Məhkəmə qərarları › İş №2(105)-1623/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1623/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1623/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin üzərinə müqavilə öhdəliklərinin icrası vəzifəsinin qoyulmasi tələbinə dair” mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-477/2024 nömrəli qətnaməsindən İddiaçı vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-477/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin üzərinə müqavilə öhdəliklərinin icrası vəzifəsinin qoyulmasi tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir (hakim Anar Qasımov). Qətnamədən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “cavabdehin üzərinə müqavilə öhdəliklərinin icrası vəzifəsinin qoyulmasi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında Cavabdeh mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, tikintisi başa çatmamış, sahəsi "oxdanoxa” 70 kv.m olan yaşayış sahəsinə onun (İddiaçı) mülkiyyət hüququnun tanınması və Cavabdeh üzərinə onunla aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-341 reyestr nömrəli “İlkin alğı-satqı müqaviləsi” üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında cavabdehin mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, sahəsi "oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin inşasını tamamlamaq, həmin sahəyə dair dövlət reyestrindən çıxarış və əmlakın yüklülüyünə dair arayış alaraq daşınmaz əmlakı (yaşayış sahəsini) müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi müqabilində ona (iddiaçıya) satıb onunla alğı-satqı müqaviləsi bağlamaq və daşınmaz əmlakı onun mülkiyyətinə vermək öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili-nümayəndəsi Vəkil1 məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə verərək Cavabdeh üzərinə İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-341 reyestr nömrəli “İlkin alğı-satqı müqaviləsi” üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında cavabdehin mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi "oxdan-oxa” 70 kv.m yaşayış sahəsinin inşasının tamamlanması, həmin sahəyə dair dövlət reyestrindən çıxarış və əmlakın yüklülüyünə dair arayış alınaraq daşınmaz əmlakın (yaşayış sahəsinin) müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi müqabilində İddiaçı satılması, sonuncu ilə bu barədə alğı-satqı müqaviləsinin bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər, "Satıcı” - Qusar rayonu Köhnə Xudat kəndində yaşayan Cavabdeh ilə "Alıcı” - Qusar rayonu Köhnə Xudat kendində yaşayan İddiaçı arasında 18 sentyabr 2022-ci il tarixdə, reyestrdə 3M-341 nömrə ilə qeyd edilmiş “İlkin alğı-satqı müqaviləsi” bağlanaraq notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilənin predmeti Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında "Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi "oxdan-oxa” 70 kv.m yaşayış sahəsinin gələcəkdə alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklərdir. Müqavilənin 2.1-ci maddəsinə görə, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında "Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi "oxdanoxa” 70,0 kv.m yaşayış sahəsinin dəyəri 42000 (qırx iki min) manat məbləğində müəyyən edilmişdir. "Alıcı” "Satıcı”ya ilkin olaraq 20000 (iyirmi min) manat ödəyir, qalan 22000 (iyirmi iki min) manatı isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci maddəsinə görə, bu müqavilə ilə barəsində gələcəkdə alğı-satqı müqaviləsinin bağlanması haqqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Müqavilənin 3.1-ci maddəsinə əsasən, birinci tərəf, yəni "Satıcı” Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi "oxdanoxa” 70 kv.m yaşayış sahəsinə dövlət reyestrindən çıxarış və əmlakın yüklülüyünə dair arayış alaraq, daşınmaz əmlakı ikinci tərəfə, yəni "Alıcı”ya satmağı, alğı-satqı müqaviləsi bağlamağı, daşınmaz əmlakı ikinci tərəfin – yəni "Alıcı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə görə, ikinci tərəf – yəni "Alıcı”, birinci tərəf – yəni "Satıcı” ilə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi "oxdanoxa” 70 kv.m yaşayış sahəsinə dair bağlanacaq alğı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 5.5-ci maddəsinə görə, həmin müqavilə bağlandığı andan qüvvəyə minir və alğı-satqı müqaviləsinin bağlanması anınadək qüvvədədir… Müqaviləyə əsasən iddiaçı, yəni "Alıcı” tərəfindən müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdə həmin məbləği ödəmək üçün cavabdeh, yəni "Satıcı” ilə əlaqə saxladıqda bildirilmişdir ki, həmin ödəniş bayramdan sonra, yəni 2024-cü ilin yanvar ayının əvvəlində həyata keçirilsin. Lakin bayramdan sonra cavabdeh iddiaçı ilə görüşməkdən yayınmış, eləcə də iddiaçıya məlum olmuşdur ki, bina tikilib tamamlanmamiş və müqavilənin predmeti olan 70 kv.metrdən ibarət yaşayış sahəsi də "Alıcı”ya təhvil verilməsi üçün hazır deyildir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin mətnindən görünür ki, onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləgin ödənilməli olduğu xx.xx.2023-cü il tarixə kimi yaşayış sahəsinin inşası tamamlanmalı və həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair arayış alınaraq tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmalı idi. Əks halda, yəni yaşayış sahəsi iddiaçıya təhvil verilib alğı-satqı müqaviləsi bağlanmadan onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin xx.xx.2023-cü il tarixə kimi ödənilməsi müqavilənin məzmununa və məntiqə ziddir və həmin 22000 manat məbləğin ödənilməsi ilə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması eyni zamanda icra olunmalıdır. Alğı-satqı müqaviləsinin predmeti olan yaşayış sahəsi hazır olmadan, həmin sahəyə dair dövlət reyestrindən çıxarış və əmlakın yüklülüyünə dair arayış alınmadan da tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması sadəcə mümkün deyildir. Cavabdehin bu hərəkəti qeyd olunan ilkin alğı-satqı müqaviləsi üzrə öhdəliklərin, yəni tərəflər arasında bağlanmış 18 sentyabr 2022-ci il tarixli müqavilənin 3.1ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin "Satıcı” tərəfindən pozulmasıdır. Ona görə də qeyd olunan tikilinin tamamlanıb təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini təmin edib, müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi barədə pretenziya – xəbərdarlıq məktubu ilə iddiaçı tərəfindən 15 yanvar 2024-cü il tarixdə cavabdehə rəsmi qaydada müraciət edilmiş, cavabdehin isə həmin məktubu 22 yanvar 2024-cü il tarixdə xəbərnamə qəbzini imzalayıb qəbul etməsinə baxmayaraq, bu günə kimi heç bir nəticəsi yoxdur və iddiaçının müraciətinə cavab verilməmişdir. Bununla da, Cavabdeh oglu İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-341 reyestr nömrəli “İlkin alğı-satqı müqaviləsi” üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında cavabdehin mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m yaşayış sahəsinin gələcəkdə alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklərini yerinə yetirməyərək, həmin yaşayış sahəsinin inşasının tamamlanmasını, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarış və əmlakın yüklülüyünə dair arayış alaraq, daşınmaz əmlakı iddiaçıya satması, alğı-satqı müqaviləsi bağlaması və daşınmaz əmlakı onun mülkiyyətinə verməsi barədə üzərinə düşən öhdəlikləri yerinə yetirmir, bununla bağlı iddiaçının rəsmi müraciətinə cavab belə vermir. Bütün göstərilənlərə görə də Cavabdeh üzərinə İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-341 reyestr nömrəli “İlkin alğı-satqı müqaviləsi” üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında cavabdehin mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m yaşayış sahəsinin inşasının tamamlanması, həmin sahəyə dair dövlət reyestrindən çıxarış və əmlakın yüklülüyünə dair arayış alınaraq daşınmaz əmlakın (yaşayış sahəsinin) müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi müqabilində İddiaçı satılması, onunla bu barədə alğı-satqı müqaviləsinin bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyi qoyulmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Məhkəmə iddianı təmin etməməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi, tərəflər gələcəkdə inşa ediləcək mənzilin alğı-satqısı barədə əsas müqavilə bağlamaq niyyətilə həmin yaşayış sahəsinə dair ilkin alğı-satqı müqaviləsi bağlamışlar. Mülki Məcəllənin 402-ci maddəsinin müddəalarına görə, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İklin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir... Tərəflər arasında bağlanmış ilkin alğı-satqı müqaviləsində əsas müqavilənin hansı müddət ərzində bağlanmalı olduğu göstərilməmişdir. Belə olan halda əsas müqavilə ilkin müqavilənin bağlandığı vaxtdan qanunla müəyyən olunmuş 1 il müddətində bağlanmalı idi. Lakin, ilkin müqavilənin bağlandığı 18 sentyabr 2022-ci il tarixdən 1 il müddətində tərəflər arasında əsas müqavilə bağlanmamış və tərəflərdən heç biri buna təşəbbüs göstərməmişdir. Eyni zamanda, iddiaçı ilkin müqavilədə gələcəkdə satın alacağı mənzilin dəyərinin qalan 22000 manat hissəsini xx.xx.2023-cü il tarixədək cavabdehə ödəməyi öhdəsinə götürsə də, həmin öhdəliyini yerinə yetirməmişdir... Məhkəmə hesab etmişdir ki, belə olduğu halda ilkin müqavilə üzrə tərəflərin, o cümlədən Cavabdeh öhdəliklərinə xitam verilmişdir. Bundan başqa, ilkin müqavilədə cavabdeh tərəfindən gələcəkdə satılacaq mənzilin dövlət reyestrindən çıxarışının alınması öhdəliyi nəzərdə tutulsa da, lakin müqavilənin həmin şərti etibarlı sayıla bilməz. Belə ki, dövlət reyestrindən çıxarış ala bilməməyin cavabdehdən asılı olmayan və onun aradan qaldıra bilməyəcəyi (obyektiv) səbəbləri ola bilər. Daşınmaz əmlakın çıxarışı olmadıqda isə həmin əmlak barəsində hər hansı, o cümlədən alğı-satqı müqaviləsinin bağlanması mümkün olmayacaq. Belə vəziyyətdə üzərinə əmlakı satmaq öhdəliyi götürən tərəfdən bu öhdəliyi yerinə yetirə bilməməsi nəticəsində qarşı tərəfin məruz qaldığı zərərin əvəzi tələb edilə bilər və müvafiq təzminatın ödənilməsi öhdəliyi ilkin müqavilədə də nəzərdə tutula bilərdi. Lakin müqavilədə tərəfin üzərinə daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış almaq öhdəliyinin qoyulması qanuna uyğun deyildir... Məhkəmə həmçinin hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı hazırkı iddianı qaldırmaq üçün subyektiv (tələb) hüququ yoxdur. Eləcə də, iddiaçı tərəfin istinad etdiyi maddi hüquq normaları, yəni iddia tələbinin hüquqi əsası ilə işin faktiki halları və mövcud hüquq münasibətləri uzlaşmamaqdadır. Ona görə də iddia əsassız sayılmaqla rədd edilməlidir. Qətnamədən narazı qalan İddiaçı vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-477/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh oglu ilkin alğı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, binanın tikintisini tamamlayıb iddiaçıya satacağı mənzilə dair mülkiyyət sənədlərini əldə etməmiş, həmin mənzilin dəyərinin qalan 22000 manatını iddiaçıdan qəbul etməkdən yayınmış və sonra da pulun ödənilməməsini bəhanə edərək əsas alğı-satqı müqaviləsini bağlamaqdan imtina etmişdir. Halbuki, yaşayış sahəsi iddiaçıya təhvil verilib alğı-satqı müqaviləsi bağlanmadan onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğin xx.xx.2023-cü il tarixə kimi ödənilməsi müqavilənin məzmununa, eləcə də məntiqə ziddir və həmin 22000 manat məbləğin ödənilməsi ilə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması eyni zamanda icra olunmalıdır. Tərəflər arasında bağlanmış “İlkin alğı-satqı müqaviləsi”nin şərtlərinə görə də Alğı-satqı barədə əsas müqavilənin bağlanması üçün bu müqavilənin predmeti olacaq yaşayış sahəsinin dəyərinin qalıq hissəsi olan 22000 manat məbləğin ödənilməli olduğu xx.xx.2023-cü il tarixə kimi həmin yaşayış sahəsinin inşası tamamlanaraq “Alıcı”ya təhvil verilməsi üçün hazır olmalı və həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair arayış alınmalı idi. Alğı-satqı müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi hazır olmadan, həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair arayış alınmadan tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması sadəcə mümkün deyildir. Yəni tərəflər arasında bağlanmış ilkin alğı-satqı müqaviləsində əsas müqavilənin bağlanmalı olduğu müddət kimi xx.xx.2023-cü il tarixi qeyd olunmuş və göründüyü kimi, əsas müqavilənin həmin müddətdə bağlanmaması İddiaçı təqsiri üzündən deyil, Cavabdeh tərəfindən Alğı-satqı barədə 18 sentyabr 2022-ci il tarixli İlkin müqavilənin şərtlərinin, daha doğrusu, müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin pozulması nəticəsində baş tutmamışdır. Onu da qeyd edir ki, Mülkiyyət çıxarışı ilə bağlı inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə mübahisə yarandığı halda, belə mübahisələr inzibati məhkəmələrə aid ola bilər, lakin hər bir halda alğı-satqı predmeti olan yaşayış sahəsinə dair mülkiyyət çıxarışının alınması satıcının, yəni hazırkı halda cavabdehin vəzifəsidir... Hesab edir ki, cavabdehin üzərinə ilkin alğı-satqı müqaviləsi üzrə öhdəliklərini, o cümlədən iddiaçıdan mənzilin dəyərinin qalan 22000 manat pulunu qəbul etmək və həmin mənzili iddiaçıya satmaq öhdəliklərini icra etmək vəzifəsi qoyulmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün olmayan nəticəyə gəlmiş, işin faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmiş və həmin hallara tətbiq edilməli olan maddi hüquq normalarına istinad etməmiş, nəticə etibarilə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Həmin qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddianın təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iddiaçı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-477/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 18 sentyabr 2022-ci il tarixli 3M-341 reyestr nömrəli ilkin alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin predmetini Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında “Satıcı”nın (cavabdehin) mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m yaşayış sahəsinə dair gələcəkdə alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklər təşkil etmişdir. İlkin müqaviləyə əsasən iddiaçı alacağı yaşayış sahəsinin (mənzilin) 42000 manat təşkil edən dəyərinin 20000 manatını qabaqcadan (ilkin müqavilə bağlanan zaman) ödəmiş, qalan 22000 manatını isə xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən cavabdeh isə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında mülkiyyətində olan 0,0825 ha torpaq sahəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi "oxdan-oxa” 70 kv.m yaşayış sahəsinə (mənzilə) dövlət reyestrindən çıxarış və əmlakın yüklülüyünə dair arayış alaraq, daşınmaz əmlakı (mənzili) iddiaçıya satmağı, alğı-satqı müqaviləsi bağlamağı, daşınmaz əmlakı iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin tərəflər arasında əsas alğı-satqı müqaviləsinin bağlanması baş tutmamışdır. Bunda tərəflər qarşılıqlı surətdə bir-birini ilkin alğı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsində ittiham edirlər. İddiaçının dəlillərinə görə, onun yaşayış sahəsinin dəyərindən qalan 22000 manatı ödənilməli olduğu xx.xx.2023-cü il tarixə kimi cavabdeh tərəfindən həmin yaşayış sahəsinin inşası tamamlanaraq ona təhvil verilməsi üçün hazır olmamış və həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair arayış alınmamış, bununla ilkin alğı-satqı müqaviləsinin “Satıcı”ya (cavabdehə) aid şərtləri icra olunmamışdır. Ona görə də həmin müqavilə şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilərək aralarında əsas alğısatqı müqaviləsinin bağlanmasının məhkəmə yolu ilə təmin edilməsini istəyir. Cavabdehin dəlillərinə görə isə, iddiaçıya dəfələrlə müraciət etməsinə baxmayaraq ilkin müqavilədə nəzərdə tutulmuş 22000 manat pulun xx.xx.2023-cü il tarixə kimi ödənilməsini təmin etməmiş, bununla əsas alğı-satqı müqaviləsinin bağlanmasını şərtləndirən öhdəliyini yerinə yetirməmiş, həmin tarixdən sonrakı dövrdə binanın inşası tamamlanaraq mənzillər satış üçün hazır olanda artıq satış şərtləri də dəyişmiş və mənzillərin satış qiymətləri bahalaşmış, iddiaçı isə ilkin müqavilədə nəzərdə tutulmuş mənzilin həmin müqavilədə razılaşdıqları qiymətlə ona satılmasını tələb etmişdir. Halbuki, iddiaçı ilkin müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə görə aralarında əsas müqavilə bağlanmamış və ilkin müqavilə də qüvvəsini itirmişdir. İddiaçıya ilkin müqavilə üzrə ödədiyi 20000 manat pulu geri alması təklif olunsa da, o bununla razılaşmamış və əlavə 22000 manat pul ödəməsi müqabilində ona mənzil satılmasını tələb edir. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Tərəflər arasında bağlanmış ilkin alğı-satqı müqaviləsindən görünür ki, onlar əsas müqavilənin hansı müddət daxilində bağlanmalı olduğunu göstərməmişlər. Belə olan halda, nəzərdə tutulan əsas müqavilə 1 il müddətində bağlanmalı idi. Lakin, ilkin müqavilənin bağlandığı vaxtdan, yəni 18 sentyabr 2022-ci il tarixdən 1 il müddətində tərəflər arasında əsas müqavilə bağlanmamışdır. Digər tərəfdən, ilkin müqavilədə iddiaçı tərəfindən yaşayış sahəsinin dəyərinin qalan 22000 manat məbləğinin xx.xx.2023-cü il tarixədək ödənilməli olmasının nəzərdə tutulması ehtimal etməyə əsas verir ki, əsas müqavilə həmin ödəniş ediləndən sonra bağlanmalı idi. Lakin iddiaçı qeyd olunan tarixədək mənzilin (yaşayış sahəsinin) dəyərinin qalan pulunu ödəmədiyinə görə əsas alğısatqı müqaviləsinin bağlanması baş tutmamışdır. İddiaçı isə iddia edir ki, ilkin müqavilənin mahiyyətinə görə o, həmin pulu binanın inşası tamamlanandan və ona satılacaq mənzil satışa hazır olandan sonra, yəni tərəflər arasında əsas alğı-satqı müqaviləsi bağlananda ödəməli idi. Lakin iddiaçının bu mülahizəsi yanlış və əsassızdır. Ona görə ki, ilkin alğısatqı müqaviləsi bağlamaqla əslində tərəflər hər ikisi üçün sərfəli və faydalı olan qarşılıqlı razılığa gəlmişlər ki, iddiaçı (“Alıcı”) məhz qabaqcadan ödəniş edəcəyinə görə cavabdeh (“Satıcı”) tərəfindən inşa ediləcək binada güzəştli (daha ucuz) qiymətə yaşayış sahəsi alacaq, cavabdeh (“Satıcı”) isə həmin binanın inşasını həyata keçirmək üçün potensial alıcıların, o cümlədən iddiaçının qabaqcadan ödənişləri hesabına maliyyə resursları əldə edəcək. Üstəlik, ilkin müqavilədə iddiaçının ona satılacaq mənzilin təklif olunan dəyərini hissə-hissə (2 dəfəyə) ödəməsi imkanı nəzərdə tutulmuşdur. Lakin iddiaçı ilkin müqavilə ilə müəyyən olunmuş tarixədək almaq istədiyi mənzilin dəyərinin qalan pulunu ödəməmiş, bu da onun əmlakı almaqdan imtina etməsi mənasını ifadə etmişdir. İlkin müqavilənin mahiyyətinə uyğun olaraq, iddiaçı əvvəlcə həmin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməli, bundan sonra qarşı tərəfdən (cavabdehdən) sonuncunun üzərinə düşən öhdəliklərin icrasını tələb etməli idi. Mülki Məcəllənin 441.1 və 441.2-ci maddələrinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır... Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 599.2-ci maddəsinə görə də, alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Qanun normalarının tələblərindən göründüyü kimi, konkret halda iddiaçı ödənişlə bağlı öhdəliyini müəyyənləşdirilmiş müddət ərzində icra etmədiyinə görə cavabdeh özünün qarşılıqlı öhdəliyinin icrasından imtina etməkdə haqlı olmuşdur. Beləliklə, iddiaçı ilkin müqavilə üzrə gələcəkdə satın alacağı mənzilin dəyərinin qalan hissəsini, yəni 22000 manat hissəsini xx.xx.2023-cü il tarixədək cavabdehə ödəyəcəyi barədə öhdəliyini yerinə yetirmədiyindən həmin müqavilə üzrə tərəflərin digər öhdəliklərinə, o cümlədən cavabdehin öhdəliklərinə də xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsassız olması və təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qətnamə qəbul etmiş, işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası İddiaçı vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız və qəbulolunmaz hesab edir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-477/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar