Məhkəmə qərarları › İş №2(105)-1417/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1417/2021

16.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1417/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Cavabdeh2 Quba Rayon Məhkəməsinə etiraza baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Quba Regional “ASAN xidmət” mərkəzi notariat ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz 5 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işə baxılarkən Cavabdeh2 işə Quba Rayon Məhkəməsində baxılmasına etiraz etmişdir. Cavabdeh2 etirazı onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Quba Rayon Məhkəməsinin işçiləri əvvəllər iştirak etdiyindən və digər faktlara görə Quba Rayon Məhkəməsinə etiraz verir. Etirazda işin baxılması üçün başqa rayon məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh2 etirazı təmin edilməməli, mülki iş baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsində hakimin işə baxmasına yol verilməməsi, hakimin işə baxılmasında iştirak edə bilməməsi və hakimə etiraz edilə bilməsi ilə bağlı konkret əsaslar müəyyən edilmişdir və həmin Məcəllənin 19-23-cü maddələrində işdə iştirak edən şəxslərin yalnız işə baxan məhkəmə sədrinə, təktərkibli məhkəmənin hakiminə və ya hakimə etiraz verməsi və edilmiş etirazın həll edilmə qaydası nəzərdə tutulmuşdur. Qanunun mənasından da göründüyü kimi, işdə iştirak edən şəxslərin yalnız işə baxan məhkəmənin sədrinə, təktərkibli məhkəmənin hakiminə və ya işə baxan hakimə etiraz vermək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 19.2.3-cü maddəsində göstərilir ki, işə baxan hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə işə baxan hakimə etiraz verilməsi üçün kifayət qədər əsaslar olmalıdır və etiraz ehtimallara əsaslana bilməz. Cavabdeh2 Quba Rayon Məhkəməsinə etirazını əsaslandırmamış və işdə Quba Rayon Məhkəməsinin hakiminin işin nəticəsində maraqlı olması və onun obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran hallar yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 etirazı təmin edilməməli, mülki iş baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 21-22, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 Quba Rayon Məhkəməsinə verdiyi etiraz təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Quba Regional “ASAN xidmət” mərkəzi notariat ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz 5 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar