Məhkəmə qərarları › İş №2(105)-1512/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1512/2025

26.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1512/2025 26.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əşyalarının mənzildən çıxarılması və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əldən çıxmış fayda, pul tələbi, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X13 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1748/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 29 dekabr 2018-ci il tarixli, 140/2018 nömrəli cəmiyyət tərəfindən inşa olunan binada mənzil alqı-satqısı üçün müqavilədən görünür ki, satıcı "xxxx" MMC ünvan 1 ünvanında tikilən bina başa çatdıqdan sonra həmin binanın 2-ci girişi, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55,1 m2 olan, 1 otaqlı, 91 saylı mənzili alıcı İddiaçı təhvil verməyi, alıcı İddiaçı isə mənzilin dəyərini bu müqavilənin 3-cü bəndində göstərilən şərtlərlə ödəməyi və satıcı "xxxx" MMC hazır mənzili təqdim etdikdə onu qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin qeyd edilən müqavilədə mənzilin ümumi dəyəri 38570 manat məbləğində müəyyən olunduğu, alıcı İddiaçı müqavilə imzalandığı tarixdə mənzilin ümumi qiymətindən 5000 manat məbləğində ilk haqqı ödədiyi göstərilmiş və təhvil veriləcək mənzilin ümumi dəyərindən qalan 33570 manatı 36 ay bərabər hissələrə bölünərək proporsional qaydada hər ay 933 manatın satıcı "xxxx" MMC-nin hesablaşma hesabına və ya xəzinəsinə nağd şəkildə ödənilməsi nəzərdə tutulmuşdur.

2. 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 446628 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X8 01 iyun 2021-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 963 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada «Əsədzadə» soyadı verilmişdir.

3. AA3515870 nömrəli şəxsiyyət vəsiqəsinin və 24737164 nömrəli pasportun surətindən görünür ki, X6 ilə X3 birgə nikahlarından olan X7 xx.xx.2022-ci il tarixdə və X9 xx.xx.2024-cü il tarixdə doğulmuşdur.

4. "xxxx" MTK tərəfindən verilmiş 08 iyul 2025-ci il tarixli, 233/2025 nömrəli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa edilmiş 1 girişli zirzəmili 13+ mansard mərtəbəli çox mərtəbəli, 2 saylı, yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 11ci mərtəbəsində ümumi sahəsi 55,1 m2 olan, 91 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir və onun "xxxx" MTK-ya borcu yoxdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər X6,Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzilin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi, əldən çıxmış fayda kimi 3000 manat vəsaitin, 100 manat dövlət rüsumunun, 220 manat vəkil xərcinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 qarşı heç bir tələbləri olmadığına görə X1 cavabdehlərin siyahısından çıxarılmasını, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzilindən Cavabdeh1 məxsus olan cehiz əşyalarının (televizor LG - 1 ədəd, divara yığılmış şkaf TV stend - 1 ədəd, yun döşək - 2 ədəd, sintifon döşək - 1 ədəd, sintifon yastıq - 4 ədəd, yığılma mətbəx mebeli - 1 dəst, yataq və qonaq otaqlarındakı pərdələr - 2 ədəd, uşaq otağındakı divar asqılı şkaf - 1 ədəd, mətbəxdə bütün qab-qacaqlar, ütü stolu - 1 ədəd, Kenwood markalı tozsoran - 1 ədəd, Sharp markalı mikrodalğalı soba - 1 ədəd, Tefal markalı toster - 1 ədəd, Tefal markalı ətçəkən maşını - 1 ədəd, Bosch markalı şirəçəkən maşını - 1 ədəd, yun yorğan - 2 ədəd, 1.5 x 0.8 ölçülü xalça - 1 ədəd, 2 x 3 ölçülü xalça - 1 ədəd) çıxarılması, əldən çıxmış fayda kimi 3000 manat vəsaitin, 100 manat dövlət rüsumunun, 220 manat vəkil xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qardaşı olan X6 Cavabdeh1 ilə 01 iyun 2021-ci ildə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 963 saylı akt qeydinə əsasən nikah bağlamışdır. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X9 anadan olmuşdur. X6 ilə Cavabdeh1 ailə qurandan dərhal sonra iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzilə köçmüşdürlər. İddiaçı qardaşı olan Aydın Əsədzadə ilə qarşılıqlı olaraq razılaşdıqları şərtlər daxilində ondan kirayə haqqı tələb etməmişdir. İddiaçı həmin mənzili 29 dekabr 2018-ci il tarixli, 140 saylı müqaviləyə əsasən "xxxx" MMC-dən almışdır. Hazırda iddiaçı mənzilin satış dəyərini tam ödəmiş və bununla bağlı ona maliyyə arayışları təqdim edilmişdir, yaxın vaxtlarda mülkiyyət şəhadətnaməsinin alınması ilə bağlı müvafiq quruma müraciət edəcəkdirlər. 05 sentyabr 2023-cü ildə X6 həmin mənzilin açarlarını iddiaçıya verərək ailə üzvləri ilə birlikdə İsrailə köçmüşdür və hazırda orada yaşayırlar. Xaricdə olduqları müddətdə X6 ilə Cavabdeh1 arasında ailə münaqişəsi yaranmış və onlar bu ilin iyun ayından etibarən ailə münasibətlərinə faktiki olaraq birdəfəlik xitam vermişdirlər. Cavabdeh1 cehiz əşyaları hələ də iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzildədir. İddiaçı maddi problemi yarandığına görə şəraitdən asılı olaraq həmin mənzili ya kirayə vermək, ya da satmaq istəyir, qardaşı X6 ilə telefon əlaqəsi saxlayaraq vəziyyəti ona izah etmiş və Aydın Əsədzadə özünə məxsus əşyaların ordan çıxarılmasına razılıq vermişdir. Lakin iddiaçının telefon əlaqəsi saxladığı Cavabdeh1 cehiz əşyalarını yalnız məhkəmə qətnaməsindən sonra çıxaracağını bildirmişdir. Həmin cehiz əşyalarının sözügedən mənzilində qalması iddiaçını mülkiyyətində olan əmlakından səmərəli istifadə etməsinə mane olur. Onu da bildirir ki, Cavabdeh1 atası vəfat etmiş və onu babası Cavabdeh2 saxlamışdır. İddiaçının qardaşı ailə quranda da X5 valideyni kimi onlar Cavabdeh2 tanımışdırlar. Mənzilin boşaldılması ilə bağlı 03 oktyabr 2024-cü ildə iddiaçı eyni ünvanda qeydiyyatda olduqlarına görə Cavabdeh1 və Cavabdeh2 poçt vasitəsi ilə rəsmi olaraq bir məktubda təklif göndərərək bildirmişdir ki, əşyalarını 20 gün müddətində çıxaracaqları təqdirdə yarana biləcək bütün xərcləri, yəni nəqliyyat və fəhlə xərclərini qarşılamağa hazırdır. Əks halda məhkəməyə müraciət etməklə əldən çıxmış fayda ilə bağlı mənzilin 6 aylıq kirayə haqqını, dövlət rüsumunu, vəkilə ödəyəcəyi vəsaiti və sair xərcləri onlardan tələb edəcəkdir. Onu da bildirir ki, X6 ilə Cavabdeh1 İsrail vətəndaşlığını almış və onların yaxın vaxtlarda ölkəyə qayıtmaq ehtimalları yoxdur. Buna görə də iddiaçı Cavabdeh1 babası Cavabdeh2 ilə əlaqə saxlayıb vəziyyəti ona izah etsə də nəticə verməmişdir. Onu da bildirir ki, geniş yaşayış sahəsinə malik olan Xəlilov X2 Leyla Natiq qızına məxsus cehiz əşyalarını rahatlıqla yerbəyer edə bilər. Bildirir ki, ünvan 3 ünvanında yerləşən 91 saylı, 55,1 m2 mənzili iddiaçı xx.xx.2018-ci il tarixli, 140 №-li müqaviləyə əsasən "xxxx" MTKdan almışdır, həmin müqavilənin əslini və mənzilin dəyərinin tam ödənilməsinə dair "xxxx" MTKnın verdiyi 233/2025 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayışını məhkəməyə təqdim etmişdir. İddiaçının qardaşı Aydın Əsədzadə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və e- 2(013)-2094/2025 saylı mülki işin baxış iclası xx.xx.2025-ci il tarixə, saat 11:15-ə təyin edilmişdir. İddiaçı qardaşı ilə əvvəldən razılaşdıqları şərtlər artıq öz əhəmiyyətini itirdiyinə görə mənzilin boşaldılması ilə bağlı bütün tərəflərə əvvəl şifahi müraciət etmiş, cavabdehlər razılaşmadığına görə 03 oktyabr 2024-cü ildə cavabdehlərə yazılı pretenziya (təklif) göndərmişdir. Həm pretenziyanın (təklif), həm də cavabdehlər tərəfindən məktubun alındığını təsdiq edən poçt qəbzlərinin surətlərini məhkəməyə təqdim etmişdir. İddia ərizəsi icraata qəbul ediləndən bir müddət sonra iddiaçı qardaşı Aydın ilə müəyyən mənada anlaşmış və nəticədə ona qarşı hər hansı bir iddiası olmadığına görə qardaşı Aydının cavabdehlər siyahısından çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı həmin anlaşma çərçivəsində iddia tələbini dəyişdirərək mənzilində olan əşyaları üç qrupa bölmüşdür, birinci qrupa qardaşı Aydına məxsus olan əşyalar, ikinci qrupa onların birgə nikah dövründə əldə etdikləri əşyalar daxil edilmişdir. Həmin əşyaların birinci və ikinci qrupa aid olduğunu təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Yeri gəlmişkən, qeyd edir ki, bu qruplaşdırma cavabdehlərin işini bir növ yüngülləşdirmişdir, yəni mənzildən çıxarılmalı olan əşyaların sayı azaldılmışdır. Əgər cavabdehlər birinci qrupa və təbii ki, ikinci qrupa aid olan əşyaları tələb etmək istəsələr, bununla bağlı onlar X4 qarşı iddia qaldıra bilərlər və həmin iddianın nə iddiaçıya, nə də iddiaçının sözügedən mənzilinə heç bir aidiyyəti olmayacaqdır. Mənzili vaxtında, yəni ötən ilin noyabr ayından boşaltmadığına görə iddiaçı Cavabdeh1 əldən çıxmış fayda kimi mənzilin aylıq kirayə haqqını 400 manat hesablamaqla, ümumilikdə, 3000 manat vəsait tələb edir. Mənzilin kirayə haqqını təsdiq edən "xxxx" MMC-nin ekspert rəyini məhkəməyə təqdim etmişdir. Həmçinin iddiaçının bu xərclərinə səbəb olan cavabdehdən 100 manat dövlət rüsumu, 220 manat vəkil xərci tələb edir və müvafiq qəbzlər də məhkəməyə təqdim edilmişdir.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1748/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 məxsus televizor LG - 1 ədəd, divara yığılmış şkaf TV stend - 1 ədəd, yun döşək - 2 ədəd, sintifon döşək - 1 ədəd, sintifon yastıq - 4 ədəd, yığılma mətbəx mebeli - 1 dəst, yataq və qonaq otaqlarındakı pərdələr - 2 ədəd, uşaq otağındakı divar asqılı şkaf - 1 ədəd, mətbəxdə bütün qabqacaqlar, ütü stolu - 1 ədəd, Kenwood markalı tozsoran - 1 ədəd, Sharp markalı mikrodalğalı soba - 1 ədəd, Tefal markalı toster - 1 ədəd, Tefal markalı ətçəkən maşını - 1 ədəd, Bosch markalı şirəçəkən maşını - 1 ədəd, yun yorğan - 2 ədəd, 1.5 x 0.8 ölçülü xalça - 1 ədəd, 2 x 3 ölçülü xalça - 1 ədəddən ibarət olan cehiz əşyaları İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzildən çıxarılması, Cavabdeh1 100 (yüz) manat dövlət rüsumu və 220 (iki yüz iyirmi) manat vəkil xərcinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin digər hissələrdə rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 152.5, 157.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verib, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1748/2025 nömrəli qətmaməsinin əldən çıxmış fayda tələbinin rədd edilmiş hissəsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi digər hissədə, yəni əldən çıxmış fayda kimi 3000 (üç min) manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi hissəsində rədd edilmişdir. Qətnamədə iddia tələbinin mənzildən çıxarılma ilə bağlı təmin edilmiş hissəsi ilə razı olsa da, əldən çıxmış fayda ilə əlaqədar hissəsinin rədd edilməsini ədalətsiz hesab edir. Belə ki, mənzilin boşaldılması ilə bağlı 03 oktyabr 2024-cü ildə cavabdehə poçt vasitəsi ilə rəsmi olaraq göndərdiyi təklifdən artıq bir ilə yaxın vaxt keçmişdir və bu gün üçün əldən çıxmış fayda artıq 5000 manata yaxındır. Məhkəmə qətnaməmənin əsaslandırıcı hissəsində əldən çıxmış faydanı əsassız varlanma ilə eyniləşdirməklə səhv qənaətə gəlmişdir və nəticədə heç bir maddi məsuliyyət daşımayan cavabdeh onun hüquqlarını kobud surətdə pozmaqda davam edir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin dahaaz miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin heç bir qərarında əldən çıxmış fayda əsassız varlanma ilə eyniləşdirilməyib, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi tətbiq edilərkən həmin Məcəllənin 1091.1-ci maddəsinə istinad edilməyibdir. Onu da qeyd edir ki, bu müddət ərzində X6 nikahın pozulmasına dair iddia tələbi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir və hakim Rafiq Məmmədovun icraatında olan e-2(013)- 2094/2025 saylı mülki işin sonuncu baxış iclası xx.xx.2025-ci il saat 10:00-a təyin edilibdir. Həmçinin Cavabdeh1 nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi, aliment, cehiz əşyalarının dəyərində pul məbləğinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib və hakim Mehriban Əfəndizadənin icraatında olan 2(005)-4115/2025 saylı mülki işin ilk hazırlıq iclası xx.xx.2025-ci il saat 09:20-ə təyin edilibdir. Hesab edir ki, məhkəmə Kollegiyası əldən çıxmış fayda ilə bağlı iddia tələbini yenidən araşdırıb qətnamənin həmin hissəsini ləğv edərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul etməlidir.

12. İşin faktiki hallarından göründüyü kimi mənzilin boşaldılması ilə bağlı 03 oktyabr 2024-cü ildə mən Cavabdeh1 və Cavabdeh2 poçt vasitəsi ilə rəsmi olaraq təklif göndərib bildirmişdir ki, əşyalarını 20 (iyirmi) gün müddətində çıxaracaqları təqdirdə yarana biləcək bütün xərcləri, yəni nəqliyyat və fəhlə xərclərini qarşılamağa hazırdır. Əks halda məhkəməyə müraciət etməklə əldən çıxmış fayda ilə bağlı mənzilinin kirayə haqqını, dövlət rüsumunu, vəkilə ödəyəcəyi vəsaiti və sair xərcləri onlardan tələb edəcək. Halhazırda həmin təklifdən bir ilə yaxın vaxt keçib və bu gün üçün əldən çıxmış fayda artıq 5000 manata yaxındır. Məhkəmə cavabdehə məxsus əşyaların mənzilimdən çıxarılması ilə bağlı iddia tələbimi təmin etməklə mülkiyyət hüququnu pozan cavabdehin haqsız olduğunu bildirsə də, nəticədə ona dəymiş maddi zərərlə, əldən çıxmış fayda ilə bağlı iddia tələbini təmin etməməklə dolayısı ilə heç bir məsuliyyət daşımayan cavabdehə haqq qazandırmışdır. Cavabdehin qanunsuz hərəkətlərinə görə mənzilindən, mülkiyyətindən bir növ məhrum edilmişdir, mənzildən qanuni əsaslarla istifadə edib gəlir əldə edə bilməmişdir, nəticədə ona zərər dəyib və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs kimi müraciət etdiyi məhkəmə əldən çıxmış fayda ilə əsassız varlanmanı, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ilə həmin Məcəllənin 1091.1-ci maddəsini eyniləşdirməklə iddia tələbini təmin etməmişdir. MM-nin 21.2-ci maddəsi açıq formada bildirir ki, zərər dedikdə, pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olma, habelə, hüququ pozulmasaydı, yəni cavabdeh əşyalarını vaxtında götürüb mənzilini onun sahibliyinə versəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqi cəmiyyətdə hər kəs öz əməlinin nəticəsinə görə məsuliyyət daşımalıdır.

13. Məhkəməyə əldən çıxmış fayda ilə bağlı kifayət qədər ciddi sübutlar təqdim etmişdir. Belə ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzilin ona məxsus olduğunu sübut edən "xxxx" MMC ilə bağladığı 29 dekabr 2018-ci il tarixli 140 saylı müqaviləni və mənzilin dəyərini tam ödənildiyini təsdiq edən maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Eləcə də mənzilin boşaldılması ilə bağlı 03 oktyabr 2024-cü ildə Cavabdeh1 və Cavabdeh2 poçt vasitəsi ilə rəsmi olaraq göndərilmiş təklifin surəti Məhkəməyə təqdim edilib. Həmçinin, mənzilinin aylıq kirayə haqqının 400 manat olduğunu təsdiq edən "xxxx"in verdiyi rəy də məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə təqdim etdiyi sübutları kifayət qədər araşdırmamışdır, ona görə də əldən çıxmış fayda ilə bağlı onun ədalətli iddia tələbini təmin etməyərək iş üzrə müəyyən edilmiş həqiqi halları özündə əks etdirməyən ədalətsiz qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini əsas götürərək işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1748/2025 nömrəli qətnaməsinin vurulmuş zərərin (əldən çıxmış faydanın) tutulması tələbinə dair hissəsində ləğvini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

35. Beləliklə, İddiaçı cavabdehlər X6,Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzilin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi, əldən çıxmış fayda kimi 3000 manat vəsaitin, 100 manat dövlət rüsumunun, 220 manat vəkil xərcinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək 3000 manat vəsaitin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin etməmişdir.

37. Qətnaməni iddiasının təmin edilməyən hissəsində mübahisələndirilən iddiaçı apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, məhkəməyə əldən çıxmış fayda ilə bağlı kifayət qədər ciddi sübutlar təqdim etmişdir. Belə ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzilin ona məxsus olduğunu sübut edən "xxxx" MMC ilə bağladığı 29 dekabr 2018-ci il tarixli 140 saylı müqaviləni və mənzilin dəyərini tam ödənildiyini təsdiq edən maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Eləcə də mənzilin boşaldılması ilə bağlı 03 oktyabr 2024-cü ildə Cavabdeh1 və Cavabdeh2 poçt vasitəsi ilə rəsmi olaraq göndərilmiş təklifin surəti məhkəməyə təqdim edilib. Həmçinin, mənzilinin aylıq kirayə haqqının 400 manat olduğunu təsdiq edən "xxxx"in verdiyi rəy də məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə təqdim etdiyi sübutları kifayət qədər araşdırmamışdır, ona görə də əldən çıxmış fayda ilə bağlı onun iddia tələbini təmin etməmişdir.

38. Kollegiya hesab edir ki, iddiaçı apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmədiyindən həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz.

39. Belə ki, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq, hesab edir ki, iddiaçı həmin mənzili kirayə verməsi ilə əlaqədar hər hansı şəxslə razılaşmaları, lakin cavabdehlərin həmin mənzildə əşyalarını saxlanılması nəticəsində həmin mənzili kirayə verə bilməməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən, iddia bu hissədə təmin oluna bilməz.

40. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

41. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək, iddianı həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

42. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz.

43. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1748/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar