləsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul etməkdən yayınmışdır. Hakim əmək müqaviləsinin qanuni qüvvəsini iddiaçının hüququnun pozulub-pozulmaması üzərində müəyyən etmiş, lakin bu istiqamətdə də işin obyektiv və konkret hallarını araşdırmaqdan yenə də məqsədyönlü şəkildə yayınmış, işin obyektiv və konkret hallarını araşdırmadan qənaətə gəlmişdir ki, iddiaçının hüquqları pozulmamışdır. Əmək müqaviləsinin sonunda iddiaçının imzası xüsusi texniki vasitələrin köməyi ilə eyniləşdirməklə ayrılmış imza qrafasına yerləşdirilmişdir. Həmçinin cavabdehin iki nümayəndəsinin iştirakı təmin edilsə də, iddiaçının həbsdə saxlanılan nümayəndəsinin iştirakı məhkəmə iclaslarında təmin edilməmişdir.Bakı Dövlət Universitetinin təqdim etdiyi və iş materiallarında olan xx xxxxxx 2000-ci il tarixli və xx xxxxxx 2014-cü il tarixli əmək müqavilələrinin qanunauyğunluğu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-45 və 73-cü maddələrinin tələbləri əsasında yoxlanılması, həmin müqavilələrin həqiqiliyinin müəyyən edilməsi məqsədilə BDU-dan əmək müqavilələrinin qeydiyyat jurnalının tələb olunması və ekspertiza təyin edilməsi haqqında qərardad çıxarılması, Yasamal Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, qanuni, əsaslı və ədalətli qətnamə qəbul edilməsi, iddiaçıya münasibətdə saxtakarlığa yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin mübahisəsiz halıdır ki, Bakı Dövlət Univeristeti ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. Hər iki tərəf qəbul edir ki, iş materillarına əlavə edilmiş xx.xx.2000-ci il tarixli əmək müqaviləsi 2000-ci ildə tərtib edilməmişdir. Cavabdeh etiraf edir ki, 2011-ci ildən başlayaraq bütün əməkdaşların Əmək müqavilələri növbəli şəkildə yenilənmişdir. Bu səbəbdən də 2011-ci ildə tərtib edilən əmək müqaviləsində iddiaçının təqdim etdiyi 2005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd edilmiş, əmək haqqısı isə 2011-ci ildə, yəni əmək müqaviləsinin tərtib edildiyi dövr üzrə aldığı əmək haqqı qeyd edilmişdir. İddiaçı əmək müqaviləsi tərtib olunarkən qanunsuzluğa yol verildiyini, müqavilənin məzmununda olan bir sıra məlumatların (tarix, ünvan, əmək haqqı, şəxsiyyət vəsiqəsi, elmi dərəcə) müqavilənin tərtib olunduğu tarixə uyğun gəlmədiyini əsas gətirərək hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi xx xxxxxx 2000-ci il tarixli əmək müqaviləsinin saxta olması ilə bağlı xüsusi qərardadın çıxarılması, həmin müqavilənin qanunsuz hesab edilməsi, Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən təqdim olunmuş haqq-hesab sənədlərində iddiaçının aylıq əmək haqqının 1999-2007, 2007-2008 və 2009-2017-ci illəri əhatə edən dövr ərzində ayrı-ayrı məbləğlərdən ibarət olmasına baxmayaraq xx xxxxxx 2000-cı il tarixli əmək müqaviləsində bu məbləğin 947 manat göstərilməsinin səbəbləri araşdırılmaqla onun mənafeyinə vurulmuş ziyanın ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və qənaətini onunla əsaslandırmışdır ki, sözügedən əmək müqaviləsinin yenidən tərtib edilməsi və tərtib edildiyi dövrdə olan məlumatları özündə əks etdirməsi iddiaçının hər hansı mənafeyinə xələl gətirməmiş, onun hər hansı hüququnu pozmamışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının hüququ pozulmadığı halda sözügedən müqavilənin saxta olması ilə bağlı xüsusi qərardadın çıxarılması, eləcə də həmin müqavilənin qanunsuz hesab edilməsini tələb etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinə istinad etmişdir. Həmin maddənin 1-ci hissəsinə və 2-ci hissəsinin ə) bəndinə görə əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir və əmək haqqının miqdarı əmək müqaviləsində göstərilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinın İ. bəndinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsi özündə hüquqların və qanuni mənafelərin pozulmasını ehtiva edir. Hazırda, iddiaçının istinad etdiyi hallar əsasında onun mənafeyinə hər hansı ziyan vurulması halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi faktiki halların onun tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunu müəyyən etmədi və ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının həbsdə saxlanılan nümayəndəsinin iştirakının təmin olunmaması barədəki dəlili ilə bağlı qeyd edir ki, qüvvədə olan mülki prosessual qanunvericilikdə yalnız işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsi nəzərdə tutulmuşdur (MPM-nin 166.4, 173.1-ci maddələri). MPM-nin 46-cı maddəsinə görə isə işdə iştirak edən şəxslərin tərkibinə tərəflər, üçüncü şəxslər, ərizəçilər və digər şəxslər daxildir. Həmin maddədə etibarnamə üzrə nümayəndə işdə iştirak edən şəxs kimi nəzərdə tutulmamışdır. Digər tərəfdən, iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı özü işdə iştirak edən şəxs kimi bütün məhkəmə iclaslarının, o cümlədən xx.xx.2020-ci il tarixə təyin olunmuş sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş və sonuncu məhkəmə iclası istisna olmaqla bütün məhkəmə iclaslarında (hazırlıq, məhkəmə baxışı) iştirak etmiş, izahat vermiş, sübutların tədqiqində iştirak etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar