Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1411/2022 09.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(060)-3783/2022 saylı qərardadından iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(060)-3783/2022 saylı qərardadı ilə (sədrlik edən, hakim Almaz Süleymanova) iddiaçı "xxxx" Qeyri- Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 əsas borca görə 178 manat, faiz borcuna görə 9 manat, cərimə borcuna görə 40,80 manat, cəmi 228,80 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun müəssisənin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadda Azərbaycan Respublikası MPM-nin 152.1.6-ci maddəsinin mətnini qeyd etdikdən sonra göstərmişdir ki, cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair qaydaya riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.6cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin əsasla iddia ərizəsi iki halda, yəni ya qanunla ya da müqavilə ilə pretenziya qaydası nəzərdə tutulduğu hallarda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıla bilər. Hazırkı mübahisə vətəndaşla kredit təşkilatı arasında mülki xarakterli mübahisə olmaqla açıq şəkildə müəyyəndir ki, qanunla bu kateqoriya işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydası, ümumiyyətlə, nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş və mübahisənin yaranmasına əsas olan müqavilədə nəinki pretenziya qaydası nəzərdə tutulmamışdır, hətta kredit müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göründüyü kimi, nə müqavilə ilə, nə də qanunla hazırki mübahisənin məhkəməyə qədər həlli qaydası nəzərdə tutulmamışdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararkən Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İş materiallarından görünür ki, hazırki iddia tələbi "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlərə qarşı kredit borcunun ödənilməsi barədədir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararkən iddiaçının cavabdehlərlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət etməməsinə istinad etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 6.2-ci bəndinə görə kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 gün ərzində krediti və (və yaxud) ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 6.2-ci bəndində iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması nəzərdə tutulmamışdır. Həmçinin hazırki kateqoriyalı işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qanunda da nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilat hazırki tələblə məhkəməyə müraciət etmək hüququna malikdir, iddia ərizəsinə məhkəmə qaydasında baxılması mülkiprosessual qanunvericiliyin tələbləri baxımından mümkündür və birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan normalarını düzgün tətbiq etməməklə iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(060)-3783/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1411/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1411/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver