Məhkəmə qərarları › İş №2(104)-670/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-670/2023

25.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-670/2023 25.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Ağdam rayonu 150 saylı köçkün tam orta məktəbi və Cavabdehnə qarşı əmək fəaliyyətinin həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və əməkhaqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli 2(013)-659/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Ağdam rayonu 150 saylı köçkün tam orta məktəbi və Cavabdehnə qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, iş fəaliyyətinin həyata keçirilməsi üçün maneəçiliklərin aradan qaldırılması və 2013-cü ilin sentyabr ayından başlayaraq ödənilməmiş əməkhaqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli 2(013)-659/2022 nömrəli (hakim: R.Məmmədov) qətnaməsi ilə İddiaçı cavabdehlər Ağdam rayon 150 saylı Köçkün orta Məktəbi və Cavabdehnə qarşı iş fəaliyyətinin həyata keçirilməsi üçün maneəçiliklərin aradan qaldırılması və 2013-cü ilin sentyabr ayından başlayaraq ödənilməmiş əmək haqqının cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildən Ağdam rayonu 150 saylı köçkün tam orta məktəbində kimya müəllimi vəzifəsində işləmişdir. 10 sentyabr 2013-cü il tarixdə məktəb direktorunun razılığı ilə öz hesabına qısa müddətli məzuniyyətə çıxmışdır. Sonradan işə qayıtmasına icazə verilməmişdir. Bununla bağlı məktəbin rəhbərliyinə və təhsil şöbəsinə müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, onun yerinə başqa işçi işə qəbul olunub, lakin onu işdən azad etməmişlər. İşdən azad edilməsi barədə əmr mövcud olduğu təqdirdə əmrin surətinin verilməsi barədə təhsil şöbəsinə müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, məktəbin əmr kitabında işdən çıxarılması barədə əmr mövcud deyil. İllərdir işə qayıtmağını gözləmiş, eləcə də 2013-cü ilin sentyabr ayından əməkhaqqı almamışdır. Eləcə də sonradan əmək kitabçası ona təqdim edilmiş və kitabçada işdən azad olma qrafasının boş olması müəyyən edilmişdir. Mülki iş materiallarında olan: 0244635 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15 sentyabr 2005-ci il tarixdə Cavabdeh müvafiq əmrinə əsasən Ağdam rayon 150 saylı köçkün tam orta məktəbinə kimya müəllimi təyin edilmişdir; Cavabdeh 02 dekabr 2021-ci il tarixli 02/359 nömrəli məktubundan görünür ki, 150 nömrəli tam orta məktəbin əmr kitabında İddiaçı işdən çıxarılması barədə xitam əmri yoxdur; 29 dekabr 2021-ci il tarixli BMİ 2021-007930 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci ödəmişdir; Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi sübut olmaması əsası ilə iddianı təmin etməmişdir. Halbuki hər iki cavabdeh onun işdən azad olunmadığını faktiki olaraq qəbul edirlər. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, 2005-ci ildə Ağdam rayonu 150 saylı köçkün tam orta məktəbində işə qəbul olmuş və həmin məktəbdə kimya müəllimi vəzifəsində işləmişdir. 10 sentyabr 2013-cü il tarixdə məktəb direktorunun razılığı ilə öz hesabına qısa müddətli məzuniyyətə çıxmışdır. Məzuniyyətdə olduğu müddətdə məktəbdə işləyən hazırda ad soyadını xatırlamadığı işçilərdən biri onun istifadəsində olmuş mobil telefon nömrəsinə zəng edərək bildirmişlər ki, məzuniyyətdən sonra o işə çıxmayın yerinizə başqa müəllimə götürülüb və dərslər həmin şəxsə həvalə olunub. Bundan sonra o, dəfələrlə məktəb rəhbərliyinə və Təhsil İdarəsinə müraciət etsə də, ona bildirmişlər ki, onun dərsləri başqa müəlliməyə həvalə olunub və onun işə davam etməsi mümkün deyil. O da Təhsil İdarəsinə onun əmək müqviləsinə xitam verilib verilməməsi ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq ona bildirmişlər ki, onun əmək müqviləsinə xitam verilməmişdir. Keçən illər ərizində o işinə geri dönməsi üçün onun çox saylı müraciətləri olsa da, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də, məcbur qalıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Ağdam rayonu 150 saylı köçkün tam orta məktəbi və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Ağdam rayonu 150 saylı köçkün tam orta məktəbin direktoru məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavbdehlərin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, həmin hissədə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamış, iş üzrə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə yalnız iş üzrə bəzi halları və qanun normalarını sadalamaqla kifayətlənmiş, İddiaçı iddia tələbinin hansı səbəblə rədd edildiyi barədə heç bir əsaslandırma aparmamışdır. Halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İşdən göründüyü kimi, tərəflər arasında yaranmış hüquq münasibətləri əmək fəaliyyətinin həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və əməkhaqqının ödənilməsi ilə bağlı yaranan mübahisədir və məhkəmə kollegiyasının qənaətinə görə mübahisə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin aşağıda göstərilən müddəaları əsasında təhlil olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 2-ci bəndinə görə, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 155.1. maddəsinə əsasən, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 289.2. maddəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 294.1. maddəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, İddiaçı 15 sentyabr 2005-ci il tarixdə Cavabdeh müvafiq əmrinə əsasən Ağdam rayon 150 saylı köçkün tam orta məktəbinə kimya müəllimi təyin edilmişdir. Sonuncu 10 sentyabr 2013-cü il tarixdə məktəb direktorunun razılığı ilə öz hesabına qısa müddətli məzuniyyətə çıxmışdır. İddiaçı həmin məzuniyyətdən sonra işə qayıtmasına icazə verilmədiyini, bununla bağlı məktəbin rəhbərliyinə və təhsil şöbəsinə müraciət etdiyini, müraciətinə cavab olaraq Cavabdeh 02 dekabr 2021-ci il tarixli məktubu ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyinin bildirildiyini, 2013-cü ilin sentyabr ayından işləmədiyini və əməkhaqqı almadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq iddia tələbinin iş fəaliyyətinin həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, apellyasiya instansiyasında icraat zamanı 15 sentyabr 2005-ci il tarixli 01 saylı əmrlə Ağdam rayonu 150 saylı köçkün tam orta məktəbinə kimya müəllimi təyin edilmiş İddiaçı əmək fəaliyyətinə xitam verilməsi barədə müvafiq əmrin olub-olmaması barədə məlumat verilməsinə dair Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müvafiq sorğu verilmiş və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin 03 aprel 2023-cü il tarixli 3-29-38/2-452/2023 nömrəli sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, İddiaçı 15 sentyabr 2015-ci il tarixli 1 saylı əmrlə Ağdam rayonu 150 nömrəli tam orta məktəbə kimya müəllimi təyin edilmiş, lakin onun əmək fəaliyyətinə xitam verilməsinə dair əmr aşkar edilməmişdir. Göründüyü kimi İddiaçı 15 sentyabr 2005-ci il tarixli 01 saylı əmrlə Ağdam rayonu 150 saylı köçkün tam orta məktəbinə kimya müəllimi təyin edilmiş və sonuncu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işçi İddiaçı ilə işəgötürən Ağdam rayonu 150 saylı köçkün tam orta məktəb arasında əmək hüquq münasibətləri davam edir və tərəflərin əmək qanunvericiliyi ilə müəyyən edilmiş qarşılıqlı hüquq və vəzifələri vardır. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, cavabdehlər Ağdam rayonu 150 saylı köçkün tam orta məktəbi və Cavabdeh tərəfindən İddiaçı qarşı iş fəaliyyətinin həyata keçirilməsinə yaradılan maneələr qanunvericiliyin tələblərinə ziddir və həmin maneələr aradan qaldırılmalıdır. Həmçinin məhkəmə kollegiyası iddia tələbinin 2013-cü ilin sentyabr ayından başlayaraq ödənilməmiş əməkhaqqının cavabdehlərdən tutulması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, əmək qanunvericiliyinə görə əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İddiaçı iddia ərizəsindən göründüyü kimi sonuncu cavabdehlər tərəfindən əməkhaqqı ödənilməsini tələb etdiyi dövr ərzində müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirməmiş, habelə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətlər) yerinə yetirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qeyd olunan dövr üzrə əməkhaqqı ödənilməsi istisna təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1. maddəsinə əsasən, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli 2(013)-659/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. İddiaçı iş fəaliyyətinin həyata keçirilməsinə cavabdehlər Ağdam rayonu 150 saylı köçkün tam orta məktəbin rəhbərliyi və Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar