Məhkəmə qərarları › İş №2(105)-1342/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1342/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1342/2022 02.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı «X22 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, e-2(012)-826/2022 nömrəli qətnaməsindən iddiaçı «X22 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(012)-826/2022 nömrəli qətnaməsi ilə iddiaçı “X22 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMCyə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.(hakim Habil Əhmədov) İddiaçı «X22 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti bu qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı “X22 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən 12.000 manat maddi zərərin və 126 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı “X22 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X22” Azərbaycan Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 MMC və “X22 Azərbaycan” QSC arasında xx.xx.2014-cü il tarixli, 210/168738 saylı kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmış, həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə həmçinin, cavabdehlər Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixdə və Cavabdeh1 ilə isə xx.xx.2017-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağa dair öhdəlik götürmüşdür. Bundan əlavə, borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə bank ilə ipoteka qoyan X5 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,5 kv.m-dən ibarət olan 3 otaqlı 39 nömrəli mənzil “X22 Azərbaycan” QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq, borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin, xx.xx.2014-cü il tarixdə bank ilə digər ipoteka qoyan X16 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X12 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m, yaşayış sahəsi, 122.0 kv.m, yardımçı sahəsi 74,3 kv.m-dən ibarət 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi “X22 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər öz öhdəliklərini lazımınca yerinə yetirmədikləri üçün “X22 Azərbaycan” QSC Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 64994 manat əsas, 14752,77 manat əsas borca hesablanmış faiz, 300 manat cərimə, 60 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin onlayn müraciətinə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 80136,77 manat pul vəsaitinin iddiaçı “X22 Azərbaycan” QSC-nin xeyrinə tutulması, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, cavabdeh X2 məxsus ünvan 2 ünvanında yerləşən 39 nömrəli mənzilin ilkin satış qiyməti 70000 manat və X12 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 140000 manat olmaqla açıq hərracdan satılması, ipoteka predmetlərinin satışından əldə ediləcək pul vəsaiti hesabına 80136,77 manat pul vəsaitinin “X22 Azərbaycan” QSC-nin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar hərracın nəticələri barədə 26 aprel 2019-cu il tarixli, 40 saylı və 06 mart 2019-cu il tarixli, 32/1 saylı hərracın yekun protokoluna əsasən “X22 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin daşınmaz əmlakların bankın mülkiyyətinə keçirilməsi ilə bağlı yeni çıxarışlar verilmişdir. Lakin buna baxmayaraq, cavabdehlər əsassız olaraq iddiaçıya məxsus olan daşınmaz əmlaklardan istifadə edərək daşınmaz əmlaklarda yaşamağa davam edərək daşınmaz əmlakların boşaldılmasından imtina etmişlər. Bu səbəbdən də “X22 Azərbaycan” QSC öz mülkiyyət hüququndan istifadə edərək ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evində faktiki yaşayan cavabdehlər X16, X7, azyaşlı övladları X13 və X18 ilə birgə X3 da həmin evdən əşyaları ilə birlikdə çıxarılmaları, mülkiyyət hüququ ilə «X22 Azərbaycan» QSC-yə məxsus olan ünvan 1, 39 saylı mənzildə faktiki yaşayan cavabdehlər X9, Cavabdeh1 və X1 həmin evdən əşyaları ilə birlikdə çıxarılmaları, daşınmaz əmlakların «X22 Azərbaycan» QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsi “X22 Azərbaycan” QSC-nin iddiası üzrə xx.xx.2021-ci il tarixli, e-2(012)-3589/2021 saylı qətnamə qəbul etmiş və həmin qətnaməyə əsasən iddia tələbi təmin edilmişdir. İddiaçı “X22 Azərbaycan” QSC "xxxx" MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli əlavə razılaşma imzalamışdır. Həmin əlavə razılaşmanın şərtlərinə əsasən, “Büro” tərəfindən icra nəzarəti başladılan Cavabdeh3 MMC-nin məhkəmə iş dosyesi ilə əlaqədar təminat (ipoteka predmeti) kimi çıxış edən aşağıdakı 2 (iki) ədəd sahələrin (daşınmaz əmlakların) “Büro” tərəfindən boşaldılıb və müvafiq qaydada banka təhvil verilmiş hər bir sahəyə (daşınmaz əmlaka) görə bank tərəfindən Büroya 6000 manat xidmət haqqı ödəniləcəkdir. xx.xx.2021-ci il tarixdən sonra daşınmaz əmlakların boşaldılması müqavilə şərtlərinə görə "xxxx" MMC-yə təhvil/sifariş verilmişdir. "xxxx" MMC öz növbəsində, cavabdehlər barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət etmiş, məcburi icra işlərini təşkil etmiş, öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmiş, daşınmaz əmlakların boşaldılmasını təmin etmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli əlavə razılaşmanın şərtlərinə görə hər boşaldılmış daşınmaz əmlaka görə 6000 manat olmaqla, cəmi 12000 manat xidmət haqqı ödənilmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 210/168738 saylı kredit müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki, «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Eyni zamanda, İddiaçı QSC-nin tələbləri üzrə çıxarılmış məhkəmə qətnamələrinin icrası İcra şöbələri tərəfindən həyata keçirilsə də, hazırki şəraitdə icra şöbələrinin icraatında iş yükünün çoxluğu səbəbindən bank öz iş rejimini asanlaşdırmaq məqsədilə hüquqi yardım göstərən şirkətlərlə müqavilə bağlayaraq qətnamənin icrasını təmin edir. Hazırki mülki iş üzrə qətnamənin icrasının "xxxx" MMC tərəfindən icra edilibedilməməsinə dair bir sübutu yoxdur, lakin həmin MMC ilə bank arasında bağlanmış müqavilə mövcuddur. Məhkəmə qətnamələri cavabdehlər tərəfindən könüllü icra edilmiş olsa idi, Bank hüquqi yardımla bağlı hər hansı bir şirkətlə müqavilə bağlamamış olacaqdı. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı «X22 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Borcalanın” öhdəliklərinin icra edilməməsi və ya lazmınca icra edilməməsi səbəbindən ayrılmış kreditin geri qaytarılmasının təmin edilməsi məqsədilə girov (ipotekaya) verilmiş əmlaka tutmanın yönəldilməsi “Borcverən”tərəfinden üçüncu şəxslərə də tapşırıla bilər. Bu işlərin aparılmasına görə həmin şəxslər ödənilən xərclər və yaxud çəkilməli olan məsrəflər “Borcalandan”, zaminlərdən və yaxud da girova (ipotekaya) verilmiş və kreditin təminatı kimi çıxış edən digər əmlak (Əşyalar) hesabına tutulacaqdır” tərəflər öz imzaları ilə qeyd olunanları qəbulunu və təsdiq etmişdilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış sərbəst iradə ifadəsi olan müqavilədə cavabdeh birmənalı olaraq öz üzərinə öhdəlik götürmüşdür ki, Bank icra tətbiqini həyata keçirmək məcburiyyətində qaldığı təqdirdə bununla bağlı hüquqi xidmət ilə bağlı xərcləri də ödəyəcəkdir. Müqavilədə həmin şərtlər aydın, başa düşünülən tərzdə göstərilmişdir və bu heç bir halda müqavilə tərəflərini əlverişsiz şərtlərə salmaq deyil, müqavilənin bu şərtləri gələcəkdə çəkilməli olan xərcləri kimə aid olmasını bir daha rəsmi şəkildə aydın göstərilməsidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasına elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiklərini və tələbə Bankın iştirakı olmadan baxılaraq iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, səbəblərini bildirmədən məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan kredit verən “X22 Azərbaycan” QSC və kredit alan "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 210/168738 saylı kredit xəttinin açılması barədə müqavilədən görünür ki, bank tərəfindən borcalana 105000 manat kredit xətti açılmışdır. Müqavilənin 1.5-ci bəndinə əsasən, bu müqavilə üzrə borcalanın borcverən qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 borcalan qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş; X12 məxsus Abşeron rayonu Masazır kəndində 0.03 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 6 otaqlı fərdi yaşayış evi; X2 məxsus ünvan 4 ünvanında yerləşən 3 otaqlı 39 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 12.1-ci bəndinə əsasən, bu müqavilə üzrə verilmiş kreditlə bağlı borcverəndən tələb hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə satıla və ya digər üsulla (güzəşt edilə) bilər. Müqavilənin 12.2-ci bəndinə əsasən, bu müqavilə üzrə borcalanın öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən ayrılmış kreditin geri qaytarılmasının təmin edilməsi məqsədilə kredit borcunun qaytarılması və/və ya girov (ipoteka) verilmiş əmlaka tutmanın yönəldilməsi borcverən tərəfindən müvafiq müqavilələr əsasında üçüncü şəxslərə də tapşırıla bilər. Bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilməli olan məsrəflər borcalandan, zaminlərdən və yaxud girova (ipotekaya) verilmiş və/və ya kreditin təminatı kimi çıxış edən digər əmlak (əşyalar) hesabına tutulacaqdır. Kredit verən “X22 Azərbaycan” QSC və kredit alan "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 210/168738 saylı kredit xəttinin açılması barədə müqaviləyə əlavə olan xx.xx.2015-ci il tarixli, 3 saylı kredit sazişindən görünür ki, kredit müqaviləsi üzrə şərtlər dəyişdirilərək 1 il müddətinə illik 17 faiz ödənilməsi şərtilə 70000 manat kredit verilməsinə dair tərəflər razılığa gəlmişlər. Kredit verən “X22” Azərbaycan QSC və kredit alan "xxxx" MMC, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 210/168738-1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi bank qarşısında borcalan ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit verən “X22 Azərbaycan” QSC və kredit alan "xxxx" MMC, zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 210/168738-2 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi bank qarşısında borcalan ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3589/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, mülkiyyət hüququ ilə «X22 Azərbaycan» QSC-yə məxsus olan Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən fərdi yaşayış evində faktiki yaşayan cavabdehlər X10, X4 azyaşlı övladları X13 və X18 ilə birgə və X3 həmin evdən əşyaları ilə birlikdə çıxarılmaları və daşınmaz əmlakın «X22 Azərbaycan» QSC-yə təhvil verilməsi, mülkiyyət hüququ ilə «X22 Azərbaycan» QSC-yə məxsus olan ünvan 1, 39 saylı mənzildə faktiki yaşayan cavabdehlər X6, Cavabdeh1 və X1 həmin evdən əşyaları ilə birlikdə çıxarılmaları və daşınmaz əmlakın «X22 Azərbaycan» QSC-yə təhvil verilməsi qət edilmişdir. “X8” MMC-nin xx.xx.2019-cu il tarixli, 32/1 saylı Hərrac təşkilatının hərracın yekunları barədə protokolundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 30013/27 saylı xx.xx.2018-ci il tarixli məktubunun icrasına əsasən, X2 məxsus ünvan 4 ünvanında yerləşən 3 otaqlı 39 saylı mənzil ilkin satış qiyməti 70000 manat olmaqla açıq hərraca çıxarılmış, İpoteka haqqında Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15 faiz və 43.7-ci maddəsinə əsasən 25 faiz müəyyən edilmiş, keçirilən hərraclarda iştirakçı olmadığına görə ipoteka saxlayan-alıcı X22 Azərbaycan QSC tərəfindən satılan əmlak 44625 manat olmaqla alınmışdır. “X8” MMC-nin xx.xx.2019-cu il tarixli 40 saylı Hərrac təşkilatının hərracın yekunları barədə protokolundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya şöbəsinin 17/75-03- 3A saylı xx.xx.2019-cu il tarixli məktubunun icrasına əsasən, X12 məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 6 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 140000 manat olmaqla açıq hərraca çıxarılmış, İpoteka haqqında Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15 faiz və 43.7-ci maddəsinə əsasən 25 faiz müəyyən edilmiş, keçirilən hərraclarda iştirakçı olmadığına görə ipoteka saxlayan-alıcı X22 Azərbaycan QSC tərəfindən satılan əmlak 89250 manat olmaqla alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 3 otaqlı 39 saylı mənzil “X22 Azərbaycan” QSC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********17- 05101-093038 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi “X22 Azərbaycan” QSC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********26-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. “Lider Legal MMC” və “X22 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, hazırki müqavilə istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və ya istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən, istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən, bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar büro tərəfindən icra nəzarəti başlandıqdan sonra pul borclarının yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s) yığılmasından cəmi 15 faiz nisbətində hüquqi xidmət (vəkillik) haqqı ödəyəcəkdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli aktından və təhvil-təslim aktından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı. xx.xx.2018-ci il tarixli qətnaməsi icra edilərək bankın xeyrinə borcun tutulması və tutmanın fərdi yaşayış evinə yönəldilməsinə dair tələb icra edilərək 6000 manat xidmət haqqı QSC tərəfindən icra edilərək təhvil alınmışdır. xx.xx.2017-ci il tarixli hüquqi xidmət haqqında müqaviləyə xx.xx.2021-ci il tarixli əlavə razılaşmadan görünür ki, Büro tərəfindən icra nəzarəti ilə başlanılan Cavabdeh3 MMC-nin məhkəmə iş dosyesi ilə əlaqədar təminat kimi çıxış edən 2 (iki) ədəd mənzil sahələrinin Büro tərəfindən boşaldılıb və müvafiq qaydada banka təhvil verilmiş hər bir sahəyə görə bank tərəfindən Büroya 6000 manat xidmət haqqı ödəniləcəkdir. xx.xx.2021-ci il tarixli 412 saylı və 427 saylı ödəniş tapşırıqlarından görünür ki, “X22 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-nin hesabına 6000 manat və 6000 manat olmaqla cəmi 12000 manat pul vəsaiti köçürülmüşdür. “X22 Azərbaycan” QSC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, bank tərəfindən birgə borclulara kredit müqaviləsi üzrə 12000 manat xidmət haqqı 5 iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(012)-826/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı “X22 Azərbaycan” QSC məhkəmə qətnamələrinin icrasının təmin edilməsi məqsədilə müstəqil şəkildə hüquqi yardım göstərən şirkətlə müqavilə bağlamış və həmin müqavilədən irəli gələn şərtlər əsasında məhkəmə qətnaməsi ilə öhdəlik icra edildiyi təqdirdə xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Hüquqi yardım göstərilməsi barədə müqaviləyə uyğun olaraq 12000 manat xidmət haqqı iddiaçı “X22 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə ödənilmiş və hazırda iddiaçı “X22 Azərbaycan” QSC həmin pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisə üzrə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır. AR Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra İcra haqqında Qanun adlanacaq) 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Yenə həmin Qnunun 44.1.2.-ci maddəsinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktlarının icrasını təmin edən məcburi icra orqanları İcra şöbələridir və məhkəmə aktlarının məcburi icrası da məhz icra məmurları tərəfindən həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunu”nun 11-ci maddəsinə əsasən, məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki iş materiallarından göründüyü kimi, iddiaçı “X22 Azərbaycan” QSC Cavabdeh3 MMC ilə bağladığı kredit müqaviləsinin 12.2-ci bəndinə istinad edərək hüquqi yardımın göstərilməsinə görə ödənilmiş xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Belə ki, müqavilənin 12.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi əsasında borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə işlərin üçüncü şəxslər tərəfindən icra edilməsinə görə çəkilmiş xərclər kredit müqaviləsi üzrə borcalan və ya birgə borclular tərəfindən ödənilməlidir. Lakin iddia tələbinin əsası kim istinad etdiyi halları və ya faktları sübut etmək vəzifəsi daşıyan iddiaçının nümayəndəsi məhkəmə iclasında hüquqi yardımın göstərilməsi öhdəliyinin "xxxx" MMC-yə həvalə olunsa da həmin MMC tərəfindən icra edilib-edilməməsinə dair sübutunun olmadığını qeyd etmiş və bu barədə mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə də, iddia tələbi sübutetmə vəzifəsi daşıyan iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Eyni zamanda, müqavilənin 12.1-ci bəndində nəzərdə tutulmuş öhdəliyin sırf borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair məhkəmə qətnaməsinin icra olunması öhdəliyinin nəzərdə tutulub-tutulmaması müəyyən edilmir. “İcra haqqında” Qanunun 4.1-4.3-cü maddələrinə əsasən, bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Bu Qanunun 4.1-ci və 4.2-ci maddələrində göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır. Qanunvericiliyin tələblərinə və mülki iş materiallarına istinad edərək məhkəmə xüsusi ilə vurğulamışdır ki, məhkəmə qərarlarının icrasının başqa qurumlar, vəzifəli şəxslər, fiziki və ya hüquqi şəxslər tərəfindən icra edilməsinin mümkünlüyü istisna edilməsə də, məhkəmə qərarlarının həmin subyektlər tərəfindən icra edilməsi təcrübəsinə, eyni zamanda, onların bu sahə üzrə səlahiyyətini təsdiq edən Qaydalara rast gəlinmir. Bu səbəbdən də, məhkəmə, məhkəmə orqanları tərəfindən qəbul edilən aktların məhz məcburi icra orqanları, başqa sözlə dövlət tərəfindən tanınmış, səlahiyyəti qanunvericiliklə rəsmiləşdirilmiş – aidiyyəti İcra və Probasiya şöbələri tərəfindən icra edilməsinin mümkünlüyünün nəzərdə tutulması qənaətinə gəlir. Bundan savayı, məhkəmə təcrübəsində tələbkarların məhkəmə aktlarının icrası ilə bağlı hüquqi yardımın göstərilməsinə dair aidiyyəti qurumlara müraciət etməsi nəticəsində göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitləri həmin icra sənədləri üzrə borcluların maddi cəhətdən əlavə yüklənməsinə də səbəb olur ki, bu da qanunla yolverilməzdir. Beləliklə də, iddia ərizəsində göstərilən hallara dair iddiaçı tərəfindən mötəbər sübutlar təqdim olunmadığından iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilə bilməz. Bundan əlavə, mülki iş materiallarına əlavə edilmiş müqavilənin 12.2-ci bəndində nəzərdə tutulmuş hüquqi xidmətin göstərilməsinə görə çəkilən xərclərin ödənilməsinin sırf məhkəmə qətnaməsinin icrası ilə bağlı olması barədə borclunun üzərinə öhdəlik qoyulması qeyd olunmamışdır. "xxxx" MMC tərəfindən iddiaçıya edilən hüquqi yardım tamamilə məhkəmə qətnaməsinin icrası ilə bağlı olmuşdur ki, bu isə dövlət tərəfindən müəyyən edilmiş müvafiq icra qurumlarının səlahiyyətinə aiddir. Müqavilə şərtlərində öhdəliklər aydın, başa düşüləcək tərzdə göstərilməməklə müqavilə tərəfini əlverişsiz şəraitə salmaqla onun üzərinə maliyyə yükünün qoyulması qanunvericilikdən və müqavilə azadlığından sui-istifadədir. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçının hüquq şirkəti ilə aralarında olan müqavilə faktından, yəni hüquqdan sui-istifadə etməsi qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 126 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçı «X22 Azərbaycan» QSC öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı «X22 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, e-2(012)-826/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı «X22 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar