Məhkəmə qərarları › İş №2(103)-9096/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9096/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9096/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı QSC BOKT Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.209 ABŞ dolları əsas borc, 12.618 ABŞ dolları 72 sent faiz borcu olmaqla, cəmi 37.827 ABŞ dolları 72 sent məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-yə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ** RL *** dövlət qeydiyyat nişanlı «Dodge Durango» markalı (2012-ci il buraxılışlı, 1C4RDDCJCC282288 ban nömrəli, qara rəngli) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC BOKT-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC BOKT-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-263/2021) iddia tələbi iddia müddətinin keçməsi əsası ilə rədd olunmuşdur. İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış «tələb hüququnun güzəşt edilməsinə dair» 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X2 Edilməsi Agentliyi» MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər 11.01.2018-ci il tarixli S-AVK-1889 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. «X2 Edilməsi Agentliyi» MMC 04 iyul 2018-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh «əsas borc və faizin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsi ilə mülki iş üzrə iddia tələbi qismən təmin edilmişdir. Apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.11.2019-cu il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslini «X2 Edilməsi Agentliyi» MMC-yə 12.01.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Hesab edirlər ki, yuxarıda qeyd olunan halları nəzərə alaraq yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməsi səbəbi məhkəmə tərəfindən üzürlü sayıla bilər. "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında 27.09.2012-ci il tarixdə 0658 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 36 ay müddətinə 43.758 ABŞ dolları məbləğində kredit verilmişdir. 17.10.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi, cavabdeh ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan ** RL *** dövlət qeydiyyat nişanlı «Dodge Durango» markalı (2012-ci il buraxılışlı, 1C4RDDCJCC282288 ban nömrəli, qara rəngli) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 27.09.2012-ci il tarixli AA seriyalı 057500 saylı «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bank avtomobil alınması üçün 43.758 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitlərindən istifadə müddətinin axımı borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən başlanır. Borc alana verilən vəsaitdən istifadə müddəti 36 aydır. Kredit vəsaitindən istifadə müddəti 27 sentyabr 2015-ci il tarixdə bitib. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 % ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu 25.209 ABŞ dolları, faiz 12.618 ABŞ dolları 72 sent olmaqla, cəmi 37.827 ABŞ dolları 72 sent təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas borc, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iddianı qəbul edib-etməməsini aydınlaşdırmamış, yalnız cavabdehin ərizəsi ilə kifayətlənmişdir. İddiaçı QSC BOKT-nin törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC tərəfindən Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış, həmin məhkəmənin 27.09.2018-ci il tarixli, 2(006)- 4932/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 29.11.2019-cu il tarixli qərardadı ilə qətnamə ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra 24.12.2019-cu il tarixdə İddiaçı QSC BOKT tərəfindən yenidən iddia qaldırmaq üçün “X2 Edilməsi Agentliyi” MMC Bakı Apellyasiya Məhkəməsinə iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərinin qaytarılması ilə bağlı müraciət etmişdir. Belə olan halda iddia müddətinin axımının dayandırılması nəzərə alınmalıdır. Lakin birinci instansiya məkhəməsi bu hallara qiymət verməmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Nəsimi Rayon Məhkəməsinin iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 27.09.2012-ci il tarixdə 0658 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 36 ay müddətinə 43.758 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin müddəti 27.09.2015-ci il tarixdə bitmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün tərəflər arasında 27 sentyabr 2012-ci il tarixli 658 saylı ipoteka müqaviləsi bağlanmış və cavabdehin mülkiyyətində olan avtomobil ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış «tələb hüququnun güzəşt edilməsinə dair» 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC 03.02.2020-ci il tarixdə Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi 27.09.2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədədir. Cavabdeh ərizə ilə müraciət edərək tələb üzrə iddia müddətinin keçdiyini bildirmiş və iddia müddəti tətbiq olunmaqla tələbin rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəni əsaslı sayaraq təmin etmiş, mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra 03.02.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 377-ci maddələrinə istinad etmişdir. Apelyatorun mövqeyinə görə iddia müddəti üzrlü səbəbdən buraxılmışdır. Belə ki, ilk dəfə hazırkı iddia ərizəsi ilə 04 iyul 2018-ci il tarixdə müraciət edilmiş, lakin həmin iddia apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmamış saxlanıldığından nöqsan aradan qaldırılmış və 30 yanvar 2020-ci il tarixdə yenidən səlahiyyətli şəxs tərəfindən iddia qaldırılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndinə görə müqavilə üzrə son ödəmə müddəti 27 sentyabr 2015-ci il tarixdə bitir. Bu müddətin uzadılması barədə işdə heç bir mötəbər sübut yoxdur. Hazırkı iş üzrə iddia müddətinin axımı müqavilə müddətinin bitdiyi günün ertəsindən, yəni 28 sentyabr 2015-ci ildən başlanmış və üç il davam edərək 27 senytabr 2018-ci ildə bitmişdir. Göstərilən müddət ərzində Bank tərəfindən iddia qaldırılmamışdır. İddia ərizəsi qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra 30 yanvar 2020-ci il tarixdə tərtib olunmuş və 03 fevral 2020-ci ildə məhkəməyə daxil olmuşdur. 04 iyul 2018-ci il tarixli iddia ərizəsi isə İddiaçı QSC tərəfindən verilməmişdir. Həmin işdə iddiaçı «X2 Edilməsi Agentliyi» MMC olmuş və iddia ərizəsində kredit borcunun İddiaçı QSC-nin deyil, «X2 Edilməsi Agentliyi» MMC-nin xeyrinə ödənilməsi tələb olunmuşdur. Həmin iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyinə görə baxılmamış saxlanılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, göstərilən hal (ərizənin baxılmamış saxlanması və s.) iddia müddətinin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, Mülki Məcəllənin 381.1-ci maddəsinin tələbinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Mülki qanunvericiliyə görə iddia ərizəsinin baxılmamış saxlanılması iddia müddətinin axımının kəsilməsinə, yaxud dayandırılmasına səbəb olmur. Qanunvericilikdə istər iddia müddətinin axımının kəsilməsi, istərsə də dayandırılması xüsusi olaraq tənzimlənmişdir. İddia müddətinin axımının dayandırılması özündə onu ifadə edir ki, iddia verilməsinə mane olan və qanunda nəzərdə tutulan obyektiv halın mövcud olduğu vaxt dövrü iddia müddətinə hesablanmır və həmin halın aradan qalxdığı gündən müddətin axımı davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1-ci maddəsində pozulmuş hüququn vaxtında müdafiə edilməsinə mane olan həmin hallar iddia müddətinin axımının dayandırılmasının əsasları kimi nəzərdə tutulmuşdur. Adı çəkilən maddədə iddia müddətinin axımının dayandırılmasının əsasları kimi aşağıdakılar nəzərdə tutulmuşdur: -iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; -iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; -müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; -fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; -müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda. İddia müddətinin axımının kəsilməsi isə onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır. Bu halda iddia müddətinin axımının yenidən başlanması ilə iddia müddəti tam həcmdə bərpa edilir. Bu cəhəti ilə iddia müddəti axımının kəsilməsi iddia müddəti axımının dayandırılmasından fərqlənir. Belə ki, iddia müddətinin axımının dayandırılmasından fərqli olaraq, iddia müddəti axımının kəsilməsinə kimi ötmüş müddət yeni iddia müddətinə hesdablanmır. Həmin əsas aradan qalxdıqda və sona yetdikdə iddia müddəti yenidən başlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsi iddia müddətinin axımının kəsilməsinin əsası kimi iki halı nəzərdə tutur: 1) müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsini; 2) borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsini. Məhkəmə kollegiyası hesab edir ki, 27.09.2015-ci ildən 27.09.2018-ci ilədək, yəni qanunla müəyyən olunmuş iddia müddəti ərzində İddiaçı QSC tərəfindən müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməmiş, eləcə də cavabdeh tərəfindən borcun etiraf olunması ilə bağlı hərəkətlər edilməmişdir. İddiaçı QSC məhkəmədə iddianı 03.02.2020-ci ildə qaldırmışdır. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə 07.07.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 oktyabr 2007-ci il tarixli qərarında iddia müddətinin düzgün tətbiq olunmasının vacibliyini vurğulayaraq göstərmişdir: “İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir”. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar