Məhkəmə qərarları › İş №2(103)-8479/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8479/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8479/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə2, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Nümayəndə1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “borc məbləğinin, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)-1738/2021 nömrəli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nümayəndə1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 04.02.2018-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət" mərkəzi notariat ofisində bağlanmış 10.000 (on min) manat məbləğində kredit müqaviləsinin və 09.04.2018-ci il tarixdə Maraqlı şəxsndə bağlanmış 30.000 (otuz min) manat məbləğində kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh İddiaçı qarşı “borc məbləğinin, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 fevral 2018-cü il tarixdə notariat qaydasında bağlanmış kredit müqaviləsi əsasında vermiş olduğu 10.000 manat məbləğində pulun, 09 aprel 2018-ci il tarixdə kredit müqaviləsi əsasında 30.000 manat məbləğində pulun borclu İddiaçı alınaraq ona ödənilməsi, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun faizlərin hesablamaqla əldən çıxmış faydaya görə 5000 manat və 2000 manat mənəvi zərərin cavabdeh İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)- 1738/2021 nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “borc məbləğinin, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbi üzrə “04 fevral 2018ci il tarixdə notariat qaydasında bağlanmış kredit müqaviləsi əsasında verilmiş 10000 manat məbləğində pulun, 09 aprel 2018-ci il tarixdə kredit müqaviləsi əsasında 30000 manat məbləğində pulun İddiaçı alınaraq ona ödənilməsi” hissəsində mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. 08.07.2021-ci il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)-1738/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz, əsassız və ədalətsizdir. Həmin qərardadın çıxarılması ilə Cavabdeh faktiki prosessual hüquqlarını pozur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(005)- 1738/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi Nümayəndə2 şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 7.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin və alimentlərin ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş sazişin məzmunu müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Prosessual və Ailə məcəllələri ilə müəyyən edilir. Notariusun icra qeydlərinin məzmunu "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanunun 78-ci maddəsinə əsasən, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, 04.02.2018-ci il tarixli “borc verən” Cavabdeh ilə “borc alan” İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən borc verən borc alana 10000 manat məbləğində borc pul verir. "Borc alan" kredit məbləğini 04.02.2019-cu il tarixədək "Borc verənə" tam qaytarmağı öhdəsinə götürür. 09.10.2019-cu il tarixli İcra qeydinin surətinə əsasən, Bakı şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh (AZE17565752, 22.01.2018-ASAN) xeyrinə Qubadlı rayonu, Xanlıq kəndi, Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (AZE0*******, 22.11.2011- Sumqayıt ŞPİ QŞVŞ) müddət üçün vaxtında ödənilməmiş 10000 manat 00 qəpik (on min manat sıfır qəpik) tutulması müəyyən edilmişdir. Həmin icra qeydi ilə borcludan borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10020 manat 00 qəpik (on min iyirmi manat sıfır qəpik) pul tutulması da müəyyən edilmişdir. Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 22.10.2019-cu il tarixli icraata başlamaq haqqında qərarların surətindən görünür ki, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunun 8İ-46181 və 8İ-46182 nömrəli, 09.10.2019-cu il tarixli icra sənədləri üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, 09.04.2018-ci il və 04.02.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2 saylı notariusun icra qeydləri, yəni icra sənədləri mövcuddur və hazırda qeyd olunan icra sənədinin qüvvədən düşməsi barədə hər hansı sənəd yoxdur, həmçinin məhkəmə iclasında da bu barədə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi eyni tələb üzrə qüvvədə olan icra qeydləri mövcuddur. Belə olan halda isə eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə icra sənədi hesab edilən icra qeydləri olduğundan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə 03.06.2021-ci il tarixli, 2(005)-1738/2021 nömrəli qərardadı qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)- 1738/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar