Məhkəmə qərarları › İş №2(103)-8594/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8594/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8594/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Əliyeva Məhsəti Habil qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2757/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İsmayılov Əlibala Əli oğlu cavabdeh "xxxx" MMC-yə, "xxxx" QSC-yə və üçüncü şəxs Ağsu rayon İcra və Probasiya şöbəsinə qarşı “keçirilmiş hərracın və onun yekununa dair protokolun etibarsız hesab edilməsi, hərracda zəruri şəxslərin iştirakının təmin edilməklə təkrar hərracın keçirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 21/03 saylı 21 sentyabr 2020- ci il tarixli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanındakı 35 saylı mənzilin açıq hərracda satılmasına dair keçirilən hərracın və hərracın nəticəsi olaraq "xxxx" MMC-nin tərtib etdiyi 21 sentyabr 2020-ci il tarixli “İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 21/03 saylı Protokolun etibarsız hesab edilməsinə, 21 sentyabr 2020-ci il tarixli “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə Protokol”un hüquqi nəticələrinin (Bankın adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 11.12.2020-ci il tarixli qeydiyyat yazısının (müvafiq Çıxarışın) ləğv edilməsinə, ona məxsus ünvan 1 ünvanındakı 35 saylı mənzilin ekspertizanın müəyyən edəcəyi yeni qiymətlə hərraca çıxarılmasına və qanunvericilikdə dairəsi müəyyən edilmiş şəxslərin iştirakı təmin edilməklə təkrar hərracın keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2757/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın keçirilməsi barədə ona hər hansı bir məlumat verilməmiş, onun iştirakı olmadan keçirilmiş hərraclar nəticəsində əmlakı real dəyərindən olduqca aşağı qiymətə satılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini, cavabdehin nümayəndəsi Əliyeva Məhsəti Habil qızı şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2757/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 21/03 nömrəli 21 sentyabr 2020-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, mülkiyyət hüququ ilə İsmayılov Əlibala Əli oğluna məxsus olan Ağsu şəhəri, Molla Vəli Vidadi küçəsində yerləşən 41 saylı evin 35 saylı mənzili üzrə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-46/2019 saylı 03.07.2019-cu il tarixli icra vərəqəsinə, Ağsu rayon İcra və Probasiya Şöbəsinin 34/2020 saylı 04.02.2020-ci il tarixli sifariş məktubunun və "xxxx" QSC-nin müvafiq məktubunun icrasına hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 28000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 23800 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 17850 manat olmuş, əmlak tələbkar tərəfindən alınmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-46/2019 saylı 13 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə mübahisəli əmlak satışa çıxarılarkən ilkin satış qiyməti 28000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-46/2019 saylı 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Ağsu şəhəri, Molla Vəli Vidadi küçəsi, ev 41, mənzil 35 xüsusi əmlak kimi daşınmaz əmlakın ümumi sahəsi 68,10 kv.m olmaqla tam payda "xxxx" QSC-nin xüsusi mülkiyyət kimi (daşınmaz əmlakın növü mənzil) 11.12.2020-ci il tarixdə qeydiyyata alınmşdır. İş materiallarında olan hərracın keçirilməsinə dair 14.02.2020-ci il tarixli 01 və 19.08.2020-ci il tarixli 02 nömrəli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İsmayılov Əlibala Əli oğluna və digərlərinə Ağsu şəhəri, M.V.Vidadi küçəsində yerləşən 41 saylı evin 35 saylı mənzilinə tutma yönəldiyini və hərracda satılmalı olduğuna dair, həmçinin hərracın keçiriləcəyi tarix, saat və yer barədə məlumat göndərilmişdir. İş materiallarında olan ƏİV seriyalı 200034 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İsmayılov Əlibala Əli oğluna (Ağsu rayonu, Mustafalı kəndi) ünvanlanmış məktub İsmayılov Əlibala Əli oğlu tərəfindən 02 sentyabr 2020-ci il tarixdə imza atılmaqla qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 04 sentyabr 2020-ci il tarixdə "xxxx" ASC-yə, həmçinin, məlumat üçün Ağsu rayon İcra və Probasiya Şöbəsinə, İsmayılov Əlibala Əli oğluna və digərlərinə göndərilmiş İpoteka predmetinin əldə olunmasına dair Təklif məktubunun surətindən görünür ki, Ağsu şəhəri, M.V.Vidadi küçəsində yerləşən 41 saylı evin 35 saylı mənzili təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 17850 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan 14-20 fevral 2020-ci il tarixli və 5-12 sentyabr 2020-ci il tarixli “Birja yenilikləri” qəzetlərinin surətindən görünür ki, Ağsu şəhəri, M.V.Vidadi küçəsində yerləşən 41 saylı evin 35 saylı mənzili açıq hərracdan satılması ilə bağlı hərracların keçirilməsi tarixləri barədə elanlar verilmişdir.. Kollegiya ilk növbədə, öhdəlik münasibətləri, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması, habelə etibarlılığı ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir və hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarət olduğunu vurğulayır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunmalıdır ki, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə Mülki Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 35-39-cu maddələri). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində isə qeyd olunmuşdur ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. İş materiallarından müəyyən edilir ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, borclular hərracda iştirak etməmiş, bundan sonra ipoteka əmlak banka təklif olunmuş, "xxxx" QSC 04.09.2020-ci il tarixdə əmlakı 17850 manata almış və həmin tarixdə “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-345 saylı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrin surətindən göründüyü kimi, borclular hərracın keçirilməsi barədə məlumatlı olmuşdurlar. (iş v. 57-59) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2757/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2757/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar