Məhkəmə qərarları › İş №2(105)-1569/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1569/2024

26.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1569/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5 Açıq Səhmdar Cəmı̇ yyəti, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3nə qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasına dair) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “Bank Avrası̇ ya” Açıq Səhmdar Cəmı̇ yyəti, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3nə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(060)-34/2024 nömrəli qərardadından Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(060)-34/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2019- cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (2V-192 reyestr nömrəli) etibarsız hesab edilməsi, AR ƏMDK yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 1A saylı evin 28 saylı mənzili üzrə Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir.

2. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(060)- 34/2024 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddəti üzrlü hesab edib, müddətin bərpa edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti verib. Qətnamənin surəti rəsmi olaraq ona verilməmiş və təqdim edilməmişdir. O, həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət müddəti keçdiyi üçün apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və iş sonrakı prosesual hərəkətlər edilməsi üçün 1-ci instasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası apellyasıya şikayətinə baxılmasının mümkünsüz hesab edərkən ona əsaslanmışdır ki, qətnamənin surəti onun vəkilinin və nümayədəsinin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq, o, şikayəti qanunla nəzərdə tutulan müddətdən 2 gün sonra, xx.xx.2024-cü il tarixdə verib və bununla da nəzərdə tutulmuş prosesual müddəti ötürüb. AR MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasını üzürlü hesab edərsə,işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. O, bir daha qeyd etmək istəyir ki, o, qətnamənin surətini şəxsən almayıb, yaşadığı və qeydiyyatda olduğu ünvana da qətnamə rəsmi olaraq göndərilməmişdir, o isə həmin qətnamənin ona gəlməsıni gözləyib, məzmunu ilə tanış olduqdan sonra isə şikayət verilməsi üçün vəkilə müraciət etməyi planlaşdırıb. Uzun müddət qətnamə ona gəlmədikdə isə vəkillə əlaqə saxlayıb və vəkil bildirib ki, bu qətnamə ona elektron kabinet vasitəsilə gəlib. Bunu öyrənən kimi dərhal vəkillə xx.xx.2024-cü il tarixdə anası vasitəsilə müqavilə imzalanıb (o, həmin vaxt təhsili ilə əlaqədar xaricdə olub, hal-hazırda da ordadır) və xx.xx.2024-cü il tarixdə vəkili və nümayəndəsi onun adından tərtib edilmiş apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Burdan da görünür ki, onun tərəfindən prosesual tələblərə tam riayət edilib cəmi 2 gün gecikmə olub. Bu isə qətnamənin rəsmi olaraq ona göndərilməməsi, həm o vaxt, həm də elə indi də xaricdə təhsil alması ilə əlaqədar olmuşdur. Onu da qeyd edir ki, prosesin digər iştirakçılarının həm elektron kabinetlərinə, həm də ünvanlarına qətnamənin surəti göndərildiyi halda, onun ünvanına qətnamənin surəti göndərilməmişdir. Bütün bu hallar təsdiq edir ki, o, prosesual müddəti üzürlü səbəbdən- qətnamənin onun ünvanına göndərilməməsi, onun qətnaməni poçtla gözləməyinə, elektron kabinetinin olmamasına, eləcə də vəkillə vaxtında bu barədə əlaqə saxlamamağına görə baş verib və gecikmə də uzun müddət deyil,cəmi 2 gün olmuşdur. Bu hallar onun prosesual müddəti buraxmağını üzürlü hesab etmək üçün kifayətdir və belə hesab edir ki, məhkəmə bu prosesual müddəti buraxmağını üzürlü hesab edərək, həmin buraxılmış müddətin bərpa edilib, apelyasiya şikayətinin baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edə bilər.

4. Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə2 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-34/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə rəsmi qaydada verilmiş və buna baxmayaraq xx.xx.2024-cü il tarixdə iddiaçı tərəf müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsinin 2(105)-923/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəf kassasiya şikayəti vermişdir. Şikayət əsasında qəbul edilmiş Ali Məhkəmənin 2(102)- 2206/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı “e-mehkeme” sisteminə xx.xx.2024-cü il tarixdə yerləşdirilərək rəsmi təqdim olunmuşdur. Hazırda isə bu dəfə iddiaçı xx.xx.2024-cü il tarixdə müddəti bərpa barədə ərizə və xx.xx.2024-cü il tarixdə isə apellyasiya şikayəti ilə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəf ilk dəfə apellyasiya şikayəti verərərkən müddətin buraxılması üçün üzrlü səbəbi olmamışdır. Həmin vaxt iddiaçı tərəf müddəti bərpa barədə ərizə əlavə edərək təkrar müraciət etmədən, geri qaytarılma barədə qərardadı mübahisələndirmişdir. Hazırda isə həmin Ali Məhkəmənin müvafiq qərarı elektron məhkəmə sisteminə yükləndikdən 22 gün sonra apellyasiya şikayəti və müddəti bərpa barədə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Aydındır ki, iddiaçının məqsədi işin süni şəkildə uzadılması və Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan dayandırılmış işlərin təzələnməsinin maksimum şəkildə təxirə salınması olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmədən iddiaçı tərəfindən verilmiş buraxılmış müddətin bərpasına dair ərizəni təmin edilməməsini xahiş etmişdir.

5. Cavabdeh5 ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizənin təmin olunmasına tərəflərindən etiraz edilir. Prosessual müddətin üzrlü hesab edilməsi üçün xüsusi hal mövcud deyildir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. (X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı) İddiaçı özü də etiraf edir ki, şikayət vermək üçün müddəti ötürmüşdür və bunu məhkəmə qətnaməsinin ona rəsmi qaydada təqdim edilməməsi ilə əsaslandırır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı məhkəmə iclaslarında vəkillə təmsil olunmuş və təmsil olunan zaman artıq işin nəticəsi ona məlum olmuşdur. İş üzrə müəyyən edilmişdir ki, iddiaçının vəkili və nümayəndəsi məhkəmə qətnaməsini elektron kabinet vasitəsilə əldə etmişdir. Belə olan halda iddiaçı vəkili və nümayəndəsi vasitəsi ilə məhkəmə qətnaməsinin mövcudluğundan məlumatlı olmaqla apellyasiya şikayəti vermək hüququnu hazırki vəkili və nümayəndəsi vasitəsilə və ya digər vəkil və nümayəndəsi vasitəsilə həyata keçirmək hüququna malik olsa da, qətnamənin ona təqdim edilməməsi əsasından çıxış edərək müddətin bərpasını xahiş etməkdədir. Yenə iş materiallarına əlavə edilmiş apelyasiya şikayətindən bəlli olur ki, iddiaçı onu birinci instansiya məhkəməsində təmsil etmiş nümayəndəsi və vəkili vasitəsilə apelyasiya şikayəti vermişdir. Məhkəmə qətnaməsinin təmsil edənin elektron kabinetə yerləşdirilməsini, eyni zamanda şikayətin geri qaytarılması anından dərhal sonra deyil, geri qaytarılma qərardadının iddiaçı tərəfindən mübahisələndirilməsini, prosessual müddətin bərpasına dair ərizənin ilkin şikayət verilən zaman deyil, məhz şikayətin geri qaytarılmasına dair qərardaddan verilən şikayətlər yekunlaşdıqdan sonra verilməsi hazırda verilmiş müddətin bərpasına dair ərizənin bərpası üçün hesab edirlər ki, əsas deyildir. İddiaçı vəkillə sonradan apelyasiya şikayətinin verilməsi üçün müqavilə bağlanılması onun ötürülmüş müddətin bərpasını üzrlü hesab edilməsinə rəvac verə bilməz. Müddətin bərpasına dair vəsatət ilkin apellyasiya şikayəti verilən zaman icra edilməli olduğu halda, iddiaçı bu imkanından istifadə etməmişdir. Tərəflərindən prosessul müddətin bərpasına dair ərizəyə etiraz edilir və göstərilənlərə əsasən ərizənin təmin edilməməsi barədə qərardad qəbul eməyiniz xahiş olunur.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-34/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizəsi təmin edilmiş, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən Sumqayıt şəhər məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(060)-34/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə2 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-34/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-34/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-34/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə2 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-34/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

9. Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə2 şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-34/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə rəsmi qaydada verilmiş və buna baxmayaraq xx.xx.2024-cü il tarixdə iddiaçı tərəf müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsinin 2(105)-923/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəf kassasiya şikayəti vermişdir. Şikayət əsasında qəbul edilmiş Ali Məhkəmənin 2(102)-2206/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı çıxarılmış və şikayət təmin edilməmişdir. Həmin qərar da “e-mehkeme” sisteminə xx.xx.2024-cü il tarixdə yerləşdirilərək rəsmi təqdim olunmuşdur. Bu dəfə iddiaçı xx.xx.2024-cü il tarixdə müddəti bərpa barədə ərizə və xx.xx.2024-cü il tarixdə isə apellyasiya şikayəti ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilərək mülki işin baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə isə Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsi öz qərardadında da bu qərara istinad etmişdir. Qərarda qeyd edilir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə müddəti bərpa edərkən aşağıdakı əsaslandırmanı aparır, “Məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirmək istədiyi qətnamədən ilk dəfə apellyasiya şikayəti verərkən şikayətvermə müddətini 1 gün ötürmüşdür. Eyni zamanda iddiaçının sözügedən qətnamədən hazırda şikayət vermə səbəbi isə qətnamədən ilk dəfə verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə məhkəmə aktlarını mübahisələndirməsi ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, işin bu halları iddiaçının işinə yuxarı məhkəmədə yenidən baxılması hüququnun məhdudlaşdırılmasına səbəb olmamalıdır”. Lakin məhkəmə özü də yaxşı bilirdi ki, iddiaçı tərəfindən geri qaytarma barədə məhkəmə aktlarının mübahisələndirməsi barədə yekun məhkəmə aktı xx.xx.2024-cü il tarixdə çıxarılmışdır. Məlum olduğu kimi məhkəmə aktı çıxarılan zaman onun nəticəsi həmin gün ərzində elektron məhkəmə sisteminə yüklənir. Odur ki, əgər iddiaçının apellyasiya şikayəti vermək niyyəti var idisə, xx.xx.2024-cü il tarixdən qısa müddət ərzində müddəti bərpa ərizəsi ilə birlikdə apellyasiya şikayətini təkrar verməli idi. Lakin 54 gün sonra xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayəti guya müddəti 1 gün ötürülməsi və çıxarılmış məhkəmə aktlarını mübahisələndirməsi əsası ilə müddət bərpa olunaraq baxılması ilə birlikdə apellyasiya məhkəməsinə göndərilir. Nəzərə alınmalıdır ki, iddiaçı məhkəmə iclaslarında vəkillə təmsil olunmuş və təmsil olunan zaman artıq işin nəticəsi ona məlum olmuşdur. İş üzrə müəyyən edilmişdir ki, iddiaçının vəkili və nümayəndəsi məhkəmə qətnaməsini elektron kabinet vasitəsilə əldə etmişdir. Belə olan halda iddiaçı vəkili və nümayəndəsi vasitəsi ilə məhkəmə qətnaməsinin mövcudluğundan məlumatlı olmaqla apellyasiya şikayəti vermək hüququnu hazırki vəkili və nümayəndəsi vasitəsilə və ya digər vəkil və nümayəndəsi vasitəsilə həyata keçirmək hüququna malik olsa da, qətnamənin ona təqdim edilməməsi əsasından çıxış edərək müddətin bərpasını xahiş etmişdir. Yenə iş materiallarına əlavə edilmiş apelyasiya şikayətindən bəlli olur ki, iddiaçı onu birinci instansiya məhkəməsində təmsil etmiş nümayəndəsi və vəkili vasitəsilə apelyasiya şikayəti vermişdir. Məhkəmə qətnaməsinin təmsil edənin elektron kabinetə yerləşdirilməsini, eyni zamanda şikayətin geri qaytarılması anından dərhal sonra deyil, geri qaytarılma qərardadının iddiaçı tərəfindən mübahisələndirilməsini, prosessual müddətin bərpasına dair ərizənin ilkin şikayət verilən zaman deyil, məhz şikayətin geri qaytarılmasına dair qərardaddan verilən şikayətlər yekunlaşdıqdan 54 gün sonra verilməsini nəzərə almamışdır. Halbuki, etirazlarında da bu halları qeyd edilməsinə baxmayaraq açıq-aşkar olan faktlara məhkəmə yanlış hüquqi qiymət vermiş, mövqelərini nəzərə almadan qanunsuz və əsassız qərardad qəbul etmişdir. Sumqayıt şəhər məhkəməsinin qərardadında isə hansı üzrlü səbəbə istinad olunması, ümumiyyətlə hansı əsasa görə müddəti bərpa etdiyi anlaşılmır. Məhkəmə şikayət vermə müddətinin hesablanmasında da səhvə yol vermişdir ki, bu da digər tərəflərin hüquqlarına toxunur. Yuxarıda da qeyd edildiyi kimi məhkəmə Ali məhkəmənin qərarının nəticəsi bilindikdən sonrakı 54 gün ərzində iddiaçı tərəfindən niyə hərəkətsizlik etdiyini, hansı səbəblə müddəti bərpa ərizəsini həmin vaxt vermədiyini əsaslandırmamışdır. Göründüyü kimi buraxılmış 1+54 günün üzrlü hesab edilməsi üçün heç bir əsas olmamış və üstəlik məhkəmə 54 günü ümumiyyətlə nəzərə almamışdır. Halbuki, iddiaçı vəkillə təmsil olunur və bütün məhkəmə aktları çıxarılan günü onun nəticəsi barədə vəkilinin və onun məlumatı olmuşdur. Digər bir qanunsuzluq isə xx.xx.2024-cü il tarixdə müddətin bərpa olunaraq şikayətin apellyasiya məhkəməsinə göndərilməsi qərara alındıqdan sonra, Sumqayıt şəhər məhkəməsi xatırlamışdır ki, axı iddiaçının müddəti ötürməklə verdiyi şikayəti geri qaytarılması barədə Apellyasiya Məhkəməsinin göstərişini icra etməyib. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad da qəbul etmişdir. Belə olduğu təqdirdə isə işdə tarixi ardıcıllıq pozulmaqla qəbul edilmiş iki qərardad mövcud olmuşdur. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-34/2024 nömrəli qərardadının ləğv edilməsi xahiş olunur.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(060)-34/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(060)-34/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(060)-34/2024 nömrəli və bununla bağlı 30 avqust 2024-cü il tarixli, 2(060)-34/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, mülki iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(060)-34/2024 saylı qətnaməsi 07 mart 2024-cü il tarixdə İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron kabineti vasitəsilə apellyasiya şikayəti vermişdir.

16. İddiaçı nümayəndəsi Vəkil tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-34/2024 nömrəli qətnaməsindən şikayət qətnamədən 1 aylıq apellyasiya şikayəti vermə müddəti ötürülməklə verilmişdir. Belə ki, iddiaçının apellyasiya şikayəti verməsi üçün son müddət xx.xx.2024-cü il tarix olduğu halda, iddiaçının nümayəndəsinin apellyasiya şikayəti şikayət vermə müddəti 1 gün ötürülməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

17. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həmin şikayətə baxılması üçün 2(060)-34/2024 saylı mülki iş xx.xx.2024-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-923/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-34/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

19. İddiaçı nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 34/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.

20. Göründüyü kimi, iddiaçı mübahisələndirmək istədiyi qətnamədən ilk dəfə apellyasiya şikayəti verərkən şikayətvermə müddətini 1 gün ötürmüşdür. Eyni zamanda iddiaçının sözügedən qətnamədən hazırda şikayət vermə səbəbi isə qətnamədən ilk dəfə verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə məhkəmə aktlarını mübahisələndirməsi ilə bağlı olmuşdur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüququlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirməsinə maneə törətsin və məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

22. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur.

23. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

25. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.

26. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

27. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(060)-34/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir.

30. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(060)-34/2024 nömrəli və bununla bağlı 30 avqust 2024-cü il tarixli, 2(060)-34/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar