Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1419/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı Şabran Rayon Məhkəməsinin hakiminə verdiyi etiraza baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işə Şabran Rayon Məhkəməsində hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi ilə baxılarkən İddiaçı hakimə etiraz vermişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Aslan Usubovun xx xxxxxx 2020-ci il tarixli əmri ilə o, sürücü vəzifəsindən azad edilmişdir. O, işə bərpa tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Şabran Rayon Məhkəməsi iddiasına ədalətli və qanuni baxaraq iddiasının təmin edilməsi, onun işinə bərpa olunması barədə xx xxxxxxx 2020-ci il tarixdə qətnamə qəbul etməklə yanaşı, eyni zamanda barışdırıcı mövqe tutmuşdu. İşə bərpa barədə Şabran Rayon Məhkəməsinin qətnaməsindən sonra cavabdehin xx xxxxxxx 2020-ci il tarixli, 603 saylı əmri ilə işinə bərpa olunmuşdu. Lakin ona qarşı haqsızlıq edilərək işdən azad edilməyi barədə xx xxxxxx 2020-ci il tarixdə 770 saylı yeni əmr verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr cavabdeh Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Aslan Usubovun ona qarşı şəxsi-qərəzli münasibətlərinin nəticəsidir. İlk dəfə məhkəmə onun işə bərpa tələbini obyektiv araşdıraraq onu işinə bərpa etmişdir, hazırda işin gedişi bu dəfə vəziyyətin tam əksinə olduğunu göstərir. Belə ki, hər dəfə məhkəmə iclaslarından əvvəl və sonra Aslan Usubov saatlarla hakimin otağında olur, halbuki o, bir dəfə də olsun hakim tərəfindən qəbul edilməmişdir. Məhkəmə prosesində hakimin Aslan Usubova hansı sənədlər toplamaq lazım olduğunu izah etməsi hakimin mübahisəyə dair obyektiv və ədalətli, qanunauyğun qərar verməyəcəyi, işin cavabdehin istədiyi kimi həllində maraqlı olduğu barədə əsaslı şübhələr yaradır. İddianın verildiyi vaxtdan bu yana Şabran Rayon Məhkəməsinin cavabdeh tərəfə meyilli olduğunu, işə obyektiv və qərəzsiz, ədalətli şəkildə araşdırma aparmaqda maraqlı olmadığının şahidi olur. İşə baxan hakim bu iş üzrə qanuni qətnamə qəbul etməyə tərəddüd edir. Bütün bunlar Şabran Rayon Məhkəməsinin bütünlüklə işin nəticəsi ilə maraqlı olduğunu sübut edir və məhkəmənin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardır. Etirazda işin başqa rayon məhkəməsinin icraatına verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Şabran Rayon Məhkəməsinin hakiminə verdiyi etirazın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin fikrini dinləyib, etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının etirazı təmin edilməməli, mülki iş baxılması üçün Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsində hakimin işə baxmasına yol verilməməsi, hakimin işə baxılmasında iştirak edə bilməməsi və hakimə etiraz edilə bilməsi ilə bağlı konkret əsaslar müəyyən edilmişdir və həmin Məcəllənin 19-23-cü maddələrində işdə iştirak edən şəxslərin yalnız işə baxan məhkəmə sədrinə, təktərkibli məhkəmənin hakiminə və ya hakimə etiraz verməsi və edilmiş etirazın həll edilmə qaydası nəzərdə tutulmuşdur. Qanunun mənasından da göründüyü kimi, işdə iştirak edən şəxslərin yalnız işə baxan məhkəmənin sədrinə, təktərkibli məhkəmənin hakiminə və ya işə baxan hakimə etiraz vermək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 19.2.3-cü maddəsində göstərilir ki, işə baxan hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə işə baxan hakimə etiraz verilməsi üçün kifayət qədər əsaslar olmalıdır və etiraz ehtimallara əsaslana bilməz. İddiaçı Şabran Rayon Məhkəməsinin hakiminə verdiyi etirazı əsaslandırmamış və işdə Şabran Rayon Məhkəməsinin hakiminin işin nəticəsində maraqlı olması və onun obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran hallar yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının etirazı təmin edilməməli, mülki iş baxılması üçün Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 21-22, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Şabran Rayon Məhkəməsinin hakiminə verdiyi etiraz təmin edilməsin. İddiaçı cavabdeh Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1419/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1419/2021
16.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver