Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8521/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Cavabdeh “X2 Kompleksi” MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “X2 Kompleksi” MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(004)-1129/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2 Kompleksi” MMC-yə qarşı iddia ərizəsi və iddia tələblərinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “X2 Kompleksi” MMC tərəfindən ona vurulmuş maddi ziyana görə 10000 manat, mənəvi zərərə görə 50000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sonuncu iş yeri Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi olmuşdur. İş yeri yaşayış yerindən uzaqda yerləşdiyi üçün alternativ variantlar axtarmağa başlamışdır. İddiaçı bunun üçün “X2 Kompleksi” MMC-yə müraciət etmişdir. İşə qabulla bağlı ərizə yazmış, müsbət qarşılanaraq müəssisənin direktoru Nümayəndə1 05.11.2020-ci il tarixli k-03-2020-150 saylı əmri ilə işə qəbul edilmişdir. Vəzifəsi direktor müavini olmuşdur. Həmin gün əvvəlki iş yerinə işdən çıxma barədə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilmişdir. Yeni müəssisənin direktoru tərəfindən kollektivə təqdim edildikdən sonrakı gün işə buraxılmamışdır. Müəssisənin rəhbərinə rəsmi məktubu da cavabsız qalmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsindən 178/k saylı əmrlə işdən azad olunmuşdur. Sonradan “X2 Kompleksi” MMC-nin direktoru tərəfindən ona cavab verilərək bildirilmişdir ki, müəssisədə direktor müavini vəzifəsinə təyin olunmağı kollektiv tərəfindən narazılıqla qarşılanmış və əvvəlki vəzifədə işləyən şəxs tərəfindən müəssisəyə yazdığı işdən çıxma barədə ərizənin etibarsız hesab edilməsi xahiş edilmişdir. “X2 Kompleksi” MMC onun taleyi ilə oynamış, vəzifədən çıxdığı əvvəlki iş yerində onun yerinə vəzifəyə başqa şəxs işə götürüldüyündən o əvvəlki əmək fəaliyyətini bərpa edə bilməmişdir. Hazırda işsizdir, karyerası təhlükə altındadır. Pandemiya dövründə işsiz qalması və 5 nəfərdən ibarət ailə üzvünün çətin vəziyyətə düşməsi onu sarsıntılara və istirablara məruz qoymuşdur. “X2 Kompleksi” MMC iddia ərizəsinə yazılı etiraz vermişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı əvvəlki iş yeri olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsindən başqa iş yerinə keçmə ilə deyil, öz xahişi ilə çıxmışdır. Burada “X2 Kompleksi” MMC-nin hər hansı rolu olmamışdır. 05.11.2020-ci il tarixli k-032020-150 saylı əmrə diqqət yetirdikdə iddiaçının işə qəbul edilmə tarixi 05.11.2020-ci il tarixi yox, 06.11.2020-ci il tarixi qeyd edilmişdir. İddiaçının direktor müavini vəzifəsinə təyin olunması, əmək müqaviləsinin təsdiqini tapması 06 noyabr 2020-ci il tarixdə baş vermişdir. Ayın 5-i iddiaçının kollektivə təqdimatı zamanı orada çalışan fermerlər, ərazi nümayəndələri İddiaçı işə qəbul edilməsi halında 102 polis xidmətinə müraciət edəcəklərini və işi dayandıracaqlarını bildirmişlər. İddiaçı ona qarşı etirazlara kobud rəftarla cavab verərək işə qayıdacağını və hər kəsə həddini bildirəcəyini demişdir. Etiraza əlavə edilən aktdan görünür ki, 17 nəfərin iradəsi ilə yeni təyin olunacaq direktor müavini İddiaçı etiraz bildirilmiş və imzalanmışdır. Bunun nəticəsi olaraq iddiaçının işə qəbulu barədə əmr direktor tərəfindən etibarsız hesab edilmişdir. Bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Sonuncu iddia tələbi ilə iddiaçı sadəcə əsassız varlanmaq istəyindədir. Belə ki, cavabdeh tərəfindən qanun pozuntularına yol verilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçının əmək hüquqlarının pozulması barədə müraciəti X1 Xidməti tərəfindən araşdırılmış, lakin qanun pozuntusu aşkar olunmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(004)-1129/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi hüquq normalarının pozulması və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, təmsil etdiyi MMC tərəfindən iddiaçıya hər hansı maddi və mənəvi zərər vurulmamışdır. İddiaçı Cəmiyyətin Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodu filialına direktor müavini vəzifəsinə təyin olunması barədə əmr 5 noyabr 2020-ci il tarixdə verilsə də, əmrdə onun 6 noyabr 2020-ci il tarixdən işə başlamalı olduğu qeyd olunmuşdur. 6 noyabr 2020-ci il tarixdə isə həmin əmr qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı hazırkı işə başlamasını gözləmədən əvvəlki işindən könüllü olaraq çıxmışdır. Buna görə də iddia əsassızdır və birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(004)-1129/2021 saylı qətnaməsi ləğv edilməli, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. İşdə olan sənədlərdən görünür ki, “X2 Kompleksi” MMC-nin direktoru tərəfindən verilmiş 5 noyabr 2020-ci il tarixli K-03-2020-150 saylı əmrə əsasən, İddiaçı 6 noyabr 2020ci il tarixindən Cəmiyyətin Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodu filialına direktor müavini vəzifəsinə qəbul edilməsi barədə onunla "xxxx" MMC arasında bağlanmış 6 noyabr 2020-ci il tarixli əmək müqaviləsi təsdiq edilmiş və aylıq əmək haqqı 800 manat məbləğində müəyyən edilmişdir. “X2 Kompleksi” MMC-nin direktoru tərəfindən verilmiş 6 noyabr 2020-ci il tarixli K-03-2020-151 saylı əmrə əsasən, İddiaçı Cəmiyyətin Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodu filialına direktor müavini vəzifəsinə qəbul edilməsi barədə Cəmiyyətin 5 noyabr 2020-ci il tarixli K-03-2020-150 saylı əmri qüvvədən düşmüş hesab edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 06 noyabr 2020-ci il tarixli 178/k saylı əmrindən görünür ki, İddiaçı öz ərizəsinə əsasən 6 saylı Beyləqan Ərazi idarəsində baş qeydiyyatçı vəzifəsində işdən çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh “X2 Kompleksi” MMC tərəfindən ona maddi zərər vurulması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodu filialına direktor müavini vəzifəsinə qəbul edilməsi barədə 5 noyabr 2020-ci il tarixli K-03-2020-150 saylı əmrdən də görünür ki, əmrdə işə başlama tarixi kimi 6 noyabr 2020-ci il qeyd olunmuşdur. İddiaçı isə işə başlamasını gözləmədən 5 noyabr 2020-ci il tarixdə öz arzusu ilə 6 saylı Beyləqan Ərazi idarəsində baş qeydiyyatçı vəzifəsində işdən çıxmışdır. İddiaçı iddia ərizəsinin məzmunundan da görünür ki, işlədiyi Beyləqan şəhəri ilə yaşadığı Ağcabədi rayonu Hindarx kəndi arasında 70-80 kilometr məsafə olduğuna görə məsafənin uzaqlığına görə İddiaçı əvvəlcədən həmin işdən çıxmaq niyyəti də olmuşdur. Buna görə də iddia maddi ziyanın əvəzinin ödənilməsi hissəsində əsassızdır. İddia tələbinin mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodu filialına direktor müavini vəzifəsinə qəbul edilməsi barədə 5 noyabr 2020-ci il tarixli K-03-2020-150 saylı əmr verildikdən sonra İddiaçı kollektivə təqdim olunmuş, əmrdə İddiaçı 6 noyabr 2020-ci il tarixdən işə başlamalı olduğu qeyd olunsa da, 6 noyabr 2020-ci il tarixdə o, iş yerinə buraxılmamışdır. 5 noyabr 2020-ci il tarixdə verilmiş əmr 1 gün sonra---6 noyabr 2020-ci il tarixdə qüvvədən düşmüş hesab edilmişdir. Beləliklə, İddiaçı kollektivə təqdim olunduqdan sonra “X2 Kompleksi” MMC tərəfindən əmrin ləğv olunması və işə buraxılmaması İddiaçı arzuolunmaz vəziyyətə salmış, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Kollegiya hesab edir ki, normal insan psixologiyası baxımından bu halın əlavə sübuta ehtiyacı yoxdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməlidir. Kollegiyanın qənaətinə görə mənəvi zərərin əvəzi kimi 50000 manat məbləğində pul tələbi kifayət qədər əsaslandırılmamışdır. Mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Yenə həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mübahisələndirilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı heç bir maddi hüquq normasına istinad etməmiş, habelə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə cavabdeh tərəfindən qətnamənin mübahisələndirilə bilən hissəsi 500 manat olmaqla 5000 manatdan az olduğundan, cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamənin iddiaçı tərəfindən mübahisələndirilə bilən hissəsi 5000 manatdan çox olduğundan, iddiaçı qətnamədən kassasiya şikayəti verə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(004)-1129/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi kimi 500 manat pul cavabdeh “X2 Kompleksi” MMCdən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilsin. İddiaçı tərəfindən qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8521/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8521/2021
02.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver