Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1489/2025 21.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(012)-1625/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Xüsusi təyinatlı yaşayış sahəsinin 2/72 saylı, xx.xx.2011-ci il tarixli kirayə müqaviləsinin surəti ilə müəyyən edilir ki, məcburi köçkün Cavabdeh3 və 2 nəfərdən ibarət ailə üzvləri (Cavabdeh1, Cavabdeh2) Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən 2 nömrəli evin 72 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir.
2. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Repatriasiya Departamenti tərəfindən yuxarıda qeyd edilən mənzili təhvil verərək Laçın rayonuna inşa edilmiş yeni yaşayış sahəsinə köçmək üçün toplanış yerinə gəlməsi Cavabdeh3 xx.xx.2023-cü il tarixli bildirişlə xəbərdarlıq edilmişdir.
3. 21.10.2024-cü il tarixli aktdan görünür ki, 19-20 oktyabr 2024-cü il tarixlərində Laçın şəhərində bərpa olunan aşağıdakı fərdi evlərə baxış keçirilmiş və evlərdə təmirbərpa işləri başa çatdırılmışdır. Fərdi yaşayış evləri: № 77; 85; 118; 170; 185; 242; 338; 343; 359; 372; 378; 436; 490; 529; 579; 580; 584; 643; 667; 716; 718; 728; 748; 787; 800; 805; 814; 823; 834; 841; 842.
4. Mübahisəli yaşayış sahəsi xüsusi təyinatlıdır və məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aiddir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2011-ci il 25 oktyabr tarixli 2/72 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 və ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən 2 nömrəli evin 72 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2011-ci il 25 oktyabr tarixli 2/72 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Laçın rayonundan məcburi köçkün Cavabdeh3 ailə üzvləri ilə birlikdə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən 2 nömrəli evin 72 nömrəli iki otaqlı mənzili ilə təmin edilmişdir. Dövlət Proqramı çərçivəsində və ünvan 1 ünvanında yerləşən dövlət tərəfindən bərpa edilən 529 kodlu evə köçmək üçün Cavabdeh3 Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən 2 nömrəli evin 72 nömrəli mənzili təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
7. Abşeron Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(012)-1625/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi və Cavabdeh3 və onun ailə üzvlərinin istifadəsinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyində 2 nömrəli binadakı 72 nömrəli mənzilə dair xx.xx.2011-ci il tarixli 2/72 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyi 2 saylı binadakı 72 nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir (hakim Məlahət Abbasova).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Cavabdeh3 Laçın rayonundan məcburi köçkündür. O və 2 nəfərlik ailə üzvləri iddiaçı ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 2/72 saylı müqaviləyə əsasən Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyində məcburi köçkünlər üçün inşa edilmiş 2 nömrəli binada 72 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Lakin işğaldan azad edildikdən sonra Laçın rayonu ərazisində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na əsasən cavabdehlər yeni yaşayış sahəsi ilə təmin edilmişlər. Onlara bu sahəyə köçmələri təklif edilsə də, köçürülmə baş verməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri və vəzifələri yerinə yetirmədiyindən iddiaçı hazırda tərəflər arasında imzalanmış müqavilənin ləğv edilməsi və mübahisəli yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbində haqlıdır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh3, o cümlədən onun ailə üzvləri tərəflər arasında imzalanmış müqavilənin 2.2.6 və 2.4.3-cü bəndlərinin tələblərini pozmuş, iddiaçının isə həmin müqavilənin 5-ci bəndinə əsasən hazırki iddianı qaldırmaq hüququ yaranmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı kirayə müqaviləsi ləğv edilməli, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mübahisəli yaşayış sahəsindən çıxarılmalı, bu yaşayış sahəsi iddiaçıya təhvil verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən Mənzil Məcəlləsinin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallardan heç birinin baş verməməsini, o cümlədən Cavabdeh3 dövlət tərəfindən köçkün düşdüyü rayonda yeni yaşayış sahəsi ilə təmin edilməsini nəzərə almışdır. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə xüsusi təyinatlı mənzil qanuni sahiblik hüququ ilə iddiaçıya məxsus olduğundan, hazırki mərhələdə cavabdehlərin həmin mənzildə yaşamaları iddiaçının, o cümlədən bu sahəyə ehtiyacı olan digər vətəndaşların mənzil hüququnu pozur. Yeni yaşayış sahəsinin standartalara uyğun olmaması barədə cavabdehlərin dəlilləri hazırki iddianın rədd olunması üçün əsas hesab edilə bilməz, çünki onlar bu barədə müvafiq quruma qarşı aidiyyəti məhkəmədə iddia qaldıra bilərlər.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 6.0.2, 17.3.2, 91.1.5, 91.3, 99.4, 98.1, 98.2, 99.1, 99.6, 100.3, 102.1-ci maddələrinin, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10.Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(012)-1625/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar Laçın rayonundan olan məcburi köçkün ailəsidirlər və bu mənzil iddiaçı ilə bağladıqları xx.xx.2011-ci il tarixli 2/27 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında onlara verilmişdir. Onlar vətənlərinə qayıtmağa etiraz etmirlər. Lakin, aşağıdakı hallarla bağlı iddiaçının Laçın şəhərində təqdim etdiyi mənzildə yaşamaqları mümkün deyildir. Belə ki, iddiaçının təqdim etdiyi 529 kodlu evin yaşamaq üçün şəraiti yoxdur. Ev təmirli kimi aktlaşdırılsa da, əslində təmirsizdir, qazı və yolu yoxdur. Bu evə getmək üçün qəbiristanlıqdan keçmək lazımdır ki, bu da münasib olmamaqla, həm də qorxu hisləri yaradır. Evin təmirsiz olması barədə birinci instansiya məhkəməsində bildirmiş və evin videogörüntüsünü təqdim etmişlər. Həmçinin, mənzilə əlavə baxış keçirmək üçün mütəxəssis göndərilməsini və yaşayış üçün münasib olub-olmamasına dair müvafiq rəy hazırlanmasını xahiş etmişlər. Lakin, məhkəmə vəsatətlərini təmin etməmişdir. O və həyat yoldaşı müxtəlif xəstəliklərdən, eləcə də şəkər xəstəliyindən əziyyət çəkirlər. Laçın şəhərində isə müalicə üçün şərait yoxdur. Məcburi köçkün düşəndən sonra Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3126 saylı məhəllədə o, və digər köçkünlər özlərinə fərdi yaşayış evləri tikmişlər. Həmin evlər Bakı Metropoliten tərəfindən sökülmüş və evin dəyəri olan məbləğ onlara ödənilməsi üçün Metropoliten tərəfindən Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin hesabına keçirilmişdir. Bu məbləğin 84.000 manatı sökülmüş evlərinə görə onların ailəsinə verilməli idi. Lakin, Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi həmin məbləği onlara ödəməmişdir. Məhkəməyə bununla əlaqədar verdikləri iddialar isə təmin olunmamışdır. Nəticədə hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, bu məsələ hazırki mübahisəyə baxılarkən nəzərə alınmalı və digər sübutlarla birlikdə qiymətləndirilməlidir.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh3 izahatında qeyd etdi ki, onun sözügedən evə köçməməyinin səbəbini araşdırmırlar. Həmin evdəki şərait yaşayışa uyğun deyildir. Çünki evin eyvanı açıqdır, qış aylarında oradan yağış suları evin daxilinə vurur. Bundan əlavə, evin yolu yoxdur. Evin birinci mərtəbəsindəki otağın mərkəzindən konstruksiyaya zidd şəkildə sütunlar qoyulub ki, ikinci mərtəbənin döşəmə hissəsi çökməsin. Belə bir vəziyyətdə evə köçmək və orada yaşamaq qeyri-mümkündür. Ümumilikdə evin görülməli olan az işləri qalmışdır. Onlar da həll edilib tam yaşayışa hazır vəziyyətə gətirilərsə, evə köçə bilər. Bu ilin yay aylarında təxminən 1 ay yaşamışdır. Hazırda dövlətin onu təmin etdiyi xüsusi təyinatlı mənzildə yaşayır.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə ölkə başçısının rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı icra edilərək, məcburi köçkünlərə öz doğma torpaqlarında yaşayış üçün hər bir şərait qurulmaqla, orada yeni evlər tikilir və məcburi köçkənlər həmin evlərə köçürülür. Həmin ərazilərdən biri də Laçın şəhəridir ki, hazırda orada dövlət hesabına yaşayış üçün münbit şərait qurulmuşdur. Lakin buna baxmayaraq, cavabdehlər Laçın şəhərində yerləşən və yeni təmir olunmuş fərdi yaşayış evinə köçürülmədən imtina edirlər. İmtinanın səbəbini kimi isə evdə olan xırda düzəliş edilməli hissələr əsas gətirilir. Cavabdehlərə təklif olunan fərdi yaşayış evində əgər ciddi nöqsanlar vardırsa, bununla bağlı evə köçdükdən sonra oradaki nümayəndəliyə və ya Komissiyaya, həmçinin aidiyyəti üzrə Rayon İcra Hakimiyyətinə müraciət edilməlidir. Əgər bu bir nəticə verməzsə, sonraki addımlar atılmalıdır. Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsində minlərlər qazi və şəhid ailələri mənzil üçün növbədədir. Məcburi köçkünlər yerləşdirildiyi mənzillərdən çıxmalı və həmin evlərə növbə ilə qeyd olunan şəxslər yerləşdirilməlidir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 6.0.2-ci maddəsinə görə xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsilə bağlı münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənir. 17.3.2-ci maddəsinə görə xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. 91.1.5-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-ci maddəsinin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.6-cı maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
17. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın: 3.2-ci bəndinə görə məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4-cü bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5-ci bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6-cı bəndinə görə məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.
18. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi həyat keçirir. Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2/72 saylı, xx.xx.2011-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən müvəqqəti olaraq Laçın rayonundan məcburi köçkün Cavabdeh3 və 2 nəfərdən ibarət ailə üzvləri (Cavabdeh1, Cavabdeh2) qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən 2 nömrəli evin 72 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir.
22. Hazırki vəziyyətdə Azərbaycan Dövləti Qarabağ bölgəsindən olan vətəndaşlar qarşısında Konstitusiyada təsbit olunmuş vəzifələrini icra edərək, işğal altında olan torpaqları düşmən tapdağından azad etmiş, böyük yenidənqurma və bərpa işlərinə başlamış, vətəndaşların dədə-baba yurdlarına qaytarılması üçün müvafiq tədbirləri görmüşdür. Hazırda da bu tədbirlər davam etdirilir. Bu baxımdan Dövlət Proqramı çərçivəsində və ünvan 1 ünvanında yerləşən dövlət tərəfindən bərpa edilən 529 kodlu evə köçmək üçün Cavabdeh3 Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilmişdir. Buna baxmayaraq, Cavabdeh3 ailə üzvləri ilə müvəqqəti məskunlaşdığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən 2 nömrəli evin 72 nömrəli dövlətə məxsus olan yaşayış sahəsini təhvil verməyəcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh vətəndaş olaraq xüsusi təyinatlı yaşayış sahəsini tərk etməsinə dair qanuni tələbləri icra etməkdən boyun qaçırır və bunun üçün heç bir əsaslı, üzrlü səbəblər mövcud deyil. 23.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 24.Hazırda Laçın şəhəri işğaldan azad olunmuşdur. Bu baxımdan qanuniliyindən asılı olmayaraq, cavabdehin mübahisəli mənzildə məskunlaşmasının əsasında onun yaşayış sahəsinə olan ehtiyacının aradan qaldırılması dururdusa, hazırda bu ehtiyac da aradan qalxmışdır. Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. X3 Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə köçürülmə prosesinə başlanılıb və davam etdirilir. 25.Cavabdehə mübahisəli mənzildə yaşamasına əsas vermiş müqavilədən də aydın görünür ki, mənzildən istifadə müvəqqətidir və müqavilə tərəfinin müvəqqəti məskunlaşmış şəxslərə azad olunmuş torpaqlara qayıdış ilə əlaqədar mənzili təhvil verilməsini təklif olunması ilə tərəflər arasında müqavilə münasibətlərinə son verilir ki, bu halda həmçinin Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələbləri baxımından müqavilə ləğv edilməsinə əsas yaranır 26.Apellyasiya şikayətində Laçın rayonunda tibbi müalicə almağında problemlər olması ilə bağlı göstərilənlərə münasibətdə kollegiya qeyd edir ki, işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətin təmin olunması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın məqsədlərindəndir. Bundan başqa, bu sahədə hər hansı problemlər və onların həmin ərazidə yaşamağı mümkünsüz etməsi ilə bağlı kollegiyaya heç bir sübut və ya dəlil təqdim edilməmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(012)-1625/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.